Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1309/2023 15.08.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı – Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli M/AVM/19/2022 saylı alqı-satqı müqaviləsi üzrə yaranmış 25.524 AZN (iyirmi beş min beş yüz iyirmi dörd manat) borc məbləğinin, 200 (iki yüz) AZN mediasiya xərcinin, cəmi 25724 (iyirmi beş min yeddi yüz iyirmi dörd) manat pul məbləğinin tutularaq ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli M/AVM/19/2022 saylı alqı-satqı müqaviləsi imzalanmışdır. Müqaviləyə 1 saylı Əlavə (Malın qiyməti haqqında) və 2 saylı Əlavə (Satışa dəstək üzrə xərclərin şərtləri) imzalanmış və qoşulmuşdur. Cavabdehlə əməkdaşlıqları zamanı tərəflərindən satış üçün müxtəlif adlarda qida malları cavabdehə təqdim edilmişdir. Müqavilənin 2.1-ci maddəsində qeyd edildiyi kimi cavabdeh elektron hesab fakturalar əsasında ödənişi 45 gün ərzində etməyi öhdəsinə götürmüşdür. Ümumi dövriyyədə malların satılması və ödəmələrin gecikdirilməsi ilə əlaqədar dəfələrlə şifahi qaydada cavabdehə ödəmələrin gecikdirilməməsi tələb edilmişdir. Lakin cavabdeh hər dəfəsində hesabında və dövriyyəsində pul olmasına rəğmən müqavilə üzrə öhdəliklərini qərəzli şəkildə icra etməkdən yayınmışdır. Cavabdehlə tərtib edilmiş və bir başa cavabdehin özü tərəfindən imzalanmış və təsdiqlənmiş xx.xx.2023-cü il tarixli Qarşılıqlı üzləşmə aktı əsasında cavabdehin 25524 (iyirmi beş min beş yüz iyirmi dörd) manat ödənilməli olan borcun mövcudluğu müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, işə əlavə olunan sənədlərdən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında 17 yanvar 2022-ci il tarixli, M/AVM/19/2022 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən, satıcı, müqavilənin ayrılmaz hissəsini təşkil edən əlavədə müəyyən olunmuş müvafiq malları (bundan sonra “Mal” adlandırılacaq) Alıcının mülkiyyətinə vermək, alıcı isə, razılaşdırılmış qaydada və müddətdə malı qəbul edib onun dəyərini satıcıya ödəmək barədə öhdəlik götürmüşdür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə ödənişlər satıcının təqdim etdiyi elektron qaimə və elektron vergi hesab fakturası əsasında aparılır. Alıcı alınmış malın ümumi dəyərini, satıcı tərəfindən təqdim olunmuş elektron hesab fakturalar əsasında ödənişi 45 (qırx beş) gün ərzində satıcının müqavilədə qeyd etdiyi hesablaşma hesabına köçürməklə həyata keçirir. İş materiallarında olan 04 may 2023-cü il tarixli qarşılıqlı üzləşmə aktından görünür ki, 05 aprel 2023-cü il tarixinə Cavabdeh İddiaçı MMC-yə olan qalıq borcu 25.524 manat məbləğində təşkil edir. Üzləşmə aktı tərəflərin imzaları ilə təsdiq edilmişdir. İş materiallarında olan 04 may 2023-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixində bağlanmış M/AVM/19/2022 nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh Qoçay oğlunun İddiaçı MMC-ə ödəməli olduğu borc məbləği 25.524 manat təşkil etmişdir. İşdən görünür ki, iddiaçı cavabdehə borcun ödənilməsi ilə bağlı pretenziya (xəbərdarlıq) məktubu göndərmişdir. Beləliklə, iş materialları ilə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 17 yanvar 2022-ci il tarixli, M/AVM/19/2022 saylı alqı-satqı müqaviləsinə əsasən iddiaçı cavabdehə müqaviləyə edilmiş əlavədə nəzərdə tutulmuş malların satılmasını öz üzərinə götürmüş, cavabdeh isə malları qəbul edib dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin iddiaçı tərəfindən tərəflər arasında olan müqaviləyə əsasən öhdəliklər yerinə yetirilsə də, cavabdeh tərəfindən götürülmüş öhdəlik yerinə yetirilməmişdir. Göründüyü kimi tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış, cavabdeh isə müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Bundan əlavə, məhkəmə qeyd edir ki, tərəflər arasında 04 may 2023-cü il tarixli qarşılıqlı üzləşmə aktı imzalanmışdır. Həmin akt İddiaçı MMC-nin nümayəndəsi və Cavabdeh tərəfindən imzalanaraq təsdiq edilmişdir. Həmin üzləşmə aktında cavabdehin iddiaçıya 05 aprel 2023-cü il tarixinə 25.524 manat borcunun olması əksini tapmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Həmin Məcəllənin 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Göründüyü kimi, cavabdeh iddiaçıya olan 25.524 manat borcunu 04 may 2023-cü il tarixli qarşılıqlı üzləşmə aktı ilə də etiraf etmişdir. Bundan əlavə, cavabdeh iddiaçı tərəfindən malların təhvil verildiyini təkzib edən, o cümlədən tələb olunan borcun tam və ya qismən ödənildiyini təsdiq edən mötəbər sənədlər məhkəməyə təqdim edilməmişdir. Məhkəmə sadalanan xüsusatlara əsasən hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan malı almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin malın dəyərini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh göstərilən müqavilə əsasında malları almasına dair hüququndan istifadə etmiş, lakin həmin malların dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən məbləği tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı mövcud tələblə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə, həmçinin iddianın 200 manat mediasiya xərcinin cavabdehdən tutulmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Belə ki, “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 25.524 manat məbləğində əsas borc və 200 manat məbləğində mediasiya xərci olmaqla, ümumilikdə 25.724 (iyirmi beş min yeddi yüz iyirmi dörd) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №e-2-2(121)-1309/2023
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1309/2023
15.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver