Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-146/2024 05.03.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Musayev Fərhad Böyükağa oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı – pul tələbi barədə iddiasına dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı – 967-GL/17 nömrəli, xx.xx.2017-ci il tarixli müqavilə üzrə 6850 manat gecikdirilmiş əsas borc, 6650,12 manat cərimə, 500 manat hüquqi yardımla bağlı xərc, 200 manat mediasiya xərcinin, cəmi 14200 manat pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə cavabdeh arasında bağlanılmış xx.xx.2017-ci il tarixli 967-GL/17 nömrəli müqaviləyə əsasən cavabdeh dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödəmək şərti ilə kənd təsərrüfatı texnikaları lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2023-cü il tarixə xx.xx.2017-ci il tarixli 967-GL/17 nömrəli müqavilə üzrə yaranmış 6850 manat gecikdirilmiş borcu və hesablanmış 6650,12 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdehlə mübahisənin məhkəməyədək həll olunması üçün mediasiya proseduruna iddiaçı tərəfindən əməl olunmaqla Mediasiya Şurasına müraciət edilmiş və nəticədə ilk mediasiya sessiyasında iştirak edilməməsi barədə mediatorun MŞS/MT023/2023-02277 saylı, xx.xx.2023-ci il taixli arayışı təqdim edilmişdir. Eyni zamanda, hüquqi yardım göstərilməsi üçün vəkilə də müraciət edilmişdir. Hüquqi yardım göstərilməsi haqqında müqaviləyə əsasən hüquqi yardıma görə haqqın məbləği 300 manat müəyyənləşdirilmişdir. Bu məbləğ də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında göstərdi ki, mübahisə olan texnika əvvəllər onun istifadəsində olmuşdur. 2017-ci ildə "xxxx" ASC həmin texnikanı ondan alaraq “Azər” adlı şəxsə vermişdir. "xxxx" ASC tərəfindən verilmiş etibarnamədə olan “Bu lizinq alan Cavabdeh "xxxx" ASC ilə bağladığı müqavilə üzrə öhdəliklərindən azad etmir” qeydindən məhkəmə iclasında xəbəri olmuşdur. Buna görə də iddianın rədd edilməsini xahiş edir. Məhkəmə, iddiaçının nümayəndəsinin, cavabdehin izahatlarını və şahid ifadəsini dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında 967-GL/17 nömrəli, xx.xx.2017-ci il tarixli "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilə bağlanmışdır. Həmin müqavilə(lər)yə əsasən "xxxx" ASC tərəfindən kənd təsərrüfatı texnikasının (Traktor Belarus-892, Kotan 4 gövdəli AG-14-4) dəyəri tam ödənildikdən və müvafiq sənədləşdirilmə aparıldıqdan sonra cavabdehin mülkiyyətinə verilməsi şərti ilə lizinqə verilmişdir. İş materiallarında olan xx.xx.2013-cü il tarixli "xxxx" ASC-yə məxsus texnikaların təhvil qəbulu barədə” aktın surətindən görünür ki, iddiaçı tərəffindən kənd təsərrüfatı texnikası (Traktor Belarus-892, Kotan 4 gövdəli AG-14-4) cavabdehə təhvil verilmişdir. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı pretenziya məktubunun surətindən görünür ki, "xxxx" ASC ilə bağlanmış 967-GL/17 nömrəli, xx.xx.2017-ci il tarixli müqavilə üzrə 6850 manat gecikdirilmiş əsas borc və hesablanmış 6650,12 manat cərimə borcu yaranmışdır. Həmin vəsaitin qısa zaman ərzində ödənilməsi xahiş edilmişdir. Əks halda lizinq müqaviləsi üzrə əmələ gəlmiş borcun və məhkəmə xərclərinin məcburi qaydada alınaraq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. İşdə olan maliyyə arayışının surətindən görünür ki, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 967-GL/17 nömrəli, xx.xx.2017-ci il tarixli müqavilə üzrə cavabdehin xx.xx.2023-cü il tarixə 6850 manat gecikdirilmiş əsas borc və hesablanmış 6650,12 manat cərimə borcu mövcuddur. İş materiallarına əlavə edilən Cavabdeh səlahiyyətli orqanlara ünvanladığı xx.xx.2017-ci il tarixdə notariat qaydasında təsdiq edilmiş ərizəsinin surətindən görünür ki, 967-GL/17 nömrəli, xx.xx.2017-ci il tarixli müqavilə üzrə "xxxx" ASC-dən lizinq yolu ilə “Belarus 89.2” markalı şum traktor əldə etmişdir. Hal-hazırda yaşı ilə və xəstəliyi ilə əlaqədar olaraq həmin texnikadan istifadə edə bilmir. Bu texnikanın onun adından çıxarılaraq X3 adına rəsmiləşdirilməsinə, gələcəkdə onun mülkiyyətinə verilməsinə etiraz etmir. Gələcəkdə "xxxx" ASC-yə və X4 qarşı bu texnika ilə bağlı ödədiyi vəsaitə görə və “Belarus 89.2” ilə bağlı heç bir iddia və tələbi olmayacaqdır. İş materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən xx.xx.2017-ci il tarixdə 1 il müddətinə verilmiş etibarnamənin surətindən görünür ki, lizinq alan Cəlilabad rayonu, Əsədli kənd sakini Cavabdeh "xxxx" ASC ilə bağladığı 967-GL/17 nömrəli, xx.xx.2017-ci il tarixli lizinq müqaviləsi üzrə lizinqə götürdüyü 1 ədəd MTZ-89.2 markalı traktorun idarə olunmasını, müvafiq sürücülük vəsiqəsi olan Neftçala rayonu, Mürsəqulu kənd sakini X4 həvalə etmək səlahiyyəti verilir. Bu lizinq alan Cavabdeh "xxxx" ASC ilə bağladığı müqavilə üzrə öhdəliklərindən azad etmir. İşdə olan xx.xx.2017-ci il qəbzin surətindən görünür ki, 30 manat məbləğində pul vəsaiti Cavabdeh tərəfindən "xxxx" ASC-yə ödənilmişdir. İşə əlavə edilən xx.xx.2017-ci il, xx.xx.2017-ci il, xx.xx.2018-ci il, xx.xx.2019-cu il tarixli qəbzlərin surətlərindən görünür ki, həmin qəbzlər üzrə ödənişlər Cavabdeh adından X5 tərəfindən "xxxx" ASC-yə ödənilmişdir. İş materiallarına əlavə edilən xx.xx.2019-cü il tarixli qəbzin surətindən görünür ki, 2000 manat məbləğində pul vəsaiti Cavabdeh adından X1 tərəfindən "xxxx" ASC-yə ödənilmişdir. İş üzrə şahid qismində dindirilmiş X5 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən cavabdehə verilmiş kənd təsərrüfatı texnikası daha sonra cavabdehdən alınaraq ona təhvil verilmişdir və kredit ödənişini cavabdeh deyil, "xxxx" ASC-yə o özü icra edir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı lizinq məbləğ(lər)ini tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” xx.xx.2020-ci il tarixli, 1137 nömrəli Fərmanının 1-ci bəndinə əsasən, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. Fərmanın 2.2-ci bəndinə əsasən, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh lizinq müqavilə(lər)si əsasında lizinq obyekt(lər)ini almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə(lər) ilə müəyyən edilmiş pul məbləğ(lər)ini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olduğundan, cavabdeh pul məbləğini ödəməli olmasına dair vəzifəsini yerinə yetirmədiyindən, iddiaçı lizinq məbləğ(lər)inin ödənilməsi tələb etməkdə haqlıdır. Odur ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslıdır. Buna görə də, iddia həmin hissədə təmin edilməlidir. Məhkəmə iddianın cərimə(lər)nin ödənilməsinə dair hissəsini araşdıraraq hesab edir ki, iş üzrə tələb olunan cərimə(lər) borcu tənasübsüz surətdə yüksək olduğundan, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimə(lər) əsassız və şişirdilmiş məbləğ(lər)dir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia ərizəsində göstərilən cərimə(lər)nin həmin məbləğ(lər)də deyil, 967-GL/17 saylı müqavilə üzrə 465 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq sayır. Məhkəmə eyni zamanda iddia tələbinin “hüquqi yardımla bağlı çəkdiyi 500 manat xərcin cavabdehdən tutulması”na dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.5 və 115.0.6-cı maddələrinə əsasən, nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. Göstərilən Məcəllənin 121.1.-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hüquqi xidmətlə bağlı 500 manat məbləğində pul vəsaiti hazırki iş üzrə iddiaçı tərəfindən deyil, "xxxx" MMC tərəfindən ödənildiyindən, iddiaçı ilə vəkil (və ya vəkil bürosu) arasında, və ya "xxxx" MMC ilə vəkil (və ya vəkil bürosu) arasında hər hansı bir müqavilənin bağlanmasını təsdiq edən sübut isə təqdim edilmədiyindən, iddia bu hissədə əsassızdır. Buna görə də, iddia həmin hissədə rədd edilməlidir. Məhkəmə həmçinin iddianın 200 manat mediasiya xərcinin cavabdeh(lər)dən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi qismən əsaslıdır. Ona görə ki, cavabdeh(lər) iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilə(lər)dən irəli gələn vəzifələrini icra etməmə(lər)si nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərcini ödəmişdir. Odur ki, mediasiya xərci də cavabdeh(lər)dən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Lakin, məhkəmə hesab edir ki, cavabdeh(lər)dən mediasiya xərcinin tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə tam əsaslı deyildir. Belə ki, iddia tələbi qismən təmin edilməli olduğundan, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də qismən təmin edilərək cavabdehdən 150 manat məbləğində mediasiya xərci tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə cavabdehin iddiaya etirazının dəlillərini araşdıraraq, hesab edir ki, cavabdehin dəlilləri əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.8-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Həmin Məcəllənin 362.1-ci maddəsinə əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Məhkəmə hesab edir ki, lizinq obyekti olan traktordan X3 etibarnamə əsasında istifadə etməsi və ya X3 hazırki iş üzrə cavabdeh olan Cavabdeh adından lizinq ödənişlərini ödəməsi Cavabdeh "xxxx" ASC ilə bağladığı müqavilə üzrə öhdəliklərindən azad etmir. Odur ki, cavabdehin dəlilləri əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 431.1-ci maddəsinə əsasən, borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Həmin Məcəllənin 431.2-ci maddəsinə əsasən, kreditor üçüncü şəxsin təklif etdiyi icranı, əgər borclu bunun əleyhinədirsə, qəbul etməyə bilər. Məhkəmə eyni zamanda hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edildiyindən, iddia qismən təmin edilməli olduğundan, iddiaçı isə dövlət rüsumunu ödəməkdən azad olunduğundan, məhkəmə xərcinə daxil olan 130,5 manat dövlət rüsumunun 93,15 manatı (yəni 7315 manata münasibətdə) cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 967-GL/17 nömrəli, xx.xx.2017-ci il tarixli müqavilə üzrə 6850 manat əsas borc, 465 manat cərimə, 150 manat mediasiya xərci, cəmi 7465 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. 93,15 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Namidar Misirzadə
Məhkəmə qərarları › İş №e-2-2(121)-146/2024
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-146/2024
05.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver