Məhkəmə qərarları › İş №e-2-2(121)-1409/2025

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-1409/2025

15.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-1409/2025 15.10.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı “X6 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “X6 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsas borca görə 10931 manat, hesablanmış cərimə borcuna görə 2186,20 manat, ödənilmiş dövlət rüsumuna görə 130 manat olmaqla, cəmi 13247,20 manat pulun Cavabdeh alınaraq “X6 Kompleksi” MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, alıcı qismində (İddiaçı) “X6 Kompleksi” MMC, tədarükçü qismində “X6 Kompleksi” MMC-nin “X4 və Emalı Zavodu” və fermer (Cavabdeh) Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 037 saylı xam-pambığın alğı-satqı müqaviləsinə əsasən Cavabdeh öhdəsində olan 20.00 hektar torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkməyi və hər hektardan 30 sentnerdən az olmamaqla xam pambıq istehsal etməklə iddiaçıya (Alıcıya) satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 15931,00 manat məbləğində avans vəsaitlər (nağd vəsait, dərman, çiyid, gübrə və.s.) verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Müqavilə şərtlərinə əsasən, Cavabdeh götürdüyü avansın dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra, təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Lakin cavabdeh yaranmış borcdan 5.000 manat dəyərində xam-pambıq verməklə ödəmişdir. Beləliklə, cavabdeh tərəfindən 2022-ci il mövsümü üzrə xx.xx.2021-ci il tarixli, 037 saylı müqavilənin 2.1.1, 2.1.7, 5.2-ci bəndlərini pozaraq götürdüyü avans müqabilində borcunu tam ödəməmişdir. Nəticədə cavabdehin iddiaçıya 10.931 manat borcu qalmışdır. Bundan əlavə, Müqavilənin 5.2-ci bəndinə əsasən cavabdeh müqavilədə nəzərdə tutulan miqdarda xam-pambıq vermədiyi halda yerinə yetirilməyən öhdəlik üzrə xam-pambığın 1-ci növ qiyməti ilə (1-ci növ xampambığın 1 tonunun qiyməti 700 manatdır.) 20% həcmində cərimə ödəməlidir ki, bu cərimənin də məbləği 2,186.2 manat təşkil edir. Qaytarılmamış avans məbləğin cəriməsi: 10931 manat х 20% = 2,186.2 manat. Eyni zamanda xx.xx.2023-cü il tarixli üzləşmə aktında borclu Cavabdeh xx.xx.2021-ci il tarixli, 037 saylı xam-pambığın alqı-satqı müqaviləsini pozaraq öhdəliyində 10931 manat məbləğində borcu qaldığı təsdiq edilmişdir. Bununla yanaşı, cavabdehin qeydiyyatda olduğu ünvan üzrə, həmçinin elektron kargüzarlıq qadasında cavabdehə rəsmi pretenziya məktubu göndərilməklə 3 iş günü müddətində borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə isə müqavilə öhdəliyini yetirilməməsinə görə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Buna baxmayaraq məsələnin məhkəmədən kənar həllinə heç bir təşəbbüs göstərilməmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixində etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın əsasız olduğunu bildirmişdir. Ərizə onunla əsaslanmışdır ki, X3 uzun illərdir kənd təsərrüfatı məhsullarının, o cümlədən pambığın əkilib-becərilməsi ilə məşğuldur. O, əsasən "xxxx" MMC ilə bağladığı müqavilələr əsasında pambıq əkini həyata keçirmiş, bu illər ərzində zavodla ciddi problem yaşamamışdır (2020 və 2022-ci illər istisna olmaqla). 2020-ci təsərrüfat ili üzrə: Həmin təsərrüfat ilində zavodun nümayəndələri X1 xəbəri və razılığı olmadan onun adına 1,3 hektar əkin, 12 hektar kultivasiya işləri, 32 kq çiyid toxumu və 0,5 litr dərman rəsmiləşdirmişlər. Ümumilikdə: Kultivasiya – 144 manat, Şüma – 54 manat, Çiyid – 170 manat, Dərman – 23 manat olmaqla, cəmi 391 manat məbləğ onun adına yazılmışdır. X3 bu məsələ ilə bağlı dəfələrlə zavoda müraciət etsə də, nəticə əldə edə bilməmişdir. 2022-ci təsərrüfat ili üzrə: Həmin il X3 20 hektar pambıq əkini üzrə müqavilə bağlamış və əkin işlərini həyata keçirmişdir. Lakin yığım dövründə onun səhhətində yaranmış psixoloji problemlər və Ermənistanın təcavüzü nəticəsində yaşayış evinə və əmlakına ciddi zərər dəyməsi səbəbindən əraziyə nəzarət edə bilməmişdir. Hadisə nəticəsində onun evi tamamilə dağılmış, məişət əşyaları məhv olmuş, dövlət tərəfindən vəd edilən maddi yardım isə bu günə kimi tam şəkildə ödənilməmiş, yalnız 2000 manat məbləğində cüzi vəsait verilmişdir. Ərazinin kənddən təxminən 13 km məsafədə yerləşməsi və yolların bərbad vəziyyətdə olması səbəbindən X3 məhsulun zavod nümayəndələri tərəfindən yığılmasına etiraz etməmişdir. O, pambıq yığımının naviqasiya sistemi, yol qaimələri və tərəzi uçotu vasitəsilə tam izlənildiyini nəzərə alaraq, hər hansı neqativ halın baş verməyəcəyini düşünmüşdür. Lakin yekunda zavod tərəfindən ona borcunun qaldığı bildirilmişdir. Aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, onun adına heç bir pambıq təhvil verilməmiş, məhsul Şirinov Eldəniz adlı başqa bir fermerin adına rəsmiləşdirilmişdir. Sonradan müəyyən edilmişdir ki, Beynəlxalq Bank vasitəsilə Cavabdeh hesabına 5000 manat nağd vəsait ödənilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, sahədə pambıq yığımını Hacıyev Nizami və Əlyar Mirzəyev adlı kombaynerlər həyata keçirmiş, kombaynın naviqasiya sistemi məlumatlarını dəyişdirərək pambıq yığımını başqa şəxsin adına rəsmiləşdirmişlər. Zavodda sənədlərə baxış zamanı X1 adına 10 hektar əkin, şum və digər əsassız qəbzlərin tərtib edildiyi aşkar olunmuşdur. Zavod əməkdaşları məsuliyyət daşımaqdan imtina edərək, ona məhkəməyə müraciət etməyi tövsiyə etmişlər. Maddi imkansızlıq səbəbindən o, məhkəmə xərclərini qarşılaya bilməmiş və məsələ hüquqi müstəvidə araşdırılmamışdır. Aparılmış şəxsi araşdırma nəticəsində müəyyən edilmişdir ki, 2022-ci il üzrə həmin ərazidən 26.900 kq xam pambıq yığılmış, lakin bu məhsulun onun adına rəsmiləşdirilməməsinin səbəbi izah olunmamışdır. Ehtimal olunur ki, əldə edilmiş vəsait Əlyar Mirzəyev və zavodda fəaliyyət göstərən bir qrup şəxs tərəfindən mənimsənilmişdir. Dövlət tərəfindən məhsula görə ayrılmış subsidiyanın bu günə qədər Cavabdeh tam ödənilmədiyi də müəyyən edilmişdir. Cavabdeh dəfələrlə Əlyar Mirzəyevdən vəsaitin geri qaytarılaraq zavoda ödənilməsini tələb etsə də, məsələ öz həllini tapmamışdır. Hesab edir ki, bu məsələ Azərbaycan Respublikası Baş Prokurorluğunun Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırılmalıdır. O, üzərində borc öhdəliyi olduğu halda belə, 2025-ci təsərrüfat ilində borcun ödənilməsinə hazır olduğunu bildirir. Əgər onun etirazı məhkəmə tərəfindən əsassız hesab edilərsə, 2-2(121)-1409/2025 saylı iş üzrə icra materiallarına müvafiq qəbzlərin əlavə edilməsini tələb edir. 2020-ci il üçün əkin qəbzləri, çiyid qəbzləri toxumluq, 2022-ci il üçün ərazi yığan kombayının məlumatları ödənilmiş pullar haqqında qəbzləri, əkin şumun qəbzləri digər iş kimliyini, fermer Şirinov Eldənizin adına dekabr ayında verilmiş məhsullar, xam pambığ daşyan traktorcunun yol qəbzləri və pambığın qəbul qəbzlərini tələb edir. Bir daha bildirir ki, pambığın qəbul qəbzlərinin təqdim olunmasını tələb edir. “X6 Kompleksi” MMC-nin ona qarşı irəli sürdüyü pul tələbi tamamilə əsassızdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş məhkəmə-xəttşünaslıq ekspertizasının nəticəsinə dair 4/1101 nömrəli, xx.xx.2025-ci il tarixli rəy ilə müəyyən olunmuşdur ki, ekspertizaya təqdim edilmiş, xx.xx.2022-ci il tarixli 009613 nömrəli texnika ilə göstərilmiş avans xidmət barədə aktın sonunda “5. CavabdehQ” qrafasındakı imza; xx.xx.2022-ci il tarixli 006393 nömrəli texnikası ilə göstərilmiş avans xidmət barədə aktın sonunda “5. Cavabdeh” qrafasındakı imza; 15 aprel 2022-ci il tarixli 007291 nömrəli texnikası ilə göstərilmiş avans xidmət barədə aktın sonunda "5 Qurbanov" qrafasındakı imza; 16 aprel 2022-ci il tarixli AZP seriyalı 001433 nömrəli texnikası ilə göstərilmiş avans xidmət barədə aktın sonunda "5" rəqəmin qarşısındakı imza; 03 iyul 2022-ci il tarixli 004620 nomreli texnikası ile göstərilmiş avans xidmət barədə aktın sonunda" 5. F Qurbanov" qrafasındakı imza Cavabdeh tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, 02 noyabr 2021-ci il tarixli 010505 nömrəli texnika ilə göstərilmiş avans xidmət barədə aktın sonunda "5. Cavabdeh" qrafasındakı imza; xx.xx.2022-ci il tarixli 010335 nömrəli texnikası ilə göstərilmiş avans xidmət barədə aktın sonunda "5" rəqəmin qarşısındakı imza; xx.xx.2022-ci il tarixli 003109 nömrəli texnikası ilə göstərilmiş avans xidmət barədə aktın sonunda "5. Qurbanov fikirədin" qrafasındakı imza; 18 may 2022-ci il tarixli 007699 nömrəli texnikası ilə göstərilmiş avans xidmət barədə aktın sonunda "5" rəqəmin qarşısındakı imza; 09 iyun 2022-ci il tarixli 012837 nömrəli texnikası ilə göstərilmiş avans xidmət barədə aktın sonunda "5. Qurbanov Fikrətdin" qrafasındakı imza; 19 iyun 2022-ci il tarixli 003721 nömrəli texnikası ilə göstərilmiş avans xidmət barədə aktın sonunda "5. Qurbanov Fikrətdin" qrafasındakı imza; 07 iyul 2022-ci il tarixli 004645 nömrəli texnikası ilə göstərilmiş avans xidmət barədə aktın sonunda "5. Qurbanov Fikrətdin" qrafasındakı imza; 10 iyul 2022-ci il tarixli 004647 nömrəli texnikası ilə göstərilmiş avans xidmət barədə aktın sonunda "5. Qurbanov Fikrətdin" qrafasındakı imza; 22 iyul 2022-ci il tarixli 002254 nömrəli texnikası ilə göstərilmiş avans xidmət barədə aktın sonunda "5. Qurbanov Fikrətdin" qrafasındakı imza; 27 iyul 2022-ci il tarixli 002262 nömrəli texnikası ilə göstərilmiş avans xidmət barədə aktın sonunda "5. Qurbanov Fikrətdin" qrafasındakı imza; xx.xx.2022-ci il tarixli 003131 nömrəli texnikası ilə göstərilmiş avans xidmət barədə aktın sonunda "5. Q. Fikirəddin" qrafasındakı imza; xx.xx.2022-ci il tarixli 003143 nömrəli texnikası ilə göstərilmiş avans xidmət barədə aktın sonunda "5. Q. Fikirəddin" qrafasındakı imza Cavabdeh tərəfindən yox, başqa şəxslər tərəfindən icra olunmuşdur. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bilidirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 125 manat təşkil edir. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə baxış iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədiyini, saxta sənədlərlə onun əvəzinə pambıq təhvil verildiyini, sahəsindən xeyli miqdarda pambıq yığıldığını, lakin həmin pambığın başqa şəxsin adına yazıldığını, pambıq təhvil verilməsinə dair qəbzlərə baxış keçirilərsə bunların təsdiq olunacağını bildirmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(121)-1409/2025 nömrəli qərardadı ilə, işdə olan sənədlər işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə kifayət etmədiyi üçün məhkəmə baxış iclasının xx.xx.2025-ci il tarixinə təxirə salınması qərara alınmışdır. Həmçinin, iddiaçıya xx.xx.2025-ci il tarixli sorğu göndərilərək, iddiaçıya məhkəmə icraatında olan işin tam, hərtərəfli və obyektiv araşdırılmasının təmin edilməsi məqsədi ilə iddia tələbinin faktiki hallarına dair sənədlərin, həmçinin Cavabdeh tərəfindən “X6 Kompleksi” MMC-nə təhvil verilmiş pambığın qəbul-təhvil qəbzlərinin məhkəməyə təqdim olunması və xx.xx.2025-ci il tarixə saat 10:00-a təyin olunmuş məhkəmə iclasında nümayəndəsinin iştirakının təmin edilməsi təklif olunmuşdur. Lakin, iddiaçı “X6 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən qeyd olunan sənədlərə məhkəməyə təqdim olunmamışdır, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə, iş materiallarını araşdıraraq, işin müəyyən edilmiş hallarını nəzərə alaraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, əvvəla iş üzrə təyin edilmiş xəttşünaslıq ekspertizası ilə iş aktlarının əksəriyyətində olan imzaların cavabdeh şəxsə məxsus olmadığı müəyyən edilmişdir. Bu nəticə, iddianın əsasını təşkil edən sənədlərin etibarlılığına şübhə yaratmış, yəni həmin sənədlərin sübut qüvvəsini azaldan amil kimi çıxış etmişdir. Digər tərəfdən məhkəmə prosesində sübutetmə vəzifəsi iddiaçı tərəfin üzərinə düşdüyü üçün, sənədlərin doğruluğunu təsdiqləmək və ya alternativ sübutlar təqdim etmək öhdəliyi də iddiaçıya məxsusdur. Lakin iddiaçı, məhkəmənin tələbi ilə istənilən sənədləri təqdim etməmiş və beləliklə, iddia tələblərini sübut etmək imkanından istifadə etməmişdir. Bu şəraitdə məhkəmə işin mahiyyəti üzrə araşdırılmasını məqsədəuyğun saymamış, çünki əsas sübutlar şübhə doğurur və onların təqdim olunmasına dair tələbin yerinə yetirilməməsi prosesi obyektiv aparmağa imkan vermir. Nəticədə məhkəmə, iş üzrə baxışın davam etdirilməsini hüquqi baxımdan əsassız hesab edərək, prosesin baxılmamış saxlanılması qərarına gəlmişdir. Belə ki, iddia ərizəsində iddiaçı “X6 Kompleksi” MMC tərəfindən Cavabdeh avans vəsaitlər (nağd vəsait, dərman, çiyid, gübrə və.s.) verildiyi, müxtəlif xidmətlər göstərildiyi, cavabdehin isə aldığı avans müqabilində borcunu tam ödəmədiyi qeyd olunsa da, həmin halları təsdiq edən sübutlar (iş aktları, təhvil-təslim sənədləri və s.) məhkəməyə təqdim olunmamışdır. Məhkəmə, cavabdehin iddianın tam və ya qismən əsassızlığına dair sübutları məhkəməyə təqdim etməməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, işə mahiyyəti üzrə baxılıb iddianın rədd edilməsi barədə qətnamə çıxarılması məqsədə uyğun deyildir. Buna görə də iddia baxılmamış saxlanılmalıdır. Şərh olunanları yekunlaşdıraraq məhkəmə bu qənaətə gəlir ki, iddiaçı tərəfindən təqdim olunmuş sənədlər əsasında işə mahiyyəti üzrə baxılması mümkün olmadığına görə iddia baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən, iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci və 260.6-cı maddələrinə əsasən iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır və həmin qərardaddan şikayət verilə bilər. Məhkəmə qeyd edir ki, iddia ərizəsinin baxılmamış saxlanılması qərara alındığına görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 114.1 və 114.1.5-ci maddələrinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə həmçinin hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanıldığına görə, ekspertizanın nəticəsinə dair rəylə müəyyən edilmiş hallar nəzərə alınaraq keçirilmiş ekspertizanın xərcini təşkkil edən 125 manat məbləğində vəsait yarı-yarıya olmaqla iddiaçı və cavabdehdən tutularaq ekspertiza mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114, 119, 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı “X6 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 130 manat məbləğində dövlət rüsumu (qəbz nömrəsi **********75) iddiaçı X6 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinə qaytarılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 125 manat məbləğində pul vəsaitinin 62,5 manat hissəsi iddiaçı “X6 Kompleksi” MMC-dən, 62,5 manat hissəsi Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə (VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 Hesab №AZ43CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilsin. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar