Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1290/2024 14.11.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Musayev Fərhad Böyükağa oğlunun katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı - pul tələbi barəsində iddiasına dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı – xx.xx.2020-ci il tarixli AL/ML/0781 saylı maliyyə lizinq müqaviləsinə əsasən 31.080 manat əsas, 3.643,93 manat cərimə borcu olmaqla, ümumilikdə 34.723,93 manat cərimə məbləği, hüquqi yardımın göstərilməsi üçün Bakı şəhər 18 saylı Vəkil Bürosuna ödənilmiş 1.500 manat pulun və dövlət rüsumunun əvəzi kimi 194,25 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə iddiaçı arasında olan AL/ML/0781 saylı xx.xx.2020-ci il tarixli lizinq müqaviləsinə əsasən, 2 ədəd traktor “BELARUS” 1221.2 texnikası 60 ay müddətində ödənilmək şərti ilə cavabdehə lizinq vasitəsi ilə satılmışdır. Müqavilənin 1.3-cü bəndinə əsasən lizinq obyektinin ümumi qiyməti 119.200 manat təşkil etmişdir. Müqavilənin 2.2-ci bəndinə əsasən 74.004 manat lizinq ödənişlərinin ümumi məbləği; 2.2.1-ci bəndinə əsasən, 23840 manat avans məbləği nəzərdə tutulmuşdur; 2.2.2-ci bəndinə əsasən AKİA tərəfindən 47680 manat güzəşt məbləği; 2.2.3-cü maddəsinə əsasən 47680 manat lizinq məbləği; 2.2.4-cü bəndinə əsasən 2484 manat lizinq şirkətinin komisiyası; cavabdeh tərəfindən müqavilə şərtləri üzrə xx.xx.2024-cü il tarixədək 31.005 manat ödənilməli olduğu halda müqavilə şərtləri pozulmuş və cəmi 16.000 manat ödəniş edilmişdir. Hazırda qrafik üzrə 14.405 manat borc yaranmış və müqavilənin 15.2-15.3-cü bəndlərinin pozulmasına görə gecikdirilən hər gün üçün 0.1% cərimə hesablanmaqla 3.643,93 manat məbləğində faiz hesablanmışdır. Cavabdehin müqavilə üzrə öhdəlik 31.080 manat əsas, 3643.93 manat cərimə borcu olmaqla, ümumilikdə 34723,93 manat borcu yaranmışdır. Cavabdehlə dəfələrlə əlaqə saxlayıb müqavilə üzrə öhdəliyin yerinə yetirilməsini tələb edilməsinə baxmayaraq cavabdeh öhdəliyi yerinə yetirməkdən qərəzli olaraq yayınmışdır. Bununla bağlı cavabdehə elektron kabinet vasitəsi ilə rəsmi pretenziya ünvanlanmış, lakin pretenziyada qeyd olunan müddət keçməsinə baxmayaraq cavabdeh müqavilə üzrə öhdəlikləri icra etməmişdir. Əlavə olaraq, hüquqi yardımın göstərilməsi məqsədi ilə İddiaçı MMC ilə Bakı şəhər 18 saylı Vəkil Bürosunun vəkili Nümayəndə1la xx.xx.2024-cü il tarixli 282 saylı müqavilə imzalanmış və 1500 yüz manat hüquqi yardıma görə məbləğ Bakışəhər 18 saylı Vəkil Bürosuna köçürülmüşdür. Bundan başqa cavabdehə pretenziya elektron hökumət və rəsmi poçt vasitəsi ilə göndərilmiş, cavabdeh tərəfindən borcun ödənilməsində heç bir təşəbbüs irəli sürülməmişdir. İddiaçı sonradan “iddia ərizəsinin dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli AL/ML/0781 saylı maliyyə lizinq müqaviləsinə əsasən 31.080 manat əsas, 3.643,93 manat cərimə borcu olmaqla, ümumilikdə 34.723,93 manat pul məbləği, hüquqi yardımın göstərilməsi üçün Bakı şəhər 18 saylı Vəkil Bürosuna ödənilmiş 1.500 manat pulun və dövlət rüsumunun əvəzi kimi 194,25 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1 ərizə ilə məhkəməyə müraciət edərək, işə nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh MMC məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixdə AL/ML/0781 saylı maliyyə lizinqi müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən 2 ədəd, Traktor Belarus 1221.2 cavabdehin müvəqqəti sahiblik istifadəsinə verilmişdir. Müqavilənin 2.2-ci bəndinə əsasən Lizinq alanın “Lizinq verən”ə ödəməli olduğu lizinq ödənişlərinin ümumi dəyəri 74.004 manat təşkil edir. Həmin Müqavilənin 15.2-ci bəndinə əsasən, lizinq ödənişləri və ya onun hər hansı birinin ödənilməyən hissəsi üzrə ödənişləri müqavilədə göstərilən tarixdən 30 təqvim günündən artıq gecikdirildikdə lizinq öhdəliyi vaxtı keçmiş hesab edilir. Qeyd edilən Müqavilənin 15.3-cü bəndinə əsasən, bu Müqavilə üzrə gecikdirilmiş və ya vaxtı keçmiş lizinq öhdəliyinə görə hər gecikdirilən gün üçün qalıq əsas borc məbləğinə gündəlik 0,1% məbləğində faiz hesablanır və bu faiz borcalan tərəfindən tam həcmdə ödənilməlidir. Göstərilən Müqavilənin 20.2-ci bəndinə əsəsən, Müqavilənin 21.1-ci bəndində müəyyən edilmiş şərtləri yerinə yetirmədikdə, lizinq alan, lizinq müddətinin bitməsindən sonra 15 təqvim günü ərzində lizinq obyektini lizinq verənə qaytarmalı, yaxud həmin lizinq obyekti barədə lizinq verənlə icarə müqaviləsi bağlamalıdır. Lizinq alan lizinq obyektini lizinq verənə qaytarmadıqda və/və ya icarə müqaviləsini bağlamadıqda, lizinq verən, lizinq obyektinin qaytarılmasının hər gecikdirildiyi gün üçün lizinqin bütün müddəti üzrə lizinq ödənişinin orta məbləğinin 1 faizi miqdarında penya tələb edə bilər. Lizinq obyektinin qaytarılmasının gecikdirilməsi müddəti lizinqin müddətinin bitməsindən sonra gələn gündən hesablanır. Lizinq alan isə lizinq verən tərəfindən müvafiq hesabın göndərildiyi gündən 10 təqvim günündən gec olmayaraq bunu ödəməyi öhdəsinə götürür. Dəbbə pulunun ödənilməsi lizinq obyektinə mülkiyyət hüququnun öz adına rəsmiləşdirilməsindən lizinq alanı azad etmir. Bu bəndin məqsədləri üçün lizinqin müddəti müəyyən edilərkən lizinq ödənişlərinin ödənilməsi üzrə lizinq alana verilmiş hər hansı möhlətin dövrü nəzərə alınmır. İş materiallarında olan AL/ML/0781 saylı, xx.xx.2020-ci il tarixli lizinq müqaviləsinə 2 saylı əlavənin surətindən görünür ki, “Traktor Belarus” 1221.2 markalı 2 ədəd texnikanın ümumi məbləği 119.200 manatdır. İşdən görünür ki, satıcı qismində "xxxx" MMC, alıcı İddiaçı MMC və lizinq alan Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixli AQT/2-S-502 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, satıcı lizinq alan tərəfindən seçilmiş 2 ədəd Traktor Belarus 1221.2 satmağı, alıcı əmlakın dəyərini satıcıya ödəməyi, Lizinq alan isə əmlakı lizinqə qəbul etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan təhvil-təslim aktının surətindən görünür ki, 2 ədəd Traktor Belarus 1221.2 adlı texnikalar lizinq alana təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli lizinq alanın müqavilə üzrə qrafik ödənişlərinin reyestrinin surətindən görünür ki, Cavabdeh MMC 16.000 manat ödəniş etmişdir. İş materiallarına əlavə olunan maliyyə arayışının surətindən görünür ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2020-ci il tarixdə bağlanmış AL/ML/0781 saylı maliyyə lizinqi müqaviləsinə əsasən dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq 60 ay müddətinə aylıq ödənişlər yerinə yetirmək şərti ilə ümümi dəyəri 119.200 manat olan 2 ədəd müxtəlif markalı kənd təsərrüfatı texnikasını lizinqə verilmişdir. Həmin texnikalara görə xx.xx.2024-cü il tarixədək 31.005 manat ödənilməli olduğu halda 16.600 manat ödəniş edilmiş və qrafik üzrə 14.405 manat borc yaranmışdır. Bağlanmış müvafiq müqavilənin 15.2-ci və 15.3-cü bəndlərinə əsasən ödəniş qrafiki üzrə 30 təqvim günündən artıq ödənişləri gecikdirdiyinə görə gecikdirilən hər bir gün üçün qalıq əsas borc məbləğinə gündəlik 0,1% (3643,93 manat) məbləğində faiz hesablanmışdır. Ümumilikdə müqavilə üzrə öhdəlik (31080 manat) ilə hesablanmış faizin cəmi 34.723,93 manat təşkil edir. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı pretenziya məktubunun surətindən görünür ki, ödənilməmiş 31.080 manat məbləğində borcun və 3.643,93 manat cərimə məbləğinin 5 gün müddətində iddiaçıya ödənilməsi xəbərdarlıq edilmişdir. İşdə olan məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9/6715 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2020-ci il tarixdə bağlanmış AL/ML/0781 saylı maliyyə lizinq müqaviləsi qeyd olunan şərtlərə əsasən Cavabdeh MMC-nin İddiaçı MMC-yə ümumilikdə 31.080 manat məbləğində borcu müəyyən edilir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı lizinq məbləğ(lər)ini tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh lizinq müqavilə(lər)si əsasında lizinq obyekt(lər)indən istifadə etmək hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə(lər) ilə müəyyən edilmiş pul məbləğ(lər)ini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olduğundan, lakin cavabdeh pul məbləğini ödəməli olmasına dair vəzifəsini yerinə yetirmədiyindən, iddiaçı lizinq məbləğ(lər)inin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə həmçinin iddianın cərimənin ödənilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi əsassızdır. Ona görə ki, iş materiallarına əlavə edilmiş maliyyə arayışının surətindən də aydın olur ki, iddiaçı tərəfindən cavabdehdən tutulması xahiş edilən cərimə tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 15.2 və 15.3-cü bəndlərinə istinad edilməklə tələb edilir. Halbuki, tərəflər arasında bağlanmış lizinq müqaviləsinin qeyd edilən bəndləri “cərimə”ni deyil, “faiz”lərin hesablanmasını müəyyən edir. Belə olan halda, iddiaçının müqavilənin qeyd edilən bəndlərinə istinad etməklə cavabdehdən cərimənin tutulmasını tələb etməsi əsassızdır. Buna görə də, iddia həmin hissədə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən, dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Qeyd edilən Məcəllənin 463.2-ci maddəsinə əsasən, yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. Məhkəmə eyni zamanda iddia tələbinin “hüquqi yardımla bağlı çəkdiyi 1500 manat xərcin cavabdehdən tutulması”na dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi bu hissədə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.5 və 115.0.6-cı maddələrinə əsasən, nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. Göstərilən Məcəllənin 121.1.-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hüquqi xidmət üçün müəyyənləşdirilən məbləğ müqavilə azadlığı prinsipi əsasında həmin müqavilənin iştirakçıları tərəfindən müəyyən olunduğundan, iddia tələbi bu hissədə də təmin edilərək cavabdehdən 1.500 manat məbləğində hüquqi yardımla bağlı çəkilən xərc tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edildiyindən, iddia qismən təmin edilməli olduğundan, məhkəmə xərcinə daxil olan 194,25 manat dövlət rüsumunun 183,24 manatı (yəni, 31.080 manata münasibətdə) cavabdeh(lər)dən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, ekspertiza xərci cavabdehdən tutulmalıdır. Belə ki, ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğindədir. Məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi məbləğ ekspert rəyi ilə eyni olduğundan, ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 31.080 manat əsas borc, 1.500 manat hüquqi yardımın göstərilməsi üçün ödənilmiş xərc və 183,24 manat dövlət rüsumu Cavabdeh MMC-dən alınaraq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Namidar Misirzadə
Məhkəmə qərarları › İş №e-2-2(121)-1290/2024
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1290/2024
14.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver