Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-133/2024 13.02.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı “İddiaçı” şirkətinin nümayəndəsi-vəkili Vəkil, Cavabdeh MMC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı “İddiaçı” şirkətinin Cavabdehnə qarşı – pul tələbinə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “İddiaçı” şirkəti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18.550 ABŞ dolları məbləğində pul vəsaitinin, 1.577 manat Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq hesablanmış illik 5 faiz məbləğində borcun, hüquqlarını müdafiə edən vəkilə ödədiyi 1.620 manat məbləğində pul və ödənilmiş mediasiya haqqının əvəzi olaraq 200 manat məbləğində pulun, cəmi olaraq 18.550 ABŞ dolları və 3.397 manat məbləğində pulun Cavabdeh MMC-dəntutularaq iddiaçı Türkiyə Respublikasında fəaliyyət göstərən “İddiaçı” şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı “NOVAC MAKİNA SANAYİ VE TİC.LTD ŞTİ” firması cavabdCavabdeh MMC arasında xx.xx.2022-ci il tarixli 2022-1 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən Satıcı Alıcıya müqavilənin tərkib hissəsi olan Texniki şərtnamə və İnvoyslarda göstərilən malları çatdırmaq, alıcı isə malları qəbul edil həmin malın dəyərini ödəməlidir. Müqavilənin 2.1-ci bəndinə əsasən müqavilənin ümumi məbləği 31.500 ABŞ dolları təşkil edir. Müqavilənin 2.2-ci bəndinə əsasən müqavilədə qeyd edilən məbləğin 50%-i ilkin ödəniş, 50 %-i isə Mal göndərildikdən sonra 1 ay ərzində ödənilməlidir. Müqavilədə qeyd edilən mallar Sizə xx.xx.2022-ci il tarixdə göndərilmişdir. Cavabdeh tərəfindən isə müqavilə üzrə öhdəliklər tam şəkildə yerinə yetirilməmişdir. Belə ki, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə 11.750 ABŞ dolları, xx.xx.2023-cü il tarixdə isə 1.200 ABŞ doları ödənilmişdir. Qalıq məbləğ 18.550 ABŞ dolları cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə hüquqi yardım göstərilməsinə dair vəkillə müqavilə bağlamışdır. Həmin hüquqi yardımın göstərilməsi üçün 1620 manat məbləğində ödəniş etmişdir. Bundan sonra iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə cavabdehə pretenziya məktubu göndərilmiş, lakin münasibət bildirilməmişdir. Hazırda Cavabdeh MMC tərəfindən öhdəliklər icra edilmədiyindən iddiaçıya 18.500 ABŞ dolları məbləğində maddi ziyan dəymişdir. Cavabdeh sözügedən müqavilə üzrə öhdəliklərini icra etmir və yuxarıda qeyd olunan məbləği ödəmir. xx.xx.2023-cü tarixdə həm poçt vasitəsi ilə, həm də elektron akrgüzarlıq sistemi vasitəsilə Cavabdeh MMC-yə mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmişdir. Cavabdehin səlahiyyətli nümayəndələri həmin təklif barədə iddiaçı ilə əlaqə saxlamamışdır. Həmin tarixdən qanunla nəzərdə tutulmuş müddət keçdikdən sonra Cəbrayıl 1 saylı Bakı Mediasıya Təşkilatına ilkin mediasiya sessiyası keçirilməsi üçün müraciət edilmişdir. Mediasiya sessiyasında iddiaçı tərəfin nümayənədəsi iştirak etsə də, cavabdeh tərəf iştirak etməmişdir. xx.xx.2023-cü il tarixdə Cəbrayıl 1 saylı Bakı Mediasıya Təşkilatı tərəfindən ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmişdir. Sonradan iddiaçı “İddiaçı” şirkətinin nümayəndəsi iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə müraciət edərək, 7.550 ABŞ dolları məbləğində pul vəsaitinin, 1.236 manat Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq hesablanmış illik 5 faiz məbləğində borcun, hüquqlarını müdafiə edən vəkilə ödədiyi 1.620 manat məbləğində pul və ödənilmiş mediasiya haqqının əvəzi olaraq 200 manat məbləğində pulun, cəmi olaraq 7.550 ABŞ dolları və 3.056 manat məbləğində pulun Cavabdeh MMC-dən tutularaq iddiaçı Türkiyə Respublikasında fəaliyyət göstərən “İddiaçı” şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 izahatında iddiaçı şirkətdən ümumilikdə 31.500 ABŞ dolları məbləğində avadanlıq alındığını, həmin puldan müəyyən hissədə ödənişlər edildikdən sonra nəticədə iddiaçıya 7.550 ABŞ dolları məbləğində borclarının qaldığını bildirərək iddia tələbini əsas borca münasibətdə qəbul etdiyini, lakin illik 5 faiz məbləğində hesablanmış 1.236 manat borcun və vəkilə ödənilən 1.620 manat məbləğində pulun tutulması hissələrində iddianı qəbul etmədiklərini bildirərək qanuna müvafiq qaydada qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia tələbi qismən əsaslı olduğu üçün iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Türkiyə Respublikasında fəaliyyət göstərən “İddiaçı” şirkəti ilə Azərbaycan Respublikasında fəaliyyət göstərən Cavabdeh arasında Bakı şəhərində xx.xx.2022-ci il tarixli, 2022-1 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən Satıcı Alıcıya müqavilənin tərkib hissəsi olan texniki şərtnamə və invoyslarda göstərilən malları çatdırmaq, alıcı isə malları qəbul edib həmin malların dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2-ci bəndinə əsasən müqavilənin ümumi məbləği 31.500 ABŞ dolları təşkil edir. Müqavilədə qeyd edilən məbləğin 50%-i ilkin ödəniş, 50%-i isə mal göndərildikdən sonra 1 ay ərzində ödənilməlidir. Qeyd olunan müqavilənin 4.3-cü bəndinə əsasən tərəflər arasında mübahisələr danışıqlar yolu ilə həll olunmadıqda mübahisə Azərbaycan məhkəmələri vasitəsilə həll edilir. İş materiallarında olan sənədlərdən görünür ki, “İddiaçı” şirkəti Cavabdeh MMC-yə ümumilikdə 31.500 ABŞ dolları dəyərində avadanlıq verilmişdir. İşdə olan cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş arayışdan görünür ki, Cavabdeh MMC-nin “İddiaçı” şirkətinə qalıq borcu 7.550 ABŞ dolları təşkil edir. İş materiallarında olan “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, “İddiaçı” şirkəti tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat məbləğində mediasiya dair xərci ödəmişdir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, “İddiaçı” şirkəti tərəfindən “Kamandar Nəsibov və Partnyorları” vəkil bürosuna vəkil xidmətinin göstərilməsi üçün 1.620 manat məbləğində pul ödənilmişdir. Məhkəmə qeyd edir ki, hazırki mübahisə xarici elementli mübahisədir. Yəni, iddiaçı Türkiyə Respublikasında fəaliyyət göstərən “İddiaçı” şirkəti, cavabdeh isə Azərbaycan Respublikasında fəaliyyət göstərən Cavabdehdir. Qeyd olunan mübahisə isə tərəflər arasında Bakı şəhərində bağlanmış alqı-satqı müqaviləsindən irəli gəlir. Belə olan halda ilk öncə Şirvan Kommersiya Məhkəməsinin hazırki mübahisə üzrə beynəlxalq səlahiyyətə malik olub-olmaması aydınlaşdırılmalıdır. “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli, 15/2023 saylı Qərarının 2.2-ci bəndinə əsasən xarici elementli mübahisələr üzrə Azərbaycan Respublikasının məhkəmələri beynəlxalq müqavilələrlə və ya tərəflərin razılaşması əsasında digər qayda müəyyən edilmədiyi halda (MPM-nin 28-ci maddəsi) beynəlxalq səlahiyyətə malikdir. Ona görə də, xarici elementli kommersiya mübahisələrində məhkəmələrin MPM ilə müəyyən edilmiş beynəlxalq səlahiyyətə malik olub-olmamalarının müəyyən edilməsi üçün ilk növbədə qeyd olunan iki haldan hər hansı birinin mövcudluğu aydınlaşdırılmalıdır. Araşdırma zamanı Şirvan Kommersiya Məhkəməsinin hazırki mübahisə üzrə beynəlxalq səlahiyyətə malik olduğu müəyyən edilmişdir. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 2022-1 saylı alqı-satqı müqaviləsinin 4.3-cü bəndinə əsasən tərəflər aralarında mübahisələrin danışıqlar yolu ilə həll olunmadığı təqdirdə mübahisənin Azərbaycan məhkəmələri vasitəsilə həll edilməsinə dair qarşılıqlı razılığa gəlmişlər. Belə olan halda məhkəmə hesab edir ki, tərəflərin razılaşması əsasında hazırki mübahisəyə Şirvan Kommersiya Məhkəməsində baxıla bilər. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 439.1-ci maddəsinə əsasən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və beynəlxalq təşkilatların (bundan sonra—xarici şəxslər) pozulmuş və ya mübahisə edilən hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün Azərbaycan Respublikasının məhkəmələrinə müraciət etmək hüququ vardır. Həmin Məcəllənin 439.2-ci maddəsinə görə xarici şəxslər Azərbaycan Respublikası vətəndaşları və hüquqi şəxsləri ilə bərabər prosessual hüquqlardan istifadə edir və prosessual vəzifələri daşıyırlar. Qeyd olunan Məcəllənin 450.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəməsi bu bölməyə uyğun olaraq səlahiyyətli olmamasına baxmayaraq, tərəflər Azərbaycan Respublikası məhkəməsinin beynəlxalq səlahiyyətləri barədə razılığa gələ bilərlər. Belə razılıq yazılı şəkildə olmalıdır. Bundan sonra məhkəmə araşdırması zamanı müəyyən edildi ki, “İddiaçı” şirkəti ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixli, 2022-1 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, satıcı alıcıya müqavilənin tərkib hissəsi olan texniki şərtnamə və invoyslarda göstərilən malları çatdırmaq, alıcı isə malları qəbul edib həmin malların dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Təqdim edilmiş mallara uyğun olaraq hesab-faktura tərtib edilmişdir. İddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilsə də, cavabdeh həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməmiş, iddiaçıya qeyd olunan müqavilə üzrə 7.550 ABŞ dolları məbləğində borcu qalmışdır. Göründüyü kimi tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış, cavabdeh isə müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Bundan əlavə məhkəmə qeyd edir ki, 7.550 ABŞ dolları borcun mövcudluğu cavabdehin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatlarla da öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə, qeyd olunanlara əsasən hesab edir ki, cavabdeh tərəflər arasında olan müqavilə əsasında iddiaçıdan mal almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin malların qiymətini ödəməli olmasına dair öhdəlik götürmüşdür. Cavabdeh qeyd olunan müqavilə əsasında mal almasına dair hüququndan istifadə etsə də, həmin malların dəyərini cavabdehə tam şəkildə ödəməmişdir. Odur ki, iddiaçı ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Buna görə də, iddia əsas borcun ödənilməsi hissəsində təmin edilərək, 7.550 ABŞ dolları məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə eyni zamanda hesab edir ki, iddia tələbinin illik beş faizlə hesablanmış 1.236 manat məbləğində faiz borcunun ödənilməsinə dair hissəsi də əsaslıdır və həmin hissədə də iddia təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Qeyd olunan Məcəllənin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, müqavilə üzrə yaranmış borcun gecikdirilməsi işdə olan sənədlərlə təsdiq olunduğundan borclu gecikdirilmiş vaxt üçün illik beş faiz olaraq hesablanmış 1.236 manat məbləğində faiz borcunu iddiaçıya ödəməlidir. Odur ki, iddia həmin hissədə təmin edilməlidir. Məhkəmə, həmçinin iddia tələbinin “hüquqi yardımla bağlı ödənilmiş 1620 manat xərcin cavabdehdən tutulması”na dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi həmin hissədə qismən əsaslıdır. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli saylı ödəniş qəbzinin surətindən görünür ki, iddiaçının cavabdehə qarşı iddia ərizəsi üzrə hüquqi yardıma görə haqq 1620 manat müəyyən olunmaqla “Kamandar Nəsibov və Partnyorları” vəkil bürosunun hesabına ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.5-ci və 115.0.6-cı maddələrinə əsasən, nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 390.1 və 390.5-ci maddələrinin və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin İİİ hissəsinin Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1 və 560.2-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 18 dekabr 2023-cü il tarixli Qərarındaki hüquqi mövqeyə görə hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ özündə hüquqi yardımın əlçatan olmasını və belə hüququn həyata keçirilməsi üçün şəxslərin real imkanlara malik olmasını da ehtiva edir. Hüquqi yardımla bağlı ödənilməli vəsaitin ağlabatan məbləği də hüquqi yardımın əlçatanlığının təmin edilməsi üçün mühüm amillərdən biridir. Qeyd edilənlərə əsasən, vəkilin işin məhkəməyə hazırlanması ilə bağlı xərclərini və ödənilməli olan məbləğin ağlabatanlığını, o cümlədən hüquqi xidmət üçün müəyyənləşdirilən məbləğin müqavilə azadlığı prinsipi əsasında həmin müqavilənin iştirakçıları tərəfindən müəyyən olunduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, göstərilən məbləğ ağlabatan məbləğdə, yəni 1000 manat məbləğində cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə, həmçinin iddianın 200 manat mediasiya xərcinin cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220-ci, 227-ci, 233-cü və 357-ci maddələrinə əsasən məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 7.550 ABŞ dolları məbləğində əsas borc, 1.236 manat məbləğində hesablanmış faiz borcu, hüquqi yardımla bağlı ödənilmiş 1.000 manat və 200 manat məbləğində mediasiya xərci olmaqla, ümumilikdə 7.550 ABŞ dolları və 2.436 (iki min dörd yüz otuz altı) manat məbləğində pul tutularaq iddiaçı “İddiaçı” Şirkətinə ödənilsin. İddia tələbi hüquqi yardımla bağlı ödənilmiş 620 manat pulun cavabdehdən tutulması hissəsində təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №e-2-2(121)-133/2024
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-133/2024
13.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver