Məhkəmə qərarları › İş №e-2-2(121)-1351/2022

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1351/2022

04.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-1351/2022 04.08.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə İddiaçı MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 731,16 manat əsas borcun və 40 manat mediasiya xərcinin tutularaq, İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında mövcud olmuş şifahi əqdə əsasən, iddiaçı tərəfindən cavabdehə 2018-ci il mövsümündə xampambıq əkilməsi məqsədilə avans olaraq ümumi dəyəri 1001,16 manat təşkil edən vəsaitlər (dərman, çiyid, nağd pul) verilmiş, aqrotexniki xidmətlər göstərilmişdir. Cavabdeh pambıq yığımı mövsümündə təhvil götürdüyü avansın dəyərini İddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 329.2-ci və 329.3-cü bəndlərinə əsasən, əqdlər şifahi və ya yazılı formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Cavabdeh tərəfindən təhvil götürdüyü cəmi avansın müqabilində ümumilikdə 270,0 manat pul vəsaiti iddiaçıya geri qaytarılmışdır. Lakin cavabdeh tərəfindən iddiaçıdan təhvil götürdüyü avans vəsaitlərin və xidmətlərin dəyəri tam ödənilməmişdir və bununla da iddiaçıya 731,16 manat borcu yaranmışdır. Cavabdeh tərəfindən iddiaçının pretenziyasına cavab verilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X2 iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək İddiaçı MMC tərəfindən ona 1001,16 manat məbləğində aqrotexniki xidmətlər göstərildiyini, lakin pambıq yetişmədiyindən borcu tam qaytara bilmədiyini bildirərək qanuna müvaifq qaydada qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan avans xidmətlər barədə tərtib edilmiş aktların surətindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh ümumilikdə 355 manat məbləğində avans xidmətlər göstərilmişdir. İş materiallarında olan qaimələrin surətindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh ümumilikdə 646,16 manat məbləğində aqrotexniki materiallar verilmişdir. İşdən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh pretenziya məktubu ünvanlanaraq, borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə araşdırma zamanı müəyyən etdi ki, İddiaçı MMC ilə Cavabdeh arasında şifahi əqd bağlanmışdır. Həmin əqdə əsasən cavabdehə 2018-ci il mövsümündə xampambıq əkilməsi məqsədilə avans olaraq ümumi dəyəri 1.001,16 manat təşkil edən vəsaitlər verilmiş, aqrotexniki xidmətlər göstərilmişdir. Şifahi əqdə əsasən iddiaçı üzərinə düşən öhdəlikləri tam yerinə yetirməsinə baxmayaraq, cavabdeh avans məbləğdən cəmi 270 manat məbləğində vəsaiti iddiaçıya geri qaytarmış, lakin öhdəliklərini tam icra etməmişdir. Cavabdehin şifahi əqdə əsasən iddiaçıdan aldığı aqrotexniki vasitərə və xidmətlərə görə iddiaçıya 731,16 manat məbləğində borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.4-cü maddəsinə əsasən, tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. Məhkəmə, cavabdehin pambığın yetişməməsi səbəbindən borcun qaytarılmamasına dair etirazına münasibət bildirərək qeyd edir ki, aqrotexniki xidmətlərin göstərilməsi iddiaçının, pambığın yetişdirilməsi isə məhz cavabdehin öhdəliyidir. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, cavabdehin qeyd etdiyi etiraz əsassızdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış şifahi müqavilə əsasında cavabdeh iddiaçıdan avans almaq və iddiaçının xidmətlərindən istifadə etmək hüququna malik olduğu kimi, eyni zamanda torpaq sahəsində pambıq əkmək və hər hektardan məhsul əldə etməklə pambığı iddiaçıya satmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında avans almasına və iddiaçının xidmətlərindən istifadə etməsinə dair hüququndan istifadə etmiş, lakin müqavilə üzrə vəzifələrini tam yerinə yetirməmişdir. Odur ki, iddiaçı göstərilən borcun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Göründüyü kimi, cavabdeh iddiaçı qarşısında öhdəliklərini tam yerinə yetirməmiş, tərəflər arasında bağlanılmış şifahi alqı-satqı müqaviləsinə əsasən 731,16 manat əsas borcun olduğu iş materialları ilə tam sübuta yetirilir. Bununla belə, cavabdeh borcun tam və ya qismən ödənildiyinə dair mötəbər sübutları məhkəmə araşdırmasına təqdim etməmişdir. Belə ki, hər bir kəsin məhkəmə müdafiəsi hüququ onun konstitusion hüququ olmaqla həmin hüququn məhdudlaşdırılması qanunla qadağandır. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da tələbin təmin edilməsi təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar əsaslandıran faktlar əsasında hüquqi qiymət verməlidir. Məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan" sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Məhkəmə hesab edir ki, iddia tələbi cavabdehdən 731,16 manat borcun İddiaçı MMC-nin xeyrinə tutulması hissəsində təmin edilməlidir. Məhkəmə, eyni zamanda iddia tələbinin “40 manat məbləğində mediasiya xərcinin tutulması barədə” hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi həmin hissədə əsaslıdır. Belə ki, İddiaçı MMC ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 40 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsasən hesab edir ki, iddia təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 40 manat məbləğində mediasiya xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 731,16 manat əsas borc və 40 manat mediasiya xərci olmaqla, ümumilikdə 771,16 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220-ci, 227-ci, 233-cü və 357-ci maddələrinə əsasən məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 731,16 manat əsas borc və 40 manat mediasiya xərci olmaqla, ümumilikdə 771,16 (yeddi yüz yetmiş bir manat, on altı qəpik) manat pul tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar