Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-1323/2021 21.10.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclas katibi Musayev Fərhad Böyükağa oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Kreditor İddiaçı Açıq Səhmdar Cəmiyyəti ("xxxx" ASC) ərizə ilə məhkəməyə müraciət edərək, 10.05.2019-cu il tarixli, 05/00023627 nömrəli operariv lizinq müqaviləsinə əsasən 2.900 manat borcun və 20 manat dövlət rüsumunun, cəmi 2.920 manat məbləğin borclu Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə məhkəmə əmri verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, kreditor İddiaçı ASC ("xxxx" ASC) ilə borclu Cavabdeh arasında bağlanmış 2019-cu il 10 may tarixli 05/00023627 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd SR-2045 markalı taxılyığan kombaynı 2019-cu il taxıl biçini mövsümü ərzində istifadəyə verilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borclu arasında bağlanmış 05/00023627 nömrəli müqaviləyə əsasən 6.000 (altı min) manat öhdəlikdən 3.100 (üç min bir yüz) manat ödənilmiş, 2.900 (iki min doqquz yüz) manat borcu qalmışdır. Borclunun cəmiyyətə hal-hazırda müqavilə üzrə cəmi 2.900 (iki min doqquz yüz) manat borcu vardır. Lakin, borclu vaxtında kreditora olan borcunu qaytarmadığından kreditor dəfələrlə ondan yaranmış borcun ödənilməsini tələb etsə də, borclu bu günə kimi müxtəlif bəhanələrlə kreditora olan borcunu ödəməkdən yayınmışdır. Buna görə də, kreditor məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Borclu öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-1323/2021 saylı, 02 iyul 2021-ci il tarixli məhkəmə əmri ilə ərizənin təmin edilməsi, borclu Ağcabədi rayonu, Hindarx qəsəbəsində qeydiyyatda olan Cavabdeh (VÖEN: **********) 2.900 manat borc və 20 manat dövlət rüsumu, ümumilikdə 2.920 manat pul vəsaitinin tutularaq kreditor Bakı şəhəri, Z.Bünyadov prospekti 1965, “Çinar Park” Biznes Mərkəzi 1-ci bina, 4-cü mərtəbədə yerləşən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qərar qəbul edilmişdir. İş üzrə borclu Cavabdeh məhkəməyə yazılı etirazını ünvanlayaraq məhkəmə əmrinin ləğv olunmasını xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-1323/2021 saylı, 23 iyul 2021-ci il tarixli qərardadı ilə kreditor İddiaçı Açıq Səhmdar Cəmiyyətinin borclu Cavabdeh qarşı 2.900 manat borcun və 20 manat dövlət rüsumunun borclu Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi tələbinə dair Şirvan Kommersiya Məhkəməsinin 02.07.2021-ci il tarixli, e-2-2(121)-1323/2021 saylı məhkəmə əmrinin ləğv edilməsi və materialların iddia icraatına keçirilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh texnikanın müqavilədə nəzərdə tutulan müddət ərzində işləmədiyinə dair izahat verərək iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanına əsasən, kənd təsərrüfatı məhsulları istehsalçılarının kənd təsərrüfatı istehsal vasitələri ilə təminatının gücləndirilməsi, ölkədə aqrotexniki xidmətlər göstərilməsi ilə bağlı işlərin səmərəsinin artırılması və sistemliliyinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək İddiaçı Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. İş materiallarında olan 10 may 2019-cu il tarixli, 05/00023627 saylı müqavilənin surətindən görünür ki, kreditor "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə borclu Cavabdeh arasında “kənd təsərrüfatı texnikasının qısa müddətli operativ lizinqə (istifadəyə) verilməsi barədə” müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən kreditor borcluya texnikanın ödəniş məbləği 6.000 manat olan, 2 ay müddətinə, 4 silindrli Sampo Rosenlew SR-2045 Classic markalı, buraxılış ili 2014-cü il olan, Z29718 mühərrik nömrəli, 561354 şassi nömrəli taxılyığan kombaynı mülkiyyət hüququnun istifadəçiyə keçməməsi şərti ilə qısa müddətli lizinqə (istifadəyə) verilməsi barədə öhdəlik götürmüşdür. İş materiallarında olan RN-nin istifadəsində olan texnikanın qısamüddətli lizinqə verilərkən tərtib edilən 10 may 2019-cu il tarixli, F00023627 saylı texniki vəziyyət haqqında 1 saylı aktın surətindən görünür ki, 4 silindrli Sampo Rosenlew SR-2045 Classic markalı, buraxılış ili 2014-cü il, Z29718 mühərrik nömrəli, 561354 şassi nömrəli taxılyığan kombayn "xxxx" ASC-nin Ağcabədi RN-nin rəhbəri X3 tərəfindən Cavabdeh təhvil verilmiş və bu barədə tərəflər arasında akt tərtib olunaraq imzalanmışdır. İş materiallarında olan RN-nin istifadəsində olan texnika müqavilədə olarkən yaranmış nasazlıq barədə tərtib edilən 14 iyun 2019-cu il tarixli, texniki nasazlıq haqqında 3 saylı aktın surətindən görünür ki, mühərrikin dirsəkli valı tutduğundan, dirsəkli val və porşen, giliz qrupu yenisi ilə əvəz olunmalı olunduğundan, nasazlığın aradan qaldırılması qeyri-müəyyən vaxt və vəsait tələb etdiyindən 4 silindrli Sampo Rosenlew SR-2045 Classic markalı, buraxılış ili 2014-cü il, Z29718 mühərrik nömrəli, 561354 şassi nömrəli taxılyığan kombaynın istismarı dayandırılmışdır. İş materiallarında olan RN-nin istifadəsində olan texnikanın qısamüddətli lizinqə götürəndən geri alınarkən tərtib edilən 27 iyun 2019-cu il tarixli, 8882 nömrəli texniki vəziyyət haqqında 2 saylı aktın surətindən görünür ki, 4 silindrli Sampo Rosenlew SR- 2045 Classic markalı, buraxılış ili 2014-cü il, Z29718 mühərrik nömrəli, 561354 şassi nömrəli taxılyığan kombayn Cavabdeh tərəfindən "xxxx" ASC-nin Ağcabədi RN-nin rəhbəri X2 təhvil verilmiş və bu barədə tərəflər arasında akt tərtib olunaraq imzalanmışdır. İş materiallarında olan 16.06.2021-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, lizinq alan Cavabdeh tərəfindən 10 may 2019-cu il tarixli, 05/00023627 saylı müqavilə əsasında müəyyən edilmiş 6.000 manat ödəniş məbləğindən 3.100 manatı ödənilmiş, qalıq borc isə 2.900 manat təşkil edir. İş materiallarında olan İddiaçı ASC ("xxxx" ASC) tərəfindən Cavabdeh ünvanlanmış 13.04.2021-ci il tarixli, 23/P-485 saylı pretenziya məktubunun surətindən görünür ki, İddiaçı ASC ("xxxx" ASC) borclu Cavabdeh pretenziya məktubu ünvanlayaraq yaranmış 2.900 manat məbləğində borcun qısa zaman ərzində İddiaçı ASC-yə ödənilməsini xahiş etmiş, əks halda tələb olunan məbləğin və məhkəmə xərclərinin ondan məcburi qaydada alınaraq İddiaçı ASC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanmış lizinq müqaviləsinin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.2-ci maddəsinə əsasən lizinq alan əmlakı qəbul edərkən hər hansı bir çatışmazlıq aşkar edərsə, qəbul protokolunda bu barədə qeyd etməli və çatışmazlıqları aradan qaldırmaq məqsədilə bu əmlakı satan hüquqi və ya fiziki şəxslər qarşısında tələb irəli sürmək üçün lizinq verənə məlumat verməlidir. Həmin Məcəllənin 748-10.4-cü maddəsinə əsasən lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Mülki qanunvericiliyin lizinq münasibətlərini tənzimləyən normalarının məzmunundan göründüyü kimi lizinq müqaviləsi əmlak kirayəsi (icarəsi) müqaviləsinin xüsusi növü kimi çıxış edir. Bununla yanaşı, lizinq müqaviləsini kirayə hüquq münasibətindən fərqləndirən əsas cəhətlərdən biri lizinq alanın müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək imkanının olmasıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 10.05.2019-cu il tarixli, 05/00023627 saylı lizinq müqaviləsi bağlanılmış və tərəflərin müqavilə üzrə hüquq və vəzifələri müəyyən olunmuşdur. Tərəflər arasında imzalanmış 14 iyun 2019-cu il tarixli, texniki nasazlıq haqqında 3 saylı akta əsasən mühərrikin dirsəkli valı tutduğundan, dirsəkli val və porşen, giliz qrupu yenisi ilə əvəz olunmalı olunduğundan, nasazlığın aradan qaldırılması qeyrimüəyyən vaxt və vəsait tələb etdiyindən taxılyığan kombaynın istismarı dayandırılmışdır. Tərəflər arasında imzalanmış 27 iyun 2019-cu il tarixli, 8882 nömrəli texniki vəziyyət haqqında 2 saylı akta əsasən taxılyığan kombayn Cavabdeh tərəfindən "xxxx" ASC-nin Ağcabədi RN-nin rəhbəri X2 təhvil verilmişdir. Cavabdeh tərəflər arasında imzalanmış müqaviləyə əsasən 2 ay (61 gün) müddətinə lizinqə götürdüyü ümumi ödəniş dəyəri 6.000 manat olan kənd təsərrüfatı texnikasını 10 may 2019-cu ildən 14 iyun 2019cu il tarixə kimi, yəni 36 gün müddətində istifadə etmişdir. Məhkəmə qeyd edir ki, istər Mülki Məcəllənin, istərsə də tərəflər arasında bağlanılmış müqavilənin tələblərinə əsasən texnikanın saz vəziyyətdə saxlanılması cavabdehin öhdəliyidir. Lakin, hazırki iş üzrə texnikanın istismarının dayanması və nasazlığın aradan qaldırılmasının qeyri-müəyyən vaxt və vəsait tələb etməsi cavabdehin həmin texnikadan müqavilədə nəzərdə tutulmuş müddət ərzində, yəni 2 ay müddətində istifadə etmədiyi və həmin texnikadan bəhrələnmədiyi iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə, habelə qanunvericiliyin tələbinə əsasən texnikanın yalnız istifadə müddətinə görə ödənişin hesablanılmalı olduğunu qeyd edərək texnikadan istifadənin 1 gün üçün nəzərdə tutulmuş ödənişinin 98,36 manat (6.000 manat:61 gün=98,36) olduğunu müəyyən edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Lizinq əmlakın müvəqqəti istifadə üçün verilməsi və ya alınması deməkdir. Lizinq verən lizinq müqaviləsinə əsasən cəlb edilmiş və ya özünə məxsus maliyyə vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan əşyanı lizinq obyekti kimi lizinq alana müəyyən haqla, müəyyən müddətə və şərtlərlə (mülkiyyət hüququnun lizinq alana keçməsi və ya keçməməsi şərti də daxil olmaqla) müvəqqəti sahibliyə və ya istifadəyə verən hüquqi və ya fiziki şəxsdir. Lizinq alan lizinq müqaviləsinə uyğun olaraq lizinq obyektini müəyyən haqla, müəyyən müddətə və şərtlərlə müvəqqəti sahibliyə və istifadəyə qəbul edən hüquqi və ya fiziki şəxsdir. Məhkəmə eyni zamanda qeyd edir ki, istifadə hüququ əmlakın istehlak dəyərindən bəhrələnmək, onun faydalı təbii xassələrini hasil etmək, habelə ondan fayda götürməklə əlaqədar imkanları ehtiva edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmçinin nəzərə alınmalıdır ki, əgər aradan qaldırılması qeyri-müəyyən vaxt və vəsait tələb edən nasazlıq səbəbindən lizinq avadanlığının istismarı dayandırılmışdırsa, o zaman iddiaçının lizinqə verilmiş texnikanın cavabdehdən 14 iyun 2019-cu il tarixində deyil, məhz 27 iyun 2019-cu il tarixində geri almasında məqsədinin nə olması anlaşılan deyildir. Bu isə cavabdehə təhvil verilmiş avadanlığın 14 iyun 2019-cu il tarixindən sonrakı müddətdə cavabdeh tərəfindən istifadə olunması ilə bağlı iddiaçının izahatının formal xarakterli dəlil olması qənaətinə gəlməyə əsas verir. Göründüyü kimi, cavabdeh iddiaçı qarşısında olan müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, texnikanın istifadə dövrü 10 may 2019-cu il tarixdən 14 iyun 2019-cu il tarixədək qəbul edilməli, həmin dövr ərzində istifadəyə verilən texnikaya görə cavabdehin 3.100 manat ödəniş etməsi nəzərə alınaraq iddanın (36 gün*98,36 manat-3.100=440,98 manat) 440,98 manat hissəsi təmin edilərək, iddia qismən təmin edilməlidir. Məhkəmə cavabdehin təhvil verilmiş texnikanın qüsurlu olması, texnikanın işlək vəziyyətdə olmamasına dair məhkəmə iclasında verdiyi etirazını əsassız hesab edir. Ona görə ki, cavabdeh tərəfindən sözügedən lizinq avadanlığı cavabdehin imzası ilə təsdiq edilmiş 2019-cu ilin 10 may tarixli akt əsasında işlək vəziyyətdə təhvil alınmışdır. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki Kollegiyalarının “Mülki qanunvericiliyin lizinq müqaviləsinə dair münasibətləri tənzimləyən bəzi normalarının tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsinə dair” 07.07.2021-ci il tarixli,1/2021 saylı qərardadında qeyd olunur ki, qanunvericilik lizinq ödənişləri ilə bağlı müəyyən edir ki, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində bu ödənişlər ödənilməlidir. Bu lizinq müqaviləsinin özünün təbiətindən irəli gəlir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə həmçinin, iddianın 20 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsininin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 20 manat dövlət rüsumunun 17 manatı iddiaçıya aid edilməli, 3 manatı isə Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 10.05.2019-cu il tarixli, 05/00023627 saylı müqavilə üzrə yaranmış 440,98 manat borc və ödənilmiş dövlət rüsumuna görə 3 manat olmaqla, ümumilikdə 443,98 manat Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-cı, 220-ci, 227-ci, 233-cü və 357-ci maddələrinə əsasən məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 440,98 (dörd yüz qırx manat, doxsan səkkiz qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 3 (üç) manat olmaqla, ümumilikdə 443,98 (dörd yüz qırx üç manat, doxsan səkkiz qəpik) manat tutularaq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №e-2-2(121)-1323/2021
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1323/2021
21.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver