Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1466/2021 14.09.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tatiyeva Günel Əli qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh oğlundan 11.316,47 manat məbləğində əsas borcun, əldən çıxmış faydaya görə 598,79 manat pul məbləğinin və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh Rüstəm oğlu ilə İddiaçı arasında bağlanmış 09.06.2020-ci il tarixli, 170 saylı alqı-satqı müqaviləsinə əsasən, müqaviləyə 1 saylı əlavə olan spesifikasiya aktında adları göstərilən malları “Satıcı” satmağı, “Alıcı” isə onu qəbul edib, razılaşdırılmış qiymətdə və razılaşdırılmış müddətdə dəyərini ödəməyi öz öhdəsinə götürür. İddiaçı tərəfindən üzərinə götürülmüş öhdəliklər tamamilə icra olunsa da, Cavabdeh oğlu öz üzərinə götürdüyü öhdəliklərini bu günə kimi yerinə yetirməmişdir. Belə ki, Cavabdeh müəssisədən aldığı malların dəyərini ödəməmiş və nəticədə 11.316,47 manat məbləğində icra olunmamış borc öhdəliyi qalmışdır. 19.05.2020-ci il tarixdə borcun dəqiqləşdirilməsi və etirafı məqsədilə tərəflərin iştirakı ilə tərtib olunaraq ikitərəfli qaydada imzalanmış üzləşdirmə aktına əsasən, Cavabdeh İddiaçı MMC-yə 16.999,47 manat borcunun olduğunu təsdiq etmişdir. Müəyyən ödənişlər etdikdən sonra cavabdehin hazırda 11.316,47 manat qalıq borcu mövcuddur. Məsələni həll etmək məqsədilə, dəfələrlə tərəflərindən borcun ödənilməsi ilə bağlı cavabdehə şifahi və yazılı xəbərdarlıqlar edilmişdir. Həmçinin 29.09.2020-ci il tarixində tərəflərindən Cavabdeh Rüstəm oğlunun ünvanına rəsmi qaydada pretenziya məktubu göndərilərək qalıq borcun ödənilməsi tələb olunsa da, münasibətlərin qaydaya salınması məqsədilə heç bir addım atılmamışdır. Bu səbəbdən iddiaçı hazırda məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X2 iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdırıb, iddiaçının nümayəndəsini dinləyib, hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan 09 iyun 2020-ci il tarixli, 170 saylı alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında məhsulların satışı barədə müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, satıcı (İddiaçı MMC) spesifikasiyada adları göstərilən malları alıcıya (Cavabdeh) satmağı, alıcı isə həmin məhsulları almağı və onun dəyərini ödəməyi öhdələrinə götürmüşdürlər. İş materiallarında olan müqaviləyə 1 saylı əlavə olan malların qiymət cədvəlindən (spesifikasiydan) görünür ki, müxtəlif inşaat materiallarının ölçüləri, çəkiləri, rəngləri və qiymətləri barədə tərəflər razılaşmışlar. İş materiallarında olan qaimə-fakturalardan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 17.08.2018-ci il tarixdə 4.800 manat, 28.08.2018-ci il tarixdə 5.220 manat, 03.10.2018-ci il tarixdə 2.960 manat, 19.10.2018-ci il tarixdə 1.920 manat, 31.10.2018-ci il tarixdə 2.575 manat, 03.05.2019-cu il tarixdə 1.830 manat və 23.05.2019-cu il tarixdə 1.740 manat olmaqla, cəmi 21.045 manat dəyərində mal təhvil verilmişdir. İş materiallarında olan 19 may 2020-ci il tarixli üzləşdirmə aktından görünür ki, Cavabdeh 19 may 2020-ci il tarixə İddiaçı MMC-yə 16.999,47 manat məbləğində borcu qalmışdır. Üzləşdirmə aktı tərəflərin iştirakı ilə tərtib olunmuş və imzalanmışdır. İş materiallarında olan 09 iyun 2021-ci il tarixli maliyyə arayışında qeyd olunur ki, Cavabdeh İddiaçı MMC-yə 11.316,47 manat borcu vardır. Həmçinin 19.05.2020-ci il tarixdən 09.06.2021-ci il tarixədək əldən çıxmış faydaya görə borc məbləğinin ümumi miqdarı 598,79 manat təşkil edir. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış 29.09.2020-ci il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış alqı-satqı müqaviləsi üzrə qalıq borcunun olması barədə cavabdeh xəbərdar edilmişdir. Ondan borcun 15 gün ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə pozulmuş hüquqların bərpası, əsas borcun və əlavə olaraq əldən çıxmış faydaya görə gecikdirilən hər gün üçün ümumi borcun 0,1 % miqdarında cərimə məbləğinin (tərəflər arasında bağlanmış müqavilənin 6.2-ci bəndinə müvafiq olaraq) ödənilməsi məqsədilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh məlumatlandırılmışdır. İş materiallarından görünür ki, İddiaçı MMC 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh arasında məhsulların satışı barədə 09 iyun 2020-ci il tarixli, 170 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, satıcı (İddiaçı MMC) spesifikasiyada adları göstərilən malları alıcıya (Cavabdeh) satmağı, alıcı isə həmin məhsulları almağı və onun dəyərini ödəməyi öhdələrinə götürmüşdürlər. Qeyd olunan müqavilənin bağlanmasından əvvəl də tərəflər arasında alqı-satqı münasibətləri olmuşdur. İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirsə də, cavabdeh müqavilə üzrə öhdəliyə əməl etməmişdir. İddiaçı 29.09.2020-ci il tarixli pretenziya ilə cavabdehə borcun qaytarılması ilə bağlı xəbərdarlıq göndərərək, borcun qaytarılmasını tələb etsə də, cavabdeh həmin müddət ərzində borcun ödənilməsini təmin etməmişdir. Borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir Həmin Məcəllənin 567-ci maddəsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İş materiallarında olan 19.05.2020-ci il tarixli üzləşdirmə aktı ilə Cavabdeh İddiaçı MMC-yə 16.999,47 manat əsas borcunun olduğu öz təsdiqini tapdığından, iddiaçı isə əsas borc kimi 11.316,47 manat tələb etdiyindən, cavabdeh tərəfindən isə həmin borcun ödənilməsinə dair məhkəməyə hər-hansı sübut təqdim edilmədiyindən, məhkəmə hesab edir ki, qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsasən, 11.316,47 manat əsas borcun tutulması hissəsində iddia təmin edilməlidir. İddiaçı iddia ərizəsində əsas borcdan əlavə, əsas borcun illik 5%-i miqdarında 598,79 manat pul məbləğinin tutulmasını xahiş edir. Məhkəmə hesab edir ki, bu hissədə də iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, cavabdehin iddiaçıya 11.316,47 manat əsas borcu 19.05.2020-ci il tarixli üzləşdirmə aktına əsasən müəyyən edilmiş, hazırki iddia ərizəsi isə məhkəmənin icraatına 12.07.2021-ci il tarixdə, borcun yaranmasından və ödənilməməsindən 1 il, 1 ay, 23 gün keçdikdən sonra daxil olmuşdur. İddiaçı isə 19.05.2020-ci il tarixdən 09.06.2021-ci il tarixədək illik 5% ilə hesablanmış faiz borcunu tələb edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsasən, məhkəmə hesab edir ki, 11.316,47 manat borcun ödənilməməsi nəticəsində həmin məbləğə hesablanmış 598,79 manat (5 faiz hesabı ilə 19.05.2020-ci il tarixdən 09.06.2021-ci il tarixədək) faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsasən hesab edir ki, iddia təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 227-ci, 233-cü və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 11.316,47 manat əsas borc, 598,79 manat öhdəliyin gecikdirilməsinə görə illik 5%-i miqdarında faiz borcu və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 11.945,26 (on bir min doqquz yüz qırx beş manat, iyirmi altı qəpik) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov
Məhkəmə qərarları › İş №e-2-2(121)-1466/2021
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1466/2021
14.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver