Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1479/2025 04.08.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı MMC cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 müştərək qaydada xx.xx.2023-ci il tarixli, A/17/11/U-23 saylı alqı-satqı müqaviləsi üzrə yaranan 26901,37 manat əsas və 8000 manat dəbbə pulu olmaqla, cəmi 34901,37 manat pulun və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilən 195 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-nə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 MMC tərəfindən İddiaçı ünvan 1 ünvanında yerləşən mağazasından elektrik avadanlıqları, digər inşaat materialları almışdır. Həmin məhsulların dəyəri olan 26901,37 manat məbləğində borc ödənilməmiş qalmışdır. xx.xx.2023-cü il tarixində tərəflər arasında bağlanmış A/17/11/U-23 saylı “alqı-satqı” müqaviləsinə əsasən tərəflər arasında mülki münasibətlər yaranmışdır. Müqavilə üzrə öhdəliklər yerinə yetirilmədiyi üçün tərəflərindən xx.xx.2024-cü il tarixində Elektron Qaimə göndərilərək borc tələb edilmişdir. Qeyd edilən borcun cavabdeh tərəfindən qısa müddətdə tam ödənilməsi üçün tərəflərindən eyni zamanda xx.xx.2025-ci il tarixində xəbərdarlıq məktubları həm poçt vasitəsi ilə həm də elektron qaydada göndərilmişdir. Borcun ödənilməsinə dair Cavabdeh1 MMC-yə xx.xx.2025-ci il tarixində xəbərdarlıq məktubu göndərilərək borcun qısa müddətdə ödənilməsinin təmin edilməsi xahiş edilmişdir. Əks halda müvafiq məhkəməyə iddia ərizəsi ilə müraciət ediləcəyi xəbərdarlıqda göstərilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, A/17/11/U-23 saylı alqı-satqı müqaviləsinin 11.4-cü bəndinə əsasən "xxxx" MMC-nin direktoru Cavabdeh2 bu müqaviləni alıcı və satıcı ilə bərabər imzalayaraq qəbul edir ki, Alıcı müqavilə üzrə öhdəliklərini Satıcı tərəfindən verilmiş yazılı xəbərdarlıqlara baxmayaraq icra etməsə və ya onu icra etmək iqtidarında olmasa, direktor alıcının bu müqavilə üzrə öhdəliklərinin icrasını öz üzərinə götürəcəkdir və bu öhdəliklərin icrasına görə özü əmlak və qeyri-əmlak hüquqları ilə məsuliyyət daşıyacaqdır. Cavabdeh1 MMC-nin direktoru Cavabdeh2 xx.xx.2025-ci il tarixdə elektron qaydada məhkəməyə təqdim etdiyi etirazda bildirmişdir ki, iş materiallarından göründüyü kimi, iddia tələbinin əsası olan A/17/11/U-23 saylı alğı-satqı müqaviləsi məhz "xxxx" MMC ilə "xxxx" MMC arasında imzalanmışdır. Buna baxmayaraq, iddiaçı tərəfindən həm "xxxx" MMC, həm də şirkətin direktoru Cavabdeh2 cavabdeh olaraq göstərilmişdir. Həmçinin, müqavilə üzrə yarandığı iddia olunan borcun "xxxx" MMC ilə Cavabdeh2 müştərək qaydada tutulması xahiş edilmişdir. AR Mülki Məcəlləsinin 87.1-ci maddəsinə əsasən bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır. Göründüyü kimi, qanunvericiliyin tələblərinə uyğun olaraq MMC-nin direktoru MMC-nin öhdəliklərinə görə şəxsi məsuliyyət daşımamaqdadır. Lakin iddiaçı "xxxx" MMC tərəfindən şirkətin direktoru Cavabdeh2 da cavabdeh olaraq göstərilmişdir. Belə olan halda, Cavabdeh2 hüquqları pozulmaqdadır. Yuxarıda qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 152-ci maddəsinə uyğun olaraq iddiaçı "xxxx" MMC tərəfindən təqdim edilmiş iddia ərizəsinin geri qaytarılmasına dair qərardad qəbul edilməsi xahiş olunur. Cavabdeh1 MMC-nin direktoru Cavabdeh2 xx.xx.2025-ci il tarixdə elektron qaydada məhkəməyə təqdim etdiyi etirazda Cavabdeh2 iş üzrə cavabdeh statusundan çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə baxış iclasının iştirakları olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarına, iş materiallarında olan sənədlərə və məhkəmə iclasında tədqiq edilən digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC ********** Dövlət qeydiyyat nömrəsi (VÖEN) ilə xx.xx.2021-ci il tarixdə kommersiya hüquqi şəxslərinin dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, Cavabdeh1 ********** Dövlət qeydiyyat nömrəsi (VÖEN) ilə xx.xx.2017-ci il tarixdə kommersiya hüquqi şəxslərinin dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, A/17/11/U-23 nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, həmin müqavilənin: 1.1-ci bəndinə əsasən, satıcı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan “Qiymətlərin razılaşması protokolu”nda göstərilən mal materialları (bundan sonra müqavilədə “Mallar” kimi qeyd ediləcəkdir) alıcıya satmağı, alıcı isə həmin malları qəbul edib almağı və onun dəyərini ödəməyi öhdəsinə götürür. 11.4-cü bəndinə əsasən, Alıcı Cavabdeh1 direktoru Cavabdeh2 bu müqaviləni alıcı və satıcı ilə bərabər imzalayaraq qəbul edir ki, Alıcı müqavilə üzrə öhdəliklərini Satıcı tərəfindən verilmiş yazılı xəbərdarlıqlara baxmayaraq icra etməsə və ya onu icra etmək iqtidarında olmasa, direktor alıcının bu müqavilə üzrə öhdəliklərinin icrasını öz üzərinə götürəcəkdir və bu öhdəliklərin icrasına görə özü əmlak və qeyri-əmlak hüquqları ilə məsuliyyət daşıyacaqdır. 11.5-ci bəndinə əsasən, Alıcının borcları müvafiq qaimə fakturalar və ya borcların qarşılıqlı üzləşmə aktları ilə müəyyən ediləcəkdir və bu sənədlər onlarda göstərilən borcların mübahisəsiz ödənişi üçün əsas sayılacaqdır. İş materiallarında olan hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmiş xx.xx.2024cü il tarixli “Malların təhvil-qəbul aktı”na əsasən 9019,4 manat məbləğində, 17881,97 manat məbləğində mallar (cəmi: 26901,37 manat) İddiaçı MMC tərəfindən Cavabdeh1 MMC-nə təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 761671 saylı və xx.xx.2024-cü il tarixli, 221743 saylı elektron qaimə-fakturalara əsasən, İddiaçı MMC tərəfindən Cavabdeh1 MMC-nə təhvil verilmiş malların ümumi dəyəri 26901,37 manat təşkil edir. İş materiallarında olan hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmiş xx.xx.2025ci il tarixli “Borcların üzləşdirilməsi aktı”ndan görünür ki, tərəflər həmin aktı tərtib edərək Cavabdeh1 xx.xx.2025-ci il tarixə İddiaçı MMC-nə 26901,37 manat məbləğində borcunun olduğunu təsdiq etmişlər. İş materiallarında olan maliyyə arayışının surətindən görünür ki, Cavabdeh1 ilə İddiaçı MMC arasında imzalanmış olan xx.xx.2023-cü il tarixli, A/17/11/U-23 saylı alqısatqı müqaviləsi əsasən Cavabdeh1 MMC-nin əsas borcu 26901,37 manat, cərimə borcu 8000 manat təşkil edir. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xəbərdarlıq bildirişinin surətindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2023cü il tarixli, A/17/11/U-23 saylı kredit müqaviləsinə əsasən yaranmış 26901,37 manat borcun 7 iş günü müddətində ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun İddiaçı ASC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh1 MMC xəbərdarlıq edilmişdir. Məhkəmə, iş materiallarında olan sənədlərə və digər dəlillərə əsasən müəyyən edir ki, tərəflər arasında yaranmış mübahisənin predmetini, onların daxil olduqları müqavilə münasibətləri üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində iddiaçının subyektiv hüququnun pozulmasını iddia edərək həmin hüquqlarının bərpa edilməsinə dair tələbi təşkil edir. Məhkəmə qeyd edir ki, mübahisə tərəflərinin hər ikisinin sahibkarlıq subyekti olmaları, mübahisənin predmetinin tərəflər arasında bağlanmış mülki hüquqi əqd (alğısatqı müqaviləsi) üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində pozulmuş hüququnun bərpa edilməsinə dair iddiaçının tələbinin təşkil etməsi və tərəflərin daxil olduqları hüquq münasibətlərinin xarakterinin onların həm birgə, həm də ayrı-ayrı həyata keçirdikləri sahibkarlıq fəaliyyəti ilə bağlı olması hazırki mübahisənin kommersiya xarakterdə olmasını şərtləndirir. İşin məhkəmə araşdırması nəticəsində müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı tədarük etdiyi malları cavabdehin sifarişi ilə razılaşdırılmış miqdarda cavabdehə təqdim etməklə onun mülkiyyətinə verməyə, cavabdeh isə təhvil aldığı malların qiymətini təşkil edən pul vəsaitini şərtləşdirilən müddətdə iddiaçıya ödəməklə bağlı razılığa gələrək bu barədə müqavilə bağlamışlar. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliklərinə yerinə yetirərək sifariş olunan malları cavabdehə təhvil verdiyini, cavabdehin isə təhvil aldığı malların dəyərini ödəmək öhdəliyini lazımınca yerinə yetirmədiyini iddia edir. Məhkəmə, işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq bu qənaətə gəlir ki, iddia tələbinin maddi hüquqi əsasını alğı-satqı müqaviləsinə dair münasibətləri tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 29-cu fəslinin 1-cı paraqrafında yer alan normalar təşkil edir. Belə ki, işin müəyyən edilmiş faktiki halları ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567 və 600-cü maddələrində nəzərdə tutulan dispozisiya şərtləri uyğun gəlir. Buna görə məhkəmə hesab edir ki, hazırki mübahisə qeyd edilən maddi hüquq normaları tətbiq edilməklə həll edilməlidir. Məhkəmə qeyd edir ki, mübahisəni tətbiq ediləcək maddi hüquq normalarına əsasən həll etməzdən əvvəl ilk olaraq işin mübahisəsiz və mübahisəli halları müəyyən edilməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsi qaydalarına uyğun olaraq tərəflərin öz tələb və etirazlarının əsası kimi gətirdikləri dəlillərə hüquqi qiymət verilməlidir. Məhkəmə, işdə olan sənədlərə və digər sübut əhəmiyyətli materiallara əsasən bu qənaətə gəlir ki, tərəflər arasında malların nisyə satışını nəzərdə tutan alğı-satqı müqaviləsinin bağlandığı, həmin müqavilənin etibarsızlığına dəlalət edən halların olmadığı, iddiaçı tərəfindən müqavilənin obyekti olan malların cavabdehə təhvil verilməsi və təhvil verilmiş malların ümumi dəyərinin 26 901,01 manat məbləğində olması, Cavabdeh1 xx.xx.2025-ci il tarixə İddiaçı MMC-nə 26901,37 manat məbləğində borcunun olması işin mübahisəsiz hallarını təşkil edir. Məhkəmə hesab edir ki, işin mübahisəli halını Cavabdeh2 iş üzrə cavabdeh qismində iddiaçı qarşısında mülki məsuliyyətinin əsası barədə qaldırılan mübahisə təşkil edir. Belə ki, Cavabdeh1 (direktoru Cavabdeh2 şəxsində) məhkəməyə təqdim etdiyi etiraz ərizələrində iddia ərizəsində tələb olunan borcu mübahisələndirməmişdir, lakin Cavabdeh2 direktoru olduğu MMC-nin öhdəliyinə görə məsuliyyət daşımadığını və bu səbəbdən onun cavabdeh qismində prosesdən çıxarılmasını bildirmişdir. Məhkəmə, iş üzrə Cavabdeh2 mülki məsuliyyətinin hüquqi əsasları ilə əlaqədar qeyd edir ki, İddiaçı MMC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, A/17/11/U-23 nömrəli alqı-satqı müqaviləsinin 11.4-cü bəndinə əsasən, Alıcı Cavabdeh1 direktoru Cavabdeh2 bu müqaviləni alıcı və satıcı ilə bərabər imzalayaraq qəbul edir ki, Alıcı müqavilə üzrə öhdəliklərini Satıcı tərəfindən verilmiş yazılı xəbərdarlıqlara baxmayaraq icra etməsə və ya onu icra etmək iqtidarında olmasa, direktor alıcının bu müqavilə üzrə öhdəliklərinin icrasını öz üzərinə götürəcəkdir və bu öhdəliklərin icrasına görə özü əmlak və qeyri-əmlak hüquqları ilə məsuliyyət daşıyacaqdır. Beləliklə müəyyən olunur ki, Cavabdeh2 qeyd olunan müqaviləni imzalamaqla həmin müqavilə üzrə alıcı Cavabdeh1 öz öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Alqı-satqı müqaviləsi üzrə Cavabdeh1 MMC-nin öhdəliyini pozduğuna görə Cavabdeh2 da onunla birlikdə iddiaçı qarşısında birgə (solidar) məsuliyyəti yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472-ci maddəsinin tələblərinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.1); Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır (472.2). Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunmuş və işin araşdırılması nəticəsində sübuta yetirilmiş faktiki halları belədir ki, iddiaçı müqavilə üzrə öhdəliyini icra edərək alğı-satqı obyekti olan malları Cavabdeh1 MMC-nin mülkiyyətinə vermişdir, lakin Cavabdeh1 MMC malları təhvil alsa da, dəyərini ödəməmişdir. Buna görə də, iddiaçının pul tələbinə dair iddiası qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 597.1-ci maddəsinə əsasən, alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə, iddia tələbini cərimənin tutulması hissəsində qismən əsaslı hesab edərək qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə görə öhdəliyin gecikdirilməsi halında cərimə ödəmək öhdəliyini cavabdeh öz üzərinə götürmüşdür. İşin halları ilə cavabdeh tərəfindən alınmış malların dəyərinin ödənilməsini gecikdirdiyi müəyyən olunduğuna görə, onun iddiaçıya cərimə ödəmək öhdəliyi yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd edilən maddi hüquq normalarının tələblərinə görə borclu müqavilə üzrə öhdəliyini pozduqda və ya lazımınca icra etmədikdə kreditorun əsas borcun qaytarılmasını tələb etməklə yanaşı, gecikmə nəticəsində cavabdehin vurduğu zərərin də ödənilməsini tələb etmək hüququ vardır. Mülki qanunvercilik belə vəziyyətlərdə müqavilə şərtlərindən asılı olaraq kreditora dəymiş zərərin əvəzi olaraq borcun məbləğindən faiz tələb etmək və ya dəbbə (cərimə, penya) tələb etmək kimi alternativ tələb imkanları tanımışdır. Hazırki işdə tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsi üzrə gecikdirmə nəticəsində dəyən ziyanı qarşılamaq üçün cərimənin ödənilməsi nəzərdə tutulmuşdur, yəni Mülki Məcəllənin 466.2.1-ci maddəsinə əsasən kredit müqaviləsi üzrə zərərin deyil, yalnız dəbbə pulunun tutulması barədə tərəflər razılaşmışlar. Buna görə də iddiaçının cərimə tələbi mahiyyət etibarı ilə əsaslıdır. Lakin məhkəmə, cərimənin məbləğinin əsas borca nisbətini, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini nəzərə alaraq hesab edir ki, iddia tələbi cavabdehdən 800 manat məbləğində cərimənin tutulması hissəsində əsaslı və mütənasib deyildir. Buna görə də məhkəmə bu nəticəyə gəlir ki, cavabdehdən tutulacaq cərimə məbləğinin azaldılaraq 500 manat məbləğində müəyyən edilməsi işin hallarına mütənasib və ədalətli olar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə də, məhkəmə işin hallarını, eləcə də kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin olunduğuna görə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu məbləği təmin edilmiş iddianın qiymətinə uyğun hissəsi cavabdehdən alınaraq iddiaçıya verilməli, artıq ödənilmiş hissəsi isə dövlət büdcəsindən iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1, 114.1.1 və 114.2-ci maddələrinin birgə tələbinə əsasən, qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, İddiaçıMMC-nın cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı pul tələbi qismən əsaslıdır və buna görə də iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1ndən xx.xx.2023-ci il tarixli, A/17/11/U-23 nömrəli müqavilə üzrə 26901,37 manat məbləğində əsas borc, 500 manat məbləğində cərimə borcu və ödənilmiş 172,2 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 27573,57 manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən artıq ödənilmiş 22,8 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-1479/2025
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1479/2025
04.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver