Məhkəmə qərarları › İş №e-2-2(121)-1335/2024

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1335/2024

23.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1335/2024 23.07.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçıin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı MMC Cavabdehİddiaçı MMC-nin xeyrinə 18628.77 ( on səkkiz min altı yüz iyirmi səkkiz manat yetmiş yeddi qəpik) manat borc və 146 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü tarixli , 311.23.40 saylı xam pambığın alqısatqısına dair Müqaviləyə əsasən Cavabdeh15.66 hektar sahədə pambıq bitkisini əkməyi və istehsal etdiyi xam pambığı İddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar Cavabdehə məxsus sahəyə cəmiyyət tərəfindən 16603.98 (on altı min altı yüz üç manat doxsan səkkiz qəpik) manat dəyərində mal və xidmət satılmış, 7673.40 (yeddi min altı yüz yetmiş üç manat qırx qəpik) manat məbləğində avans pul ödənilmişdir.Nəticədə cavabdehin cəmiyyətə 24277.38 ( iyirmi dörd min iki yüz yetmiş yeddi manat otuz səkkiz qəpik manat borcu yaranmışdır.Cavabdeh tərəfindən isə cəmiyyətə 5648.61 ( beş min altı yüz qırx səkkiz manat altımış bir qəpik) manat dəyərində xam pambıq təhvil verilmişdir.Təhvil verilmiş 5648.61 manat məbləğində cavabdehin borcu azaldılmışdır. Son olaraq cavabdehin cəmiyyətə 18628.77 manat borcu qalmışdır. Cavabdehin borclu olması təhvil-təslim aktlarında və ödəniş tapşırıqlarında öz əksini tapmışdır. İddiaçı MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq və sübutları tədqiq edərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan : - İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli “2022-2023 təsərrüfat ili üçün şəkər çuğunduru məhsulu üzrə xidmət və alqı-satqı müqaviləsi”nin surətindən görünür ki, cavabdeh 15,66 ha sahədə pambıq əkməyi və istehsal etdiyi xam pambığı iddiaçıya satmağı öhdəsinə götürmüşdür. - Görülmüş işlərin, xidmətlərin təhvil-təslimi aktlarından və malların təhvili-qəbulu qəbzlərinin surətlərindən görünür ki, iddaçı tərəfindən ümumilikdə 16.603,98 manat məbləğində aqrotexniki işlər görülmüşdür. Sözügedən aktları tərəflər imzalamışdır. - Ödəniş tapşırıqlarından görünür ki, iddaçı tərəfindən cavabdehə ümumilikdə 7.7673,40 manat məbləğində avans vəsait verilmişdir. - 13.12.2023-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, cavabdehin iddiaçıya 18.628,77 manat borcunun olduğu bildirilmişdir. Həmin borc məbləği cavabdehdən tələb edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli “2022-2023 təsərrüfat ili üçün şəkər çuğunduru məhsulu üzrə xidmət və alqı-satqı müqaviləsi”nə və ona edilmiş əlavələrə əsasən cavabdeh 15,66 hektar sahədə şəkər çuğunduru əkməyi və əldə olunan məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Bu məqsədlə iddiaçı tərəfindən həmin sahəyə ümumilikdə 16.603,98 manat dəyərində xərc çəkilmiş, 7.673,40 manat manat məbləğində isə avans pul ödənilmişdir. Cavabdeh tərəfindən cəmiyyətə 5.648,61 manat dəyərində xam pambıq təhvil verilmişdir. Nəticədə cavabdehin 18.628,77 manat məbləğində borcu yaranmışdır. Bununla yanaşı, cavabdeh tərəfindən 18.628,77 manat borc pulun məhsul və ya pul şəklində iddiaçıya qaytarıldığına dair məhkəməyə hər hansı mötəbər sənədlər təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 390.4-cü maddəsinə əsasən, tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. - 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. - 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. Məhkəmə, yuxarıda sadalanan normalara əsasən hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə əsasında cavabdeh iddiaçıdan avans almaq və iddiaçının xidmətlərindən istifadə etmiş, eyni zamanda torpaq sahəsində şəkər çuğunduru əkmək və hər hektardan məhsul əldə etməklə şəkər çuğunduru istehsal edib iddiaçıya satmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında avans almasına və iddiaçının xidmətlərindən istifadə etsə də, müqavilə üzrə vəzifələrini yerinə yetirməmişdir. Odur ki, iddiaçı göstərilən borcun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 146 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 18.628,77 manat məbləğində əsas borc və 146 manat dövlət rüsumu olmaqla, ümumilikdə 18.774,77 (on səkkiz min yeddi yüz yetmiş dörd manat, yetmiş yeddi qəpik) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar