Məhkəmə qərarları › İş №e-2-2(121)-134/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-134/2025

06.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-134/2025 06.02.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi ilə, İddiaçı “X2 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı görülmüş işlərin dəyəri ödənilməklə təhvil verilmiş motorların geri qaytarılması tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı “X2 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə aralarında olan şifahi müqavilə üzrə görülmüş işlərin dəyəri tərəflərindən ödənilməklə iddiaçıya məxsus 31 ədəd “Asinxron” markalı elektrik matorlarının və 183 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə iddiaçı “X2 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında olan şifahi razılaşmaya əsasən cavabdeh 2023-cü ilin ikinci yarısında, müxtəlif tarixlərdə təhvil aldığı və təhvil aldığı gündən 20 gün ərzində təmir edib iddiaçıya təhvil verməli olduğu ümumilikdə 37 ədəd “Asinxron” markalı elektrik matorlarını təmir edib “X2 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinə qaytarmağı, iddiaçı isə öz növbəsində motorların təmiri üçün nəzərdə tutulmuş müvafiq ödənişi ödəməyi öhdəsinə götürmüşdür. Lakin, cavabdeh üzərinə götürmüş olduğu öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Belə ki, bu günədək təhvil verilmiş ümumilikdə 37 ədəd elektrik motorundan 6 ədədi iddiaçıya qaytarılmış, 31 ədəd elektrik motoru isə bu günədək geri qaytarılmamışdır. Cavabdehə qeyd olunan motorların təhvil verilməsi məhkəməyə təqdim edilən və cavabdehin imzası ilə təsdiq edilmiş aktlar və qaimələrlə öz təsdiqini tapmaqdadır. Cavabdehə dəfələrlə zəng vasitəsilə, ünvanına pretenziya məktubu göndərilməklə və digər vasitələrlə borcun qaytarılması tələb olunsa da bu günədək heç bir nəticəsi olmamışdır. Cavabdehə ödəniş üçün hesab təqdim etməsi təklif olunsa da, o, bu ödənişi nağdsız qaydada qəbul edəcəyi təqdirdə illik dövriyyəsinin 200000 manatı keçəcəyini və bununla da əlavə dəyər vergisinə cəlb olunacağını bildirərək müvafiq hesablaşma hesabını təqdim etməkdən imtina etmiş və şifahi müqavilə üzrə öhdəliklərini yerinə yetirməyə süni maneələr yaratmışdır və yaratmaqda davam edir. Cavabdehə görülmüş işlərin dəyərinin ödənilməsi məqsədi ilə hesabat təqdim edilməsi təklif olunsa da o, bundan əsassız olaraq imtina etmişdir. Qeyd olunan “Asinxron” markalı elektrik motorunun 01 ədədinin bazar dəyəri 1000 manat təşkil edir və buna müvafiq olaraq 31 ədəd motora görə tərəflərindən 183 manat miqdarında dövlət rüsumu ödənilmişdir. İş materialları və təqdim olunmuş sübutlarla da bir daha müəyyən edilir ki, cavabdeh bu günədək müxtəlif yalan vədlər və bəhanələr gətirərək təhvil verməli olduğu 31 ədəd “Asinxron” markalı elektrik motorlarını təhvil verməkdən yayınmışdır və hal-hazırda öz qanunsuz hərəkətini davam etdirir. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən iddiaçı “X2 Kompleksi” MMC-nin nümayəndəsi X1 izahatında cavabdehə görülmüş işlərin dəyəri olaraq 34900 manat məbləğində borclarının olduğunu, həmin borcu cavabdehin bank hesabına ödəmək şərti ilə onlara məxsus olan motorları geri almaq istədiklərini, lakin cavabdehin ödənişi nağd qaydada edilməsini tələb etdiyinə, tərəflərindən isə hesablaşmaların yalnız nağdsız qaydada həyata keçirildiyinə görə bunun baş tutmadığını bildirmişdir. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə Oktay oğlu iştirak etdiyi məhkəmə iclaslarında verdiyi izahatlarında iddianı qəbul etmədiyini, iddiaçı ilə aralarında şifahi razılaşmaya əsasən təmir etdiyi 31 ədəd motorun təmir xərcinin iddiaçı tərəfindən ödənilmədiyinə görə hazırda onun sahibliyində olduğunu, iddiaçı tərəfindən nağdsız ödəniş edilməsinə razı olmadığını, gördüyü işlərin əvəzinin nağd qaydada ödənilməsini tələb etdiyini bildirmişdir. İddiaçı “X2 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə baxış iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən baxış iclasıınn cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarına, iş materiallarında olan sənədlərə, tərəflərin məhkəmə iclaslarında verdikləri izahatlarına və məhkəmə baxış iclasında tədqiq edilən digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(121)-1482/2024 nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə iddiaçı “X2 Kompleksi” MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı təhvil verilmiş motorların geri qaytarılması tələbinə dair iddiası rədd edilmişdir. İş materiallarında olan məhkəmə sorğusuna cavab olaraq "xxxx" ASC tərəfindən təqdim olunmuş məktubda "xxxx" MMC-nin (VÖEN **********) "xxxx" ASC-də ******************** nömrəli bank hesabının mövcud olduğu bildirilmişdir. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2024-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, “X2 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında şifahi razılaşmaya əsasən 31 ədəd “Asinxron” markalı motorun təhvil verilməsi, həmin motorlara görə görülmüş işlərin dəyərini ödəmək üçün 3 iş gün ərzində bank hesabı təqdim edilməsi xahiş edilmiş, əks təqdirdə “görülmüş işlərin dəyəri ödənilməklə motor tələbi” ididası ilə məhkəməyə müraciət olunacağı barədə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə xəbərdarlıq edilmişdir. Məhkəmə araşdırması zamanı işin müəyyən edilmiş mübahisəsiz faktiki hallarına görə, iddiaçı “X2 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddiaçıya məxsus olan motorların təmir edilməsi barədə şifahi razılığa gəlmişlər. Razılığın şərtlərinə görə cavabdeh ümumilikdə 37 ədəd “Asinxron” markalı elektrik motorlarını təmir edib iddiaçıya qaytarmağı, iddiaçı isə öz növbəsində motorların təmiri üçün nəzərdə tutulmuş müvafiq ödənişi ödəməyi öhdələrinə götürmüşlər. Tərəflərin izahatlarına əsasən, cavabdeh adı çəkilən motorları təmir etmək üçün iddiaçıdan təhvil almış, onların təmirini həyata keçirərək 6 ədədini iddiaçıya qaytarmışdır. Qalan 31 sayda motor isə təmir xərcləri iddiaçı tərəfindən ödənilmədiyinə görə geri qaytarılmamışdır və hazırda cavabdehin sahibliyində qalmışdır. Tərəflərin izahatlarına əsasən yenə mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, görülən təmir işlərinin dəyəri 34900 manat təşkil edir. İddiaçı “X2 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh "xxxx" MMC-yə qarşı təhvil verilmiş motorların geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(121)-1482/2024 nömrəli qətnaməsi ilə iddia təmin olunmamışdır. Qətnamə belə əsaslandırılmışdır ki, “podrat müqaviləsi iki tərəfin, podratçının və sifarişçinin birbiri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən sifarişçi işi qəbul etmək hüququ və onun razılaşdırılmış muzdunu ödəmək öhdəliyi, podratçı üçün müqavilədə nəzərdə tutulan işi icra etmək öhdəliyi və onun razılaşdırılmış muzdunun ödənilməsini tələb etmək hüququ yaranır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış podrat müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə cavabdeh öhdəliyi yerinə yetirərək, razılaşdırılmış işi icra etmiş, bunun nəticəsində cavabdehin iddiaçıdan müqavilə üzrə müəyyənləşdirilmiş muzdu tələb etmək hüququ yaranmış, iddiaçı isə müqavilə üzrə öhdəlikləri tam yerinə yetirməmişdir. Belə olan halda məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddiaçı “X2 Kompleksi” MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı təhvil verilmiş motorların geri qaytarılması tələbinə dair iddiası əsassız olduğundan iddia rədd edilməlidir. Məhkəmə iddiaçıya izah edir ki, təmir üçün cavabdehə verilmiş 31 ədəd matorun dəyəri ödənildikdən sonra onun həmin matorların geri qaytarılması, dəymiş ziyanla bağlı kompensasiyanın ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmək hüququ vardır.” İddiaçı hazırki iddia ərizəsində cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə aralarında olan şifahi müqavilə üzrə görülmüş işlərin dəyəri tərəflərindən ödənilməklə iddiaçıya məxsus 31 ədəd “Asinxron” markalı elektrik matorlarının geri alınması tələbini irəli sürmüşdür. Məhkəmə qeyd edir ki, baxılan işin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh gördüyü işlərin dəyərinin ona nağd qaydada ödənilməsini, nağdsız ödənişi qəbul etmədiyini bildirir, iddiaçı isə yalnız nağdsız qaydada ödəniş edə biləcəklərini əsas tutur. Məhkəmə ilk olaraq müəyyən edir ki, tərəflər arasında podrat müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Buna görə də iddianın maddi hüquqi əsasını podrat müqaviləsi üzrə hüquq münasibətlərini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 39-cu fəslində yer alan normalar təşkil edir. Belə ki, işin müəyyən edilmiş faktiki halları ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinin dispozisiya şərtləri uyğun gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 752.1-ci maddəsinə əsasən, Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsinə əsasən, Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 757-ci maddəsinə əsasən, əgər podratçının hazırladığı və ya təmir etdiyi sifarişçiyə məxsus daşınar əşya hazırlanma və ya təmir məqsədilə onun sahibliyindədirsə, podratçı öz tələblərinin təminatı üçün həmin əşyaya girov hüququndan istifadə edə bilər. Məhkəmə işin mübahisəli halı ilə əlaqədar tərəflərin gətirdikləri dəlillərə qiymət verərək bu nəticəyə gəlir ki, cavabdeh tərəflər arasında bağlanmış şifahi podrat müqaviləsinə əsasən yerinə yetirdiyi işin əvəzi olaraq ödəniləcək məbləğ iddiaçı tərəfindən tam şəkildə ödənilmədiyindən, haqlı olaraq təmir etdiyi motorlara girov hüququndan istifadə etməklə iddiaçıya məxsus elektrik motorlarını öz tələblərinin təminatı üçün özündə saxlamışdır. Lakin, cavabdeh hazırda gördüyü işlərin haqqının (muzdun) iddiaçı tərəfindən ödənişinin nağdsız qaydada aparılmasına etiraz edərək həmin ödənişi qəbul etməməkdə haqlı hesab edilə bilməz. Nəzərə alınmalıdır ki, cavabdeh ödənişin yalnız nağd qaydada həyata keçirilməsini hansı leqal məqsədlə tələb etməsinə açıqlıq gətirə bilməmişdir. Beləliklə məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi əsaslı hesab edilməli vəcavabdehin bank hesabına 34900 manat məbləğində pul ödənilməklə, iddiaçıya məxsus 31 ədəd “Asinxron” markalı elektrik motorları cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü, 425.1-ci və 425.2-ci maddələrinin tələblərinə görə, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 446.1-ci maddəsinə əsasən, kreditor vaxtı çatmış və ona təklif olunmuş icranı qəbul etmirsə və ya borclunun öz öhdəliyini icra edə bilmək üçün ondan gözlədiyi hərəkətləri yerinə yetirmirsə, icranı gecikdirmiş sayılır. Qeyd edilən maddi hüquq normalarının məzmununun birgə təhlili bu nəticəyə gəlməyə əsas verir ki, borclunun öz öhdəliyini vicdanla yerinə yetirməsi tələb olunduğu kimi, kreditorun da hüquqlarını həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməsi vacibdir. Əks halda bu kreditorun öz hüquqlarından sui-istifadəsinə səbəb ola bilər ki, Mülki Məcəllənin 560-cı maddəsi ilə hüquqdan sui-istifadə qadağan edilmişdir. Bu qadağa həm də ümumhüquq prinsiplərindən və xüsusilə də sahibkarlıq, kommersiya sahəsində təşəkkül tapmış işgüzar adətlərdən irəli gəlir. Sahibkarlıq subyektləri arasında yaranan əmtəə-ticarət münasibətlərinin xarakterik xüsusiyyətlərindən biri də odur ki, bu münasibətlərdən yaranan hüquq və vəzifələr (öhdəliklər) qısa müddət ərzində reallaşdıqda, yerinə yetirildikdə daha effektiv nəticələrə nail olmaq mümkün olur. Bu nəticələri öhdəliklərin vaxtında yerinə yetirilməsi ilə yanaşı, hüquqların da vaxtında və qarşı tərəfə tənasübsüz şəkildə ziyan vurmadan həyata keçirilməsi ilə əldə etmək olar. Məhkəmə eyni zamanda hesab edir ki, iddia təmin olunduğuna görə iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu məbləği cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia ərizəsi təmin edilsin. İddiaçı “X2 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" Açıq Səhmdar Cəmiyyətində olan ******************** nömrəli bank hesabına 34900 manat məbləğində pul ödənilməklə, iddiaçıya məxsus 31 ədəd “Asinxron” markalı elektrik motorları cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alınaraq iddiaçı “X2 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinə verilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 183 manat məbləğində dövlət rüsumu cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq iddiaçı “X2 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar