Məhkəmə qərarları › İş №e-2-2(121)-1364/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1364/2025

11.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1364/2025 11.04.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Nəbiyev Rəmzi Sultan oğlu, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Tələb:

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdеh Cavabdeh 1609 manat məbləğində əsas borcun və dövlət rüsumu üçün ödənilmiş 36,09 manat pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli “borcun etirafı və ödəniş qaydası” haqqında müqavilənin 1-ci bəndinə əsasən, borclu kreditora 2058 manat məbləğində borcun yarandığını tam etiraf edir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, borclu borc məbləğini xx.xx.2021-cü il tarixdən, hər ay 294 manat olmaqla 7 aya tam şəkildə kreditora ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən, borclu tərəfindən ödəniş hər ayın bağlanıldığı günündə edilməlidir. Ödəniş ardıcıl olaraq 2 ay edilmədiyi təqdirdə, kreditor məhkəməyə müraciət edilə bilər. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən, ümumi borc məbləği bu müqavilə ilə müəyyən edilmiş son tarixə tam ödənilmədikdə, borclu borc məbləğindən əlavə ödəmə tarixindən sonrakı hər gün üçün ümumi borc məbləğinin 0.5% miqdarında dəbbə pulunu kreditora ödəməyi öhdəsinə götürür. Təqdim edilmiş “aparılmış əməliyyatlar üzrə qalıq borca dair” arayışdan görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 15 iyul 2021-ci il tarixli, “borcun etirafı və ödəniş qaydası” müqaviləsinə əsasən borclu Cavabdeh müqavilə üzrə 449 manat ödəniş etmiş və 06 sentyabr 2024-cü il tarixinə 1609 manat ödənilməmiş qalıq borcu qalmışdır.

İddia ərizəsinə etiraz:

3. İddia ərizəsinin icraata götürülməsinə dair qərardad və Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinin tələblərinin qeyd olunduğu məhkəmə bildirişi (iddia ərizəsinin surəti və prosessual hüquq və vəzifələrin izahı barədə bildiriş əlavə olunmaqla) xx.xx.2025-ci il tarixində Cavabdeh poçt vasitəsilə ilə təqdim olunmuş, lakin cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz, iddia tələbinin əsassızlığına dair sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə baxışının hədləri:

4. Mülki Prosessual Məcəllənin: - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.

5. Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir.

Əsaslandırıcı hissə:

a) İş materialları və sübutların tədqiqi:

6. İddiaçı MMC ********** Dövlət qeydiyyat nömrəsi (VÖEN) ilə xx.xx.2006-cı il tarixdə kommersiya hüquqi şəxslərinin dövlət reyestrində qeydiyyata alınmışdır və Cəmiyyətin qanuni təmsilçisi X1r.

7. Cavabdeh sahibkarlıq subyekti kimi xx.xx.2019-cu il tarixində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi – VÖEN (**********) verilmişdir və o, hal-hazırda ünvan 1 ünvanında qeydiyyatdadır.

8. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, “borcun etirafı və ödəniş qaydası haqqında” müqaviləsinin: -1-ci bəndinə əsasən, “Borclu” “kreditora” 2058 (iki min əlli səkkiz manat) manat borcunun yarandığını tam etiraf edir. -2.1-ci yarımbəndinə əsasən, 7 (yeddi) aya 2058 (iki min əlli səkkiz manat) borcun yarandığı, həmin məbləği xx.xx.2021-ci il tarixindən, hər ay 294 (iki yüz doxsan dörd) manat ödəməklə tam olaraq “kreditora” ödəməyi öhdəsinə götürür. -2.4-cü yarımbəndinə əsasən ümumi borc məbləği bu müqavilə ilə müəyyən edilmiş son tarixə tam ödənilmədikdə, borclu borc məbləğindən əlavə ödəmə tarixindən sonrakı hər gün üçün ümumi borc məbləğinin 0.5% miqdarında dəbbə pulunu kreditora ödəməyi öhdəsinə götürür.

9. Maliyyə arayışının surətindən görünür ki, xx.xx.2021-cu il tarixli, “Borcun etirafı və ödəniş qaydası haqqında” müqavilə üzrə 449 manat ödəniş etmiş və xx.xx.2024-cü il tarixə Cavabdeh borcu 1609 manat təşkil edir.

10. İddiaçının cavabdehə ünvanladığı xx.xx.2024-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı ilə tərəfindən Cavabdeh arasında bağlanmış 5.07.2021-cu il tarixli, “Borcun etirafı və ödəniş qaydası haqqında” müqaviləyə əsasən yaranmış 1609 manat məbləğində borcun pretenziyanın alındığı tarixdən xx.xx.2024-cü il tarixinə kimi tamamilə ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun və məhkəmə xərclərinin məcburi qaydada alınaraq İddiaçı MMC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir.

b) Tətbiq edilən hüquq:

11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

- 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. - 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. - 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. - 882.5. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir.

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

- 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

c) Məhkəmənin mövqeyi:

13. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə uyğun olaraq işə, təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq hesab edir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir.

14. Məhkəmə, ilk növbədə iş materiallarında olan sənədlərə və digər dəlillərə əsasən müəyyən edir ki, mübahisə tərəflərinin hər ikisi sahibkarlıq subyektləridirlər, tərəflər arasında yaranmış mübahisənin predmetini, onların daxil olduqları müqavilə münasibətləri üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində iddiaçının subyektiv hüququnun pozulmasını iddia edərək həmin hüquqlarının bərpa edilməsinə dair tələbi təşkil edir və tərəflər arasında yaranmış hüquq münasibətlərinin xarakteri onların həm birgə, həm də ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyəti ilə əlaqəlidir.

15. Məhkəmə qeyd edir ki, mübahisə tərəflərinin hər ikisinin sahibkarlıq subyekti olmaları, mübahisənin predmeti və tərəflərin daxil olduqları hüquq münasibətlərinin xarakteri hazırki mübahisənin kommersiya xarakterdə olmasını mübahisəsiz şəkildə şərtləndirir.

16. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin müəyyən olunan hallarına əsasən hesab edir ki, hazırki iş üzrə iddiaçı ilə cavabdeh arasında etibarlı şəkildə mövcud borcun etirafı müqaviləsindən irəli gələn münasibətlər mövcuddur. Ona görə ki, tərəflər arasında bağlanmış müqavilədən göründüyü kimi “Borclu” “Tələbkar”a cəmi 2058 manat borcunun olduğunu etiraf etmişdir.

17. İş materillarında olan xx.xx.2024-cü il tarixli pretenziyadan və xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdeh bocundan 449 manat ödəniş etmiş və onun nəticədə 1609 manat borcu qalmışdır.

18. Məhkəmə qeyd edir ki, iddianın əsasını, müqavilə üzrə “Tələbkara”a aid öhdəliklərin lazımınca yerinə yetirilməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə, mövcud borcun etirafı müqaviləsi tələb olunan borcun ödənilməsini sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Məhkəmə hesab edir ki, idddiaçı öz tələbinin əsasını qanuna uyğun dəlillərlə sübut etmiş, eyni zamanda cavabdeh məhkəmə iclasında iştirak edərək borcunu etiraf etmiş, iddianın əsassızlığına dair sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə, mövcud borcun etirafı müqaviləsi üzrə öhdəliyin cavabdeh tərəfindən lazımınca yerinə yetirilməməsinin tam sübut olunduğu qənaətinə gəlir.

19. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin iddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə cavabdehə qarşı hazırki iddia tələbini irəli sürmək hüququ vermişdir. Bu səbəbdən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehdən 1609 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmə xərcləri:

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 36,09 manat dövlət rüsumu cavabdehə aid edilməli və cavabdehdən tutularaq iddiaçıya verilməlidir.

Nəticə:

21. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia təmin edilsin. Cavabdeh 1609 (bir min altı yüz doqquz) manat borc və ödənilmiş dövlət rüsumuna görə 36,09 (otuz altı manat, doqquz qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Rəmzi Nəbiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar