Məhkəmə qərarları › İş №e-2-2(121)-1429/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1429/2025

25.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1429/2025 25.07.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynli Əli Nizami oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul tələbi” barəsində iddiasına dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Tələb:

1. İddiaçı MMC Cavabdeh MMC–yə qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC (VÖEN: **********) 25 iyun 2024-cü il il tarixli müqaviləyə əsasən ödənilməli olan 12.920 (on iki min doqquz yüz iyirmi) manat məbləğində qalıq borcun ödənilmiş 128.76 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, bildirmişdir ki, iş materiallarında olan və təqdim etdikləri sifariş qəbzlərinə (təhvil-təslim sənədlərinə) əsasən cavabdeh 10940 manat dəyərində olan mallan təhvil almışdır. Buna dair təsdiq edici sənədlər işdə mövcuddur, eyni zamanda bu məbləğə uyğun gələn elektron qaimə fakturalar da iş materiallarında vardır. Buna görə də, hazırda iddia tələbini ƏDV daxil 10940 (on min doqquz yüz qırx) manat məbləğində müdafiə edərək və bu məbləğdə iddianın təmin edilməsini və məhkəmə iclasının iştirakları olmadan keçilirməsini xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC (VÖEN: **********) iddiaçıdan təhvil aldığı mal(lar) müqabilində yaranmış qalıq borcunu ödəmədiyindən tərəflər arasında kommersiya mübahisəsi yaranmışdır. Müxtəlif tarixlərdə tərtib edilmiş təhvil təslim aktlarından da görünür ki,cavabdeh ümumi dəyəri 12,920 manat (on ikimin doqquz yüz iyirmi manat) olan məhsulu təhvil almışdır. Lakin bu günədək müqavilədən irəli gələn öhdəlikləri yerinə yetirməyərək, əldə etdiyiməhsulların dəyərini ödəməmişdir. Cavabdehə borcun ödənilməsi ilə bağlı xx.xx.2025-ci il tarixdə cavabdehin hüquqi ünvanına bildiriş göndərilmiş,cavabdeh həmin ünvanda fəaliyyət göstərmədiyindən bildirişi qəbul edən olmamışdır. Bildirişə dair qəbzdə bu qeyd qoyulmuşdur. Göstərilənlərə əsasən hazırki pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Bundan sonra bildiriş və iddia ərizəsi qoşma sənədlərlə birlikdə AR MPM-nin 150.2-cimaddəsinin tələbinə uyğun olaraq cavabdehin Dövlət Vergi Xidmətində olan elektron kabinetinə göndərilmişdir. Buna dair sənədlər də ərizəyə əlavə olunur. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətietməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Yenə həmin Məcəllənin 442ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

Tərəflərin izahatları:

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılaraq qətnamə qəbul edilməsini xahiş etmiş, cavabdeh isə gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

5. Məhkəmə AR MPM-nin 185.6-cı maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab edilmişdir.

6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar.

7. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

8. Qeyd olunanlara əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edilmişdir.

İddia ərizəsinə etiraz:

9. Cavabdeh tərəfindən AR MPM-nin 154-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinə qarşı etiraz məhkəməyə təqdim edilməmişdir.

Əsaslandırıcı hissə:

a) İş materialları və sübutların tədqiqi:

10. İddiaçı MMC (Satıcı) ilə Cavabdeh MMC (Alıcı) arasında xx.xx.2024-cü il tarixli, 25062024/5553 nömrəli alqı-satqı müqaviləsinin bağlanmışdır. Həmin müqavilənin:

1. Müqavilənin predmeti 1.2. Bu Müqavilə üzrə Malların növü (modeli), çeşidi, miqdarı, qiyməti və s. məlumatlar Tərəflər arasında imzalanmış və bu Müqavilənin ayrılmaz tərkib hissələri sayılan əlavələrlə (qiymət razılaşma protokolları və s.) müəyyən olunur.

2. Müqavilənin dəyəri və ödəniş qaydası 2.1. Bu müqavilənin predmetinə uyğun olaraq alınan Malların qiyməti əlavələr (qiymətlərin razılaşma protokol(lar)ı və s.) ilə müəyyənləşdirilir. 2.2. Ödəniş Mallar çatdırılmazdan əvvəl müvafiq ödəniş sənədi (elektron qaimə, hesab faktura, və s.) əsasında həmin ödəniş sənədinin təqdim olunduğu andan 5 (beş) iş günü ərzində Alıcı tərəfindən Satıcının bank hesabına köçürmə yolu ilə həyata keçirilir. 2.3. Ödəniş günü ABŞ dollarının Azərbaycan manatına qarşı məzənnəsi Mal(lar)ın təqdim edildiyi günün məzənnəsinə nisbətdə 5%-dən (beş faiz) çox artarsa, ödəniş, onun icra edildiyi gün üçün mövcud olan artım faizi Mal(lar)ın məbləğinin üzərinə əlavə edilməklə həyata keçirilməlidir.

3. Malların çatdırılma şərtləri 3.1. Mallar ödənişdən sonra əlavələrdə göstərilən müddət (belə müddət göstərilməyibsə, poçt, elektron poçt və/və ya qiymət razılaşma protokollarının imzalanması vasitəsilə yazılı sifarişin verildiyi tarixdən 5 təqvim günü) ərzində Satıcı tərəfindən Alıcıya təhvil verilir. 3.2. Malların təhvil verilməsi hər iki tərəfin səlahiyyətli nümayəndələrinin imzalan və Tərəflərin möhürləri ilə təsdiq edilən Təhvil-Təslim Aktına əsasən həyata keçirilir. 3.2.1 Bu Müqavilənin şərtlərinə uyğun olaraq təqdim edilmiş Mallara görə ödənişləri tam həcmdə və zamanında həyata keçirmək; 3.3. "Satıcı"-nın aşağıdakı öhdəlikləri var: 3.3.1 Mallara mülkiyyət hüququ və Mallarla əlaqədar olan bütün risklər Mallar Alıcıya təhvil verildikdən sonra Satıcıdan Alıcıya keçir.

11. Eyni zamanda iş materiallarında olan İddiaçı MMC və Cavabdeh MMC tərəfindən təsdiq olunmuş xx.xx.2024-cü il tarixli qiymətlərin razılaşdırılması protokoluna görə 9150 manat (ƏDV daxil)dəyərində məhsullar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir.

12. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qiymətlərin razılaşdırılması protokolundan, və İddiaçı MMC və Cavabdeh MMC tərəfindən təsdiq olunmuş xx.xx.2024cü il tarixli hesab-fakturadan görnür ki, 9150 manat (ƏDV daxil)dəyərində məhsullar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir.

13. İş materiallarınad olan xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli sifariş qəbzlərindən görünür ki, ümumilikdə 10940 manat məbləğində mallar cavabdehin sifarişinə uyğun olaraq iddiaçı tərəfindən təhvil verilmişdir.

13. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2024-cü il tarixli MT2411 10692241 nömrəli 1550,08 manat, xx.xx.2024-cü il tarixli MT2408 11148877 nömrəli 80,04 manat, xx.xx.2024-cü il tarixli MT2407 11435782 nömrəli 80,04, xx.xx.2024-cü il tarixli MT2407 10796311 nömrəli 160,08 manat, xx.xx.2024-cü il tarixli MT2407 10725037 nömrəli 690,05 manat, xx.xx.2024-cü il tarixli MT2406 11625890 nömrəli 1289,99 manat və xx.xx.2024-cü il tarixli MT2406 11452079 nömrəli 9150,32 manat olmaqla, cəmi 13000,6 manat məbləğində elektron qaimələr təqdim olunmuşdur.

14. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış pretenziya məktubunun surətindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanılmış alqı-satqı müqaviləsi üzrə yaranmış borcun 3 gün ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh MMC məlumatlandırılmışdır.

15. ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 128,76 manat dövlət rüsumu ödənilmişdir.

b) Tətbiq edilən hüquq:

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

- 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 567-ci maddəsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin əcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə- hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. - 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarı:

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

- 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

19. Məhkəmə baxışının hədləri:

- AR MPM-nin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi:

20. Məhkəmə, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir.

21. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin müəyyən olunan hallarına əsasən hesab edir ki, hazırki iş üzrə iddiaçı ilə cavabdeh arasında etibarlı şəkildə alqı-satqı müqaviləsindən irəli gələn münasibətlər mövcuddur. Ona görə ki, tərəflər arasında bağlanmış müqavilədən göründüyü kimi iddiaçı həmin müqavilədə müəyyən edilmiş şərtlər əsasında, malları verməyi, cavabdeh isə həmin malları qəbul etməyi və müəyyən edilmiş məbləği mallar çatdırılmazdan əvvəl müvafiq ödəniş sənədi (elektron qaimə, hesab faktura, və s.) əsasında həmin ödəniş sənədinin təqdim olunduğu andan 5 (beş) iş günü ərzində iddiaçının bank hesabına köçürmə yolu ilə ödəməyi öhdələrinə götürmüşlər.

22. Məhkəmə qeyd edir ki, iddianın əsasını, müqavilə üzrə “Satıcı”ya aid öhdəliklərin lazımınca yerinə yetirilməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə, alqı-satqı müqaviləsi tələb olunan borcun ödənilməsini sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Məhkəmə hesab edir ki, idddiaçı öz tələbinin əsasını qanuna uyğun dəlillərlə sübut etmiş, lakin cavabdeh lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddia ərizəsinə etiraz verməmiş, iddianın əsassızlığına dair sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə, alqı-satqı müqaviləsi üzrə öhdəliyin cavabdeh tərəfindən lazımınca yerinə yetirilməməsinin tam sübut olunduğu qənaətinə gəlir.

23. İş üzrə iddiaçı tərəfindən məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim olunmuş, həmin ərizədə 10940 manat məbləğində borcun ödənilməsi ilə tələbi ilə müraciət etmişdir. Məhkəmə təqdim olunmuş sübutları və iş üzrə toplanmış materialları araşdıraraq müəyyən etmişdir ki, iddiaçının tələbi əsaslıdır, bu tələbin təmin olunması üçün yetərli hüquqi və faktiki əsaslar mövcuddur.

24. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin iddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə cavabdehə qarşı hazırki iddia tələbini irəli sürmək hüququ vermişdir. Bu səbəbdən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehdən 10940 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmə xərcləri:

25. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən hesab edir ki, iddia təmin olunduğundan iş üzrə ödənilmiş 128,76 manat dövlət rüsumu cavabdehə aid edilməli və ondan alınaraq iddiaçıya ödənilməlidir.

26. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

q ə t e t d i:

İddia təmin edilsin. Cavabdeh MMC-dən 10940 manat məbləğində əsas borc və 128,76 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 11068,76 (on bir min altmış səkkiz manat, yetmiş altı qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Rəmzi Nəbiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar