Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-1452/2022 15.07.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlu İddiaçı Cavabdeh qarşı tərəflər arasında bağlanmış 03 mart 2020-ci il tarixində 073- AHƏ-GM/20 nömrəli Konsiqnasiya müqaviləsinə əsasən 1.083,60 manat əsas borcun, 826,94 manat cərimə borcunun, 60 manat mediasiya xərclərinin, cəmi 1.970,54 manat məbləğində borcun cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməsi tələbinə dair işə sadələşdirilmiş qaydada baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, tərəflər arasında bağlanmış 03 mart 2020-ci il tarixində 073-AHƏ-GM/20 nömrəli Konsiqnasiya müqaviləsinə əsasən 1.083,60 manat əsas borcun, 826,94 manat cərimə borcunun, 60 manat mediasiya xərclərinin, cəmi 1.970,54 manat məbləğində borcun cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ağır texnika və yük avtomobillərinin Azərbaycan Respublikasına idxalını və satışını həyata keçirir. Satılmış texnikalara texniki xidmət və ehtiyat hissələrinin təchizatı da şirkətin fəaliyyətinin ayrılmaz hissəsidir. Belə ki, İddiaçı MMC ilə cavabdeh Ağayev Hüseynağa Əlibarat oğlu arasında 03 mart 2020-ci il tarixində 073-AHƏ-GM/20 nömrəli Konsiqnasiya müqaviləsi bağlanmışdır. Bu müqavilənin 1.1.-ci maddəsinə əsasən, “SATİCİ” (İddiaçı MMC) Alıcının sifarişinə uyğun miqdarda və çeşiddə malları Alıcıya satır və “ALİCİ” veyağA) Hüseynağa Əlibarat oğlu) isə öz növbəsində qeyd edilən malları alaraq dəyərini satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdehə müqavilənin ayrılmaz tərkib hissəsi olan Qiymətlərin razılaşdırılması və malların təhvil verilməsi haqqında 01 nömrəli Aktına uyğun olaraq ümumi dəyəri 1.083,60 manat olan mallar alıcıya təhvil verilmişdir. Cavabdeh isə öz növbəsində müqavilə dəyərinin heç bir hissəsini sözügedən müqavilənin 3.1-ci maddəsinin tələblərini pozaraq bugünkü günədək ödəməmişdir. Müqavilənin 4.1-ci maddəsinə əsasən, satıcının ödəniş şərtlərinə riayət etməyərək ödəniləcək pul məbləğini ödəmədiyi təqdirdə alıcıdan hər bir gecikdirmə gününə görə ödənilməmiş məbləğin 0,1%-ni tələb etmək hüququ vardır. Bu hüquqa istinad edərək cavabdehin müqavilənin dəyərinin ödənilməsinin gecikdirilməsinə görə yaranmış cərimə borcunun 826,94 manat təşkil etdiyini bildiririk. Beləliklə, cavabdeh Ağayev Hüseynağa Əlibarat oğlunun bugünkü tarixədək İddiaçı MMCyə borcu toplam 1.910,54 manat təşkil edir. Göstərilən borc məbləğinin ödənilməsi tələbi ilə bağlı xx.xx.2022-ci il tarixli 0436 nömrəli pretenziya məktubları göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən heç bir ödəniş olunmamışdır. Beləliklə, cavabdeh yenə öz öhdəliyini icra etməmiş və ödənişləri həyata keçirməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İşin materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də, qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında arasında 03 mart 2020-ci il tarixində 073-AHƏ-GM/20 nömrəli Konsiqnasiya müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, satıcı alıcının sifarişinə uyğun miqdarda və çeşiddə malları alıcıya satır və alıcı isə öz növbəsində qeyd edilən malları alaraq dəyərini satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci maddəsinə əsasən, alıcı satıcının təqdim etdiyi malların dəyərini həmin mal satıldıqdan sonra nağd və ya köçürmə yolu ilə ödəyir. Həmin müqavilənin 4.1-ci maddəsinə əsasən, satıcının ödəniş şərtlərinə riayət etməyərək ödəniləcək pul məbləğini ödəmədiyi təqdirdə alıcıdan hər bir gecikdirmə gününə görə ödənilməmiş məbləğin 0,1%-ni tələb etmək hüququ vardır. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2022-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 03 mart 2020-ci il tarixində 073-AHƏ-GM/20 nömrəli Konsiqnasiya müqaviləsinə əsasən 1.083,60 manat əsas borcu və 826,94 manat cərimə borcu yaranmışdır. Odur ki, cavabdehə sonuncu dəfə müraciət edilərək, 1.083,60 manat məbləğində borcunun bu pretenziyanı aldığı tarixdən 10 gün ərzində tamamilə ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun və məhkəmə xərclərinin məcburi qaydada alınaraq İddiaçı MMC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qiymətlərin razılaşdırılması və malların təhvil verilməsi haqqında aktdan görünür ki, müqavilədə qeyd olunan mallar cavabdehə təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən 1.083,60 manat əsas borcu və 826,94 manat cərimə borcu yaranmışdır. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 20 aprel 2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında müqaviləsi bağlanılmış, iddiaçı tərəfindən cavabdehə mallar verilmişdir. Cavabdeh malları təhvil alsa da, malların dəyərini ödəməmişdir. Cavabdehin iddiaçı qarşısında öhdəliklərini yerinə yetirmədiyi iş materialları ilə tam sübuta yetirildiyindən məhkəmə hesab edir ki, iddia əsas borcun ödənilməsi hissəsində təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən, bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə cərimənin 826,94 manat məbləğində deyil, 80 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Məhkəmə iddianın 60 manat mediasiya xərcinin cavabdeh(lər)dən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, cavabdeh(lər) iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilə(lər)dən irəli gələn vəzifələrini icra etməmə(lər)si nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərcini ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, iddiaçının mediasiya xərcini ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdeh(lər)dən alınaraq iddiaçıya ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 284- 6-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1.083,60 manat əsas borc, 80 manat cərimə borcu, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 60 manat olmaqla, ümumilikdə 1.223,6 manat məbləğdə pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №e-2-2(121)-1452/2022
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1452/2022
15.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver