Məhkəmə qərarları › İş №e-2-2(121)-1347/2021

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1347/2021

02.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1347/2021 02.09.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclas katibi Musayev Fərhad Böyükağa oğlunun katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 778,17 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 05.12.2018-ci il tarixli 28 nömrəli alğı-satqı müqaviləsinə əsasən Neftçala rayonu Dördlər kəndi ərazisində 5,0 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu “İddiaçıya” satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar “Cavabdeh” “İddiaçı”dan 2688,80 manat məbləğində vəsaiti (iş və xidməti) avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında 950,00 manat məbləğində pambığın becərilməsi, 65,00 manat məbləğində çöp doğrama, 150,00 manat məbləğində şum, 85,00 manat məbləğində mala, 140,00 manat məbləğində səpinqabağı mala, 60,00 manat məbləğində çiyid səpini, 195,00 manat məbləğində kultivasiya, 65,00 manat məbləğində gübrəli kultivasiya, 80,00 manat məbləğində dərmanlama, 520,00 manat məbləğində pambığın maşınla yığımı, 147,50 manat məbləğində lifli çiyid, 231,30 manat məbləğində dərman nəzərə alınmaqla, ümumilikdə 2688,80 manat avans verilmiş, işlər görülmüş, xidmət göstərilmişdir. Lakin, “Cavabdeh” müqavilənin şərtlərini pozaraq mövsüm başa çatsa da 2982,49 kq 1910,63 manat məbləğində xam-pambıq təhvil vermiş, iddiaçıya 778,17 manat məbləğində borcu qalmışdır. Cavabdehin borclu qalması iş və xidmətlərin görülməsi barədə akt, ödəmə tapşırıqları ilə təsdiq edilir. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq “Cavabdeh” “İddiaçı”ya olan borcunu ödəməkdən üzürsüz səbəblərdən yayınmışdır. Odur ki, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini müdafiə etdiyini və məhkəmə baxışına iştirakları olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci və 185.6-cı maddələrinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, iddia ərizəsinə əlavə edilmiş sənədləri və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək, sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 05 dekabr 2018-ci il tarixli, 28 saylı alq-satqı müqaviləsindən görünür ki, İddiaçı MMC-nin Neftçala filialı ilə Cavabdeh arasında müqavilə bağlanmışdır. Müqavilənin predmetinə əsasən bu müqavilənin şərtləri daxilində istehsalçı mülkiyyət hüququ özünəməxsus olan və ya icarəyə götürdüyü Neftçala rayonu, Boyat kəndində yerləşən 5,0 hektar torpaq sahəsində yüksək keyfiyyətli pambıq əkib becərməyi və əldə edilmiş məhsulu bu müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində və qiymətə İddiaçı MMC-yə təhvil verməyi, MMC isə “Fermerin” borcları çıxılmaq şərti ilə məhsulun nəmliyi, zibilliyi və növü nəzərə alınmaqla onun dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan sənədlərdən (ödəniş tapşırıqları, aktlar və qaimə-faktura) görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh işlərin görülməsi üçün avans ayrılmış, xidmətlər göstərilmişdir. İş materialında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış 02 iyun 2020-ci il tarixli, 01/626 saylı pretenziya məktubundan görünür ki, İddiaçı MMC və Cavabdeh arasında bağlanmış 05 dekabr 2018-ci il tarixli, 28 saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh məxsus 5,0 ha torpaq sahəsində pambığın becərilməsi ilə əlaqədar işlərin görülməsi nəticəsində yaranan borcun ödənilməsinin təmin edilməsi təklif edilmiş, əks təqdirdə müqavilə üzrə borcun ödənilməsi tələbi ilə qanuna müvafiq tədbirlət görülməsi barədə Cavabdeh xəbərdarlıq edilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 2.688,80 manat məbləğində işlər görülmüş, Cavabdeh tərəfindən iddiaçıya 1.910,63 manat məbləğində xam pambıq təhvil verilmiş, nəticədə cavabdehin iddiaçıya 778,17 manat məbləğində borcu qalmışdır. İş materiallarında olan 20.04.2021-ci il tarixli, ********* saylı mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia tələbi üzrə 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə müəyyən etdi ki, hazırkı işdə iddiaçının alqı-satqı müqaviləsi üzrə Cavabdeh işlərin görülməsi üçün avansın ayrılması, xidmətlərin göstərilməsi və sonuncunun ödəniş tapşırıqlarına əsasən pul vəsaitini alması, o cümlədən, qaiməfakturalara və aktlara əsasən malları təhvil alması işin mübahisəsiz halını təşkil edir. Belə ki, İddiaçı MMC ilə Cavabdeh (istehsalçı) arasında bağlanmış 05 dekabr 2018ci il tarixli, 28 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, istehsalçı mülkiyyət hüququ özünəməxsus olan və ya icarəyə götürdüyü Neftçala rayonu, Boyat kəndində yerləşən 5,0 hektar torpaq sahəsində yüksək keyfiyyətli pambıq əkib becərməyi və əldə edilmiş məhsulu bu müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində və qiymətə İddiaçı MMC-yə təhvil verməyi, MMC isə məhsulu qəbul etməyi və onun dəyərini istehsalçıya ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanılmış 05 dekabr 2018-ci il tarixli, 28 saylı müqavilənin şərtlərinə uyğun olaraq iddiaçı tərəfindən Cavabdeh işlərin görülməsi üçün 2.688,80 manat məbləğində vəsait xərclənmişdir. İddiaçı tərəfindən bağlanmış müqavilə üzrə öhdəliklər yerinə yetirilsə də, cavabdeh həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməmiş, iddiaçıya müqavilə üzrə cəmi 1.910,63 manat məbləğində xam pambıq təhvil verməklə, cəmi 778,17 manat məbləğində borcu qalmışdır. Məhkəmə qeyd edir ki, tələbin hüquqi əsasını tərəflər arasında bağlanılmış 05 dekabr 2018-ci il tarixli, 28 saylı alqı-satqı müqaviləsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, cavabdeh iddiaçı qarşısında öhdəliklərini tam yerinə yetirməmiş, tərəflər arasında bağlanılmış 05 dekabr 2018-ci il tarixli, 28 saylı alqı-satqı müqaviləsinə əsasən 778,17 manat borcun olduğu iş materialları ilə tam sübuta yetirilir. Cavabdeh tərəfindən qeyd olunan borcun ödənilməsi və iddiaçı tərəfindən işlərin görülməsini təkzib edən hər-hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehdən 778,17 manat borcun İddiaçı MMC-nin xeyrinə tutulmasına dair iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normasına əsasən hesab edir ki, iddia təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220-ci, 227-ci, 233-cü və 357-ci maddələrinə əsasən məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 778,17 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat olmaqla, ümumilikdə 808,17 (səkkiz yüz səkkiz manat, on yeddi qəpik) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar