Məhkəmə qərarları › İş №e-2-2(121)-1358/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1358/2025

19.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1358/2025 19.03.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Şirvan Kommersiya Məhkəməsinin hakimi Abbasov Zaur Vahid oğlu, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında baxaraq müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 2310,65 manat məbləğində borcun, 200 manat məbləğində cərimənin və 45,11 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin Neftçala filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 11/21-33 saylı alğı-satqı müqaviləsinə əsasən Neftçala rayonu, Boyat kəndi ərazisində 1,0 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 1386,25 manat məbləğində vəsaiti (iş və xidməti) avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xampambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında 162,00 manat məbləğində şum, 46,75 manat məbləğində mala çəkmə, 35,00 manat məbləğində çiyid səpini, 56,00 manat məbləğində kultivasiya, 24,00 manat məbləğində boroza,32,50 manat məbləğində dərman səpini, 50,00 manat məbləğində tirə vurma kipləşdirici, 210,00 manat məbləğində pambığın becərilməsinə görə ödənilən avans, 514,00 manat məbləğində dərman, 256,00 manat məbləğində toxumluq çiyid, 1124,40 manat məbləğində ötən ildən ödənilməmiş borc nəzərə alınmaqla, ümumilikdə, 2510,65 manat məbləğində dəyərində işlər görülmüş, xidmətlər görülmüş, avans verilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozaraq mövsüm başa çatsa da xam-pambıq təhvil verməmiş, 200,00 manat məbləğində nəğd vəsait nəzərə alınmaqla, çəkilmiş xərclərdən 2310,65 manat məbləğində borcu qalmışdır. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq cavabdeh iddiaçıya olan borcunu ödəməkdən üzürsüz səbəblərdən yayınmışdır. Cavabdehin borclu qalması iş və xidmətlərin görülməsi barədə aktlar, iş və xidmətlərin yerinəyetirilməsinə dair üzləşmə aktı və digər sənədlərlə təsdiq edilir. Eyni zamanda, tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsinin 2.2.3-ci bəndinə əsasən alıcı tərəfindən göstərilən servis xidmətlərin, nisyə verilən nəğd pul vəsaitini, mineral gübrənin, pestisidlərin və toxumun dəyərini müqavilənin 2.2.3-ci bəndində nəzərdə tutulan müddətdə tam şəkildə alıcıya ödəyir, əks halda hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 0,1% həcmində, 10% artıq olmamaq şərtilə satıcıya cərimə ödəyir. Göründüyü kimi Cavabdeh öhdəliyi icra etməkdən imtina etməklə, Cəmiyyətin mənafeyinə zərər vurmuş, bununla da onun barəsində müqavilənin 2.2.3 bəndlərinə əsasən ödənilməyən məbləğin 10% həcmində 200,00 manat məbləğində cərimə tətbiq edilməlidir. Məhkəmə, xx.xx.2025-ci il tarixli, e-2-2(121)-1358/2025 nömrəli qərardadla iddia ərizəsinin kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmə icraatını mümkün hesab etmişdir. İddia ərizəsinin icraata götürülməsinə dair qərardad və Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinin tələblərinin qeyd olunduğu məhkəmə bildirişi (iddia ərizəsinin surəti və prosessual hüquq və vəzifələrin izahı barədə bildiriş əlavə olunmaqla) xx.xx.2025-ci il tarixində Cavabdeh poçt vasitəsi ilə təqdim olunmuşdur. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz, iddia tələbinin əsassızlığına dair sübut məhkəməyə təqdim edilməmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə uyğun olaraq işə, təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021ci il tarixli 11/21-33 nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, həmin müqavilənin: 1.1-ci bəndinə əsasən, müqavilənin predmetini İddiaçı MMC-nin Neftçala filialı Neftçala rayonu, Boyat kəndi ərazisində yerləşən 1.0 ha torpaq sahəsində pambığın əkilib becərilməsi ilə əlaqədar aqrotexniki iş və xidmətlərin razılaşdırılmış müddət, qiymət və həcmdə keyfiyyətlə yerinə yetirilməsi, “Satıcı” tərəfindən yığılmış məhsulun bu müqavilə ilə müəyyən olunmuş şərtlər daxilində, “Alıcıya” təhvil verilməsi və “Alıcı” tərəfindən “Satıcının” borcları çıxılmaq şərti ilə məhsulun nəmliyi, zibilliyi və növü nəzərə alınmaqla onun dəyərinin ödənilməsi təşkil edir Hər iki müqavilənin 3.2-ci bəndlərinə əsasən, məhsulun olmaması və ya az olması “Fermer”i göstərilmiş xidmətlərin, alınmış vəsaitin, nisyə alınmış toxum, mineral gübrə və pestisidlərin dəyərinin ödənilməsi öhdəliyindən azad etmir; 4.1-ci bəndlərinə əsasən, “Alıcı” nəmlik, zibillik və növünə görə qüvvədə olan təlimat və standartlara əsasən xam pambığı “Satıcı”dan (istehsalçıdan) aşağıdakı qiymətə qəbul edir: İ növ -700 AZN/ton, İİ növ – 680 AZN/ton, İİİ növ – 640 AZN/ton, İV növ – 600 AZN/ton; 7.1-ci bəndlərinə əsasən, hazırki müqavilə imzalandığı gündən qüvvəyə minir və müqavilədən irəli gələn öhdəliklər tam icra olunanadək qüvvədədir İş materiallarında olan təhvil-qəbul və avans xidmət barədə aktların surətlərindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh sahəsində müvafiq aqrotexniki işlər görülmüş və mallar təhvil verilmişdir. İş materiallarında olan iddiaçının nümayəndələri və cavabdeh tərəfindən imzalannmış xx.xx.2023-cü il tarixli iş və xidmətlərin yerinə yetirilməsi aktından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh ümumilikdə cəmi 2510,65 manat məbləğində iş görülmüş, xidmətlər göstərilmiş və nağd pul vəsaiti avans olaraq verilmişdir. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2023-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında alqı-satqı müqaviləsinə əsasən yaranmış 2310,65 manat məbləğində borcun pretenziyanın alındığı tarixdən 3 iş günü ərzində tamamilə ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun və məhkəmə xərclərinin məcburi qaydada alınaraq İddiaçı MMC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. Beləliklə işin qeyd edilən faktiki hallarına əsasən müəyyən olunur ki, iş üzrə tərəflər öz aralarında müqavilə bağlayaraq razılığa gəlmişlər ki, iddiaçı cavabdehə məxsus olan sahədə xam pambıq əkilməsi və tədarük mövsümündə yığılmış xam pambığın iddiaçıya satılması müqabilində cavabdehə müxtəlif aqrotexniki xidmətlərin göstərilməsini, həmçinin cavabdehə avans olaraq nağd vəsaitin verilməsini, cavabdeh isə tədarük etdiyi xam pambığın ilk olaraq iddiaçı tərəfindən göstərilmiş xidmətlərin, verilmiş malların və nağd borcun ödənilməsi qaytarılması məqsədi ilə iddiaçıya verilməsini, bundan sonra tədarük ediləcək xam pambığın isə razılaşdırılmış qiymətə iddiaçıya satılmasını öhdələrinə götürürlər. İddiaçı iddia edir ki, razılaşmaya əməl edərək öz üzərinə düşən öhdəliyi tam icra etmişdir, Cavabdeh isə həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Belə ki, Cavabdeh iddiaçıdan avans olaraq ümumi dəyəri 2510,65 manat təşkil edən aqrotexniki xidmətləri, mal-materialı, nağd vəsaiti və s. təhvil almışdır. Bunun müqabilində cavabdeh müqavilənin şərtlərini pozaraq mövsüm başa çatsa da xam-pambıq təhvil verməmiş, 200 manat məbləğində nəğd vəsait nəzərə alınmaqla çəkilmiş xərclərdən 2310,65 manat məbləğində borcu qalmışdır. Bununla da Cavabdeh müqavilə üzrə yaranmış öhdəliklərini vaxtında və lazımınca icra etmədiyi aşkar olunur. Məhkəmə qeyd edir ki, tələb olunan borcun ödənilməsi məbləğinin iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin Cavabdeh iddia ərizəsinə qarşı etiraz verməmiş, iddia tələbinin əsassızlığına dair sübutu məhkəməyə təqdim etməmişdir. Lakin işdə olan iş və xidmətlərin yerinə yetirilməsi aktından göründüyü kimi cavabdeh həmin aktı imza etməklə iddiaçıya 2310,65 manat məbləğində borcunun olduğunu etiraf etmişdir. Belə olan halda məhkəmə, tələb olunan borcun cavabdeh tərəfindən iddiaçıya ödənilməməsinin tam sübut olunduğu qənaətinə gəlir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə öhdəliklərinin icrasına dair tələbi qanuni və əsaslıdır. Məhkəmə, tərəflərin daxil olduqları hüquq münasibətinin xarakteri ilə bağlı qeyd edir ki, tərəflər arasında müqavilə münasibətlərindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur və həmin müqavilə münasibətləri struktur baxımından mülki qanunvericilikdə nəzərdə tutulmuş alqı-satqı müqaviləsinə daha çox uyğun gəlir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki halları bu nəticəyə gəlməyə əsas verir ki,iddiaçı tərəfindən cavabdehə göstərilən xidmətlərin, verilən mal-materialın və nağd borcun ödənilməsi vəsaitinin məqsədi cavabdehin ona məxsus olan sahədən daha çox məhsul əldə etməsinə və sonradan həmin məhsulun razılaşdırılmış qiymətlərlə iddiaçıya satılmasına nail olmaqdan ibarət olmuşdur. Bu isə son nəticədə tərəflər arasında cavabdehin istehsal etdiyi məhsulun alqı-satqısının həyata keçirilməsi barədə konsensual razılığın əldə edildiyini göstərir. Bu konteksdən yanaşdıqda məhkəmə hesab edir ki, tərəflər arasında olan razılaşma mülki qanunvericilikdə nəzərdə tutulmuş klassik mənada alqı-satqı müqaviləsi sayılmasa da (belə ki, Mülki Məcəllənin alqı-satqı müqaviləsinin leqal tərifini nəzərdə tutan 567-ci maddəsinə görə, alqı-satqı müqaviləsinə əsasən alıcı mülkiyyətinə qəbul etdiyi əşyanın qarşılığında xidmət, digər əşya və s. deyil, yalnız müəyyənləşdirilmiş borcun ödənilməsi məbləği ödəməyi öhdəsinə götürür), tərəflərin müqavilə münasibətlərinə daxil olarkən güddükləri hüquqi niyyət və məqsəd nəzərə alındıqda alqı-satqıya oxşar müqavilə kimi qiymətləndirilməlidir. Buna görə də, hazırki işə Azərbaycan Respublikası Mülki Məcəlləsinin alqı-satqı müqaviləsinə dair müvafiq normaları tətbiq edilməldir. Məhkəmə hesab edir ki, iddianın maddi hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı normaları təşkil edir. Mülki Məcəlləinin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş borcun ödənilməsi məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 599.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirir. Mülki Məcəllənin 599.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. İddiaçının cavabdehə verdiyi avansın qaytarılmayan hissəsinin tutulmasına dair tələbi həmçinin öhdəlik hüququnun ümumi normalarının tələblərindən də irəli gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borcun ödənilməsi ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki halları belədir ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanılmışdır, iddiaçı müqavilə üzrə öhdəliyini icra edərək cavabdehə 2510,65 manat məbləğində avans vermişdir, lakin bunun qarşılığında cavabdeh müqavilənin şərtlərini pozaraq mövsüm başa çatsa da xam-pambıq təhvil verməmiş, 200 manat məbləğində nəğd vəsait nəzərə alınmaqla çəkilmiş xərclərdən 2310,65 manat məbləğində borcu qalmışdır. Buna görə də həmin borc cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Məhkəmə, iddia tələbini cərimənin tutulması hissəsində qismən əsaslı hesab edərək qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən, cavabdeh müqavilədə göstərilən həcmdə xam-pambıq təhvil vermədiyi təqdirdə cərimə ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. İşin halları ilə Cavabdeh tərəfindən öhdəlik götürdüyü miqdarda xam pambıq təhvil vermədiyi müəyyən olunduğuna görə, onun iddiaçıya cərimə ödəmək öhdəliyi yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu borcun ödənilməsi məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd edilən maddi hüquq normalarının tələblərinə görə borclu borcun ödənilməsi vəsaitinin qaytarılmasına dair öhdəliyini pozduqda və ya lazımınca icra etmədikdə kreditorun əsas borcun qaytarılmasını tələb etməklə yanaşı, gecikmə nəticəsində cavabdehin vurduğu zərərin də ödənilməsini tələb etmək hüququ vardır. Mülki qanunvercilik belə vəziyyətlərdə müqavilə şərtlərindən asılı olaraq kreditora dəymiş zərərin əvəzi olaraq borcun məbləğindən faiz tələb etmək və ya dəbbə (cərimə, penya) tələb etmək kimi alternativ tələb imkanları tanımışdır. Hazırki işdə tərəflər arasında bağlanmış müqavilə üzrə gecikdirmə nəticəsində dəyən ziyanı qarşılamaq üçün cərimənin ödənilməsi nəzərdə tutulmuşdur, yəni Mülki Məcəllənin 466.2.1-ci maddəsinə əsasən müqavilə üzrə zərərin deyil, yalnız dəbbə pulunun tutulması barədə tərəflər razılaşmışlar. Buna görə də iddiaçının cərimə tələbi mahiyyət etibarı ilə əsaslıdır. Lakin məhkəmə, cərimənin məbləğinin əsas və faiz borcuna nisbətini, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini nəzərə alaraq hesab edir ki, iddia tələbi cavabdehdən 200 manat məbləğində cərimənin tutulması hissəsində əsaslı və mütənasib deyildir. Buna görə də məhkəmə bu nəticəyə gəlir ki, cavabdehdən tutulacaq cərimə məbləğinin azaldılaraq 10 manat məbləğində müəyyən edilməsi işin hallarına mütənasib və ədalətli olar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə də, məhkəmə işin hallarını, eləcə də kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin olunduğuna görə iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 45,11 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 2310,65 manat məbləğində əsas borc, 10 manat məbləğində cərimə və ödənilmiş 45,11 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 2365,76 manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar