Məhkəmə qərarları › İş №e-2-2(121)-1434/2023

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-1434/2023

21.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-1434/2023 21.09.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Həsənli Pərviz Taleh oğlunun katibliyi, Cavabdeh X1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair iddia ərizəsi üzrə işə Masallı şəhərində, Masallı Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli, 031\2021 nömrəli müqavilə üzrə ödənilməmiş 20.952 (iyirmi min doqquz yüz əlli iki) manat məbləğində pul vəsaitinin, habelə ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında qarşılıqlı razılaşma əsasında bağlanmış “məhsulların nisyə alqı-satqısı barədə” xx.xx.2020-ci il tarixli, 031/2021 saylı müqavilənin 1-ci bəndinə əsasən, İddiaçı MMC cavabdehə ümumi dəyəri 20952 (iyirmi min doqquz yüz əlli iki) manat məbləğində olan müxtəlif çeşidli məhsulları satmış, cavabdeh isə müqavilənin 2-ci bəndinə əsasən həmin məhsulları qəbul etmiş və 3-cü bəndinə əsasən malların dəyərini pul şəklində 18 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Buna baxmayaraq, Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və İddiaçı MMC-yə olan 20952 (iyirmi min doqquz yüz əlli iki) manat məbləğində borcunu bu günədək ödəməmişdir. İddiaçı mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehlə aralarında yaranmış mübahisənin mediasiya vasitəsilə həll edilməsi üçün Azərbaycan Respublikasının Mediasiya Şurasına müraciət etmişdir. Təyin edilmiş mediator vasitəsilə yaranmış mübahisənin həlli mümkün olmamışdır. Buna görə də, mediator “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2023-cü il tarixli arayış vermişdir. Mediasiya xərci olan 200 (iki yüz) manat məbləğində pul iddiaçı tərəfindən tam şəkildə ödənilmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini və işin məhkəmə baxışına təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri araşdıraraq hesab edir ki, iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 031/2021 nömrəli “Məhsulların nisyə alqı-satqısı barədə müqavilə”nin 8-ci bəndinə əsasən, tərəflər qəbul ediblər ki, bu müqavilə üzrə öhdəliklərin icra yeri Bakı şəhəri, Binəqədi rayon ərazisidir. Tərəflər arasında bu müqavilə ilə gələcəkdə mübahisə yaranarsa, münaqişənin həllinə “Satıcı”nın qeydiyyatda olduğu ünvan üzrə həmin məhkəmə tərəfindən baxılacaqdır. Həmçinin tərəflər arasında imzalanmış xx.xx.2021-ci il tarixli “Mövcud borcun etirafı haqqında mücərrəd müqavilə”nin 3.4-cü bəndi ilə tərəflər razılaşdırmışlar ki, bu müqavilə üzrə öhdəliklərin icra yeri Bakı şəhəri Binəqədi rayonu ərazisidir. Tərəflər arasında bu müqavilə ilə gələcəkdə mübahisə yaranarsa, mübahisənin həllinə Kreditorun qeydiyyatda olduğu ünvan üzrə Binəqədi Rayon Məhkəməsi tərəfindən və ya mübahisə inzibati-iqtisadi məhkəməsinə aid olduğu halda, Bakı Kommersiya Məhkəməsi tərəfindən baxılacaq. İş materiallarından görünür ki, qeyd olunan müqavilələr üzrə müvafiq olaraq “Satıcı”, “Kreditor”, yəni İddiaçı MMC-nin hüquqi ünvanı ünvan 2ə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli, 4 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən, Bakı şəhəri, Binəqədi rayonu Bakı Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Məhkəmə hesab edir ki, Cavabdeh Şirvan Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid edilmiş ünvan 3 ünvanında qeydiyyatda olsa da, tərəflər öz aralarında müqavilə ilə mübahisəli işin ərazi aidiyyətini müəyyənləşdirdiklərindən mübahisənin ərazi aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsində baxılması üçün əsas yoxdur. Məhkəmə iclasında iştirak edən cavabdeh X1 nümayəndəsi və vəkili Vəkil işin ərazi aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etdi. Məhkəmə qeyd edir ki, müqavilə aidiyyəti qaydalarının müəyyən edilməsi fiziki və hüquqi şəxslərin subyektiv hüquqlarının və qanunla qorunan mənafeyinin məhkəmə müdafiəsini daha asan həyata keçirməyə imkan verir. Belə olan halda tərəflərin ərazi baxımından özləri üçün əlverişli olan məhkəməni seçmək hüququ olur. Tərəflər arasındakı sazişin yazılı şəkildə ifadə edilməsi ya əsas müqavilənin bir bəndi şəklində, ya da ayrıca sazişin bağlanması yolu ilə həyata keçirilir. Birinci halda əsas müqavilə bağlanarkən bu müqavilə üzrə gələcəkdə yaranacaq mübahisəyə hansı məhkəmə orqanında baxılması, ikinci halda isə artıq yaranmış mübahisənin hansı məhkəmə orqanına verilməsi imkanları nəzərdə tutulur. Məhkəmə qeyd edir ki, tərəflər xx.xx.2021-ci il tarixli, 031/2021 nömrəli və xx.xx.2021-ci il tarixli müqavilələrdə, müqavilələrdən irəli gələn öhdəliklərin yerinə yetirilməməsi nəticəsində meydana çıxmış mübahisənin hansı məhkəmədə baxılacağına dair ərazi aidiyyəti ilə bağlı artıq razılığa gəlmişlər. Bununla yanaşı, iş materiallarından tərəflər arasında mübahisənin ərazi aidiyyətinin dəyişdirilməsinə dair sazişin olduğu müəyyən olunmur və cavabdehin nümayəndəsi də işin ərazi aidiyyəti üzrə göndərilməsini xahiş etmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, hazırki mübahisə üçün müstəsna aidiyyət də nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş məhkəmənin icraatına qəbul edilərkən aidiyyət qaydalarına riayət edilmədiyindən, iş Şirvan Kommersiya Məhkəməsinin baxışından çıxarılmalı və baxılması üçün ərazi aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin ərazi aidiyyətinə dair normalarının tələblərinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir (40.1-ci maddə). Tərəflər öz aralarındakı saziş ilə işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır (40.2-ci maddə). Saziş tərəflər arasında gələcəkdə baş verə biləcək konkret mübahisə ilə bağlı əvvəlcədən, habelə məhkəmənin icraatında olan müəyyən məhkəmə işi ilə bağlı həmin iş üzrə məhkəmənin hazırlıq iclası keçirilənədək bağlana bilər (40.3-cü maddə). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Qeyd olunan Məcəllənin 45.1-ci maddəsinə əsasən, məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 40, 44, 45, 263, 264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi üzrə iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar