Məhkəmə qərarları › İş №e-2-2(121)-1311/2022

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1311/2022

29.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-1311/2022 29.09.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənli Pərviz Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı cavabdeh "xxxx" MMC-dən 46.837,12 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq, İddiaçı ödənilməsi tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı məhkəməyə ərizə ilə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən 52.137,12 manat və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq, İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə xx.xx.2022-ci il tarixli ərizə ünvanlayaraq, iddia ərizəsinin həcmini azaldaraq 46.837,12 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq, İddiaçı ödənilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı arasında xx.xx.2021-ci il tarixdə bağlanılmış müqaviləyə əsasən iddiaçı tərəfindən müqavilə müddəti dövründə, yəni müqavilənin İİ bəndində nəzərdə tutulmuş xx.xx.2023-cü il tarixədək sifarişçi qismində sifariş əsasında işləri yerinə yetirmək və qarşı tərəfdən isə həmin işlərin dəyərinin həmin müqavilə və qiymət razılaşdırma protokolunda nəzərdə tutulmuş müddətdə və qaydada ödənilməsi nəzərdə tutulmuşdur. Sözügedən müqaviləyə əlavə edilmiş xx.xx.2021-ci il tarixli, EBBL seriyalı, 186866 nömrəli elektron qaiməyə əsasən "xxxx" MMC-nin ödəniləcək pul məbləği cəmi 52.137,12 manat təşkil edir. Lakin sonradan cavabdeh 5.300 manat ödəniş etmiş və 46.837,12 manat borcu qalmışdır. Göstərilənləri nəzərə alaraq 46.837,12 manat pul məbləğini üç gün müddətində ödənilməsi məqsədi ilə sözügedən MMC-ə müvafiq pretenziya göndərilməsinə baxmayaraq pretenziyaya əhəmiyyət verilməmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarında olan sənədləri araşdırıb, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 01 iyun 2021-ci il tarixli, xx/xx/2021 saylı müqavilədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında müqavilə bağlanmışdır. Müqavilənin predmetinə əsasən bu müqavilənin şərtləri daxilində icraçı tərəfindən müqavilə müddəti dövründə sifarişçiyə sifariş əsasında işləri yerinə yetirməyi və sifarişçi tərəfindən isə həmin işlərin dəyərinin bu müqavilədə və qiymət razılaşdırma protokolunda nəzərdə tutulmuş müddətdə və qaydada icraçıya ödənilməsi ilə münasibətlərin tənzimlənməsini təşkil edir. İş materialında olan İddiaçı Cavabdeh MMC-yə ünvanladığı xx.xx.2021-ci il tarixli 186866 nömrəli elektron qaiməyə əsasən 52.137,12 manat məbləğində malların, işlərin və xidmətlərin təqdim edilməsi təsdiqlənmişdir. İş materialında olan İddiaçı tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış pretenziya məktubunun surətindən görünür ki, İddiaçı və Cavabdeh MMC arasında bağlanmış 01 iyun 2021-ci il tarixli, xx/xx/2021 saylı müqaviləyə əsasən Cavabdeh MMC ödənilməmiş 52.137,12 manat məbləğində pul vəsaitinin 3 gün müddətində ödənilməsi üçün xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli iddia həcminin azaldılmasına dair ərizəyə əsasən cavabdehin 46.837,12 manat borcu qalmışdır. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 14 aprel 2022-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh MMC arasında 01 iyun 2021-ci il tarixli, xx/xx/2021 saylı müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, iddiaçı tərəfindən Cavabdeh MMC-nin sifarişi əsasında müqavilədə nəzərdə tutulan işlər (mebel hazırlanmış) görülmüş, görülən işlərin dəyərinin ödənilməsi üçün İddiaçı tərəfindən Cavabdeh MMC-yə elektron Qaimə göndərilmişdir. Cavabdeh göndərilmiş elektron qaiməni təsdiq edərək, qaimədə göstərilən məbləğin ödənilməsini qəbul etmiş, qiymət razılaşma protokolunu imzalamış, aldığı malların dəyərini ödəmədiyinə görə onun ödənilməyən 46.837,12 manat borcu qalmışdır. Məhkəmənin əvvəlki iclasında da cavabdehin nümayəndəsi nağd qaydada 8000 manat ödənildiyini bildirmiş, bundan sonra iddiaçı tərəfindən tələbin həcmi azaldılması barədə ərizə verilmiş, nağd qaydada 5300 manatın verildiyi qeyd olunmuşdur. Cavabdeh tərəfindən işin məhkəmə icraatında olduğu müddət ərzində borcun daha az olmasıını və ya ümumiyyətlə olmamasını təsdiq edən heç bir sübut təqdim edilməmiş, iddiaya etiraz verilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən, bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 752.1-ci maddəsinə əsasən, Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 759.2-ci maddəsinə əsasən, Sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. 762.1-ci maddəsinə əsasən, Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2-ci maddəsinə əsasən, Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 762.3-cü maddəsinə əsasən, Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. 769-cu maddəsinə əsasən, Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Göründüyü kimi, cavabdeh iddiaçı qarşısında öhdəliklərini tam yerinə yetirməmiş, tərəflər arasında bağlanılmış 01 iyun 2021-ci il tarixli, xx/xx/2021 saylı müqaviləyə əsasən 46.837,12 manat borcun olduğu iş materialları ilə tam sübuta yetirilir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehdən 46.837,12 manat borc İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, cavabdehlər iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh MMC-dən 46.837,12 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar