Məhkəmə qərarları › İş №e-2-2(121)-1422/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1422/2025

25.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1422/2025 25.06.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Balayeva Sevinc Natiq qızının katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçı1 Cavabdehnə qarşı “pul tələbi”nə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Tələb:

1. İddiaçı1 Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdehndən 15073,44 manat borcun və gecikdirilmiş cərimə məbləğinin ödəniş gününədək olan məbləği, həmçinin 135 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. İddiaçı1 “iddianın dəqiqləşdirilməsi barıdıə” ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 15073,44 manat borcun və 135 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə olan 15 yanvar 2024-cü il tarixli Alqı-satqı müqaviləsinə əsasən əldə etdiyi tikinti-inşaat məhsullarına görə cavabdehin 15073,44 manat borcu yaranmışdır. Elektron qaimələrə əsasən hazırda beş aydır ki, ödəniş gecikdirilmişdir ki, bu görə Müavilənin 4.4-cü bəndinə əsasən hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 1 faizi həcmində cərimə ödənilməlidir. Dəfələrlə müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi tələb edilsə də buna məhəl qoyulmamış, şirkətin rəhbərliyi ilə əlaqə saxlamaq mümkün olmamışdır. Bundan sonra şirkətə yazılı pretenziya verilmişdir. Həmçinin pretenziya və iddia ərizəsi elektron qaydada cavabdehə göndərilmişdir. Buna baxmayaraq, cavabdeh pretenziyaya cavab verməmiş və borcu da ödəməkdən yayınmışdır. Odur ki, məsələnin məhkəmə yolu ilə zərurəti yaranmışdır. Əlavə olunmuş elektron qaimələrə əsasən cavabdeh qaimələri və orada qeyd olunan əşyaları qəbul etsə də 15073,44 manat borcun ödənilmədən qaldığı təsdiqini tapmışdır.

Tərəflərin izahatları:

4. Məhkəmə iclasında iclasında iştirak edən İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianı müdafiə etdi və məhkəmənin suallarına verilmiş cavabında qeyd etdi ki, ona xx.xx.2024-cü il tarixli müqavilə üzrə 10000 manat məbləğində ödəniş edilmişdir. İddiasını əsaslandıran sübutlar məhkəməyə təqdim etdiyi sənədlərdən ibarətdir. Göstərilənlərə əsasən, o, cavabdehdən 15073,44 manat məbləğində əsas borcun, 135 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar.

7. Məhkəmə, həmçinin Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

İddia ərizəsinə etiraz:

8. Cavabdeh tərəfindən AR MPM-nin 154-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinə qarşı etiraz məhkəməyə təqdim edilməmişdir.

Əsaslandırıcı hissə:

a) İş materialları və sübutların tədqiqi:

9. İddiaçı1 (“Satıcı”) ilə Cavabdeh MMC (“Alıcı”) arasında bağlanmış xx.xx.2024-cü il tarixli, CN15/24-01 nömrəli Alqı-Satqı Müqaviləsinin: -1.1-ci bəndinə əsasən, "Satıcı” "Alıcı"ya "Mal" (bundan sonra "Mal") satır, "Alıcı” isə həmin "Mal"ı qəbul edir və Müqavilə ilə razılaşdırılmış qaydada Malın dəyərini "Satıcı"ya ödəyir. -1.2-ci bəndinə əsasən, Malın növü, çeşidi, tərkibi, rəngi, digər əlamətləri və xarakterik xüsusiyyətləri Əlavə razılaşma ilə müəyyən olunur. -2.1-ci bəndinə əsasən, alın qiyməti və miqdarı "Alıcı"ya təqdim olunmuş elektron qaimədə göstərilir. -2.2-ci bəndinə əsasən, Vergilər və digər məcburi ödənişlər Malın qiymətinə daxildir. -3-cü bəndinə əsasən, “Satıcı”nın hüquqları: -3.1-ci bəndinə əsasən, "Satıcı" malı qanunvericiliklə müəyyən edilmiş normalara uyğun olan keyfiyyətdə və qarşılıqlı razılaşdırılmış miqdarda və çeşiddə "Alıcı"ya təhvil verilməlidir. -3.2-ci bəndinə əsasən, "Alıcı"nın hüquqları: -3.2.1-ci bəndinə əsasən, "Аlıcı" bu Müqavilənin 2.1. bəndində nəzərdə tutlan tələblərə uyğun olaraq, həmin şərtlər daxilində malı qəbul edib dəyərini ödəməlidir. -4.1-ci bəndinə əsasən, "Satıcı" Müqaviləyə uyğun olaraq "Alıcı" tərəfindən sifariş verilmiş malı 7 (yeddi) təqvim günü ərzində "Alıcı"ya təhvil verməyi öhdəsinə götürür. -4.2-ci bəndinə əsasən, "Satıcı" Malın təhvil verilməsi ilə birlikdə qaimə-fakturanı və digər zəruri sənədləri "Alıcı"ya təqdim etməlidir. -4.3-cü bəndinə əsasən, Müqavilə üzrə hesablaşma tərəflərin qarşılıqlı razılığı əsasında, nağd ödənildiyi halda mal təqdim olunan gün, köçürmə yolu ilə bankdakı hesablaşma hesabına ödənildiyi halda mal təqdim olunan ayın son gününədək ödənilməlidir. -4.4-cü bəndinə əsasən, "Alıcı" tərəfindən malın dəyərinin ödənilməsi müqavilədə göstərilən vaxtlardan gecdirildikdə, "Alıcı” “Satçı"ya gecikdirilmiş hər gün üçün ümumi məbləğin 1% miqdarında cərimə ödənilməlidir.

10. İş materiallarında olan xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturalardan görünür ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 14581,26 məbləğində inşaat materialları təqdim edilmişdir.

11. İddiaçı1 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixində ümumi borcdan 10000 manat məbləğində ödəniş edilmişdir.

12. İş materiallarında olan İddiaçı1 Cavabdeh MMC-yə ünvanlanmış pretenziya məktubunun surətindən görünür ki, İddiaçı1 ilə Cavabdeh MMC arasında bağlanılmış alqısatqı müqaviləsi üzrə yaranmış borcun 3 gün ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh MMC məlumatlandırılmışdır.

13. **********37 nömrəli qəbzdən görünür ki iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 135 manat dövlət rüsumu ödənilmişdir.

b) Tətbiq edilən hüquq:

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

- 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 598.1-ci maddəsinə əsasən, əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin əcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə- hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. - 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 425.1-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

- 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

16. Məhkəmə baxışının hədləri:

- AR MPM-nin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi:

17. Məhkəmə iddiaçını dinləyib, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir.

18. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin müəyyən olunan hallarına əsasən hesab edir ki, hazırki iş üzrə iddiaçı ilə cavabdeh arasında sahibkarlıq fəaliyyəti sahəsində etibarlı şəkildə bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn münasibətlər mövcuddur. Ona görə ki, tərəflər arasında bağlanmış müqavilədən göründüyü kimi iddiaçı həmin müqavilədə müəyyən edilmiş şərtlər əsasında malları cavabdehə verməyi, cavabdeh isə həmin malları qəbul etməyi və müəyyən edilmiş məbləği ödəməyi öhdələrinə götürmüşlər.

19. Məhkəmə qeyd edir ki, iddianın əsasını, müqavilə üzrə “Satıcı”ya aid öhdəliklərin lazımınca yerinə yetirilməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə, alqı-satqı müqaviləsi tələb olunan borcun ödənilməsini sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Məhkəmə hesab edir ki, idddiaçı öz tələbinin əsasını qanuna uyğun dəlillərlə qismən sübut etmiş, lakin cavabdeh lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddia ərizəsinə etiraz verməmiş, iddianın əsassızlığına dair sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə, alqı-satqı müqaviləsi üzrə öhdəliyin cavabdeh tərəfindən lazımınca yerinə yetirilməməsinin tam sübut olunduğu qənaətinə gəlir.

20. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı1 tərəfindən Cavabdeh MMC-yə təhvil verilən malları dəyəri 14581,26 manat təşkil edir. İddiaçının izahatından və məhkəməyə təqdim etdiyi ərizədən isə görünür ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixli müqavilə üzrə 10000 manat məbləğində ödəniş edilmişdir. Məhkəmə qeyd olunan xüsusatla əlaqədar iddiaçının ərizə və izahatını, cavabdehin mənafeyinə zidd olmadığını da nəzərə alaraq, mötəbər dəlil hesab edir. Ona görə də, məhkəmə belə qənaətə gəlir ki, iddiaçı müvafiq əsaslar üzrə hazırki iddianı irəli sürmək üçün subyektiv hüquqa malik ola da, onun iddiası tələbin həcmi baxımdan qismən əsaslıdır.

21. Belə ki, məhkəmə hesab edir ki, İddiaçı1 tərəfindən Cavabdeh MMC-yə təhvil verilən malları dəyəri 14581,26 manat, cavabdeh tərəfindən isə edilmiş ödənişin ümumi məbləği 10000 manat təşkil etdiyindən, malları dəyəri olan 14581,26 manatdan 10000 manat edilmiş ödəniş məbləği çıxılmalıdır. İddiaçı məhkəmə iclasında, cavbabdehə əlavə mallar verildiyini şifahi olaraq göstərsə də, buna dair müvafiq sübutları bir neçə məhkəmə iclasının keçirilməsinə baxmayaraq, məhkəməyə təqdim edə bilməmişdir.

22. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehdən 4581,26 məbləğində borc tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmə xərcləri:

23. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli və iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumuna görə 65,81 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş qalan 69,19 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.

Nəticə

24. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

q ə t e t d i:

İddia qismən təmin edilsin. Cavabdehndən 4581,26 (dörd min beş yüz səksən bir manat, iyirmi altı qəpik) manat borc və ödənilmiş dövlət rüsumuna görə 65,81 (altmış beş manat, səksən bir qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı1 ödənilsin. İddia qalan hissdə təmin edilməsin Ödənilmiş qalan 69,19 ( altmış doqquz manat, on doqquz qəpik) manat dövlət rüsumu İddiaçı1 özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Rəmzi Nəbiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar