Məhkəmə qərarları › İş №e-2-2(121)-1472/2024

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1472/2024

03.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1472/2024 03.07.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Musayev Fərhad Böyükağa oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı QSC-nin Cavabdeh qarşı – pul tələbi barəsində iddiasına dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı QSC Cavabdeh qarşı – xx.xx.2022-ci il tarixli, SM/2022/413 saylı alqı-satqı müqaviləsi üzrə 12.091 manat borcun, 500 manat vəkil pulunun və 128 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında SM/2022/413 saylı, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlanılmışdır. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı pərakəndə satış üçün nəzərdə tutulmuş "xxxx" ASC-nin istehsalı olan sementi alıcıya satmağı, alıcı isə öz növbəsində sementi qəbul edib dəyərini satıcıya ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 3-cü bəndinə əsasən məhsulun satış qiyməti satıcı tərəfindən təqdim olunmuş elektron qaimə müəyyən edir. Alıcı hazırki müqavilə üzrə məhsulun dəyərinin ödənilməsini satıcının bank hesabına köçürmə yolu ilə nağdsiz qaydada həyata keçirir. Satıcı tərəfindən alıcıya təqdim olunan məhsulların 20 təqvim günü müddətindən gec olmamaq şərti ilə tərəflərin qarşılıqlı razılığına əsasən nisyə satışı nəzərdə tutula bilər. Hazırda iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi layiqincə yerinə yetirməsinə baxmayaraq cavabdeh üzərinə düşən öhdəliyi layiqincə yerinə yetirmir. Belə ki, xx.xx.2023-cü il tarixli birgə üzləşmə aktına əsasən cavabdeh iddiaçıya 4.816 manat borcu olduğunu etiraf edərək təsdiq etmişdir. Daha sonra, müxtəlif vaxtlarda cavabdeh iddiaçıdan ümumi dəyəri 16.912 manat məbləğində sement almış və aldığı sement müqabilində ümumilikdə 13.549 manat hissə-hissə ödəniş etmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, hazırda cavabdehin iddiaçıya olan borcu 12.091 manat təşkil edir. İddiaçı məhkəməyə xx.xx.2024-cü il tarixli “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ünvanlayaraq, xx.xx.2022-ci il tarixli, SM/2022/413 saylı alqı-satqı müqaviləsi üzrə 11.591 manat borcun, 500 manat vəkil pulunun və 128 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC-nin nümayəndəsi və vəkili Vəkil məhkəməyə xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət edərək, işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qismən, yəni 11291 manat borcun ondan tutulması hissəsində qəbul edərək, iddianın qalan hissəsinə etiraz etdi. İzahatında göstərdi ki, 11591 manat məbləğində borcdan xx.xx.2024-cü il tarixində 300 manat ödəniş etmişdir. Hazırda onun iddiaçıya olan borcu 11291 manat məbləğində təşkil edir. Buna görə də, iddianın qismən təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, cavabdehin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı QSC və Cavabdeh arasında SM/2022/413 saylı, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, satıcı pərakəndə satış üçün nəzərdə tutulmuş "xxxx" ASC-nin istehsalı olan sementi alıcıya satmağı, alıcı isə öz növbəsində hazırki müqavilədə göstərilən şərtlər əsasında məhsulu qəbul edib, dəyərini satıcıya ödəməyi öz öhdəsinə götürür. İş materiallarına əlavə olunan elektron qaimələrdən görünür ki, iddiaçı tərəfindən elektron qaimələrlə 27.640 manatlıq mal(lar) cavabdehə göndərilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli birgə üzləşmə aktının surətindən görünür ki, cavabdehin borcu 4.816 manat məbləğində təşkil edir. İşin materiallarında olan maliyyə arayışının surətindən görünür ki, Cavabdeh qeyd edilən müqavilə üzrə 12.091 manat məbləğində borcu vardır. İş materialında olan İddiaçı QSC tərəfindən Cavabdeh ünvanlanmış məktubun surətindən görünür ki, İddiaçı QSC və Cavabdeh arasında bağlanmış alqı-satqısı müqavilə(lər)sinə əsasən Cavabdeh ödənilməmiş 12.091 manat borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İşə əlavə edilən cavabdehin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, iddianı qismən, yəni 11591 manat borcun ondan tutulması hissəsində qəbul edərək, iddianın qismən təmin edilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə olunan xx.xx.2024-cü il tarixli, 3649 nömrəli qəbzin surətindən görünür ki, Cavabdeh "xxxx" Sementə görə 300 manat məbləğində ödəniş etmişdir. Beləliklə, işin materialları ilə müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı cavabdehə malların satılmasını öz üzərinə götürmüş, cavabdeh isə malları qəbul edib dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Lakin iddiaçı tərəfindən tərəflər arasında olan müqaviləyə əsasən öhdəliklər yerinə yetirilsə də, cavabdeh tərəfindən götürülmüş öhdəlik yerinə yetirilməmişdir. Göründüyü kimi tərəflər arasında alqı-satqı müqavilə(lər)si bağlanmış, cavabdeh isə müqavilə(lər) üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alğısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə(lər) əsasında iddiaçıdan mal(lar)ı almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə(lər) əsasında mal(lar)ı almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən məbləği tələb etməkdə haqlıdır. Məhkəmə eyni zamanda iddia tələbinin “hüquqi yardımla bağlı çəkdiyi 500 manat xərcin cavabdehdən tutulması”na dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi həmin hissədə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.5 və 115.0.6-cı maddələrinə əsasən, nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. Göstərilən Məcəllənin 121.1.-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hüquqi xidmət üçün müəyyənləşdirilən məbləğ müqavilə azadlığı prinsipi əsasında həmin müqavilənin iştirakçıları tərəfindən müəyyən olunduğundan, iddia isə qismən təmin edilməli olduğundan, göstərilən məbləğ ağlabatan məbləğdə, yəni 400 manat məbləğində cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli, iddia qismən təmin edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumunun 120 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 11291 manat borc, 400 manat vəkil xərci, 120 manat dövlət rüsumu, cəmi 11811 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı QSC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar