Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1334/2024 09.07.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Astanov Amid Gülbala oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı MMC-nin xeyrinə12663.46 ( on iki min altı yüz altımış üç manat qırx altı qəpik) manat borc və 128 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və cavabdeh arasında bağlanmış xx.xx.2023-cü tarixli, 311.23.22 saylı xam pambığın alqı-satqısına dair müqaviləyə əsasən cavabdeh 22 hektar sahədə pambıq bitkisini əkməyi və istehsal etdiyi xam pambığı iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdehə məxsus sahəyə cəmiyyət tərəfindən 16935.90 ( on altı min doqquz yüz otuz beş manat doxsan qəpik) manat dəyərində mal və xidmət satılmış, 11286 (on bir iki yüz səksən altı) manat məbləğində avans pul ödənilmişdir. Nəticədə cavabdehin cəmiyyətə 28211.90 (iyirmi səkkiz min iki yüz on bir manat doxsan qəpik) manat borcu yaranmışdır. Cavabdeh tərəfindən isə cəmiyyətə 15548.44 (on beş min beş yüz qırx səkkiz manat qırx dörd qəpik) manat dəyərində xam pambıq təhvil verilmişdir.Təhvil verilmiş 15548.44 manat məbləğində cavabdehin borcu azaldılmışdır.Son olaraq cavabdehin cəmiyyətə 12663.46 (on iki min altı yüz altımış üç manat qırx altı qəpik) manat borcu qalmışdır. Cavabdehin borclu olması təhvil-təslim aktlarında və ödəniş tapşırıqlarında öz əksini tapmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, həmçinin gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarını nəzərə alaraq, iş materiallarında olan sənədlərə və məhkəmə iclasında tədqiq edilən digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı (müqavilədə “Alıcı”) və Cavabdeh (“Satıcı”) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 311.23.22 nömrəli “2022-2023 təsərrüfat ili üçün xam pambığın alqı-satqısına dair müqavilə”nin: 1.1-ci bəndinə əsasən, müqavilənin predmeti 2022-2023 il mövsümü üzrə xam pambığın istehsalı üçün zəruri olan vəsaitlərin, malların və aqrotexniki xidmətlərin Alıcı tərəfindən Satıcıya təqdim olunması və nəticədə müvafiq avans məbləğinin formalaşması, Satıcı tərəfindən istehsal olunmuş xam pambıq həcminin bütünlüklə Alıcıya təhvil verilib satılması və Alıcı tərəfindən ümumi satış dəyərindən avanslar çıxıldıqdan sonra qalan hissəsinin Satıcıya ödənilməsindən ibarətdir; 2.1.2-ci yarımbəndinə əsasən, “Satıcı” 24,30 hektar torpaq sahəsində pambıq əkir və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi xam pambığı bütünlüklə müqavilədə qeyd olunmuş qiymətlərlə Alıcının mülkiyyətinə tədarük mövsümü vaxtı, lakin 15 noyabr 2023-cü tarixindən gec olmayaraq təhvil verir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 311.23.22 nömrəli müqaviləyə 1 saylı Əlavəyə əsasən, “Satıcı” Cavabdeh və “Alıcı” İddiaçı görülmüş aqrotexniki xidmətlərin və təhvil veriləcək xam pambığın qiymətlərini razılaşdırmışlar. İş materiallarında olan hər iki tərəfin imzası ilə təsdiq edilmiş malların təhvil-qəbul qəbzlərinin surətlərindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh ümumi dəyəri 16935.90 manat olan mal təhvil verilmiş, xidmət göstərilmişdir. İş materiallarında olan ödəniş tapşırıqlarının surətlərindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh hesabına ümumilikdə 11286 manat məbləğində avans pul köçürülmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 345/23 nömrəli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 311.23.22 nömrəli “2022-2023 təsərrüfat ili üçün xam pambığın alqısatqısına dair müqavilə”yə əsasən yaranmış 12663,46 manat məbləğdə borcun 10 gün ərzində cəmiyyətə ödənilməsi tələb olunmuş, əks halda borcun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə Cavabdeh xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 311.23.22 nömrəli “2022-2023 təsərrüfat ili üçün xam pambığın alqı-satqısına dair müqavilə”yə əsasən cavabdeh 24,30 hektar torpaq sahəsində pambıq əkməyi və istehsal etdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Bu məqsədlə iddiaçı tərəfindən cavabdehə ümumilikdə 28211,90 manat dəyərində mal təhvil verilmiş, iş görülmüş və pul vəsaiti verilmişdir. Cavabdeh tərəfindən isə cəmiyyətə 15548,44 manat dəyərində xam pambıq təhvil verilmişdir. Nəticədə cavabdehin 12663,46 manat məbləğində borcu yaranmışdır. Məhkəmə, tərəflərin daxil olduqları hüquq münasibətinin xarakteri ilə bağlı qeyd edir ki, tərəflər arasında müqavilə münasibətlərindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur və həmin müqavilə münasibətləri struktur baxımından mülki qanunvericilikdə nəzərdə tutulmuş alqı-satqı müqaviləsinə daha çox uyğun gəlir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki halları bu nəticəyə gəlməyə əsas verir ki,iddiaçı tərəfindən cavabdehə göstərilən xidmətlərin və mal-materialın verilməsinin məqsədi cavabdehin ona məxsus olan sahədən daha çox məhsul əldə etməsinə və sonradan həmin məhsulun razılaşdırılmış qiymətlərlə iddiaçıya təhvil verilməsinə nail olmaqdan ibarət olmuşdur. Bu isə son nəticədə tərəflər arasında cavabdehin istehsal etdiyi məhsulun alqı-satqısının həyata keçirilməsi barədə konsensual razılığın əldə edildiyini göstərir. Bu göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, tərəflər arasında olan razılaşma mülki qanunvericilikdə nəzərdə tutulmuş klassik mənada alqı-satqı müqaviləsi sayılmasa da (belə ki, Mülki Məcəllənin alqı-satqı müqaviləsinin leqal tərifini nəzərdə tutan 567-ci maddəsinə görə, alqı-satqı müqaviləsinə əsasən alıcı mülkiyyətinə qəbul etdiyi əşyanın qarşılığında xidmət, digər əşya və s. deyil, yalnız müəyyənləşdirilmiş pul məbləği ödəməyi öhdəsinə götürür), tərəflərin müqavilə münasibətlərinə daxil olarkən güddükləri hüquqi niyyət və məqsəd nəzərə alındıqda alqı-satqıya oxşar müqavilə kimi qiymətləndirilməlidir. Buna görə də, hazırki işə Azərbaycan Respublikası Mülki Məcəlləsinin alqı-satqı müqaviləsinə dair müvafiq normaları tətbiq edilməldir. Məhkəmə, tərəflər arasında yaranmış hüquq münasibətlərinin xarakterini müəyyən etdikdən sonra iddiaçının hazırki tələbi irəli sürməsi üçün subyektiv hüquqa malik olubolmamasına və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmamasına münasibət bildirməyi vacib hesab edir. İşin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddiaçının hazırki tələblə bağlı subyektiv hüququ tərəflər arasında etibarlı şəkildə bağlanılmış xam pambığın alqı-satqı müqaviləsindən irəli gəlir. Həmin müqavilənin şərtlərinə görə iddiaçı cavabdehə məxsus olan sahədə xam pambıq əkilməsi və tədarük mövsümündə yığılmış məhsulun iddiaçıya satılması müqabilində cavabdehə avans verilməsini öhdəsinə götürmüşdür. İşdə olan təhvil-təslim aktlarından, ödəniş tapşırıqlarından görünür ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə ümumilikdə 28211,90 manat dəyərində mal təhvil verilmiş, iş görülmüş və pul vəsaiti verilmişdir. Cavabdeh isə müqavilə üzrə öz üzərinə düşən öhdəliyini yerinə yetirməmişdir və nəticədə onun iddiaçıya verilən avansın məbləğindən ödənilməmiş borcu yaranmışdır. Cavabdehin ödənilməmiş avans borcunun qalması işdə olan sənədlərlə təsdiq olunur. Həmçinin, cavabdeh lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclaslarında iştirak etməmişdir, eləcə də iddia tələbinə qarşı etiraz verməmiş, iddianın tam və ya qismən əsassızlığına dair sübutu məhkəməyə təqdim etməmişdir. Bütün bunları nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən müqavilə üzrə yaranmış öhdəliklərini vaxtında və lazımınca icra etmədiyi öz təsdiqini tapır. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası qanuni və əsaslıdır. Məhkəmə hesab edir ki, iddianın maddi hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı normaları təşkil edir. Mülki Məcəlləinin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 569.1-ci maddəsinə əsasən, satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 577.1-ci maddəsinə əsasən, alıcıya verilməli əşyaların miqdarı alğı-satqı müqaviləsində müvafiq ölçmə vahidləri ilə və ya pulla ifadə olunur. Əşyaların miqdarı haqqında şərt müqavilədə onun müəyyənləşdirilməsi qaydasının təyin edilməsi yolu ilə razılaşdırıla bilər. Həmin Məcəllənin 578.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 599.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirir. Mülki Məcəllənin 599.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Məhkəmə qeyd edir ki, cavabdehin ona məxsus olan sahədə xam pambıq yetişdirərək əldə etdiyi məhsulu iddiaçıya satmaq, o cümlədən pambığın suvarılmasını, suvarma ilə bağlı yarana biləcək bütün problemləri həll etmək, əkinin xəstəliyi və ya hər hansı bir riski ilə əlaqədar zamanında müdaxilə etməklə bağlı öhdəliyi olduğuna görə, bu səbəblərdən məhsulun yetişməməsi və ya yığımın mümkün olmaması riski onun üzərinə düşmüşdür. Tərəflər arasında bağlanmış müqavilə əsasında cavabdeh iddiaçıdan avans almaq və iddiaçının xidmətlərindən istifadə etmək hüququna malik olduğu kimi, eyni zamanda sahədə xam pambığı yetişdirməsinə və həmin məhsulu iddiaçıya satmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh göstərilən müqavilə əsasında avans almasına və iddiaçının xidmətlərindən istifadə etməsinə dair hüququndan istifadə etmiş, lakin müqavilə üzrə vəzifələrini tam yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun ödənilməsini tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin olunduğu üçün iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu məbləği cavabdehdən tutularaq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia ərizəsi təmin edilsin. Cavabdeh 12663,46 manat məbləğində borc və ödənilmiş 128 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 12791,46 manat məbləğində pul tutularaq İddiaçı MMC-nə ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-1334/2024
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1334/2024
09.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver