Məhkəmə qərarları › İş №e-2-2(121)-1357/2021

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1357/2021

16.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1357/2021 16.09.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tatiyeva Günel Əli qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən iddiaçının xeyrinə 17.225,44 manat əsas borcun, 12.402 manat cərimə borcunun, 1.722 manat əldən çıxmış faydanın və 30 manat dövlət rüsumunun, cəmi 31.349,44 manat pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında subagent aviadaşımalara biletlərin satışı hüququnun verilməsi barədə razılaşma olmuşdur. Razılaşmaya əsasən, İddiaçı MMC “Agent”, Cavabdeh MMC isə “Subagent” kimi çıxış etmişlər. Razılaşmaya əsasən, Agentin tapşırığı ilə Subagent sərnişin daşımaları üzrə dövlətlərarası, regionlararası reysləri yerinə yetirən aviaşirkətlərin aviabiletlərinin xarici ölkələrə turların və sanatoriyalara göndərişlərin (putyovkaların) satışlarını təşkil edir və satışdan əldə olunan pul vəsaitini Agentin hesabına ödəyir. İddiaçı MMC tərəfindən 17.225,44 manat borc pul vəsaitinin ödənilməsi ilə bağlı Cavabdeh MMC-yə məktub göndərilmişdir. Lakin, hal-hazıradək borc məbləği geri qaytarılmamışdır. Həmin vəsaitə ümumilikdə 2 il ərzində razılaşmaya əsasən, 12.402 manat cərimə hesablanmışdır. Cavabdeh tərəfindən razılaşma şərtləri kobud surətdə pozularaq, aviabilet satışından əldə olunmuş pul vəsaiti vaxtında və tam şəkildə ödənilməmişdir. Hal-hazırda cavabdehin ödənilməyən borc məbləği 17.225,44 manat əsas, 12.402 manat cərimə və illik bank uçot dərəcəsini nəzərə alaraq, 1.722 manat əldən çıxmış fayda təşkil edir. “Subagent” ödənilməyən borc məbləğinin “Agentə” qaytarılması ilə şifahi və yazılı vədlər verməsinə baxmayaraq, öhdəliyə əməl etməmişdir. İddiaçı nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, iddia ərizəsində qeyd olunan tələbi müdafiə etdiklərini və işə onların iştirakı olmadan baxılıb qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə iddiaçının və cavabdehin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı (Agent) ilə Cavabdeh (Subagent) arasında 14 dekabr 2011-ci il tarixli, 136 saylı Subagent aviadaşımalara biletlərin satışı hüququnun verilməsinə dair müqavilə bağlanmışdır. Müqavilənin predmetinə əsasən, sərnişin daşımaları üzrə dövlətlərarası və regionlararası reysləri yerinə yetirən aviaşirkətlərin, gələcəkdə daşıyıcı adlandırılacaq və X1 sənədlərində bu daşımaların satışını təşkil etmək və həyata keçirməyi, subagentin fəaliyyətinin normal aparılması məqsədilə ona lazimi ciddi uçot blanklarının (JUB), möhür və ştampların ayrılması və avtomatlaşdırılmış bron sisteminə (ABS) qoşulmasını təmin etməyi və sanatoriyalara putyovkaların satışını həyata keçirmək öhdəliyi götürülmüşdür. İş materiallarında olan 13 oktyabr 2020-ci il tarixli qarşılıqlı üzləşmə aktından görünür ki, İddiaçı və Cavabdeh direktorlarının iştirakları ilə akt tərtib olunmuşdur. Tərtib olunmuş aktda qeyd olunur ki, Cavabdeh İddiaçınə 17.225,44 manat borcu qaldığı qeyd olunmuş, lakin Cavabdeh direktoru X2 tərəfindən Cavabdeh İddiaçınə 15.000 manat borcu olduğu qeyd edilərək, aktı imzalanmışdır. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdehnə ünvanlanmış 29.03.2021-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı (Agent) ilə Cavabdeh (Subagent) arasında “Subagent aviadaşımalara biletlərin satışı hüququnun verilməsinə dair bağlanmış müqaviləyə əsasən, İddiaçınə olan 17.225,44 manat borcunun ödənilməsinin təmin edilməsi Cavabdehnə təklif edilmiş, əks təqdirdə qanunamüvafiq tədbirlər görüləcəyi barədə Cavabdehnə xəbərdarlıq edilmişdir. Məhkəmə müəyyən etdi ki, İddiaçı (Agent) ilə Cavabdeh (Subagent) arasında 14 dekabr 2011-ci il tarixli, 136 saylı Subagent aviadaşımalara biletlərin satışı hüququnun verilməsinə dair müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, sərnişin daşımaları üzrə dövlətlərarası və regionlararası reysləri yerinə yetirən aviaşirkətlərin, gələcəkdə daşıyıcı adlandırılacaq və X1 sənədlərində bu daşımaların satışını təşkil etmək və həyata keçirməyi, subagentin fəaliyyətinin normal aparılması məqsədilə ona lazimi ciddi uçot blanklarının (JUB), möhür və ştampların ayrılması və avtomatlaşdırılmış bron sisteminə (ABS) qoşulmasını təmin etməyi və sanatoriyalara putyovkaların satışını həyata keçirmək öhdəliyi götürülmüşdür. Hazırda İddiaçı MMC Cavabdeh MMC-dən 17.225,44 manat əsas borcun, 12.402 manat cərimə borcunun, 1.722 manat əldən çıxmış faydanın və 30 manat dövlət rüsumunun, cəmi 31.349,44 manat pul vəsaitinin tutulmasını xahiş edir. Məhkəmə qeyd edir ki, tələbin hüquqi əsasını tərəflər arasında bağlanılmış 14 dekabr 2011-ci il tarixli, 136 saylı Subagent aviadaşımalara biletlərin satışı hüququnun verilməsinə dair təşkil edir. İddia ərizəsindən göründüyü kimi cavabdehdən tələb olunan 31.349,44 manat pul vəsaiti 4 hissədən ibarətdir: 1. 17.225,44 manat əsas borc; 2. 12.402 manat cərimə borcu;

3. 1.722 manat əldən çıxmış fayda və 4. 30 manat dövlət rüsumu. Cavabdehdən 17.225,44 manat əsas borcun tutulması hissəsini məhkəmə qismən əsaslı hesab edir. Belə ki, iddiaçı cavabdehdən əsas borc kimi 17.225,44 manat tələb etsə də, 13 oktyabr 2020-ci il tarixli qarşılıqlı üzləşmə aktında cavabdeh 15.000 manat borcunun olduğunu etiraf etmişdir. Ona görə də, bu hissədə iddia qismən təmin edilərək, cavabdehdən iddiaçının xeyrinə 15.000 manat tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Cavabdehdən 12.402 manat cərimə borcunun tutulması hissəsini də məhkəmə qismən əsaslı hesab edir. Belə ki, tərəflər arasında bağlanılmış 14 dekabr 2011-ci il tarixli, 136 saylı Subagent aviadaşımalara biletlərin satışı hüququnun verilməsinə dair müqavilənin 6-cı bəndində əsasən, aviadaşımaların satışından əldə olunan vəsait vaxtında və aşağıda göstərilən komission mükafatlandırılması çıxmaq şərti ilə tam şəkildə agentə çatdırılmadıqda, subagent yubadılan hər gün üçün köçürülməmiş məbləğin 0,5%-i həcmində cərimə ödəyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə cərimənin 12.402 manat məbləğində deyil, 400 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Məhkəmə cavabdehdən 1.722 manat əldən çıxmış faydanın tutulması hissəsini də araşdıraraq, hesab edir ki, iddia bu hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı iddia ərizəsində qeyd olunan məbləğin llik bank uçot dərəcəsi nəzərə alınmaqla hesablandığını qeyd etmiş, həmçinin iddiaçının nümayəndəsi 05.08.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdehdən tələb edilən 1.722 manat pul vəsaitinin Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən, bank uçot dərəcəsinə uyğun hesablandığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin plenumunun 09 iyul 2009-cu il tarixli qərarınnda göstərilmişdir ki, mülki qanunvericilik öhdəliklərin icra edilməməsinə görə məsuliyyət müəyyən edir. Belə ki, MMnin 449.1-ci maddəsi nəzərdə tutur ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank üçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; - qaytarmaqdan boyun qaçırma; - ödənilməsini digər şəkildə gecikdirmə; - başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-nin bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-nin «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Məhkəmə hesab edir ki, iddiaçı ona məxsus pul vəsaitinin cavabdehdə qanunsuz saxlanılması nəticəsində ondan faydalanmasını (gəlir, artım, bəhər əldə etdiyini) məhkəmə araşdırması zamanı sübuta yetirə bilmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 15,22 manat dövlət rüsumu iddiaçının özünə aid edilməli, 14,78 manat dövlət rüsumu isə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220-ci, 227-ci, 233-cü və 357-ci maddələrinə əsasən məhkəmə

qət etdi:

İddia qismən təmin edilsin. Cavabdehndən 15.000 manat əsas borc, 400 manat cərimə (dəbbə pulu) borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 14,78 manat olmaqla, cəmi 15.414,78 (on beş min dörd yüz on dörd manat, yetmiş səkkiz qəpik) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar