Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-142/2024 13.02.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Musayev Fərhad Böyükağa oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 1922,31 manat borcun və 60 manat ödənilmiş mediasiya xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin Füzuli Filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 07/21-77 saylı alğı-satqı müqaviləsinə əsasən cavabdeh, Füzuli rayonu, Qarabağ kəndi ərazisində 2.0 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan (fermerin ötən ildən qalan 1378.0 manat borcunu nəzərə almaqla) 2518,80 manat vəsaiti (iş və xidməti) avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında; 76,00 manat məbləğində 1-ci şum, 68,00 manat məbləğində mala, 30,00 manat məbləğində gübrə ilə çiyid səpini, 64,00 manat məbləğində kultivasiya, 26,00 manat məbləğində dərman səpini, 416.00 manat məbləğində dərman-gübrə, 460,80 manat məbləğində toxum, cəmi 1140,80 manat, ötən ildən qalan 1378.00 manat borcu nəzərə almaqla cəmi: 2518.80 manat dəyərində işlər görülmüş, xidmətlər göstərilmişdir. Lakin, cavabdeh müqavilənin şərtlərini pozaraq mövsum başa çatsa da, 596,49 manat məbləğində 745,61 kq xam-pambıq təhvil vermişdir. Bununla da cavabdehin iddiaçıya 1922.31 manat borcu qalmışdır. Cavabdehin borclu qalması iş və xidmətlərin görülməsi barədə akt, qaimə və ödəmə tapşırıqları, hər iki tərəfin imzası ilə təsdiq edilmiş üzləşmə aktı və digər sənədlərlə təsdiq edilir. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq cavabdeh borcunu ödəməkdən üzürsüz səbəblərdən yayınmışdır. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, həmçinin gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarına, iş materiallarında olan sənədlərə, iddiaçının nümayəndəsinin məhkəmə iclaslarında verdiyi izahatına və məhkəmə iclasında tədqiq olunmuş digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan fiziki şəxs sahibkarlıq subyekti haqqında məlumatdan görünür ki, Cavabdeh sahibkarlıq subyekti kimi xx.xx.2019-cu il tarixində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi – VÖEN (**********) verilmişdir və o, hal-hazırda Füzuli rayonu, Mahmudlu-2 K kəndində qeydiyyatdadır. İş materiallarında olan P-Aqro” MMC-nin Füzuli filialının direktoru X4 ilə Füzuli rayonu, Mahmudlu-2 kənd sakini Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Xam-pambığın alqı-satqısına dair” 07/21-77 nömrəli müqavilənin: 1.1-ci bəndinə əsasən, müqavilənin predmetini “Alıcı” tərəfindən “Satıcı”ya məxsus (mülkiyyətində olna və ya istifadəsində olan) Füzuli rayonu, Qarabağ kəndində yerləşən 2.00 hektar torpaq sahəsində pambığın becərilməsi ilə əlaqədar aqrotexniki iş və xidmətlərin razılaşdırılmış müddət, qiymət və həcmdə keyfiyyətlə yerinə yetirilməsi, “Fermer” tərəfindən yığılmış məhsulun bu müqavilə ilə müəyyən olunmuş şərtlər daxilində, “Satıcı” tərəfindən yığılmış məhsulun bu müqavilə ilə müəyyən olunmuş şərtlər daxilində “Alıcı”ya təhvil verilməsi və “Alıcı” tərəfindən “Satıcının” borcları çıxılmaq şərti ilə məhsulun nəmliyi, zibilliyi və növü nəzərə alınmaqla onun dəyərinin ödənilməsi təşkil edir. 2.1.7-ci bəndinə əsasən, “Alıcı” “Satıcı”nın yetişdirdiyi pambığı qəbul edir, müqavilənin 4-cü bəndinə uyğun olaraq növlər üzrə xam pambığın hər tonuna görə müəyyən edilmiş qiymətlər əsasında və “Satıcı”nın bütün borcları, ilk növbədə 2017-2021ci il müqavilələri üzrə qalıq borcları çıxıldıqdan sonra 15 bank günündən gec olmayaraq dəyərini ödəyir. 4.1-ci bəndinə əsasən, “Alıcı” nəmlik, zibillik və növünə görə qüvvədə olan təlimat və standartlara əsasən xam pambığı “Satıcı”dan (istehsalçıdan) aşağıdakı qiymətə qəbul edir: İ növ -700 AZN/ton, İİ növ – 680 AZN/ton, İİİ növ – 640 AZN/ton, İV növ – 600 AZN/ton; 7.1-ci bəndinə əsasən, hazırki müqavilə imzalandığı gündən qüvvəyə minir və müqavilədən irəli gələn öhdəliklər tam icra olunanadək qüvvədədir. İş materiallarında olan İddiaçı MMC-nin Füzuli filialının direktor X4 ilə Füzuli rayonu, Mahmudlu-2 kənd sakini Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Xampambığın alqı-satqısına dair” 07/21-77 nömrəli müqaviləyə 1 nömrəli Əlavədən görünür ki, tərəflər arasında müqavilənin tərkib hissəsi olan qiymətlərin razılaşdırılması haqqında protokol imzalanmışdır . İş materiallarında olan İddiaçı MMC-nin Füzuli Filialı ilə Cavabdeh arasında imzalanmış xx.xx.2021-ci il tarixli “iş və xidmətlərin yerinə yetirilməsi” aktına əsasən, fermer Cavabdeh ümumilikdə 2518,80 manat məbləğində vəsait ayrılmış, fermerdən alınmış xam pambıq və fermer tərəfindən dərman və gübrə üçün ödənilmiş subsidiya ümumilikdə 596,49 manat təşkil etmiş, nəticədə fermerin 1922,31 manat borcu qalmışdır. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2023-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı MMC tərəfindən pambığın becərilməsi ilə bağlı Cavabdeh ödənilmiş 1922,31 manat borcun ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun İddiaçı MMC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. İş materiallarında olan “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”ın surətindən görünür ki, İddiaçı MMC-nin ərizəsinə əsasən xx.xx.2023-cü il tarixinə təyin edilən mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. İş materiallarında olan “arayış”ın surətindən görünür ki, İddiaçı MMC ilkin mediasiya sessiyasının keçirilməsi üçün Cəbrayıl 1 saylı Mediasiya Təşkilatının hesabına 60 manat vəsait ödəmişdir. Məhkəmə, işin qeyd olunan faktiki hallarına əsasən müəyyən edir ki, iş üzrə tərəflər öz aralarında müqavilə bağlayaraq razılığa gəlmişlər ki, iddiaçı cavabdehə məxsus olan sahədə xam pambıq əkilməsi və tədarük mövsümündə yığılmış xam pambığın iddiaçıya satılması müqabilində cavabdehə müxtəlif aqrotexniki xidmətlərin göstərilməsini, həmçinin cavabdehə avans olaraq nağd pul vəsaitinin verilməsini, cavabdeh isə tədarük etdiyi xampambığın ilk olaraq iddiaçı tərəfindən göstərilmiş xidmətlərin, verilmiş malların və nağd pul vəsaitinin qaytarılması məqsədi ilə iddiaçıya verilməsini, bundan sonra tədarük ediləcək xam pambığın razılaşdırılmış qiymətə iddiaçıya satılmasını öhdələrinə götürürlər. Həmin razılığa əsasən iddiaçı cavabdehə ümumilkdə 2518,80 manat (ötən illərdən qalan borc məbləği daxil olmaqla) pul vəsaitini verməsinə baxmayaraq, bunun müqabilində cavabdehin 596,49 manat dəyərində xam pambıq təhvil verdiyini, qalan 1922,31 manat borc məbləğini isə qaytarmadığını iddia edir. Məhkəmə ilk növbədə tərəflər arasında yaranmış hüquq münasibətinin xarakterini aşkara çıxararaq ona hüquqi qiymət verməyi, bununla da iddia tələbinin maddi hüquqi əsasını müəyyən etməyi zəruri sayır. Məhkəmə işdə olan sənədlərə əsasən müəyyən edir ki, iddiaçı xam pambığın alğısatqısına dair razılığa gəldiklərini nəzərə alaraq pambığın əkilməsi üçün cavabdehə avans olaraq müvafiq xidmətlər göstərmişdir. İddia ərizəsinin məzmunundan və iddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatından, eləcə də işin mübahisə olunmayan faktiki hallarına əsasən gəlinən qənaətdən belə nəticə çıxarmaq olur ki, iddiaçı tərəfindən avans olaraq cavabdehə göstərilmiş xidmətlərin təyinatı alınan əşyanın qabaqcadan qismən ödənilməsindən ibarət olmuşdur. Məhkəmə, şərh olunanları nəzərə alaraq tərəflərin daxil olduqları hüquq münasibətinin xarakteri ilə bağlı qeyd edir ki, tərəflər arasında müqavilə münasibətlərindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır və həmin münasibətlər struktur baxımından mülki qanunvericilikdə nəzərdə tutulmuş alqı-satqı müqaviləsinə daha çox uyğun gəlir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki halları bu nəticəyə gəlməyə əsas verir ki,iddiaçı tərəfindən cavabdehə göstərilən xidmətlərin təyinatı cavabdehin ona məxsus olan sahədən məhsul əldə etməsinə və sonradan həmin məhsulun razılaşdırılmış qiymətlərlə iddiaçıya satılmasına nail olmaqdan ibarət olmuşdur. Bu isə son nəticədə tərəflər arasında cavabdehin istehsal etdiyi məhsulun alqı-satqısının həyata keçirilməsi barədə konsensual razılığın əldə edildiyini göstərir. Buna görə də məhkəmə hesab edir ki, işin müəyyən edilən faktiki halları Azərbaycan Respublikası Mülki Məcəlləsinin alğı-satqı müqaviləsinin leqal tərifini nəzərdə tutan 567-ci maddəsinin dispozisiya şərtlərinə uyğun gəlir. Bu səbəbdən, tərəflər arasında yaranmış hüquq münasibəti, onların müqavilə münasibətlərinə daxil olarkən güddükləri hüquqi niyyət və məqsəd nəzərə alındıqda alğı-satqı müqaviləsi kimi qiymətləndirilməlidir. Məhkəmə, həmçinin iddiaçının hazırki tələbi irəli sürməsi üçün subyektiv hüquqa malik olub-olmamasına və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmamasına münasibət bildirməyi vacib hesab edir. İşin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddiaçının hazırki tələblə bağlı subyektiv hüququ tərəflər arasında bağlanılmış xam pambığın alqı-satqısına dair müqavilədən irəli gəlir. Həmin razılaşmanın şərtlərinə görə iddiaçı xam pambıq əkilməsi və tədarük mövsümündə yığılmış xam pambığın iddiaçıya satılması məqsədi ilə cavabdehə xidmətlər göstərilməsi şəklində avans verilməsini öhdəsinə götürmüşdür. İşin mübahisəsiz hallarından görünür ki, iddiaçı tərəfindən avans olaraq cavabdehə 2518,80 manat dəyərində işlər görülmüş, xidmətlər göstərilmişdir. Cavabdeh isə razılaşma üzrə öz üzərinə düşən öhdəliyi tam yerinə yetriməmiş, cəmi 596,49 manat dəyərində olan 745,61 kq xam pambıq təhvil vermiş və nəticədə onun iddiaçıya 1922,31 manat məbləğində borcu yaranmışdır. Cavabdehin ödənilməmiş avans borcunun qalması işdə olan sənədlərlə və cavabdehin “üzləşmə aktı”nı imzalamaqla etdiyi etirafı ilə tam təsdiq olunur. Beləliklə müəyyən olunur ki, iddiaçının hazırki tələblə çıxış etməsi üçün subyektiv hüququ vardır və həmin hüquq cavabdeh tərəfindən pozulmuşdur. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının Cavabdeh qarşı pul tələbinə dair tələbi qanuni və əsaslıdır. Məhkəmə hesab edir ki, iddianın maddi hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı normaları təşkil edir. Mülki Məcəlləinin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 599.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirir. Mülki Məcəllənin 599.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. İddiaçının cavabdehə verdiyi avansın qaytarılmasına dair tələbi həmçinin öhdəlik hüququnun ümumi normalarının tələblərindən də irəli gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki halları belədir ki, tərəflər arasında xam pambığın alğı-satqısına dair konsensual müqavilə bağlanılmışdır. İddiaçı müqavilə üzrə öhdəliyini icra edərək cavabdehə avans olaraq 2518,80 manat dəyərində işlər görmüş, xidmətlər göstərmişdir, lakin cavabdeh razılaşmaya əsasən üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin avans vəsaitə görə iddiaçıya 1922,31 manat borcu yaranmışdır. Buna görə də həmin borc cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Məhkəmə həmçinin iddianın 60 manat mediasiya xərcinin cavabdehdən tutulmasına dair hissəsini də əsaslı hesab edir. Belə ki, Cavabdeh öhdəlik hüquq münasibətlərindən irəli gələn vəzifələrini lazımınca icra etmədiyinə görə iddiaçının məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərcini ödəməsi ilə iddiaçıya əlavə zərər vurmuşdur. Buna görə də, iddiaçının mediasiya xərcini ödəməsi nəticəsində çəkdiyi əlavə xərc də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, hazırki iş üzrə iddia ərizəsinin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddiaçı 39.22 manat rüsum ödəməli olduğuna, lakin həmin Qanunun 9.1-1-ci maddəsinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunduğuna, həmçinin iddia tələbi qismən təmin olunduğuna görə qeyd edilən dövlət rüsumu cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia ərizəsi təmin edilsin. Cavabdeh 1922,31 manat borc və 60 manat mediasiya xidmətinin göstərilməsi üçün ödənilmiş məbləğ olmaqla, cəmi 1982,31 manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddia ərizəsinin verilməsinə görə nəzərdə tutulan 39.22 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilsin və Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-142/2024
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-142/2024
13.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver