Məhkəmə qərarları › İş №e-2-2(121)-137/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-137/2025

08.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-137/2025 08.05.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2023-ci il tarixdə bağlanmış 1100 saylı Daxili lizinq müqaviləsinin ləğv edilməsi, Cavabdeh 3086.11 manat əsas borc, 2463.18 manat faiz borcu və 797.88 manat cərimə borcu, İddiaçı MMC-nə məxsus lizinq obyektinin («Hyundai Elantra» markalı avtomobil) bərpası üçün tələb olunan 5221 manat maddi ziyan və 124,70 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 11692,87 manat məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh (VOEN: ********** ) (lizinq alan) arasında bağlanmış xx.xx.2023-cü il tarixli 1100 saylı “Daxili lizinq müqavilə”sinə əsasən “Lizinq alan”nın sifarişi ilə «Hyundai Elantra» markalı avtomobil 12,000.00 (on iki min) manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq” müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə N 1) əsasən Cavabdeh illik 25 % hesablanmaqla 36 aylıq müddətə hər hər ay sabit məbləğ olmaqla 477.12 manat, ümumilikdə isə 17 176,26 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. “Daxili lizinq” müqaviləsi və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Daxili lizinq müqaviləsinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş Lizinq ödənişlərini ödəməlidir. Lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində (Əlavə N°1) müəyyən edilir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 5.2-ci bəndinə əsasən, lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 0.10% hesanlanmaqla cərimə ödəyir. Daxili lizinq müqaviləsinin əsasən, lizinq alan lizinq obtektindən bu müqavilənin şərtlərini pozmaqla, nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqavilə lizinq verənin təşəbbüsü ilə, Lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edə bilər. Lizinq alan lizinq ödənişi yuxarıda qeyd edilmiş cədvələ uyğun olaraq lizinq ödənişlərini etməmişdir. 10 oktyabr 2023-cü il tarixli avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə akta əsasən «Hyundai Elantra» markalı, ** AL *** nömrəli dövlət qeydiyyat nişanlı avtomobilin yeri müəyyən edilərək Cəmiyyətimizə təhvil verilmişdir. Avtomobil təhvil alan zaman müəyyən olunmuşdur ki, avtomobilə ciddi ziyan dəyib. Daxili lizinq müqaviləsinin 4.2.3. bəndinə əsasən Lizinq alan lizinq obyektini daim saz və istismara yararlı vəziyyətdə saxlamalıdır. Avtomobil təhvil alınan zaman yararsız vəziyyətdə və evakuatorun köməyi ilə duracağa gətirilmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı MMC-nin mülkiyyətində olan lizinq obyektinə ziyan dəymişdir. Müstəqil ekspert X3 tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş qiymətləndirmə aktına əsasən «Hyundai Elantra» markalı, ** AL *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa olunması üçün 5221 manat məbləğində pul vəsaitinin tələb olunduğu müəyyən edilmişdir. İddiaçı nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, həmçinin gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, iş materiallarında olan sənədlərə və məhkəmə iclasında tədqiq olunan digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “fiziki şəxsin sahibkarlıq uçotu haqqında Şəhadətnamə”nin surətindən və “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə (VÖEN) sahibkarlıq subyekti kimi qeydiyyata alınmışdır. İş materiallarında olan İddiaçı ilə X2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli “lizinq obyektinin alqı-satqı” müqaviləsinin: 2.1-ci bəndinə əsasən, Satıcı ba Müqavilənin 7-ci maddəsində göstərlimiş əşyanın (bundan sonra "Əmlak" adlandırılacaqdır) Alıcıya satılmasını, Alıcı isə həmin Əmlakın bu Müqavilənin 3.1-ci bəndində müəyyən edilmiş qiymətinin Satıcıya ödənilməsini və onun qəbul edilməsini öhdəsinə götürür. 2.3-cü bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747-5.2.2 maddəsinə əsasən 1100 saylı, 08 fevral 2023-cü il tarixli X1 Lizinq alan qismində çıxış edən şəxs Alıcının bu Müqavilə ilə müəyyən edilmiş bütün tələb hüquqlarına malikdir. 2.4-cü bəndinə əsasən, Əmlakın qəbul edilməsi tərəflər və ya onların nümayəndələri tərəfindən imzalanmış müvafiq təhvil-təslim aktı və qəbul aktı ilə rəsmiləşdirilir. 3.1-ci bəndinə əsasən, Bu Müqavilənin predmeti olan Əmlakın qiyməti 12,000.00 (on iki min) manat təşkil edir. İş materiallarında olan iddiaçı (İcarəyə verən) İddiaçı ilə cavabdeh (İcarəçi) Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli “daxili lizinq” müqaviləsinin: 1.1-ci bəndinə əsasən, Lizinq verən Hyundai Elantra - minik, Tip - Xetçbek, Rəngi - Qırmızı Metalik, Buraxılış ili - 2013, BAN - KMHD35LH4EU165973 avtomobilini (bundan sonra lizinq obyekti) satıcıdan əldə etməyi və Lizinq alanın istifadəsinə verməyi, Lizinq alan isə bu müqavilədə müəyyənləşdirilmiş pul məbləğini (bundan sonra lizinq ödənişi) ödəməyi 1.2-ci bəndinə əsasən Lizinq alanın ilkin öhdəliyi 12,000.00 (on iki min) manat müəyyən edilir. 2.1-ci bəndinə əsasən, Bu müqavilənin müddəti 36 (otuz altı) ay müəyyən edilir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə akta əsasən, İddiaçı nümayəndəsi X4 və Əsədov İlqar bu aktı tərtib edərək təsdiq etmişlər ki, qeydiyyat nişanı **-AL-*** olan Hyundai Elantra markalı nəqliyyat vasitəsi ön hissəsi tam yararsız, sağ krılo qapılar əzik halda təhvil-təslim edilmişdir. İş materiallarında olan “Maliyyə arayışı”ndan görünür ki, xx.xx.2024-cü il tarixə Cavabdeh lizinq müqaviləsi üzrə əsas borcu 3086,11 manat, faiz borcu 2463,18 manat, cərimə borcu 797,88 manat olmaqla, cəmi 6347,17 manat təşkil edir. İş materiallarında olan “Ödəniş cədvəli”nə əsasən, cavabdeh tərəfindən icarəyə götürülmüş avtomobillərə görə icarə haqqı ödənişinin xx.xx.2023-cü tarixdən başlayaraq hər ay 477,12 manat olmaqla xx.xx.2026-cı il tarixədək həyata keçirilməsi razılaşdırılmışdır. İş materiallarında olan İddiaçı Cavabdeh ünvanladığı xx.xx.2024-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı tərəfindən öhdəliklər icra edilməyəcəyi təqdirdə lizinq müqaviləsi üzrə əmələ gəlmiş borcun İddiaçınə ödənilməsi bağlı ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli qiymətləndirmə hesabatına əsasən, qeydiyyat nömrəsi **-AL-*** olan Hyundai Elantra markalı minik avtomobilinin zədələnmiş ehtiyyat hissələrinin hesabatı 2841 manat, işçilik xidmət haqqı 1720 manat olmaqla, ümumilikdə 4561 manat məbləğində olduğu müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanmış lizinq müqavilələrinin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Qeyd olunan Məcəllənin 748-1.8-ci maddəsinə əsasən lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Həmin Məcəllənin 748-1.9-cu maddəsinə əsasən lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. Məhkəmə, sadalanan qanunvericilik aktı normalarına əsasən hesab edir ki, cavabdeh xx.xx.2023-cü il tarixli lizinq müqaviləsi əsasında lizinq obyektini almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə ilə müəyyən edilmiş pul məbləğini ödəməli olmasına, o cümlədən lizinqə verilmiş texnikaların qaytarılmasına dair öhdəliyi olduğundan, lakin cavabdeh müqavilə üzrə vəzifələrini yerinə yetirmədiyindən, iddiaçı lizinq məbləğinin ödənilməsini və texnikaların geri qaytarılmasını tələb etməkdə haqlıdır. Odur ki, iddia tələbi xx.xx.2023-cü il tarixli lizinq müqaviləsi üzrə əsas borcun tutulması və texnikaların geri qaytarılması hissəsində əsaslıdır. Buna görə də, iddia həmin hissədə təmin edilməlidir. Məhkəmə, iddianın lizinq müqaviləsinə xitam verilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi həmin hissədə əsaslıdır. Belə ki, tərəflər arasında bağlanılmış lizinq müqaviləsinin şərtlərinə əsasən (müqavilənin 6-cı bəndi) lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu onun istehlak keyfiyyətlərini pisləşdirərsə, lizinq alan lizinq obyektindən istifadə üçün lizinq ödənişlərini ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizin verən müqaviləni vaxtından əvvəl ləğv etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl müqaviləyə xitam verilməsi tələbini cavabdehə təklif etdiyindən, təklifdə göstərilmiş müddətdə cavabdehdən cavab almadığından, iddiaçı tərəflər arasında bağlanmış lizinq müqaviləsinə xitam verilməsini tələb etməkdə haqlıdır. Eyni zamanda, işin faktiki halları ilə təsdiq olunur ki, cavabdeh lizinq müqaviləsinə əsasən iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmiş və müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. Məhkəmə iddia tələbinin 797,88 manat cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 460.1-ci maddəsində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Tərəflər bu prinsiplər çərçivəsində Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə almalıdır. Məhkəmə işin hallarını və iddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini qeyd edərək bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunaraq cavabdehdən iddiaçının xeyrinə 50 manat cərimə tutulmalıdır. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehlərin əmlak mənafelərinə və sahibkarlıq fəaliyyətinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Məhkəmə, iddia tələbini lizinq predmeti olan texnikada olan qüsurun bərpası üçün hesablanmış 5221 manat məbləğində dəymiş maddi ziyanın cavabdehdən tutulması hissəsində qismən əsaslı hesab edərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.8-ci maddəsinə əsasən, lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Qeyd olunan maddi hüquq normasının tələbindən göründüyü kimi, lizinq alan lizinq obyektini aldığı vəziyyətdə lizinq verənə geri qaytarmaq öhdəliyinin daşıyıcısıdır. Baxılan işin hallarından görünür ki, lizinq obyekti cavabdehə saz vəziyyətdə təhvil verilmişdir, lakin lizinq obyekti geri qaytarılarkən onda nasazlıqlar aşkar edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, lizinq obyekti geri qaytarılarkən onda iddia edilən qüsurun mövcud olması faktı öz təsdiqini tapır. Məhkəmə, yuxarıda şərh olunanları nəzərə almaqla yanaşı, iddia tələbini vurulmuş ziyanın əvəzinin ödənilməsi hissəsində ona görə qismən əsaslı hesab edir ki, iddiaçı vurulmuş ziyan faktını sübut etməklə yanaşı, həmin ziyanın həcmini də sübut etməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Baxılan işdən göründüyü kimi, iddiaçı ona məxsus olan əmlakının zədələnməsi nəticəsində əmələ gəlmiş zərərin (real zərərin) ödənilməsini tələb etmişdir. Bu zaman iddiaçı həmin zərərin aradan qaldırılması üçün tələb olunan pul vəsaitinin cavabdehdən tutulmasını xahiş etmişdir, lakin zərərin pul ekvivalentinin məbləğini 5221 manat olaraq göstərmişdir. Məhkəmə tərəfindən təyin olunmuş qiymətləndirmə nəticəsində isə lizinq obyekti olan minik avtomobilinin zədələnmiş ehtiyyat hissələrinin dəyərinin 2841 manat, işçilik xidmət haqqının 1720 manat olmaqla, ümumilikdə avtomobilə vurulmuş ziyanın əvəzinin 4561 manat məbləğində olduğu müəyyən edilmişdir. Məhkəmə, qiymətləndirmə hesabatında gəlinən nəticəni obyektiv və əsaslı hesab edir. Həmçinin qeyd olunmalıdır ki, qiymətləndirmə hesabatı iddiaçı və cavabdeh tərəfindən mübahisələndirilməmişdir, bununla da onlar həmin hesabatla gəlinən nəticə ilə razılaşdıqlarını bəyan etmişlər. Buna görə də məhkəmə bu əqnaətə gəlir ki, lizinq obyektinin bərpası üçün çəkilmiş xərcin əvəzi kimi 4561 manat məbləği qəbul edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia ərizəsi qismən təmin edildiyinə görə iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu məbləği cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 3086,11 manat məbləğində əsas borc, 2463,18 manat məbləğində faiz borcu, 50 manat məbləğində cərimə borcu, lizinq obyektinin bərpası üçün tələb olunan 4561 manat məbləğində maddi ziyan və ödənilmiş 124,70 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 10284,99 manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar