Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1438/2024 25.07.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı "xxxx" Şirkətinin nümayəndəsi Nümayəndə, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə İddiaçı "xxxx" Şirkətinin Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair işə Şirvan şəhərində, Şirvan Kommersiya məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" Şirkəti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən “Qala 95” şirkətinə əsassız borc kimi hesablanmış 14784,94 (on dörd min yeddi yüz səksən dörd manat doxsan dörd qəpik) manat borcun silinməsi, 135 manat ödədiyim dövlət rüsumunun cavabdeh təşkilatdan tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Qala 95” şirkəti 1996-cı ildən sahibkarlıq fəaliyyəti ilə məşğul olur və vergi ödəyicisi kimi 6 saylı vergilər idarəsində qeydiyyatdadır. Şirkətə məxsus qanuni əsaslarla qaz xətti çəkilmiş və şirkət sayğacla təmin olunmuşdur. Sayğac isə şirkətin ərazisində deyil Azəriqaz İB-nin Ərkivan qəsəbəsində yerləşən qaz paylayıcının ərazisində yerləşir. 30 ilə yaxındır ki, şirkət işlətdiyi qazın pulunu günəgün verir. Heç vaxt Azəriqaz İB-nə şirkətin borcu olmamışdır. Şirkətin aylıq ödənişlərinə də abonentin saldosunda da baxmaq olar. Qış aylarında şirkətin aylıq ödənişi 3000-4000 manat, havalar isinməyə doğru getdikdə isə demək olar ki, qazdan istifadə etmirik. xx.xx.2023-cü il tarixdə şirkətə gələn yazılı bildirişdə aylıq borc 2723,60 manat, qalıq borc kimi isə 7505,02 manat pul hesablamışlar. Şirkətin isə əvvəlki aylara heç vaxt borcu olmamışdır. Əsassız borc kimi hesablanmış 7505,02 manat borcun silinməsi barədə Şirvan Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət etdim. İddia tələbim təmin olunaraq hesablanmış əsassız borc silinmişdir. Üzərindən 3-4 ay keçdikdən sonra mənə gələn bildirişdə 14784 manat əsassız borc kimi göstərir. Borcumun haradan yaranmasını Cavabdeh İB-nin əməkdaşlarından soruşduqda cavab verə bilmədilər. Şirkət olaraq yandırdığımız qazın pulunu tam şəkildə ödəmişik. Şirkətə hesablanmış borc qanunsuz və əsassızdır, heç bir qanuna istinad edilmədən yazılmış bir borcdur. Şirkətə yazılmış ilk cərimədə sayğacı açaraq labaratoriyaya göndərmişlər, nəticə olaraq şirkətin sayğacı saz vəziyyətdə olmuşdur. Üzərindən 3-4 ay keçdikdən sonra cavabdeh təşkilatın işçiləri sayğca göz ilə baxaraq labaratoriyaya göndərməmiş bizə bildirirlər ki, şirkətin sayğacı işləmir və idarənin rəisi Namiq Məmmədovun göstərişi ilə şirkətə cərimə yazılmalıdır. Heş bir əsas olmadan şirkətə cərimə yazmışlar. Əsassız borcun silinməsi barədə Azəriqaz İBnə dəfələrlə şifahi və yazılı pretenziya ilə müraciət etsəm də, heç bir nəticəsi olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" Şirkətinin nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X2 iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən tərəflərin izahatını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısına” dair AMX-0135/20 saylı, 17 yanvar 2020-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh (paylayıcı) ilə "xxxx" Şirkəti (istehlahkçı) arasında bağlanmış müqaviləyə əsasən, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. - Abonentin saldosundan görünür ki, "xxxx" Şikətinə (abonent:**********00010) 2024cü ilin fevral ayı üzrə akta əsasən 14.722,62 manat borc hesablanmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli, 3-16-5/2-11- 4885/24 nömrəli məktubundan görünür ki, sayğacın göstəricisinin oxunması zamanl sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halının müəyyən edilməsi və sayğacın göstəricisinin oxunması zamanı sayğaca müdaxilənin müəyyən edilməsi ilə bağlı məlumata əsasən Cavabdeh xx.xx.2024-cü il tarixli müraciətinə əsasən “Sahibkarlıq” sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində adıçəkilən sahibkara münasibətdə xx.xx.2024-cü il tarixdən başlayaraq 3 (üç) iş günü müddətinə avtomatlaşdırılmış qaydada plandankənar (növbədankənar) yoxlama qeydiyyata alınmışdır. - Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X3 filialının xx.xx.2024-cü il tarixli, 3-15-2-4/2-413/2024 saylı mütəxəssis rəyindən görünür ki, X5 İstismarı İdarəsi tərəfindən təqdim olunan sənədlərdən məlum olmuşdur ki, Şirkətin qaz təchizatı üçün balans mənsubiyyəti sərhədində (“Masallı” Qaz paylayıcı Stansiyası) xx.xx.2023-cü il tarixdə Cavabdeh İB tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 27803 nömrəli texniki şərtə uyğun hazırlanmış və qanunvericilikdə nəzərdə tutulmuş qurumlarla razılaşdırılmış 7-683-07 QX.(D1) nömrəli layihə əsasında Cavabdeh İB-nin Metrologiya Departamentinin xx.xx.2023-cü il tarixli, 14-2-2/3-5- 8686 nömrəli “Sayğacın istismara yararlığı haqqında” arayışına əsasən Dövlət yoxlamasından keçirilmiş, növbəti yoxlama tarixi xx.xx.2026-cı il tarixinə təyin edilmiş Elster tipli, G-160 markalı, 75140432 zavod nömrəli qaz sayğacı quraşdırılmış və bu barədə ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akt tərtib edilmişdir. Buna baxmayaraq, xx.xx.2024-xx.xx-2024-cü il tarixlərdə qaz paylayıcısının səlahiyyətli nümayəndələri tərəfindən Şirkətə məxsus qaz sayğacını balans etməkdən ötrü sayğacdan sonra qaz xəttinin üzərinə layihədən kənar 32208037 nömrəli, G-100 markalı mexaniki tipli sayğac quraşdırılmışdır. 24 saat ərzində sayğacların qeydə aldığı qazın sərfiyyatında yaranmış fərq əsas götürülərək 2022-ci ilin noyabr (13475 m3), dekabr (20231 m3) və 2023-cü ilin yanvar (14880 m3), fevral (46615 m3) ayları ərzində istehlak edilmiş qaz sərfi ilə (cəmi- 95201 m3) 2023-cü ilin noyabr (0 m3), dekabr (1900 m3) və 2024-cü ilin yanvar (14000 m3), fevral (12380 m3) ayları ərzində istehlak edilmiş qaz sərfi (cəmi-28280 m3) arasında yaranmış 14784,94 manat məbləğində 66921 m3 qeyri-qanuni olaraq itirilmiş qaz sərfi kimi hesabatı aparılmış və 2024-cü ilin fevral ayında sayğac göstəricisindən əlavə Şirkətin abonent hesabına daxil edilmişdir. Məlum olduğu kimi, Sahibkarlıq sahəsində aparılan yoxlamalar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu” (bundan sonra - Qanun) ilə tənzimlənir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin yoxlamaların vahid məlumat Reyestrindən verilmiş xx.xx.2024-cü il tarixli, KY242086865 nömrəli Çıxarışa əsasən sayğacın göstəricilərinin oxunması zamanı sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halının və sayğaca müdaxilənin müəyyən edilməsi üçün yoxlamanın aparılması xx.xx.2024-xx.xx.2014-cü il tarixə müəyyən edilmişdir. Müəyyən edilmiş tarixdə aparılan yoxlamanın nəticələrinin rəsmiləşdirilməsi barədə akt təqdim olunmamış və beləliklə Qanunun 31.1-ci maddəsinin tələbi pozulmuşdur. Göründüyü kimi, qanunvericilik aktlarında sayğacları yoxlanmaq məqsədi ilə ardıcıl digər sayğacın quraşdırılması və quraşdırılan digər sayğacın göstəricilərinə əsaslanaraq hər hansı bir hesabatın aprılması ilə bağlı bənd təebit olunmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq bildirilir ki, şirkətə məxsus qaz sayğacının düzgün işləyibişləməməsinin müəyyən edilməsi üçün qaz paylayıcısı tərəfindən həmin qaz xətti üzərinə balans sayğacının quraşdırlması və həmin sayğacın göstəricilərinə əsasən qazın dəyərinin tələb olunması Qanunun 19.6-cı, 31.1-ci maddəsinin və Qaydaların 4.1-ci, 4.3-cü, 5.2-ci bəndlərinin tələbləri ilə ziddiyyət təşkil edir və paylayıcısı tərəfindən şirkətin abonent hesabına əlavə edilmiş 14.784,94 manat məbləğində borcun tələb olunmasının hüquq əsası yoxdur. Beləliklə, məhkəmə araşdırma zamanı müəyyən etdi ki, "xxxx" şirkəti X5 İstismarı İdarəsinin abonent bazasında **********00010 nömrəli kodla qeydiyyata alınmışdır. İddiaçının qaz təchizatı üçün xx.xx.2019-cu il tarixdə Elster tipli, G-160 markalı, 75140432 zavod nömrəli qaz sayğacı quraşdırılmış və bu barədə ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akt tərtib edilmişdir. xx.xx.2024xx.xx-2024-cü il tarixlərdə qaz paylayıcısının səlahiyyətli nümayəndələri tərəfindən iddiaçıya məxsus qaz sayğacını balans etməkdən ötrü sayğacdan sonra qaz xəttinin üzərinə layihədən kənar 32208037 nömrəli, G-100 markalı mexaniki tipli sayğac quraşdırılmışdır. 24 saat ərzində sayğacların qeydə aldığı qazın sərfiyyatında yaranmış fərq əsas götürülərək 2022-ci ilin noyabr (13475 m3), dekabr (20231 m3) və 2023-cü ilin yanvar (14880 m3), fevral (46615 m3) ayları ərzində istehlak edilmiş qaz sərfi ilə (cəmi- 95201 m3) 2023-cü ilin noyabr (0 m3), dekabr (1900 m3) və 2024-cü ilin yanvar (14000 m3), fevral (12380 m3) ayları ərzində istehlak edilmiş qaz sərfi (cəmi-28280 m3) arasında yaranmış 14784,94 manat məbləğində 66921 m3 qeyri-qanuni olaraq itirilmiş qaz sərfi kimi hesabatı aparılmış və 2024-cü ilin fevral ayında sayğac göstəricisindən əlavə iddiaçının abonent hesabına daxil edilmişdir. Nəticədə normativ-hüquqi sənədlərə istinad edilmədən iddiaçıya 14.784,94 manat məbləğində borc hesablanmışdır. Cavabdeh izahatında hesablanmış borcun tərtib edilmiş akt əsasında yarandığını qeyd etsə də həmin aktı və ya müvafiq sənədləri məhkəməyə təqdim etməmişdir. Halbuki, abonentin saldosundan hesablanmış borcun “qalıq və aktlar” siyahısında olduğu müəyyən olunur. Məhkəmə aşağıda qeyd olunan normativ aktlara əsasən hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir: Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 4.1-ci maddəsinə əsasən, bütün fıziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. - 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. - 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Məhkəmə qeyd edir ki, iddiaçı kommersiya fəaliyyəti ilə məşğul olan hüquqi şəxsdir. Bu, iş materialları və cavabdeh tərəfindən tərtib olunmuş sənədlərdə də öz əksini tapır. Belə olduğu təqdirdə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 2.10-cu bəndinə əsasən, sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki baxış keçirilir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanun və əlaqədar digər qanunvericilik aktları hazırkı mübahisəyə tətbiq edilməlidirlər. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 1.1.1-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlama (bundan sonra - yoxlama) yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusu. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Həmin Qanunun 2-ci maddəsində təsbit edilmişdir ki, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Bu Qanun (bu Qanunun 3.2-ci, 7.1-7.3-cü, 7.5- 7.10-cu, 8-ci, 11.1-ci, 12-ci, 13-cü və 34.1ci maddələri istisna olmaqla) vergi yoxlamalarına şamil edilmir. Bu Qanun cinayət təqibinin həyata keçirilməsi və ya məhkəmə icraatı çərçivəsində aparılan yoxlamalara şamil edilmir. Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Həmin Qanunun 3.1 və 3.2-ci maddələrində isə təsbit edilmişdir ki, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1-13.4-cü maddələrinə əsasən sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. Bundan başqa, “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasi Prezidentinin 13 aprel 2010-cu il tarixli, 246 saylı fərmanının 1.2ci bəndində sahibkarlıq sahəsində yoxlamaların mütəmadiliyi haqqında məlumatın əldə edilməsini mümkün edən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılan vahid məlumat reyestrinin formasını və aparılması qaydasını hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi qərara alınmışdır. Həmin Fərmanın 2-ci bəndində isə göstərilmişdir ki, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama bu Fərmanın 1.2-ci bəndində göstərilən reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin: -1.1-ci bəndinə görə, bu Əsasnamə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra - Qanun) və “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. - 1.4-cü bəndinin tələbinə görə, qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. - 1.5-ci bəndinin tələbinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. - 1.6-cı maddəsinə görə, bu Əsasnamənin 3.2.3-cü, 3.4.12-ci, 3.4.15-ci, 4.3-2-ci, 4.5- 4- cü, 5.1.9-cu və 5.1.13-cü yarımbəndləri vergi yoxlamalarına şamil edilmir. - 5.2-ci bəndinə görə, yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır. Göründüyü kimi “Sahibkarlıq” sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində "xxxx" Şirkətinə xx.xx.2024-cü il tarixdən başlayaraq 3 (üç) iş günü müddətinə avtomatlaşdırılmış qaydada plandankənar (növbədankənar) yoxlama qeydiyyata alınsa da yoxlama xx.xx.2024-xx.xx-2024-cü il tarixlərdə həyata keçirilmişdir. Nəticədə, cavabdeh tərəfindən aparılmış yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılmışdır. Ona görə də, qanunvericiliyin tələblərinə əsasən həmin yoxlamanın hüquqi nəticəsi yoxdur və yoxlama nəticəsində müəyyən olunmuş faktlardan çıxış etməklə iddiaçının barəsində məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən məhkəmə hesab edir ki, cababdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan iddia təmin edilməli, cavabdeh tərəfindən 2024-cü ilin fevral ayı üzrə hesablanmış 14.784,94 manat borc iddiaçının abonent hesabından silinməlidir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın “dövlət rüsumu kimi ödənilmiş 135 manat məbləğində pulun tutulması” hissəsinə münasibətdə qeyd edir ki, iddia həmin hissədə əsaslıdır. Belə ki, iddia təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 135 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-cı, 220-ci, 227-ci, 358-ci, 360-cı və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən hesablanmış 14.784,94 manat borc iddiaçı "xxxx" Şirkətinin abonent hesabından (abonent kodu: **********00010) silinsin. İddiaçı tərəfindən ödənilmiş 135 manat dövlət rüsumu Cavabdehndən tutularaq iddiaçı "xxxx" Şirkətinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №e-2-2(121)-1438/2024
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1438/2024
25.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver