Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1349/2021 16.09.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tatiyeva Günel Əli qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3.763,14 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddianın dəyişdirilməsi (iddia tələbinin həcmin azaldılması) barədə ərizə ünvanlayaraq, Cavabdeh 3.563,14 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və iddianın dəyişdirilməsi (iddia tələbinin həcminin azaldılması) barədə ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 05.12.2018-ci il tarixli, 124 nömrəli alqı-satqı müqaviləsinə əsasən Neftçala rayonu, Tatarməhlə kəndi ərazisində 10 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 5.915,91 manat məbləğində vəsaiti (iş və xidməti) avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən, götürdüyü avans vəsaitin dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında 1.900 manat məbləğində pambığın becərilməsi, 300 manat məbləğində şum, 280 manat məbləğində səpinqabağı mala, 120 manat məbləğində çiyid səpini, 130 manat məbləğində kultivasiya, 130 manat məbləğində gübrəli kultivasiya, 310 manat məbləğində dərmanlama, 700 manat məbləğində pambığın maşınla yığımı, 1.331,2 manat məbləğində lifsiz çiyid, 480 manat məbləğində gübrə, 234,71 manat məbləğində dərman nəzərə alınmaqla, ümumilikdə 5.915,91 manat avans verilmiş, işlər görülmüş, xidmət göstərilmişdir. Lakin, cavabdeh müqavilənin şərtlərini pozaraq mövsüm başa çatsa da 2.850,04 kq həcmində, 1.852,77 manat dəyərində xam-pambıq təhvil vermiş, 300 manat məbləğində ödənilən borc nəzərə alınmaqla, iddiaçıya 3.763,14 manat məbləğində borcu qalmışdır. Sonradan, 26.04.2021-ci il tarixdə cavabdeh tərəfindən nağd qaydada iddiaçıya 200 manat da ödənilmişdir. Cavabdehin borclu qalması iş və xidmətlərin görülməsi barədə akt, qaimə, ödəmə tapşırıqları ilə təsdiq edilir. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq cavabdeh iddiaçıya olan borcunu ödəməkdən üzürsüz səbəblərdən yayınmışdır. Odur ki, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X2 iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdırıb, iddiaçının nümayəndəsini dinləyib, hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan İddiaçı MMC-nin Neftçala filialı ilə Cavabdeh (istehsalçı) arasında bağlanmış 05 dekabr 2018-ci il tarixli, 124 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, bu müqavilənin şərtləri daxilində istehsalçı mülkiyyət hüququ özünəməxsus olan icarəyə götürdüyü Neftçala rayonu, Tatarməhlə kəndində yerləşən 10 hektar torpaq sahəsində yüksək keyfiyyətli pambıq əkib becərməyi və əldə edilmiş məhsulu bu müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində və qiymətə İddiaçı MMC-nin Neftçala filialına təhvil verməyi, Filial isə məhsulu qəbul etməyi və onun dəyərini istehsalçıya ödəmə öhdəliyi götürülmüşdür. İş materiallarında olan sənədlərdən (aktlar, qaimə-fakturalar, kassa mədaxil orderləri) görünür ki, İddiaçı MMC-nin Neftçala filialı tərəfindən Cavabdeh işlərin görülməsi üçün avans ayrılmış, xidmətlər göstərilmiş və işlər görülmüşdür. İş materialında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış 02.06.2020-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı MMC və Cavabdeh arasında bağlanmış 05 dekabr 2018-ci il tarixli, 124 saylı alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC-yə olan borcun ödənilməsinin təmin edilməsi Cavabdeh təklif edilmiş, əks təqdirdə qanunamüvafiq tədbirlər görüləcəyi barədə Cavabdeh xəbərdarlıq edilmişdir. İş materiallarında olan 13.12.2019-cu il tarixli ödəniş qəbzinin surətindən görünür ki, Cavabdeh tərəfindən İddiaçı MMC-yə 300 manat məbləğində ödəniş olunmuşdur. İş materiallarında olan maliyyə arayışında qeyd olunur ki, Cavabdeh İddiaçı MMC-yə 3.763,14 manat borcu vardır. İş materiallarında olan Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış 05.08.2021-ci il tarixli ərizədə qeyd olunmuşdur ki, o, İddiaçı MMC-yə 3.763,14 manat məbləğində borcunun olduğunu qəbul və etiraf edir. Həmçinin onun tərəfindən İddiaçı MMC-yə ödənilmiş pul vəsaitlərinin nəzərə alınması xahiş edilmişdir. İş materiallarında olan 20.04.2021-ci il tarixli, ********* saylı mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia tələbi üzrə 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə müəyyən etdi ki, İddiaçı MMC-nin Neftçala filialı ilə Cavabdeh (istehsalçı) arasında 05 dekabr 2018-ci il tarixli, 124 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, müqavilənin şərtləri daxilində istehsalçı mülkiyyət hüququ özünəməxsus olan icarəyə götürdüyü Neftçala rayonu, Tatarməhlə kəndində yerləşən 10 hektar torpaq sahəsində yüksək keyfiyyətli pambıq əkib becərməyi və əldə edilmiş məhsulu bu müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində və qiymətə İddiaçı MMC-nin Neftçala filialına təhvil verməyi, Filial isə məhsulu qəbul etməyi və onun dəyərini istehsalçıya ödəmə öhdəliyi götürülmüşdür. İddiaçı tərəfindən bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq Cavabdeh iş və xidmətlərin göstərilməsinə görə avans ayrılmışdır. İddiaçı tərəfindən bağlanmış müqavilə üzrə öhdəliklər yerinə yetirilsə də, cavabdeh həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməmiş, iddiaçıya 1.852,77 manat dəyərində xam-pambıq təhvil vermiş, onun 3.763,14 manat borcu qalmışdır. Daha sonra iddiaçı tərəfindən həmin borcdan cavabdehin 26.04.2021-ci il tarixdə 200 manat ödədiyi bildirilmişdir. Məhkəmə qeyd edir ki, tələbin hüquqi əsasını tərəflər arasında bağlanılmış 05 dekabr 2018-ci il tarixli, 124 saylı alqı-satqı müqaviləsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmənəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 599.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. İş materiallarından göründüyü kimi, cavabdeh iddiaçı qarşısında öhdəliklərini tam yerinə yetirməmiş, onun İddiaçı MMC-yə 3.563,14 manat borcu qalmışdır. Hazırda isə iddiaçı cavabdehdən 3.563,14 manat borcu tələb edir. Qeyd olunan borc məbləğinin ödənilməsi ilə bağlı məhkəməyə hər-hansı sübut təqdim olunmamışdır. Həmçinin Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış 05.08.2021-ci il tarixli ərizədə qeyd olunmuşdur ki, o, İddiaçı MMC-yə 3.763,14 manat məbləğində borcunun olduğunu qəbul və etiraf edir. Həmçinin onun tərəfindən İddiaçı MMC-yə ödənilmiş pul vəsaitlərinin nəzərə alınması xahiş edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, 3.563,14 manat borc Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsasən hesab edir ki, iddia təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220-ci, 227-ci, 233-cü və 357-ci maddələrinə əsasən məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 3.563,14 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 3.593,14 (üç min beş yüz doxsan üç manat, on dörd qəpik) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov
Məhkəmə qərarları › İş №e-2-2(121)-1349/2021
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1349/2021
16.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver