Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-135/2021 15.04.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tatiyeva Günel Əli qızının katibliyi, Cavabdeh “X1 Heyvandarlıq Məhsulları və İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh “X1 Heyvandarlıq Məhsulları və İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun ödənilməsi tələbinə dair işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdeh “X1 Heyvandarlıq Məhsulları və İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən 98.056,76 manat əsas borcun, 21.859,50 manat cərimə borcunun və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 mart 2005-ci il tarixli 58 nömrəli qərarı ilə təsdiq olunmuş İddiaçı (“xxxx”) Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının hüquqi və fiziki şəxslərə lizinqə veilməsi və ya lizinq yolu ilə satılması Qaydaları”na müvafiq olaraq İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə “X1 Heyvandarlıq Məhsulları və İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış müqaviləyə əsasən, lizinq predmetləri lizinqə götürülmüşdür. Cavabdeh üzərinə düşən öhdəliyi tam şəkildə yerinə yetirməmişdir. Müqavilə üzrə əsas borc və lizinq müqaviləsinin 4.2-ci bəndinə əsasən hesablanmış cərimə borcu qalmışdır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Belə ki, bağlanmış müqavilənin 2.2.2-ci bəndinə əsasən cavabdeh lizinq ödənişlərinin vaxtında və tam həcmdə ödəməyi öhdəsinə götürmüşdür. Bununla da o, “xxxx” ASC ilə bağladığı müqavilənin həmin bəndi ilə nəzərdə tütülmuş lizinq ödənişlərinin qrafik üzrə vaxtında və tam ödənilməsinə dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, cavabdeh tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Qeyd olunanların nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 izahat verərək bildirdi ki, iddianı əsas borc hissəsində qismən, yəni 33.628,71 manat hissəsini qəbul edirlər. Cərimə borcunu ümumiyyətlə qəbul etmirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Həmçinin iddiaçının nümayəndəsi və vəkili məhkəməyə ərizə ilə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan 24.01.2017-ci il tarixli, 12-LD/17 saylı və 29.12.2019-cu il tarixli, 361-LD/17 saylı lizinq müqavilələrinin surətlərindən görünür ki, ümumi qalıq dəyəri 125.958,11 manat olan 50 baş simmental cinsli damazlıq heyvanlara və ümumi qalıq dəyəri 142.285,36 manat olan 56 baş Holştin-friz cinsli damazlıq heyvanlara dair “xxxx” ASC ilə “X1 Heyvandarlıq Məhsulları və İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında lizinq müqaviləsi bağlanmışdır. İş materiallarında olan 25.01.2017-ci il tarixli, 212/ü saylı və 29.12.2017-ci il tarixli, 6598/ü saylı əmrlərin surətlərindən görünür ki, “X1 Heyvandarlıq Məhsulları və İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanılmış 24.01.2017-ci il tarixli, 12-LD/17 saylı lizinq müqaviləsi üzrə 50 baş simmental cinsli damazlıq heyvanların və 29.12.2019-cu il tarixli, 361-LD/17 saylı lizinq müqaviləsi üzrə 56 baş Holştin-friz cinsli damazlıq heyvanların “X1 Heyvandarlıq Məhsulları və İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyətinə lizinqə verilməsi verilməsi qərara alınmışdır. İş materiallarında olan 19.12.2019-cu il tarixli lizinqə verilmiş cins damazlıq heyvanların inventarizasiyası aktından görünür ki, Füzuli rayonu, Böyük Bəhmənli kəndində yerləşən “X1 Heyvandarlıq Məhsulları və İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyətinə 12-LD/17 saylı və 361-LD/17 saylı müqavilələr üzrə 56 baş Holştin-friz cinsli damazlıq heyvanlardan 10 baş tələf olmuş, 40 baş faktiki qalıq vardır, 6 baş heyvan isə çatışmır. Həmçinin 50 baş simmental cinsli damazlıq heyvanlardan 4 baş tələf olmuş, 44 baş faktiki qalıq vardır, 2 baş heyvan isə çatışmır. İş materiallarında olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin maliyyə arayışında qeyd edilmişdir ki, Füzuli rayonu, Böyük Bəhmənli kəndində yerləşən “X1 Heyvandarlıq Məhsulları və İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyətinin “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış 24.01.2017-ci il tarixli, 12-LD/17 saylı və 29.12.2019-cu il tarixli, 361-LD/17 saylı müqavilələrə əsasən lizinqə götürdüyü ümumi dəyəri 268.243,47 manat olan damazlıq heyvanlar üçün cəmiyyətin hesabına qrafik üzrə 20.593,37 manat ödəniş edilmiş, “X1 Heyvandarlıq Məhsulları və İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyətinin gecikdirilmiş borcu 98.056,76 manat və hesablanmış cərimə 21.859,50 manat təşkil edir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “X1 Heyvandarlıq Məhsulları və İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanladığı 24.07.2020-ci il tarixli, ASC/P-880 nömrəli pretenziya məktubunun surətindən görünür ki, “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış müqaviləyə əsasən ödəniş qrafiki üzrə 98.056 manat borc yaranmışdır. Bağlanmış müqavilənin 4.2-ci maddəsinə görə ödəniş qrafiki üzrə bir dəfədən artıq ödənişləri gecikdirdiyinə görə gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə ödənilməlidir. Əks halda lizinq müqaviləsi üzrə əmələ gəlmiş əsas borcun, hesablanmış cərimənin və məhkəmə xərclərinin məcburi qaydada alınaraq “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi və müqavilənin ləğv edilərək lizinq obyekti olan texnikaların saz vəziyyətdə geri qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə “X1 Heyvandarlıq Məhsulları və İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyətinə xəbərdarlıq edilmişdir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin məhkəməyə ünvanladığı 15.03.2021-ci il tarixli, 23/2-451 saylı məktubunda qeyd edilmişdir ki, İddiaçı ASC (əvvəlki “xxxx” Açıq Səhmdar Cəmiyyəti) ilə “X1 Heyvandarlıq Məhsulları və İstehsalı” MMC-i arasında bağlanmış 2017-ci il 24 yanvar tarixli 12-LD/17 nömrəli və 2017-ci il 29 dekabr tarixli 361- LD/17 nömrəli müqavilələr üzrə ümumi dəyəri 268.243,47 (iki yüz altmış səkkiz min iki yüz qırx üç manat qırx yeddi qəpik) manat olan 108 (bir yüz səkkiz) baş cins damazlıq heyvanlar lizinqə verilmişdir. Lizinq alan tərəfindən damazlıq heyvanların dəyərindən 134.121,85 (bir yüz otuz dörd min yüz iyirmi bir manat səksən beş qəpik) manat ilkin ödəniş və 2017-ci il 24 yanvar tarixli və 2017-ci il 29 dekabr tarixli sığorta müqavilələri üzrə cəmi 16.415,07 (on altı min dörd yüz on beş manat yeddi qəpik) manat məbləğində ödəniş həyata keçirilmişdir. Belə ki, 2017-ci il 24 yanvar tarixli 12-LD/17 nömrəli müqavilə üzrə 2016-cı il 28 noyabr tarixdə 60.000 (altmış min) manat, 2017-ci il 24 yanvar tarixdə 2.979,17 (iki min doqquz yüz yetmiş doqquz manat on yeddi qəpik) manat, 2017-ci il 27 sentyabr tarixdə 5.725,0 (beş min yeddi yüz iyirmi beş) manat, 2017-ci il 22 noyabr tarixdə 9.600 (doqquz min altı yüz) manat, 2017-ci il 24 yanvar tarixdə heyvanların sığorta müqaviləsi üzrə 7.557,47 (yeddi min beş yüz əlli yeddi manat qırx yeddi qəpik) manat; 2017-ci il 29 dekabr tarixli 361-LD/17 müqavilə üzrə isə 2017-ci il 16 noyabr tarixdə 71.142,40 (yetmiş bir min yüz qırx iki manat qırx qəpik) manat və sığorta müqaviləsi üzrə 8.857,60 (səkkiz min səkkiz yüz əlli yeddi manat altmış qəpik) manat pul vəsaiti lizinq alan “X1 Heyvandarlıq Məhsulları və İstehsalı” MMC tərəfindən İddiaçı ASC-nin hesabına köçürülmüşdür. Məlumat üçün bildiririk ki, lizinq obyekti olan damazlıq heyvanlardan 14 (on dörd) başının tələf olması barədə lizinq alan tərəfindən İddiaçı ASC-yə məlumat verildikdən sonra Cəmiyyət tərəfindən sığorta məbləğinin ödənilməsi üçün məktubla “xxxx” ASC-yə müraciət etmişdir. Sığorta Şirkəti tərəfindən tələf olmuş 4 (dörd) baş damazlıq heyvanlardan 15.618,92 (on beş min altı yüz on səkkiz manat doxsan iki qəpik) manat məbləğində sığorta ödənişi həyata keçirilmiş və sığorta haqqının ödənilməsi barədə lizinq alanla bağlanmış müqavilənin 4-cü bəndinə əsasən 7.809,46 (yeddi min səkkiz yüz doqquz manat qırx altı qəpik) manat məbləğində vəsait cavabdehin 2017-ci il 24 yanvar tarixli 12-LD/17 nömrəli müqaviləsi üzrə lizinq borcuna yönəldilmişdir. Tələf olan 8 (səkkiz) baş damazlıq heyvanlar üzrə təsərrüfatsızlıq və vaxtında müalicə tədbirlərinin aparılmamasını əsas gətirərək “xxxx” ASC tərəfindən sığorta ödənişindən imtina edilmiş, 1 (bir) baş damazlıq heyvanın sənədləri baxılma mərhələsində olduğu bildirilmiş və digər tələf olmuş 1 (bir) baş damazlıq heyvanın sənədləri isə sahibkar tərəfindən təqdim edilməmişdir. İş materiallarında olan aktlardan və yarma protokollarından görünür ki, “X1 Heyvandarlıq Məhsulları və İstehsalı” MMC-yə məxsus təsərrüfatda müxtəlif vaxtlarda holştin-friz və simmental cinsli damazlıq heyvanların tələf olmalarına dair aktlar və yarma protokolları tərtib edilmişdir. İş materiallarında olan 22.05.2020-ci il tarixli, ********* saylı mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia tələbi üzrə 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanmış lizinq müqaviləsinin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq lizinq müqaviləsinə əsasən lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur (maddə 747.1). Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır (maddə 748-1.8). Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır (maddə 748- 1.12.4). Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə sahiblik və ondan istifadə hüququ lizinq alana tam həcmdə keçir. Lizinq verən bu Məcəllənin 748-1.11-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir (maddə 748-2.1, 748-2.1). Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir (maddə 748-10.1). Lizinq barəsində əmlak kirayəsi müqaviləsinin bu Məcəllənin 747-ci, 750-ci maddələrinə zidd olmayan qaydaları tətbiq edilir (maddə 751). Mülki qanunvericiliyin lizinq münasibətlərini tənzimləyən normalarının məzmunundan göründüyü kimi lizinq müqaviləsi əmlak kirayəsi (icarəsi) müqaviləsinin xüsusi növü kimi çıxış edir. Bununla yanaşı, lizinq müqaviləsini kirayə hüquq münasibətindən fərqləndirən əsas cəhətlərdən biri lizinq alanın müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək imkanının olmasıdır. Mülki Məcəlləyə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Mülki Məcəllənin öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə müəyyən etdi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (“xxxx” Açıq Səhmdar Cəmiyyəti) ilə cavabdeh “X1 Heyvandarlıq Məhsulları və İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 24.01.2017-ci il tarixli, 12-LD/17 saylı və 29.12.2019-cu il tarixli, 361- LD/17 saylı lizinq müqavilələri bağlanılmış və tərəflərin müqavilə üzrə hüquq və vəzifələri müəyyən olunmuşdur. Cavabdeh “X1 Heyvandarlıq Məhsulları və İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyəti həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməmiş, müqaviləyə əsasən lizinqə götürdüyü qalıq dəyəri 268.243,47 manat olan damazlıq heyvanlar üçün “xxxx”ASC-nin hesabına 20.593,37 manat ödəniş etmiş, müqavilə üzrə 98.056,76 manat borcu qalmış və ona lizinq müqaviləsinin 4.2-ci bəndinə əsasən qrafik üzrə borcun ödənilməsinin gecikdirilməsinə görə 21.859,50 manat cərimə hesablanmışdır. Cavabdehə borc məbləğinin ödənilməsi barədə 24.07.2020-ci il tarixli ASC/P-880 nömrəli xəbərdarlıq göndərilsə də, sonuncu lizinq müqaviləsi üzrə yaranmış borcunu ödəməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili əsas borcu qismən qəbul etdiyini, lakin cərimə borcunu qəbul etmədiyini bildirmişdir. Göründüyü kimi, cavabdeh iddiaçı qarşısında öhdəliklərini tam yerinə yetirməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, əsas borc, yəni 98.056,76 manat hissəsində iddia təmin edilməlidir. İddianın cərimə borcu hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci bəndinə əsasən, iddiaçı 21.859,50 manat cərimənin tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Hazırki iş üzrə tələb olunan cərimə borcunun tənasübsüz surətdə yüksək olduğundan məhkəmə hesab edir ki, iddiaçının tələbi cərimə borcu hissəsində qismən təmin edilməli, cavabdehdən 1.000 manat dəbbə pulu tutulmalıdır. Məhkəmə həmçinin cavabdeh “X1 Heyvandarlıq Məhsulları və İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil2 ümumilikdə 34 baş heyvanın tələf olması, bununla bağlı 193.120 manat sığorta ödənişinin aparılması, lakin aparılmış sığorta ödənişlərinin onlara düşən hissədə borcdan çıxılmaması ilə bağlı dəlillərini əsaslı hesab etmir. Belə ki, cavabdeh tərəfindən 34 baş heyvanın tələf olmasına (təqdim edilmiş sənədlər daha az sayda heyvanın tələf olması ilə bağlıdır), bununla bağlı müqavilə ilə nəzərdə tutulmuş müddətdə və qaydada aidiyyəti təşkilatlara məlumat verilməsinə, 193.120 manat sığorta ödənişinin aparılmasına və s. ilə bağlı məhkəməyə müvafiq sübutları təqdim etməmişdir. Cavabdeh “X1 Heyvandarlıq Məhsulları və İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən məhkəməyə cavabdehə məxsus təsərrüfatda müxtəlif vaxtlarda holştin-friz və simmental cinsli damazlıq heyvanların tələf olmalarına dair tərtib edilmiş bəzi aktlar və yarma protokolları təqdim edilsə də, həmin sənədlər heyvanların tələf olması ilə bağlı müraciət kimi qəbul edilə, həmçinin borcun ödənilməməsi üçün əsas hesab edilə bilməz. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin məhkəməyə ünvanladığı 15.03.2021-ci il tarixli, 23/2-451 saylı məktubundan göründüyü kimi, lizinq obyekti olan damazlıq heyvanlardan 14 başının tələf olması barədə lizinq alan tərəfindən İddiaçı ASCyə məlumat verildikdən sonra Cəmiyyət tərəfindən sığorta məbləğinin ödənilməsi üçün məktubla “xxxx” ASC-yə müraciət etmişdir. Sığorta Şirkəti tərəfindən tələf olmuş 4 baş damazlıq heyvanlardan 15.618,92 manat məbləğində sığorta ödənişi həyata keçirilmiş və sığorta haqqının ödənilməsi barədə lizinq alanla bağlanmış müqavilənin 4-cü bəndinə əsasən 7.809,46 manat məbləğində vəsait cavabdehin 2017-ci il 24 yanvar tarixli 12- LD/17 nömrəli müqaviləsi üzrə lizinq borcuna yönəldilmişdir. Tələf olan 8 baş damazlıq heyvanlar üzrə təsərrüfatsızlıq və vaxtında müalicə tədbirlərinin aparılmamasını əsas gətirərək “xxxx” ASC tərəfindən sığorta ödənişindən imtina edilmiş, 1 baş damazlıq heyvanın sənədləri baxılma mərhələsində olduğu bildirilmiş və digər tələf olmuş 1 baş damazlıq heyvanın sənədləri isə sahibkar tərəfindən təqdim edilməmişdir. Göründüyü kimi, cavabdehin qeyd edilən dəlilləri əsassızdır və iddianın əsas borc hissəsində tam və ya qismən rədd edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 5,30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməli, 24,70 manat dövlət rüsumu isə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (“xxxx” Açıq Səhmdar Cəmiyyəti) ilə cavabdeh “X1 Heyvandarlıq Məhsulları və İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 24.01.2017-ci il tarixli, 12- LD/17 saylı və 29.12.2019-cu il tarixli, 361-LD/17 saylı müqavilələr üzrə yaranmış 98.056,76 manat əsas borc, 1.000 manat dəbbə pulu (cərimə borcu) və ödənilmiş dövlət rüsumuna görə 24,70 manat olmaqla, cəmi 99.081,46 manat cavabdeh “X1 Heyvandarlıq Məhsulları və İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-cı, 220-ci, 227-ci, 233-cü və 357-ci maddələrinə əsasən məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh “X1 Heyvandarlıq Məhsulları və İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyətindən 98.056,76 manat əsas borc, 1.000 manat cərimə borcu və ödənilmiş dövlət rüsumuna görə 24,70 manat olmaqla, cəmi 99.081,46 (doxsan doqquz min səksən bir manat, qırx altı qəpik) manat məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov
Məhkəmə qərarları › İş №e-2-2(121)-135/2021
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-135/2021
15.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver