Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1461/2023 11.10.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Musayev Fərhad Böyükağa oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 may 2019cu il tarixli, 05/19 №-li və 26 avqust 2020-ci il tarixli, 17/20 №-li “Şitil yetişdirmə xidmətlərinin göstərilməsi haqqında müqavilə” əsasında yaranmış 102.018 manat əsas borc, borc öhdəliyinin yerinə yetirilməməsinə görə hesablanmış 14.565,71 manat faiz borcu, mediasiya üçün ödənilmiş 400 manat və 7 manat məhkəmə rüsumu olmaqla, ümumilikdə 116.990,71 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC Azərbaycan Respublikası ərazisində kənd təsərrüfatı məhsullarını yetişdirməklə yanaşı, respublika ərazisində fəaliyyət göstərən digər fermerlərin işlərinin operativləşdirilməsi, daha az xərclə daha yaxşı keyfiyyət əldə edə bilmələri üçün xidmətlər göstərərək ölkədə kənd təsərrüfatı iqtisadiyyatının inkişafına təkan verməkdədir. İddiaçı MMC ilə Cavabdeh arasında 01 may 2019-cu il tarixli, 05/19 №-li və 26 avqust 2020-ci il tarixli, 17/20 №-li “Şitil yetişdirmə xidmətlərinin göstərilməsi haqqında müqavilə” imzalanmışdır. Müqaviləyə əsasən, iddiaçı cavabdeh tərəfindən ona təqdim edilmiş toxumları yetişdirib şitil formasında cavabdehə verməyi, cavabdeh isə bunun qarşılığında müvafiq ödənişi iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin bağlandığı tarixdən bəri heç bir ödəniş həyata keçirməmişdir və hələ də hər hansı ödəniş həyata keçirməkdən boyun qaçırmaqdadır. Cavabdehin müraciəti əsasında, iddiaçı ilə cavabdeh arasında 01 may 2019-cu il tarixində müqavilə münasibətləri başlanmışdır. Müqavilə imzalandıqdan sonra müqavilədə qeyd edilmiş xidmətlər mərhələli şəkildə həyata keçirilməyə başlanmışdır. Göstərilmiş xidmətlərin nəticəsi olaraq, 01 may 2019-cu il tarixli, 05/19 №-li müqavilə əsasında xx.xx.2019-ci il tarixində 31.200 manat, 26 avqust 2020-ci il tarixli, 17/20 №-li müqavilə əsasında xx.xx.2020-ci il tarixində 30.868 manat, xx.xx.2021-ci il tarixində 39.950 manat məbləğində müvafiq olaraq elektron qaimə və hesab faktura iddiaçı tərəfindən cavabdehə təqdim edilmişdir. Ümumilikdə cavabdehin 01 may 2019-cu il tarixli, 05/19 №-li və 26 avqust 2020-ci tarixli, 17/20 №-li müqavilələrə əsasən, iddiaçıya 102.018 manat borc məbləği yığılmışdır. Cavabdehə dəfələrlə müraciət olunmasına baxmayaraq, cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməmiş və qeyd olunan borc məbləğini ödəməmişdir. Bundan əlavə, Azərbaycan Respublikanın Mülki Məcəlləsinin 445.7.-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Qanunvericiliyin göstərişi nəzərə alınmaqla illik beş faizlə hesablanmış faiz borcu: xx.xx.2019-cu il tarixində yaranmış 31.200 manat əsas borc əsasında – 10.2019 - 10.2020-ci il aralığı üzrə 1560 manat, 10.2020 - 10.2021-ci il aralığı üzrə 1560 manat, 10.2021 - 10.2022-ci ilaralığı üzrə 1560 manat, 10.2022 - 06.2023-cü ilərzindəki 8 ay aralığı üzrə 1038.96 manat, ümumilikdə 5.718.96 manat faiz borcu; xx.xx.2020-ci il tarixində yaranmış 30.868 manat əsas borc əsasında – 08.2020 - 08.2021ci il aralığı üzrə 1543.4 manat, 08.2021 - 08.2022-ci il aralığı üzrə 1543.4 manat, 08.2022 - 06.2023-cü ilərzindəki 10 ay aralığı üzrə 1265.58 manat, ümumilikdə 4 352.38 manat faiz borcu; xx.xx.2021-ci il tarixində yaranmış 39 950 manat əsas borc əsasında – 03.2021 - 03.2022-ci il aralığı üzrə 1997.5 manat, 03.2022 - 03.2023-cü il aralığı üzrə 1997.5 manat, 03.2023 - 06.2023-cü il ərzindəki 3 ay aralığı üzrə 499.37 manat, ümumilikdə 4.494,37 manat faiz borcu. Qeyd olunan hesablamalar nəticəsində qənaətə gəlmək mümkündür ki, cavabdehin pul məbləğinin ödənilməsini gecikdirdiyi üçün qanunvericiliyin tələblərinə əsasən, 14.565.71 manat faiz borcu ödəmək öhdəliyi yaranmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli elektron ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən çox ədalətsiz və şişirdilmiş iddia irəli sürüldüyünü, belə ki, onun tərəfindən xeyli ödənişlər edildiyini, hər ay ödənişlər etdiyini, ondan tələb olunan borcla razı olmadığını, iddiaçının əsassız iddiasına görə artıq pul ödəməli olmadığını, borcla bağlı mübahisə olduğuna və borcun hesablanmasının xüsusi bilik tələb etdiyinə görə məhkəmə tərəfindən ekspertiza təyin olunmasını xahiş etdiyini, xx.xx.2023-cü il tarixlinə təyin edilmiş məhkəmə iclasında səhhətində olan problemlə əlaqədar iştirak edə bilməyəcəyini bildirmiş, növbəti iclaslarda iştirak edərək sübutlar təqdim edəcəyini nəzərə alaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə təqdim edərək bildirmişdir ki, işin məhkəmədə olduğu müddətdə iddiaçı olaraq tərəflərindən aparılan araşdırma və dəqiqləşdirmələr nəticəsində Cavabdeh borcunun 102.018.00 manat yox, 80.018 manat olduğu aydınlaşmışdır. Belə ki, mühasibatlıq sənədlərinə nəzər yetirərkən cavabdeh tərəfindən 2021-ci ilin fevral ayında 22.000 manat məbləğində ödənişin həyata keçirildiyi aşkarlanmışdır. Belə olduğu təqdirdə iddia ərizəsinin dəqiqləşdirilməsi zərurəti yaranmışdır. İddiaçı göstərilənləri nəzərə alaraq iddia tələbinin həcminin azaldılaraq, 01 may 2019-cu il tarixli, 05/19 nömrəli və 26 avqust 2020ci il tarixli, 17/20 nömrəli “Şitil yetişdirmə xidmətlərinin göstərilməsi haqqında müqavilə”lər əsasında yaranmış 80.018 manat əsas borc, borc öhdəliyinin yerinə yetirilməməsinə görə hesablanmış 14.565.71 manat faiz borcu, mediasiya üçün ödənilmiş 400 manat və 7 manat məhkəmə rüsumu olmaqla, ümumilikdə 94.990.71 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi X1 məhkəməyə ərizə ünvanlayaraq, xx.xx.2023-cü il tarixə təyin edilmiş məhkəmə baxış iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin ərizəsini nəzərə alaraq onun və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştiraklarıı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarını nəzərə alaraq, iş materiallarında olan sənədlərə və digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı (Satıcı) və Cavabdeh (Alıcı) arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 05/19 nömrəli “Şitil yetişdirmə xidmətlərinin göstərilməsi haqqında müqavilə”nin 1-ci bəndinə əsasən, “Satıcı” “Alıcı”ya müqavilənin ayrılmaz tərkib hissəsi sayılan “Əlavə”də göstərilən məhsulları (bundan sonra “mal”) satmağı, “Alıcı” isə satın aldığı malların dəyərini bu müqaviləyə və əlavələrinə uyğun olaraq ödəməyi öz öhdəsinə götürür. Bu müqavilə üzrə “Alıcı”ya satılacaq hər bir mal partiyası üzrə malların adı, qiyməti, ödənişi və çatdırılma şərtləri və miqdarı bu Müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan Əlavə Razılaşma ilə müəyyən edilir. Həmin müqavilənin: 2.1-ci bəndinə əsasən, Alıcı satın aldığı malların dəyərini Əlavə Razılaşmada göstərilmiş şərtlərə uyğun olaraq Satıcıya köçürmə yolu ilə ödəyir; 3.1-ci bəndinə əsasən, mallar Əlavə Razılaşmada göstərilən şərtlərdə Alıcıya təhvil verilir. Malın təhvili Elektron qaimə-fakturalar ilə rəsmiləşdirilir. İş materiallarında olan Cavabdeh və İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 17/20 nömrəli “şitil yetişdirmə xidmətlərinin göstərilməsi haqqında” müqavilənin 1-ci bəndinə əsasən, “Şirkət” “Müştəri”nin sifarişi əsasında onun tərəfindən təqdim edilən toxumu özünə məxsus sahədə becərərək şitil şəklində (bundan sonra “Məhsul” adlandırılacaq) “Müştəri”yə verməyi, “Müştəri” isə həmin “Məhsul”ları qəbul edərək, bu Müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan Sifarişlərlə müəyyən edilən xidmət haqqını “Şirkət”ə ödəməyi öz öhdəsinə götürür. Məhsulla birgə “Şirkət” tərəfindən gigiyenik və İSO sertifikatları təqdim edilir. Həmin müqavilənin: 3.2-ci bəndinə əsasən, “Müştəri” bu müqaviləyə əsasən sifariş dəyərinin 50%-ni avans şəklində bu Müqavilənin ayrılmaz tərkib hissələri hesab olunan Sifarişlərlə müəyyən edilən müddətdə ödəyir. “Məhsullar”ın təhvil-təslim günündən 1 gün öncə son hesablaşma cədvəli tərtib edilib “Müştəri”yə təqdim edilir və qalıq borc “Müştəri” tərəfindən tam ödənildikdən sonra “Məhsullar” yüklənib daşınmasına başlanılır; 5.1-ci bəndimə əsasən, bu müqaviləyə əsasən məhsulların “Müştəri”yə təqdim edilmiş son hesablaşma məbləği “Şirkət”ə ödənildiyi andan həmin məhsullara görə mülkiyyət hüququ “Müştəri”yə keçir; 5.4-cü bəndinə əsasən, bu müqavilə imzalandığı gündən qüvvəyə minir və həmin tarixdən etibarən 2 il müddətində qüvvədədir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli təhvil-təslim aktına əsasən 31.200 manat, xx.xx.2020-ci il tarixli təhvil-təslim aktına əsasən 30.868 manat, xx.xx.2021-ci il tarixli təhvil-təslim aktına əsasən 39.950 manat (cəmi: 102.018 manat) dəyərində şitil yetişdirilərək icraçı İddiaçı tərəfindən sifarişçi Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 93 nömrəli hesab faktura üzrə, xx.xx.2019-cu il tarixli, 608879 nömrəli elektron qaiməyə əsasən 31.200 manat; xx.xx.2020-ci il tarixli 69 nömrəli hesab faktura üzrə, xx.xx.2020-ci il tarixli, 162121 nömrəli elektron qaiməyə əsasən 30.868 manat; xx.xx.2021-ci il tarixli 118 nömrəli hesab faktura üzrə, xx.xx.2021-ci il tarixli 135704 nömrəli elektron qaiməyə əsasən 39.950 manat (cəmi: 102.018 manat) məbləğində şitil yetişdirmə xidməti Cavabdeh göstərilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli elektron qəbzə əsasən 33.020 manat, xx.xx.2021-ci il tarixli elektron qəbzə əsasən 17.000 manat, xx.xx.2021-ci il tarixli elektron qəbzə əsasən 5.000 manat məbləğində pul vəsaiti Cavabdeh tərəfindən İddiaçı MMC hesabına köçürülmüşdür. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında imzalanmış üzləşmə aktının surətindən görünür ki, həmin akta əsasən Cavabdeh hər iki müqavilə üzrə İddiaçı MMC-nə olan cəmi 135.038 manat məbləğində borcundan 55.020 manat məbləğində ödəniş etmişdir, xx.xx.2021-ci il tarixə Cavabdeh İddiaçı MMC-nə olan qalıq borc məbləği 80.018 manat təşkil edir. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2023-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, Cavabdeh və İddiaçı arasında bağlanmış müqaviləyə əsasən yaranmış borcun pretenziya alındığı vaxtdan 15 gün müddətinə ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun İddiaçı MMC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. İş materiallarında olan “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”ın surətindən görünür ki, İddiaçı MMC-nin ərizəsinə əsasən xx.xx.2023-cü il tarixinə təyin edilən mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. İş materiallarında olan “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışın surətindən görünür ki, İddiaçı MMC ilkin mediasiya sessiyasının keçirilməsi üçün Bakı 9 saylı Mediasiya Təşkilatının hesabına 400 manat vəsait ödəmişdir. İş materiallarında olan ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı MMC tərəfindən iddia ərizəsinin verilməsi üçün 7 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmənin, iş materiallarında olan sənədlərə, məhkəmə iclasında tədqiq olunmuş dəlillərə əsasən müəyyən etdiyi işin faktiki halları belədir ki, iddiaçı tərəfindən ona məxsus sahədə cavabdehin sifarişi əsasında cavabdehin təqdim etdiyi toxumların becərilərək şitil şəklində cavabdehə təhvil verilməsindən ibarət olan işlərin görülməsinə, cavabdehin isə görülən işlərin qarşılığında müvafiq haqqın iddiaçıya ödənilməsinə dair tərəflər arasında razılıq əldə olunmuşdur və həmin razılığı onlar “Şitil yetişdirmə xidmətlərinin göstərilməsi haqqında müqavilə” adlandırdıqları xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixli müqavilələr ilə rəsmiləşdirmişlər. İddiaçı qeyd edilən müqavilələr üzrə üzərinə düşən öhdəliyi icra edərək cavabdehin sifarişləri əsasında şitilləri yetişdirərək cavabdehə təhvil verdiyini, lakin cavabdehin görülən işlərin qarşılığında 80.018 manat məbləğində ödənilməmiş borcunun qaldığını iddia edir. Cavabdeh borc məbləğini mübahisələndirərək iddia tələbini qəbul etməmişdir. Məhkəmə, işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq bu qənaətə gəlir ki, iddia tələbinin maddi hüquqi əsasını iş görülməsi (podrat) müqaviləsinə dair münasibətləri tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 39-cu fəslində yer alan normalar təşkil edir. Belə ki, işin faktiki hallarına Mülki Məcəllənin 752.1-ci maddəsində nəzərdə tutulan podrat müqaviləsinin dispozisiya şərtləri uyğun gəlir. Məhkəmə, iddia tələbinin maddi hüquqi əsasının müəyyən edilməsi ilə bağlı əlavə olaraq qeyd edir ki, tərəflər arasında bağlanan müqavilələr “Şitil yetişdirmə xidmətlərinin göstərilməsi haqqında müqavilə” adlandırılsalar da, müqavilələrin məzmunundan və şərtlərindən, eləcə də işin məhkəmə tərəfindən müəyyən edilən hallarından aydın olur ki, tərəflər arasında iş görülməsi (podrat) müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, işin mübahisəsiz hallarından (cavabdehin sifarişi ilə iddiaçının şitil yetişdirməsi, cavabdehin isə görülən işlərin haqqının iddiaçıya ödənilməsinə dair razılığa gəlinməsi) görünür ki, tərəflərin iradə ifadəsi məhz podrat müqaviləsinin bağlanmasına yönəlmişdir. Bu halda məhkəmə hesab edir ki, tərəflərin müqavilə münasibətlərinə daxil olarkən ifadə etdikləri iradələrinin əsil məzmunu əsas götürülməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1-ci və 404.2-ci maddələrinin tələblərinə görə, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Məhkəmə, müqavilələrin şərtlərinə, eləcə də müqavilələrin icrası ilə bağlı tərəflərin sonrakı hərəkətlərinə əsasən müəyyən edilən işin faktiki halları Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulan podrat müqaviləsinə dair müvafiq normaların dispozisiya şərtlərinə uyğun gəldiyinə görə bu qənaətə gəlir ki, tərəflər arasında podrat müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağladıqları müqavilələrin etibarsızlığına dair, müqavilələrin şərtləri və onların təfsiri ilə əlaqədar mübahisə yoxdur. İşin mübahisəli halları belədir ki, iddiaçı iddia edir ki, cavabdeh hər iki müqavilə üzrə öhdəliyini lazımınca icra etməyərək görülən işlərin haqqını iddiaçıya tam ödəməmişdir və nəticədə cavabdehin iddiaçıya ümumilikdə 80.018 manat borcu qalmışdır. İddiaçı öz tələbinin faktiki əsası kimi tərəflər arasında bağlanmış müqavilələrə, təhvil-təslim aktlarına, elektron qaiməfakturalara və üzləşmə aktına istinad edir. Cavabdeh iddia tələbini borc məbləğinin düzgün hesablanmaması əsası ilə bağlı qəbul etmədiyini bildirir və etirazının əsası kimi tərəfindən xeyli ödənişlər edildiyinə istinad edir. Göründüyü kimi mübahisənin predmetini görülən işin dəyərinin (muzdun) məbləğinin və həmin muzdun hansı məbləğdə ödənilməsinin müəyyən edilməsi təşkil edir. Buna görə də məhkəmə hesab edir ki, mübahisə tərəflərinin dəlilləri sübutetmə ilə əlaqədardır və baxılan iş üzrə mübahisə sübutların mümkünlüyü, yetərliliyi və mötəbərliliyi əsasında sübutetmə yükünün tərəflər arasında bölüşdürülməsi prinsipinə uyğun həll edilməlidir. Məhkəmə hesab edir ki, hansı məbləğdə şitil yetişdirilməsini (iş görülməsini) və təhvil verilməsini sübut etmək yükü iddiaçının, görülən işlərin dəyərini təşkil edən muzdun hansı məbləğdə (tam və ya qismən) ödənilməsini sübut etmək yükü cavabdehin üzərinə düşür. Məhkəmə, iş materiallarında olan sənədlərə, iddia ərizəsində və etirazda tərəflərin öz tələb və etirazlarının əsası kimi gətirdikləri dəlillərə hüquqi qiymət verərək bu qənaətə gəlir ki, iddiaçı öz tələbini işə aid olan mötəbər sübutlarla əsaslandıra bilmişdir, cavabdeh isə öz etirazında istinad etdiyi halları sübut edə bilməmişdir. Belə ki, iddiaçı tərəfindən görülən işlərin həcmi (yetişdirilən şitillərin miqdarı), onların məbləği, şitillərin cavabdehə təhvil verilməsi faktı işdə olan təhvil-təslim aktları və elektron qaimə-fakturalarla tam sübut olunur. İşdə olan təhvil-təslim aktlarından görünür ki, onlar cavabdeh tərəfindən imzalanmışdır, elektron qaimə-fakturaların məzmunu isə digər sənədlərlə öz təsdiqini tapmışdır. Bununla da iddiaçı həmin sənədlərə əsasən cavabdehə iddia ərizəsində tələb olunan məbləğdə şitil yetişdirmə xidməti göstərdiyini sübut edə bilmişdir. Lakin, məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclaslarında iştirak etməmişdir, həmçinin növbəti iclaslarda iştirak edərək sübutlar təqdim edəcəyi barədə xahişi nəzərə alınaraq məhkəmə iclasının təxirə salınmasına baxmayaraq növbəti iclasda iştirak etməməklə yanaşı, cavabdeh öz etirazını əsaslandıran sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdeh xeyli məbləğdə ödəniş etdiyini bildirsə də, buna dair hər hansı bir dəlili məhkəməyə təqdim etməmişdir, işdə olan elektron qəbzlərdən isə cavabdehin üç dəfə olmaqla, ümumilkdə cəmi 55.020 manat məbləğində iddiaçıya pul ödədiyi müəyyən olunur. Qeyd olunanlarla yanaşı tərəflərin hər ikisinin imzası ilə təsdiq edilmiş üzləşmə aktı ilə də cavabdehin xx.xx.2021-ci il tarixə iddiaçıya olan qalıq borc məbləğinin 80.018 manat olduğu cavabdeh tərəfindən etiraf edilmişdir. Beləliklə sübut olunur ki, ümumi olaraq iddiaçı tərəfindən hər iki müqavilə üzrə göstərilən xidmətin dəyəri cəmi 135.038 manat olmuşdur, həmin məbləğdən 33.020 manat borc cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdə ödənilmişdir. Qalan 102.018 manat borcdan isə xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərində müvafiq olaraq 17000 və 5000 manat olmaqla, cəmi 22000 manat ödəniş cavabdeh tərəfindən edilmiş, nəticədə cavabdehin ödənilməmiş 80.018 manat məbləğində borcu qalmışdır. Məhkəmə, şərh olunanları yekunlaşdıraraq bu nəticəyə gəlir ki, iddia tələbi 80.018 manat əsas borcun tutulması hissəsində əsaslı olduğuna görə iddia həmin hissədə təmin edilməlidir. Məhkəmə, gəldiyi nəticənin maddi hüquqi əsaslandırılması ilə bağlı qeyd edir ki, baxılan işdə iddiaçının cavabdehə qarşı pul tələbinin təmin edilməsi üçün hüquqi əsas, tərəflər arasında mövcud olmuş podrat müqaviləsi üzrə sifarişçinin vəzifə və məsuliyyətini müəyyən edən Mülki Məcəllənin müvafiq normaları təşkil edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmİn Məcəllənin 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Həmin Məcəllənin 753.2-ci maddəsinə əsasən, əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır. Həmin Məcəllənin 769-cu maddəsinə əsasən, əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Yenə həmin Məcəllənin 770-ci maddəsinə əsasən, əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Məhkəmə qeyd edir ki, cavabdehin görülmüş işlərə görə iddiaçıya ödəniş etmək (haqq, muzd və s.) öhdəliyinin hüquqi əsası mülki qanunvericiliyin öhdəlik hüquq münasibətlərini tənzimləyən ümumi normalarında da nəzərdə tutulmuşdur. Lakin xüsusi normada olan tənzimləmənin üstünlüyü prinsipini əsas tutaraq məhkəmə, hazırki işdə cavabdehin ödəniş etmək öhdəliyini podrat müqaviləsi üzrə münasibətləri tənzimləyən normalara istinad etməklə əsaslandırılmasını məqbul və kifayət olduğunu hesab edir. Məhkəmə, iddia tələbini cavabdehdən pul məbləğinin ödənilməsi ilə bağlı gecikdirilmiş vaxt üçün 14565,71 manat məbləğində faiz borcunun (gecikdirmə faizi) tutulması hissəsinə hüquqi qiymət verərək qeyd edir ki, əvvəla tərəflər arasında imzalanmış müqavilələrdə öhdəliyin pozulması və ya lazımınca icra edilməməsi halında cavabdehin gecikdirmə faizi və ya dəbbə (cərimə, penya) ödəyəcəyi ilə bağlı razılaşma nəzərdə tutulmamışdır. Digər tərəfdən iddiaçı, cavabdehin ödənişi tam icra etməməsi nəticəsində real zərər və ya əldən çıxmış fayda şəklində zərərə uğraması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. İddiaçı pul öhdəliyinin cavabdeh tərəfindən gecikdirilməsini əsas tutaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə istinadən pul məbləğinin ödənilməsinin gecikdirilməsi ilə əlaqədar illik beş faizlə hesablanmaqla gecikdirmə faizinin tutulmasını tələb edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən iddiaçının gecikdirmə faizinin ödənilməsi barədə tələb hüququ yaransa da, həmin faiz məbləği iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Belə ki, iddia ərizəsində gecikdirmə faizi xx.xx.2019-cu il, xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixlərində yaranmış borclarla əlaqədar hesablandığı göstərilmişdir, lakin sonradan iddiaçı iddia tələbinin həcminin azaldılmasına dair ərizə verərək, həmin ərizəsində cavabdeh tərəfindən 2021-ci ilin fevral ayında 22.000 manat məbləğində ödənişin həyata keçirildiyinin aşkar edildiyinə görə tələbin həcminin azaldılmasını xahiş etmişdir. Lakin, iddia tələbi əsas borc üzrə 22000 manat həcmində azaldılmasına baxmayaraq, iddiaçı ilkin tələbi üzrə cavabdehdən tələb etdiyi faiz borcu məbləğinə dair dəqiqiləşdirmə verməmiş, eləcə də həmin məbləğin müəyyən edilməsi ilə bağlı vəsatət təqdim etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarılmasının təsbit edildiyini əsas tutaraq bu nəticəyə gəlir ki, iddiaçı tərəfindən verilmiş tələblərə əsasən gecikdirmə faizinin hansı məbləğdə olması ilə bağlı sübut təqdim edilmədiyinə görə iddia həmin hissədə təmin edilməməlidir. Məhkəmə, iddianın 400 manat mediasiya xərcinin tutulmasına dair hissəsini əsaslı hesab edərək qeyd edir ki, Cavabdeh imzaladığı müqavilədən irəli gələn vəzifələrini lazımınca icra etmədiyinə görə iddiaçının məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərcini ödəməsi nəticəsində iddiaçıya əlavə zərər vurmuşdur. Buna görə də, iddiaçının mediasiya xərcini ödəməsi nəticəsində çəkdiyi əlavə xərc də cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin edildiyinə görə, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 7 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməli, eləcə də ödənilməmiş dövlət rüsumu qalığı cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, hazırki iş üzrə iddia ərizəsinin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddiaçı ödədiyi 7 manat dövlət rüsumundan əlavə 323,05 manat (cəmi 330,05 manat) ödəməli olduğuna, lakin həmin Qanunun 9.1-1-ci maddəsinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunduğuna, həmçinin iddia tələbi qismən təmin olunduğuna görə qeyd edilən dövlət rüsumu müştərək qaydada cavabdehlərdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli, 05/19 nömrəli və xx.xx.2020-ci il tarixli, 17/20 nömrəli müqavilələr üzrə ümumilikdə 80.018 manat məbləğində əsas borc, 400 manat ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş məbləğ və 7 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 80.425 manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə nəzərdə tutulan 323,05 manat məbləğində dövlət rüsumunun qalığı cavabdehə aid edilsin və Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-1461/2023
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1461/2023
11.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver