Məhkəmə qərarları › İş №e-2-2(121)-1370/2021

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1370/2021

29.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-1370/2021 29.11.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Qurbanov Cəlal Əli oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı – pul tələbi barədə iddiasına dair işə Şirvan şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Kreditor İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək, 05/00024300 saylı 24.05.2019-cu il tarixli müqavilə üzrə 2750 manat məbləğində borc və 20 manat məbləğində dövlət rüsumunun borclu Cavabdeh tutularaq ona ödənilməsi barədə məhkəmə əmri verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, kreditor İddiaçı ASC ("xxxx" ASC) ilə borclu Cavabdeh arasında bağlanmış 24.05.2019-cu il tarixli 05/00024300 nömrəli operativ lizinq müqavilələrinə əsasən 1 ədəd SR-2045 markalı taxılyığan kombaynı 2019-cu il taxıl biçini mövsümü ərzində istifadəyə verilmişdir. İddiaçı ASC ilə borclu arasında bağlanmış 05/00024300 nömrəli müqaviləyə əsasən 5 500,00 manat öhdəlikdən 2 750,00 manat ödənilmiş, 2 750,00 manat borcu qalmışdır. Borclunun Cəmiyyətə hal-hazırda müqavilə üzrə cəmi 2 750,00 manat borcu vardır. Lakin, borclu vaxtında kreditora olan borcunu qaytarmadığından kreditor dəfələrlə ondan yaranmış borcun ödənilməsini tələb etsə də, borclu bu günə kimi müxtəlif bəhanələrlə kreditora olan borcunu ödəməkdən yayınmışdır. Buna görə də, kreditor məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Borclu öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Belə ki bağlanmış müqavilələrin 2.2.2.-ci bəndinə əsasən borclu lizinq ödənişlərini müqavilə (istifadə) müddəti ərzində bu müqavilənin 1.1-ci bəndinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. Bununla da borclu İddiaçı ASC ilə bağladığı müqavilənin həmin bəndi ilə nəzərdə tutulmuş lizinq ödənişlərinin vaxtında və tam ödənilməsinə dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Borclu öhdəliyi vaxtında icra etməməklə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, əgər öhdəliyin icrası günü müəyyənləşdirilibsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Digər tərəfdən borclu öhdəliyi müəyyənləşdirilmiş müddətdə icra etmədikdə kreditor qarşısında məsuliyyət daşıyır. Şirvan Kommersiya Məhkəməsinin 07.07.2021-ci il tarixli məhkəmə əmrinə əsasən borclu Füzuli rayonu, Seyidmahmudlu kəndində qeydiyyatda olan Cavabdeh (VÖEN: **********) 2.750 manat borc və 20 manat dövlət rüsumu, ümumilikdə 2.770 manat pul vəsaiti tutularaq kreditor Bakı şəhəri, Z.Bünyadov prospekti 1965, “Çinar Park” Biznes Mərkəzi 1-ci bina, 4-cü mərtəbədə yerləşən İddiaçı ASC-yə ödənilməsi müəyyən edilmişdir. Borclu Cavabdeh məhkəməni yazılı xəbərdar etməklə, göstərilən məhkəmə əmrinə etiraz etmiş və məhkəmə əmrinin ləğv edilməsini xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-1370/2021 saylı, 23.09.2021-ci il tarixli qərardadı ilə Füzuli rayonu, Seyidmahmudlu kəndində qeydiyyatda olan Cavabdeh (VÖEN: **********) 2.750 manat borc və 20 manat dövlət rüsumu, ümumilikdə 2.770 manat pul vəsaiti tutularaq kreditor Bakı şəhəri, Z.Bünyadov prospekti 1965, “Çinar Park” Biznes Mərkəzi 1-ci bina, 4-cü mərtəbədə yerləşən İddiaçı ASC-yə ödənilməsinə dair Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-1370/2021 saylı, 07.07.2021-ci il tarixli məhkəmə əmri ləğv edilmiş, materiallar əsasında ümumi iddia icraatına keçirilərək, iş üzrə məhkəmə hazırlıq iclasının 05.10.2021-ci il tarixə saat 14:15-ə təyin edilməsi qərara alınmışdır. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmədə iddiaya etiraz edərək, izahatında göstərdi ki, işə əlavə olan 24.05.2019-cu il tarixdə tərtib edilmiş akt 1-də olan imza ona məxsus olmasa da, həqiqətən kənd təsərrüfatı texnikası olan və aktda qeyd edilən kombayn taxılyığan "xxxx" ASC tərəfindən ona 24.05.2019-cu il tarixdə saz deyil, nasaz vəziyyətdə təhvil verilmişdir. O, 10 gün göstərilən kombayn taxılyığandan istifadə etmiş, qalan günləri isə kombayn taxılyığan nasaz olduğundan istifadə edə bilməmişdir. Buna görə də, kombayn taxılyığanı işlətməkdən imtina edərək 25.06.2019-cu il tarixdə onu "xxxx" ASC-yə qaytarmış və bununla bağlı tərtib edilmiş aktı imza etməkdən imtina etmişdir. O, kombayn taxılyığanın təhvil alarkən onun nasaz olduğunu bilmiş, lakin "xxxx" ASC-də işləyən şəxs ona kombayn taxılyığanın saz vəziyyətə gətirəcəyinə köməklik göstərəcəyinə söz verdiyindən, kombayn taxılyığanı nasaz vəziyyətdə təhvil almışdır. Digər tərəfdən, o, sadəcə sürücü olmuşdur. Belə ki, 24.05.2019-cu il tarixli müqavilə onunla bağlanmış olsa da, müqavilə üzrə ilkin ödəniş edən başqa şəxs olmuşdur. Yəni, işi görən başqa şəxsdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında 05/00024300 saylı 24.05.2019-cu il tarixli "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının qısa müddətli lizinqə (istifadəyə) verilməsi barədə müqavilə bağlanmışdır. Həmin müqavilə(lər)yə əsasən "xxxx" ASC tərəfindən kənd təsərrüfatı texnikasının (“Sampo Rosenlew SR-2045 Classıc 4” markalı silindirli kombayn taxılyığan) mülkiyyət hüququnun istifadəçiyə keçməməsi şərti ilə istifadəyə verilmişdir. İşə əlavə olan F00024300 saylı, 24.05.2019-cu il tarixdə tərtib edilmiş akt 1-dən görünür ki, kənd təsərrüfatı texnikası (“Sampo Rosenlew SR-2045 Classıc 4” markalı silindirli kombayn taxılyığan) Cavabdeh saz vəziyyətdə təhvil verilmişdir. İş materiallarında olan 8866 saylı, 25.06.2019-cu il tarixli akt 2-dən görünür ki, Cavabdeh “Sampo Rosenlew SR-2045 Classıc 4” markalı silindirli kombayn taxılyığanı saz vəziyyətdə "xxxx" ASC-yə təhvil vermişdir. Lakin həmin akt, cavabdeh tərəfindən imzalanmamışdır. Cavabdehin qeyd edilən aktı imza etməkdən imtina etməsi ilə bağlı da 24.06.2021-ci il ayrıca akt imzalanmışdır. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı 13.04.2021-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı ASC ("xxxx" ASC) ilə bağlanmış müqaviləyə əsasən 2750 manat borc yaranmışdır. Həmin vəsaitin qısa zaman ərzində ödənilməsi xahiş edilmişdir. Əks halda lizinq müqaviləsi üzrə əmələ gəlmiş borcun və məhkəmə xərclərinin məcburi qaydada alınaraq İddiaçı ASC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 05/00024300 saylı 24.05.2019-cu il tarixli müqaviləyə əsasən Cavabdeh borcu 2750 manat təşkil edir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı lizinq məbləğ(lər)ini tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” 17.08.2020-ci il tarixli, 1137 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək İddiaçı Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh lizinq müqavilə(lər)si əsasında lizinq obyekt(lər)ini almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə(lər) ilə müəyyən edilmiş pul məbləğ(lər)ini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olduğundan, lakin cavabdeh pul məbləğini ödəməli olmasına dair vəzifəsini yerinə yetirmədiyindən, iddiaçı lizinq məbləğ(lər)inin ödənilməsi tələb etməkdə haqlıdır. Lakin, məhkəmə hesab edir ki, cavabdehdən borcun tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə tam əsaslı deyildir. Belə ki, işin həqiqi halları, iddiaçının nümayəndəsinin və cavabdehin izahatları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh işə əlavə olan 24.05.2019-cu il tarixdə tərtib edilmiş akt 1-də olan imzanın ona məxsus olmamasını qeyd etsə də, kənd təsərrüfatı texnikası olan və aktda qeyd edilən kombayn taxılyığanın ona həqiqətən "xxxx" ASC tərəfindən 24.05.2019-cu il tarixdə təhvil verilməsini məhkəmə iclasında etiraf etmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, qeyd edilən aktda olan imzanın cavabdehə məxsus olub-olmamasının araşdırılması üçün məhkəmə-xəttşünaslıq ekspertizasının təyin edilməsinə zərurət yoxdur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi göstərilən hal cavabdeh tərəfindən etiraf edildiyindən, iddiaçı həmin faktları sübut etmək vəzifəsindən azaddır. Odur ki, göstərilən hallar işin sübut olunmuş xüsusatları kimi qəbul edilərək, göstərilən qaydada qiymətləndirilməlidir. Həmçinin, məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, cavabdeh kombayn taxılyığanı işlətməkdən imtina edərək 25.06.2019-cu il tarixdə onu "xxxx" ASC-yə qaytardığını və bununla bağlı tərtib edilmiş aktı imza etməkdən imtina etdiyini bildirmişdir. Belə ki, lizinq obyekti olan qeyd edilən kənd təsərrüfatı texnikası 25.06.2019-cu il (imtina aktında 24.06.2019-cu il tarixində göstərilmişdir) tarixində cavabdeh tərəfindən "xxxx" ASCyə təhvil vermişdir. Yəni, həmin tarixdən sonra hazırki iş üzrə cavabdeh qeyd edilən lizinq obyektlərindən istifadə etməmişdir. Kənd təsərrüfatı texnikasının təhvil verildiyi tarixə cavabdehin göstərilən müqaviləyə əsasən gecikdirilmiş borcu isə 1375 manat məbləğində təşkil etmişdir. Ona görə ki, müqavilədə kənd təsərrüfatı texnikasından istifadə müddəti 2 ay (bu müddət ərzində ödəniləcək məbləğ 2750 manat təşkil edir) göstərilsə də, cavabdeh qeyd edilən texnikadan 1 ay istifadə etmişdir. Belə olan halda 2 ay istifadə üçün nəzərdə tutulmuş 2750 manatdan 1 ayın istifadəsi üçün nəzərdə tutulmuş 1375 manat çıxıldıqda istifadə edilmiş 1 ayın pulu 1375 manat (2750-1375=1375 manat) təşkil edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.9-cu maddəsinə əsasən, lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Göstərilən Məcəllənin 748-10.4-cü maddəsinə əsasən, lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin göstərilən lizinq obyektindən yuxarıda qeyd edilən tarixdən sonra istifadə etmədiyi halda, iddiaçının 05/00024300 saylı 24.05.2019-cu il tarixli müqavilə üzrə ondan 2750 manat məbləğində pul vəsaiti tələb etməsi əsassızdır. Odur ki, iddia tələbi bu hissədə qismən təmin edilərək, cavabdehdən göstərilən müqavilə üzrə 1375 manat məbləğində pul vəsaiti alınaraq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə eyni zamanda iddianın 20 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi qismən əsaslıdır. Ona görə ki, cavabdeh müqavilə(lər)dən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəməyə müraciət etməsi ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, lizinq borcu cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, iddia isə qismən təmin edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumunun 10 manata cavabdehə, 10 manatı isə iddiaçıya aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 10 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, iddiaçı tərəfindən ödənilməyən 10 manat məbləğində dövlət rüsumu da cavabdeh(lər)dən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun məhkəmə əmri haqqında ərizənin və məhkəmə əmrinə etirazın verildiyi zaman qüvvədə olan 8.1.1-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu tutulur. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, məhkəmə əmri verilməsinə dair ərizə verilərkən 20 manat məbləğində dövlət rüsumu ödənilsə də, sonradan məhkəmə əmri ləğv edilərək, ümumi iddia icraatına keçirildiyindən, bununla da iddia tələbi 2750 manat məbləğində təşkil etdiyindən, yəni iddianın qiyməti 500 manatdan çox olduğundan, iddia ərizəsi üzrə ödənilməli olan 30 manat məbləğində dövlət rüsumundan ödənilməyən 10 manat məbəğində dövlət rüsumunun 5 manatı iddiaçıdan, 5 manatı isə cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 05/00024300 saylı 24.05.2019-cu il tarixli müqavilə üzrə 1375 manat məbləğində borc və 10 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. 5 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. 5 manat məbləğində dövlət rüsumu İddiaçı ASC-dən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar