Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-1364/2021 15.07.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Musayev Fərhad Böyükağa oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı – pul tələbi barədə iddiasına dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı – 12.06.2013-cü il tarixli 646-L/13 nömrəli müqavilə üzrə 11547,85 manat gecikdirilmiş borcun, hesablanmış 17652,17 manat cərimə borcunun və 30 manat dövlət rüsumunun, cəmi 29230,02 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanınından irəli gələrək “xxxx” ASC-nin adı dəyişdirilərək “xxxx” ASC adlandırılmış və “xxxx” Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmiş, ötürülmüşdür. Məhkəmə işin materiallarını nəzərdən keçirərək, hesab edir ki, iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış 646-L/13 saylı 12.06.2013-cü il tarixli “xxxx” Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilənin 8-ci bəndindən görünür ki, tərəflər razılığa gələ bilmədikdə, müqavilənin yerinə yetirilməməsi nəticəsində meydana çıxmış mübahisə və fikir ayrılıqları lizinq verənin olduğu yer üzrə məhkəmədə baxılmalı və həll edilməlidir. İş materiallarından görünür ki, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov pr. 1965-ci məhəllədir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli, 4 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən, Bakı şəhəri, Nərimanov rayonu Bakı Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Məhkəmə hesab edir ki, Cavabdeh Şirvan Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid edilmiş Kürdəmir rayonu, Köhünlü kəndi ərazisində qeydiyyatda olsa da, tərəflər öz aralarında müqavilə ilə mübahisəli işin ərazi aidiyyətini müəyyənləşdirdiklərindən mövcud iddia ərizəsinin Şirvan Kommersiya Məhkəməsinə verilməsi üçün əsas yoxdur. Məhkəmə qeyd edir ki, müqavilə aidiyyəti qaydalarının müəyyən edilməsi fiziki və hüquqi şəxslərin subyektiv hüquqlarının və qanunla qorunan mənafeyinin məhkəmə müdafiəsini daha asan həyata keçirməyə imkan verir. Belə olan halda tərəflərin ərazi baxımından özləri üçün əlverişli olan məhkəməni seçmək hüququ olur. Tərəflər arasındakı sazişin yazılı şəkildə ifadə edilməsi ya əsas müqavilənin bir bəndi şəklində ya da ayrıca sazişin bağlanması yolu ilə həyata keçirilir. Birinci halda əsas müqavilə bağlanarkən bu müqavilə üzrə gələcəkdə yaranacaq mübahisəyə hansı məhkəmə orqanında baxılması, ikinci halda isə artıq yaranmış mübahisənin hansı məhkəmə orqanına verilməsi imkanları nəzərdə tutulur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 40.2-ci maddəsinə əsasən, tərəflər öz aralarındakı saziş ilə mübahisəli işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. Məhkəmə qeyd edir ki, tərəflər 646-L/13 saylı 12.06.2013-cü il tarixli müqavilədə müqavilədən irəli gələn öhdəliklərin yerinə yetirilməməsi nəticəsində meydana çıxmış mübahisənin ərazi aidiyyəti ilə bağlı artıq razılığa gəlmişlər. Bununla yanaşı, iş materiallarından tərəflər arasında mübahisənin ərazi aidiyyətinin dəyişdirilməsinə dair sazişin olduğu müəyyən olunmur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası qəbul etdiyi 16.07.2019-cu il tarixli, 2-2(102)-301/2019 saylı Qərardadında oxşar məsələyə münasibət bildirərək tərəflərin müqavilə ilə mübahisənin məhkəmə aidiyyətinə dair əvvəlcədən razılığa gəlməsi dedikdə sonradan yaranan mübahisə üzrə işin müqavilədə razılaşdırılmış məhkəməyə verilməli olduğu nəticəsinə gəlmişdir. Məhkəmə hesab edir ki, iş məhkəmənin icraatına qəbul edilərkən aidiyyət qaydalarına riayət edilmədiyindən, iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 31.1-ci maddəsinə görə, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Həmin Məcəllənin 167.2-ci maddəsinə əsasən hakim işin düzgün və vaxtında həll edilməsinə yönələn digər hərəkətləri də edir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 40.2, 44, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı – pul tələbi barədə iddiası əsasında olan iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №e-2-2(121)-1364/2021
Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-1364/2021
15.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver