Məhkəmə qərarları › İş №e-2-2(121)-1408/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1408/2025

21.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1408/2025 21.07.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynli Əli Nizami oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “lizinq müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi”nə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Tələb:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh2 arasında 05 fevral 2024-cü il tarixdə bağlanmış, SL0225587-2024 saylı maliyyə lizinq müqaviləsinin ləğv edilməsi, 2015-ci il buraxılışlı, ** YX *** dövlət qeydiyyat nişanlı, “BMW528İ” minik markalı, ban nömrəsi WBA5A5C51GG350131, mühərrik nömrəsi A5771324 olan, tünd göy metallik rəngli minik avtomobilinin Cavabdeh2 alınaraq İddiaçı ASC-yə qaytarılması və 24477,08 manat əsas, 3793,65 manat mükafat, 1313,90 manat cərimə olmaqla, cəmi 29584,63 manat lizinq borcunun, eləcə də 178,76 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq, İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçi İddiaçı ASC ilə Cavabdeh2 Xankiş oğlu arasında bağlanmış 05 fevral 2024-cü il tarixli “maliyyə lizinq müqaviləsi”nə əsasən iddiaçı tərəfindən əldə edilməklə, mülkiyyətində olan 2015-ci il buraxılışlı, **-YX-*** dövlət qeydiyyat nişanlı, “BMW528İ” minik markalı avtomobil cavabdehin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən Cavabdeh2 24 aylıq müddətə hər ay 1466,30 manat, sonuncu ay isə 1464,86 manat olmaqla, ümumilikdə 35189,76 manat məbləğində pulu İddiaçı ASC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda, lizinq müqaviləsindən irəli gələn öhdəliyin təminatı olaraq digər Cavabdeh1 ilə iddiaçı arasında 05 fevral 2024-cü il tarixdə müvafiq olaraq bağlanmış ZM2-SL0225587-2024 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh1 zamin kimi lizinq alanın öhdəliklərini tam həcmdə yerinə yetirilməsinə dair öhdəlik götürmüşdür. Lakin, cavabdeh tərəf lizinq müqaviləsinin şərtlərini pozaraq yerinə yetirməli olduğu ödənişlərinin ödənilməsinə dair öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Lizinq ödənişlərinin ödənilməsi tələbi ilə cavabdeh tərəfə rəsmi müraciətlərin оlunmasına, məsələnin məhkəmədənkənar qaydada həll еdilməsi üçün mümkün оlan bütün tədbirlərin görülməsinə baхmayaraq, cavabdeh tərəf lizinq ödənişlərinin icrası üçün hеç bir təşəbbüs göstərməmişdir. Bu səbəbdən də, hazırda lizinq alan Cavabdeh2 “maliyyə lizinq müqaviləsi”nə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə ödənilməmiş 24477,08 manat əsas, 3793,65 manat mükafat və 1313,9 manat məbləğində cərimə borcu mövcuddur. Beləliklə, cavabdeh tərəf öz öhdəliklərini lazımınca icra etmədiyindən, yəni lizinq obyektindən istifadə üçün lizinq məbləğini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq ödəmədiyindən lizinq verənin lizinq müqaviləsini vaxtından əvvəl ləğv etməklə pul məbləğini, həmçinin lizinq obyektini mübahisəsiz geri almaq hüququ yaranmışdır.

Tərəflərin izahatları:

3. Məhkəmə iclasında işitrak etmiş İddiaçı Açıq Səhmdar Cəmiyyətinin X3 iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.

4. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 iddianı qismən qəbul edərək izahatında bildirdi ki, O, lizinq obyekti olan istifadəsinə verilmiş avtomobil sahibkarlıq məqsədilə əldə etmiş, lakin qəza törətdiyi üçün hazırda avtomobil cərimə meydançasındadır. O, avans məbləği ilə birlikdə 13 000 manatdan çox ödəniş etmişdir. Qeyd olunanlara əsasən o, iddianın qismən təmin edilməsini və maddi imkanı olmadığı üçün cərimənin azaldılmasını məhkəmədən xahiş etdi.

5. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 Cavabdeh2 izahatına uyğun izahat verərək iddianın qismən təmin edilməsini və maddi imkanı olmadığı üçün cərimənin azaldılmasını məhkəmədən xahiş etdi.

İddia ərizəsinə etiraz:

6. Cavabdeh tərəfindən AR MPM-nin 154-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinə qarşı etiraz məhkəməyə təqdim edilməmişdir.

Əsaslandırıcı hissə:

a) İş materialları və sübutların tədqiqi:

7. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, SL0225587-2024 nömrəli “Lizinq Müqaviləsi”nin: -1.1-ci bəndinə əsasən, “Lizinq verən” lizin alan tərəfindən seçilmiş, etibarnamə əsasında BMW 5281 minik markalı avtomobili (mühərrik:1997 sm3, ban: WBA5A5C51GG350131 Buraxılış ili :2015, rəngi: Tünd göy metallik; bundan sonra “Lizinq obyekti” adlandırılacaq) mülkiyyət hüququ ilə ələd etməyi və Lizinq alanın xahişi əsasında, lizinq vasitəsilə, lizinq haqqı müqabilində Azərbaycan Respublikasının qanunvericiliyi, habelə bu lizinq müqaviləsinin müddəalarına uyğun olaraq Lizinq lanın müvəqqəti istifadəsinə və sahibliyinə verməyi öhdəsinə götürür. -2.1-ci bəndinə əsasən, Lizinq obyektinin dəyəri 37111 manat qiymətləndirilmişdir. Lizinq obyektinin qiymətinin 10986 manat hissəsi Lizinq obyektinin sənədləri Lizinq verənə verildikdən sonra avans şəklində lizinq alan tərəfindən lizinq verənin kassasına nağd şəkildə ödənilir. Qalan məbləği 26125 manat hissəsi lizinq müqaviləsi ilə rəsmiləşdirilir. Tərəflər arasında təhvil-təslim aktı imzalandıqdan sonra lizinq obyektinin tam dəyəri 37111 manat Lizinq verən tərəfindən satıcının hesabına ödənilir. -2.4-cü bəndinə əsasən, Lizinq obyekti lizinq alana lizinq verən tərəfindən 24 ay müddətinə lizinqə verilir. -8.1-ci bəndinə əsasən, Ödəniş cədvəlində (bu müqaviləyə əlavə İ qismində qoşulmuş) göstərildiyi tarixdə Lizinq alan lizinq haqqını Lizinq verənin hesabına ödəməzsə ödənişin pozulması baş verir. Bununla Lizinq alan razılıq verir və öhdəsinə götürür ki, pulun ödənilməli olduğu tarix ilə həqiqi ödəmə tarixi arasında müddətdə hər gecikdirilmiş gün üçün (gecikmənin illik 3 günü istisna olmaqla) gecikdirilmiş lizinq məbləğinin 1 (bir) % miqdarında cərimə ödəyəcək. Cərimə lizinq ödənişinin hər ödəniş üzrə gecikdirilmiş əsas borc məbləğinə 30 gün ərzində hesablanır.

8. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ZM2-Sl0225587-2024 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 Lizinq verən qarşısında öhdəliklərinin tamamilə icra edilməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür.

9. İş materiallarında olan “xx.xx.2024-cü il tarixli “Təhvil-Təslim aktı”nın surətindən görünür ki, “Lizinq verən“ (BMW 5281 markalı Minik, mühərrik: 1997 sm3, ban:WBA5A5C51GG350131, buraxılış ili : 2015, rəngi: Tündü göy metallik) lizinq obyekti, sahiblik və istifadə edilməsi üçün Lizinq alana təhvil verilmiş, Lizinq alan isə onu təhvil almışdır.

10. İş materiallarında olan lizinq məbləğinin və lizinq mükafatının ödəniş cədvəlinin surətindən görünür ki, xx.xx.2024-cü il tarixli, SL0225587-2024 nömrəli lizinq müqaviləsinə əsasən aylıq lizinq ödənişi 1466,30 manat olmaqla, ödənişin başlanğıc tarixi xx.xx.2024-cü il, son ödəniş tarixi isə xx.xx.2026-cı il kimi qeyd olunmuşdur.

11. İş materiallarında olan kredit hesabından çıxarışdan görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, SL0225587-2024 nömrəli Lizinq müqaviləsi üzrə Cavabdeh2 xx.xx.2024-cü il tarixdə kreditin rəsmiləşdirilməsi üçün 834 manat lizinq əməliyyatının xərcləri və 10986 manat lizinqin ilkin ödənişini etmişdir. xx.xx.2025-ci il tarixində borcu 29584,63 manat olmuşdur.

12. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Maliyyə arayışından görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, SL0225587-2024 nömrəli Lizinq müqaviləsi üzrə Cavabdeh2 26125 manat lizinq borcundan ümumilikdə 2933,58 manat məbləğində ödəniş etmişdir. “Lizinq Alan”nın (Cavabdeh2) xx.xx.2024-cü il tarixli, SL0225587-2024 nömrəli lizinq müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə 24477,08 manat əsas borc, 3793,65 manat faiz borcu və 1313,9 manat cərimə borcu olmaqla, ümumilikdə 29584,63 manat məbləğində borcu vardır.

13. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xx.xx.20258-ci il tarixli ərizəsindən görünür ki, xx.xx.2024-cü il tarixli, SL0225587-2024 nömrəli lizinq müqaviləsinə əsasən Cavabdeh2 istifadəsinə verilmiş BMW 528 markalı 77YX479 qeydiyyat nişanlı avtomobil hələ də cərimə meydançasındadır və iddiaçıya təhvil verilməmişdir. Tərəflərindən və ya sığorta şirkəti tərəfindən qiymətləndirilmə olmamışdır.

16. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti (“Alıcı”) ilə X2 (“Satıcı”) arasında bağlanmış xx.xx.2024-cü il tarixli, SL0225587-2024 nömrəli lizinq obyektinin alqısatqı müqavilsinin: - 1.1-ci bəndinə əsasən, Satıcı bu Müqavilənin 1 saylı əlavəsində göstərilmiş avtomaşının (bundan sonra “Əmlak” adlandırılacaq) Alıcıya satılmasını, Alıcı isə həmin əmlakın bu Müqavilənin 2.1-ci bəndində müəyyən edilmiş dəyərinin Satıcıya ödənilməsini və onun qəbul edilməsini öhdəsinə götürür. -1.2-ci bəndinə əsasən, Alıcı əmlakı Cavabdeh2 (Lizinq alana) lzinqə verilməsi məqsədi ilə əldə edir. -2.1-ci bəndinə əsasən, Bu müqavilənin predmeti olan əmlakın qiyməti 37111 manat təşkil edir. -2.2-ci bəndinə əsasən Əmlakın qiyməti bu müqavilə qüvvəyə mindikdən sonra 10 gün ərzində Alıcı tərəfindən Satıcıya ödənilir.

14. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2025-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış müqaviləyə əsasən borc yaranmışdır. Həmin vəsaitin 3 (üç) gün müddətində ödənilməsi xahiş edilmişdir. Əks halda lizinq müqaviləsinin şərtlərinin təmin edilməsi və müqavilənin ləğv edilməsi ilə bağlı Cavabdeh2 xəbərdarlıq edilmişdir.

15. ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə 178,76 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

b) Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

- 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. - 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. - 748-1.12 və 748-1.12.4-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. - 750-ci maddəsinə əsasən, lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. - 467-ci maddəsinin tələbinə görə də, məhkəmə işin hallarını, eləcə də kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. - 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. -472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

- 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.5-ci və 115.0.6-cı maddələrinə əsasən, nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. -121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli qərarı:

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır.

19. Məhkəmə baxışının hədləri:

- AR MPM-nin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi:

20. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir.

21. Məhkəmə ilkin olaraq iş materialları və yuxarıda sadalanan maddi hüquq normalarına əsasən qeyd edir ki, hazırki iş üzrə iddiaçı (lizinq verən) ilə cavabdeh (lizinq alan) arasında etibarlı şəkildə bağlanmış lizinq müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Belə ki, iddiaçı lizinq obyekti qismində avtomobili müəyyən haqq müqabilində cavabdehin müvəqqəti sahiblik və istifadəyə verməyi, cavabdeh isə lizinq obyektini lizinq müqaviləsinin şərtləri əsasında lizinq ödənişi ödəməyi öhdəsinə götürmüşdür.

22. Məhkəmə hesab edir ki, lizinq obyektini cavabdehə müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi sübut etmək vəzifəsi iddiaçının üzərinə, lizinq müqaviləsi üzrə ödənişləri həmin müqavilənin şərtləri əsasında ödənilməsini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür.

23. İş materialları araşdırılakən müəyyən edildi ki, mübahisəli hüquq münasibətlərində lizinq verən qismində çıxış edən iddiaçı müqavilə üzrə öhdəliklərini icra edərək lizinq obyekti olan 2015-ci il buraxılışlı, ** YX *** dövlət qeydiyyat nişanlı, “BMW528İ” minik markalı, ban nömrəsi WBA5A5C51GG350131, mühərrik nömrəsi A5771324 olan, tünd göy metallik rəngli minik avtomobili lizinq alan Cavabdeh2 təhvil verilmiş, lakin “Lizinq Alan” Cavabdeh2 xx.xx.2024-cü il tarixli, SL0225587-2024 nömrəli Lizinq müqaviləsindən irəli gələn öhdəliklərini lazımınca yerinə yetirməyərək ödəniş qrafiki üzrə lizinq ödənişlərinin ödənilməsini gecikdirmişdir.

24. Məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də Cavabdeh2 müqavilə üzrə lizinq verən qarşısında öhdəlik götürdüyündən və o, müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, həmçinin zamin Cavabdeh1 qeyd edilən lizinq müqaviləsi üzrə iddiaçı qarşısında Cavabdeh2 ilə birlikdə eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürdüyünə görə, o da iddiaçı qarşısında lizinq müqaviləsi üzrə öhdəliklərin icra edilməməsinə görə birgə məsuliyyət daşımalıdır.

25. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış lizinq müqaviləsinin hüquqi qüvvəsi məsələsinin şərh edilməsi zəruridir.

26. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyindən çıxış edərək qeyd edir ki, iddiaçı cavabdehə gecikdirilmmiş lizinq ödənişlərinin ödənilməsi və lizinq obyektinin qaytarılması barədə xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubu göndərməklə cavabdehlə aralarındakı müqavilənin ləğvinə dair iradəsini ifadə etməklə həmin müqaviləni məhkəmədən kənar qaydada ləğv etmişdir.

27. Lakin, iddiaçı cavabdehlərdən 24477,08 manat əsas, 3793,65 manat mükafat məbləğini tələb edərkən, cavabdeh ilə aralarında bağlanmış lizinq müqaviləsinin ləğvini və bu ləğvin hüquqi nəticələrini nəzərə almamışdır. Mülki Məcəllənin 750-ci maddəsinə əsasən, lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehə qarşı müqavilənin ləğvi anına qədər yaranmış tələbləri irəli sürə bilər.

28. Məhkəmə, həmçinin hesab edir ki, iddia tələbi lizinqə verilmiş lizinq obyektinin qaytarılması hissəsinə münasibətdə əsaslıdır. Belə ki, mülki qanunvericiliyin tələbinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh 12 ay ərzində cəmi 2 dəfə ödəniş etmişdir. Göründüyü kimi cavabdeh müqavilə ilə nəzərdə tutulan ödəniş müddətlərini ardıcıl olaraq iki dəfədən artıq pozmuşdur.

29. Eyni zamanda, iş materiallarından müəyyən olunur ki, iddiaçı tərəfindən ödəniş cədvəlinə müvafiq olaraq ödənişin başlanğıc tarixi olan xx.xx.2024-cü il tarixdən, müqavilənin ləğv olunduğu xx.xx.2025-ci il tarixə cavabdehin (Lizinq alan) ödəməli olduğu lizinq ödənişi, 11183,28 manat lizinq məbləği və 6412,32 manat lizinq mükafatı olmaqla, cəmi 17595,6 manat (1466,30 x 12 ay = 17595,6) təşkil edir. Lakin cavabdeh tərəfindən həmin müddətdə lizinq məbləğindən 1647,92 manat, lizinq mükafatından isə 1285,66 manat olmaqla, cəmi 2933,58 manat məbləğində ödəniş edilmişdir.

30. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, cavabdehin (Lizinq alanın) müqavilənin ləğv olunduğu xx.xx.2025-ci il tarixə (Lizinq alan) ödəməli olduğu əsas lizinq məbləği 11183,28 manat və lizinq mükafatı isə 6412,32 manat olduğundan, həmin məbləğlərdən cavabdeh tərəfindən edilmiş ödənişlər çıxılmalıdır. İş materiallarından göründüyü kimi cavabdeh tərəfindən lizinq məbləğindən 1647,92 manat, lizinq mükafatından isə 1285,66 manat olmaqla, cəmi 2933,58 manat məbləğində ödəniş edilmişdir. Belə olan halda, cavabdehin iddiaçıya olan borcu, əsas borc üzrə 9535,36 manat (11183,28 – 1647,92), lizinq mükafatı üzrə isə 5126,66 manat (6412,32-1285,66) təşkil edir.

31. Qeyd olunanlara əsasən, məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi əsas borca dair 9535,36 manat hissədə, mükafata dair isə 5126,66 manat hissədə əsaslıdır.

32. Məhkəmə iddiaçı tərəfindən hesablanan və tələb olunan, xx.xx.2024-cü il tarixli, SL0225587-2024 nömrəli Lizinq müqaviləsinə əsasən hesablanmış 1313,9 manat cərimə borcuna münasibətdə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki qanunvericiliyində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Tərəflər bu prinsiplər çərçivəsində Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, SL0225587-2024 nömrəli Lizinqi müqaviləsinin 8.1-ci bəndinə əsasən lizinq müqaviləsi üzrə ödənməli olan məbləğin və ya onun bir hissəsinin ödənilməsi gecikdirildikdə iddiaçı hər gecikdirilən gün üçün müvafiq kredit məbləği qalığının 0.1% məbləğində, cərimə borcu hesablamaq hüququna malikdir. Məhkəmə hesab edir ki, müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilələradə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır, Lakin məhkəmə, tərəflərin həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq hesab edir ki, cərimə məbləği tənasübsüz surətdə yüksək hesablandığından, azaldılaraq 200 manat məbləğində müəyyən edilməsi işin hallarına mütənasib və ədalətli olar.

33. Məhkəmə, həmçinin hesab edir ki, əvvəlcə bağlanmış lizinq müqaviləsinin hüquqi qüvvəsi məsələsinin şərh edilməsi zəruridir.

34. Məhkəmə qeyd edir ki, Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan mövqeyinə görə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.

35. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə iddiaçı cavabdehə xəbərdalıq məkubu göndərməklə iradə ifadəsini bəyan etdiyindən və həmin vaxtdan cavabdeh ilə aralarında bağlanmış lizinq müqaviləsi ləğv edilmiş hesab edildiyindən, iddiaçının iradə ifadəsi ilə artıq ləğv edilmiş müqavilənin, iddiaçının iddiası üzrə də məhkəmə qaydasında ləğv edilməsinə lüzum yoxdur.

36. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, lizinq predmeti olan 2015-ci il buraxılışlı, **-YX-*** dövlət qeydiyyat nişanlı, “BMW528İ” minik markalı, ban nömrəsi WBA5A5C51GG350131, mühərrik nömrəsi A5771324 olan, tünd göy metallik rəngli minik avtomobili iddiaçıya geri qaytarılmalı, cavabdehlərdən 9535,36 manat əsas borc, 5126,66 manat mükafat və 200 manat cərimə olmaqla, cəmi 14862,02 manat məbləğində pul vəsaiti müştərək qaydada tutularaq iddiaçıya ödənilməli və iddia qalan hissədə təmin edilməməlidir.

Məhkəmə xərcləri:

37. Məhkəmə AR MPM-nin 119.1-ci maddəsinə əsasən qeyd edir ki, iddia qismən təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumuna görə iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 134,59 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan 44,17 manat hissəsi isə iddiaçıya aid edilməlidir.

Nəticə

38. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

q ə t e t d i:

İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 9535,36 manat əsas borc, 5126,66 manat mükafat və 200 manat cərimə olmaqla, cəmi 14862,02 (on dörd min səkkiz yüz altmış iki manat, iki qəpik) manat məbləğində lizinq ödənişi və ödənilmiş dövlət rüsumuna görə 134,59 (bir yüz otuz dörd manat, əlli doqquz qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Lizinq obyetki olan 2015-ci il buraxılışlı, **-YX-*** dövlət qeydiyyat nişanlı, “BMW528İ” minik markalı, ban nömrəsi WBA5A5C51GG350131, mühərrik nömrəsi A5771324 olan, tünd göy metallik rəngli minik avtomobili İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə geri qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş qalan 44,17 manat (qırx dörd manat, on yeddi qəpik) manat dövlət rüsumu İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Rəmzi Nəbiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar