Məhkəmə qərarları › İş №e-2-2(121)-1337/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1337/2025

06.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1337/2025 06.05.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Tələb:

1. İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh 29700 50 (iyirmi doqquz min yeddi yüz manat əlli qəpik) manat məbləğində pul vəsaitini, habelə ödənilmiş 180 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə fərdi sahibkar Cavabdehn arasında 08 iyul 2022-ci il tarixdə 0807/2022 qeydiyyat nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır və müqavilənin 1.1-ci bəndinə əsasən Cavabdeh Satıcı İddiaçı MMC-dən aldığı məhsulun dəyərini ödəməklə qəbul etməyi öz öhdəsinə götürür. Müqavilənin 2.1.1-ci bəndinə əsasən Alıcı Satıcının hesabına ödəməli olduğu vəsaiti nağd və ya köçürmə yolu ilə hər ayın sonu yalnız satıcının səlahiyyətli nümayəndəsindən mədaxil qəbzi alınmaqla ödəyir. Lakin cavabdeh aldığı məhsullara dair ödənişi vaxtıvaxtında etmədiyinizə görə ümumillikdə Satıcı-İddiaçı MMC-yə 29700,50 (iyirmi doqquz min yeddi yüz manat əlli qəpik) manatborcu yaranmışdır. Aşağdakı qeyd olunanlara əsasən hesab edirik ki, iddia təmin edilməli, İddiaçı MMC-nin xeyrinə cavabdehdən 29700,50 (iyirmi doqquz min yeddi yüz manat əlli qəpik) manat borc məbləği və dövlət rüsumuna görə ödənilmiş 180 manat tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göründüyü kimi tərəflər arasında məhsulların alqı-satqı müqaviləsi bağlanılmış, lakin həmin müqavilənin 4-cü bəndinin şərtləri pozulduğuna görə borcun ödənilməsi üçün məhkəməyə müraciət etmək qeyd edilir. Qeyd etmək lazımdır ki, öhdəlik bir şəxsin (borclunun) başqa şəxsin(kreditorun) xeyrinə müəyyən hərəkət etmək, məsələn, pul ödəmək, əmlak vermək, iş görmək, xidmətlər göstərmək və s. Və ya müəyyən hərəkətdən şəkinmək vəzifəsini , kreditorun isə həmin vəzifələrin icrasını tələb etmək hüququnu ehtiva edən mülki hüquq münasibətidir.

3. İddiaçı məhkəməyə “iddia tələbinin dəqiqləşməsi”nə dair ərizə təqdim edərək Cavabdeh 19300,5 (on doqquz min üç yüz manat əlli qəpik) AZN məbləğində pul vəsaitini, habelə ödənilmiş 180 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tərəflərin izahatları:

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı MMC-nin nümayəndəsinin və Cavabdeh məhkəmə iclasına gəlməmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə iş üzrə yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmiş, Cavabdeh isə məhkəmə baxış iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

4. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar.

5. Məhkəmə, həmçinin Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işdə iştirak edən şəxsin nümayəndəsinin, yaxud vəkilinin gəlməməsi işə baxılmasına mane olmur. Hakim işdə iştirak edən şəxsin vəsatəti ilə onun nümayəndəsinin, yaxud vəkilinin üzürlü səbəbdən gəlməməsi ilə əlaqədar işin baxılmasını təxirə sala bilər.

7. Məhkəmə, qeyd olunanlara əsasən iddiaçının nümayəndəsinin və cavabdehin iştirakları olmadan məhkəmə iclasını keçirilməsini mümkün hesab etmişdir.

İddia ərizəsinə etiraz:

8. Cavabdeh tərəfindən AR MPM-nin 154-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinə qarşı etiraz məhkəməyə təqdim edilməmişdir.

Əsaslandırıcı hissə:

a) İş materialları və sübutların tədqiqi:

9. Belə ki, iş materiallarında olan İddiaçı MMC MMC (satıcı) Cavabdeh (alıcı) arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, 0807/2022 saylı malların alqı-satqı müqaviləsinin: 1.1-ci bəndinə əsasən, satıcı istehsal, idxal və ya digər formada ticarət predmeti olan meyvə şirələri və şərabları bu müqavilədə müəyyən olunmuş şərtlərlə alıcıya satmağı, alıcı isə müəyyən edilmiş şərtlər daxilində məhsulun dəyərin ödəyib, qəbul etməyi öz öhdəsinə götürmüşlər; 3.2-ci bəndinə əsasən, malın qiyməti qiyməti və qiymətlərin qüvvədə olma müddəti bu müqavilənin ayrılmaz tərkib hissəsi olan “Qiymətlər Siyahısı” ilə razılaşdırılır. Məhsulların alqı-satqısı satış günü qüvvədə olmuş qiymət üzrə aparılır. Məhsulun qiymətinin sonradan azaldılması və ya artması yenidən hesablaşmaya səbəb olmur;

10. İş materiallarında olan İddiaçı MMC - ilə Cavabdeh arasında imzalanmış “borcların qarşılıqlı üzləşmə” aktına əsasən, xx.xx.2024-cü il tarixinə Cavabdeh İddiaçı MMC-yə 29700,50 manat borcu qalmışdır.

11. İş materiallarında olan xx.xx.2024-cü il tarixli borcun etirafı ərizəsindən görünür ki, Cavabdeh İddiaçındən aldığı məhsullara görə 29700,50 manat məbləğində borcu yaranmışdır. Qeyd olunan borcu etiraf edərək borcu ödəməyi öhdəsinə götürmüşdür.

12. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh pretenziya məktubu göndərilmişdir.

13. İş materiallarına əlavə edilmiş cavabdehin xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, cavabdeh həmin ərizə ilə hazırki iş üzrə iddianı 19.300,50 (on doqquz min üç yüz manat, əlli qəpik) manat borcu qəbul etdiyini bildirmişdir.

14. Mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı MMC tərəfindən 180 manat dövlət rüsumu ödənilmişdir.

b) Tətbiq edilən hüquq:

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

- 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 599.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirir. - 599.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. - 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

- 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

17. Məhkəmə baxışının hədləri:

- AR MPM-nin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

c) Məhkəmənin mövqeyi:

18. Məhkəmə, işin müəyyən edilmiş hallarına, iş materiallarında olan sənədlərə və məhkəmə iclasında tədqiq olunmuş digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir.

19. Məhkəmə, tərəflər arasında sahibkarlıq fəaliyyəti sahəsində alqı-satqı müqaviləsindən irəli gələn münasibətlər mövcuddur. Belə ki, tərəflər arasında etibarlı şəkildə bağlanmış xx.xx.2022-ci il tarixli, 0807/2022 nömrəli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərinə əsasən iddiaçı (Satıcı) istehsal, idxal və ya digər formada ticarət predmeti olan meyvə şirələri və şərabları bu müqavilədə müəyyən olunmuş şərtlərlə cavabdehə (Alıcıya) alıcıya satmağı, cavabdeh (Alıcı) isə müəyyən edilmiş şərtlər daxilində məhsulun dəyərin ödəyib, qəbul etməyi öz öhdəsinə götürmüşdür. Belə olan məhkəmə hesab edir ki, halda malların verilməsini sübut etmək vəzifəsi iddiaçının, onların dəyərini ödənilməsini sübut etmək isə cavabdehin üzərinə düşür.

20. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, ümumilikdə 29.700,50 manat dəyərində malları alıcıya təhvil vermiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam olaraq icra edilməmiş, iş materiallarına əsasən qəbul edilmiş malların dəyərindən cəmi 10.400 manat ödəniş edilmiş və cavabdehin 19.300,0 manat məbləğində ödənilməmiş borcu qalmışdır.

21. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməli və cavabdehdən 19.300,50 manat borc cavabdehdən tutularaq iddiaçıya verilməlidir.

22. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli və iddia təmin edildiyindən iş üzrə ödənilmiş 180 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.

Nəticə:

23. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qətetdi:

İddia təmin edilsin. Cavabdeh 19300,5 (on doqquz min üç yüz manat, əlli qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 180 (bir yüz səksən) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.. Hakim Rəmzi Nəbiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar