Məhkəmə qərarları › İş №e-2-2(121)-1410/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1410/2025

25.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1410/2025 25.06.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Balayeva Sevinc Natiq qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi” barəsində iddiasına dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Tələb:

1. İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh 16438,49 manat məbləğində əsas borcun və 140 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsibarədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC Cavabdeh arasında bağlanmış “Alqı-satqı müqaviləsi” əsasında İddiaçı MMC tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli EBDY seriyalı 815852 nömrəli elektron qaimə əsasında 7461,68 manat, EBDY seriyalı 815803 nömrəli elektron qaimə əsasında 15076,81 manat məbləğində mal satılmışdır. Cavabdeh tərəfindən ümumilikdə 6100 manat ödəniş ödənilmiş, qalıq məbləğ 16438,49 manat bugünə kimi ödənilməmişdir. Cavabdehə Pretenziya göndərilməsinə və pulun ödənilməsi üçün 3 gün müddət qoyulmasına baxmayaraq heç bir nəticə verməmişdir.

Tərəflərin izahatları:

3. Məhkəmə iclasında iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdeh tərəfindən iddiaçıya olan borcundan 5169,50 manat məbləğində əsas, 930,51 ƏDV olmaqla, cəmi 6100,01 (altı min bir yüz manat, bir qəpik) ödəniş etmişdir. Göstərilənlərin nəzərə alınaraq iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. O, məhkəməyə teleqram ünvanlayaraq xəstə olduğu üçün məhkəmə iclasında iştirak edə bilməməsinin nəzərə alınmasını xahiş etmiş, lakin xəstəliyi ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir.

5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar.

6. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

7. Məhkəmə, qeyd olunanlara əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasını keçirilməsini mümkün hesab etmişdir.

İddia ərizəsinə etiraz:

8. Cavabdeh tərəfindən AR MPM-nin 154-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinə qarşı etiraz məhkəməyə təqdim edilməmişdir.

Əsaslandırıcı hissə:

a) İş materialları və sübutların tədqiqi:

9. İddiaçı MMC “(Satıcı”) ilə Cavabdeh (“Alıcı”) arasında bağlanmış xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinin: -1.1-ci bəndinə əsasən, “Satıcı” “Alıcı” tərəfindən göndərilmiş sifarişlərə uyğun olaraq bu müqaviləyə əlavə şəklində qaimə-fakturlarda qeyd olunan mallar “Alıcı”-ya satır, “Alıcı” isə həmin malları qəbul edib dərhal ödənişləri həyata keçirir. - 4.1.1-ci bəndinə əsasən Sifarişlərə uyğun olaraq tərtib edilmiş qaimə-fakturalarda qeyd olunan mallar lazımı qablaşdırmada, çeşiddə QOST 7190-93 keyfiyyətində və sayda bütün zəruri sənədlərlə birlikdə “Alıcı”nın təyinat yerinə çatdırmaqla ona təhvil vermək “Satıcı”nın öhdəliyidir. - 4.2.2-ci bəndinə əsasən “Satıcı” tərəfindən sifarişə uyğun olaraq təyinat yerinə çatdırılmış malları, qaimə-fakturaları təsdiq etməklə təhvil almaq “Alıcı”nın öhdəliyidir. - 4.2.3-cü bəndinə əsasən təhvil alınmış malların dərhal ödənişini həyata keçirmək “Alıcı”nın öhdəliyidir.

10. İş materiallarında olan xx.xx.2024-cü il tarixli elektron qaimələrdən görünür ki, iddiaçı tərəfindən cavabdehə 7461,68 manat və 15076,81 manat məbləğində olmaqla ümumilikdə 22538,49 manat məbləğində mal təqdim edilmişdir.

11. İş materiallarında olan şəxsi hesabdan çıxarışlardan görünür ki, xx.xx.2024-cü il tarixdə 1779,66 manat, xx.xx.2024-cü il tarixdə 1694,92 manat, xx.xx.2024-cü il tarixdə 1694,92 manat olmaqla, ümumilikdə 5169,50 manat məbləğində pul vəsaiti İddiaçı MMCnin hesabına köçürülmüşdür.

12. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli, pretenziya məktubunun surətindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış alqı-satqı müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə cavabdeh məlumatlandırılmışdır

13. ********** ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 140 manat dövlət rüsumu ödənilmişdir.

b) Tətbiq edilən hüquq:

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

- 567-ci maddəsinə əsasən alğı-saqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin əcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə- hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. -600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə də, məhkəmə işin hallarını, eləcə də kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

- 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. -115.0.5-ci və 115.0.6-cı maddələrinə əsasən, nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

16. Məhkəmə baxışının hədləri:

- AR MPM-nin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi:

17. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir.

18. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin müəyyən olunan hallarına əsasən hesab edir ki, İddiaçı MMC ilə Cavabdeh arasında etibarlı şəkildə bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn münasibətlər mövcuddur. Ona görə ki, tərəflər arasında bağlanmış müqavilədən göründüyü kimi İddiaçı MMC həmin müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında “Alıcı”ya qaimə-fakturlarda qeyd olunan malların verilməsini, Cavabdeh isə müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürmüşlər.

19. Məhkəmə qeyd edir ki, iddianın əsasını, müqavilə üzrə “Satıcı”ya aid öhdəliklərin lazımınca yerinə yetirilməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə, tələb olunan borc qalığının iddiaçıya ödənilməsini sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür.

20. Məhkəmə hesab edir ki, idddiaçı öz tələbinin əsasını qanuna uyğun dəlillərlə sübut etmiş, lakin cavabdeh lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddia ərizəsinə etiraz verməmiş, iddianın əsassızlığına dair sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə, alqı-satqı müqaviləsi üzrə öhdəliyin cavabdeh tərəfindən lazımınca yerinə yetirilməməsinin tam sübut olunduğu qənaətinə gəlir.

21. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı alqı-satqı müqaviləsindən irəli irəli gələn üzərinə düşən öhdəlikləri icra etmiş, ümumilikdə 22538,49 manat dəyərində malları alıcıya təhvil vermiş, lakin Cavabdeh İddiaçı MMC-yə xx.xx.2024cü il tarixdə 1779,66 manat, xx.xx.2024-cü il tarixdə 1694,92 manat, xx.xx.2024-cü il tarixdə 1694,92 manat, cəmi 5169,50 manat əsas borc və 930,51 manat ƏDV (5169,5 manat x 18% = 930,51 manat) olmaqla, ümumilikdə 6100,01 (altı min bir yüz manat, bir qəpik) ödəniş etmişdir.

22. Göründüyü kimi cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqavilədən irəli gələn öhdəliklərini lazımınca icra etməmiş, nəticədə isə cavabdehin iddiaçıya 16438,48 manat borcu ödənilməmiş qalmışdır.

23. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin iddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə cavabdehə qarşı hazırki iddia tələbini irəli sürmək hüququ vermişdir. Bu səbəbdən məhkəmə belə nəticəyə gəlir ki, iddia əsas borca münasibətdə qismən təmin edilməli, cavabdehdən 16438,48 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmə xərcləri:

24. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli və iddia təmin edildiyindən iş üzrə ödənilmiş 140 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.

Nəticə

25. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

q ə t e t d i:

İddia qismən təmin edilsin. Cavabdeh 16438,48 (on altı min dörd yüz otuz səkkiz manat, qırx səkkiz qəpik) manat əsas borc və ödənilmiş dövlət rüsumuna görə 140 (bir yüz qırx) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Rəmzi Nəbiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar