Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-1489/2022 04.08.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Abdullayev Elşən Uğur oğlu, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı – pul tələbi üzrə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1118,38 (bir min bir yüz on səkkiz manat otuz səkkiz qəpik) manat əsas borc məbləği, hüquqi xidmətin göstərilməsi üzrə xərc 110 (bir yüz on) manat və 60 (altmış) manat ilkin mediasiya sessiyası üzrə ödənilən məbləğ olmaqla, 1288,38 (bir min iki yüz səksən səkkiz manat otuz səkkiz qəpik) manatın tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə məhkəmə qətnaməsi qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 16 yanvar 2019-cu il tarixində, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı) ilə Cavabdeh (bundan sonra cavabdeh) arasında, Distribütora məxsus malların Diler tərəfindən satışını həyata keçirən və satış şərtlərini əks etdirən №1353 saylı diler müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən Distribütor Dilerə, özünə məxsus olan malları təklif edir. Bunun əsasında, Diler tərəfindən tərəflərin müqaviləyə və Distribütora məxsus olan malların satışını, realizə olunmasını tənzimləyən digər sənədlərdə razılaşdırdıqları şərtlərə uyğun olaraq həmin mallar üzrə satış həyata keçirir. Satılan malın miqdarı, qiyməti malın üzərində təqdim olunan qaimələrdə öz əksini tapmışdır. Lakin, Dilerin Distribütordan aldığı mala görə borcu yaranmışdır. Belə ki, 01 avqust 2020-ci il tarixdə tərəflər arasında imzalanmış üzləşdirmə aktının məzmunundan görünür ki, 31 iyul 2020-ci il tarixinə Cavabdeh İddiaçı QSC-ə borcu 1198,64 manat məbləğindədir. Şəxs tərəfindən xx.xx.2021-ci il tarixində edilmiş sonuncu ödənişdən sonra borc məbləği 1118,38 manat təşkil edir. Həmçinin müvafiq aktın məzmunundan aydın olur ki, diler yaranmış borcu İddiaçı QSC-nin ilk yazılı tələbi ilə geri qaytarmalıdır. Borc ödənilmədiyindən məhkəməyə müraciət edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.1-284-5.3-cü maddələrinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verdikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin yuxarıda qeyd olunan maddələrinin tələbinə uyğun olaraq cavabdehə məhkəmə tərəfindən rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən qanunla müəyyən edilmiş müddətdə iddia ərizəsinə dair etiraz təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması mümkündür. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (Distribütor) ilə Cavabdeh (Diler) arasında bağlanılmış xx.xx.2019-cu il tarixli diler müqaviləsinə əsasən, Distribütor tərəflər arasında razılaşdırılmış satış şərtlərinə əsasən Dilerə, özünə məxsus olan malları təklif edir, Diler öz növbəsində tərəflərin bu müqaviləyə və onun tərkib hissəsi olan digər sənədlərə əsasən bu malların satışını həyata keçirməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli “Üzləşmə Aktı”ndan görünür ki, 31 iyul 2020-ci il tarixinin sonuna Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə olan borcu 1.198,64 manat təşkil edir. Tərəflər razılığa gəlmişdirlər ki, Cavabdeh borcu İddiaçı QSCnin ilk yazılı tələbi ilə geri qaytarmalıdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 505 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh 1255 saylı, xx.xx.2019-cu il tarixli “Diler Müqaviləsi”nə görə borcu 1.118,38 manat təşkil edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 452 nömrəli pretenziya məktubundan görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh məktub ünvanlayaraq, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli diler müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixinə 1.198,64 manat borcunun olduğunu bildirmiş, həmin borcun xx.xx.2022-ci il tarixə qədər ödənilməsini ondan tələb etmiş, əks təqdirdə həmin borcun məcburi qaydada alınması məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəməyə müraciət ediləcəyi barədə onu xəbərdar etmişdir. İş materiallarında olan “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” 17 mart 2022-ci il tarixli, MŞB/2-00408 saylı arayışın surətindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Məhkəmə hesab edir ki, hazırkı işdə iddiaçının alqı-satqı müqaviləsi üzrə Cavabdeh malı təhvil verməsi, sonuncunun isə həmin mala dair borcunun olması işin mübahisəsiz halını təşkil edir. Belə ki, tərəflər arasında xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə mal verilsə də, cavadeh müqavilə üzrə öhdəliyə tam əməl etməmişdir. İddiaçı məktubla cavabdehə borcun qaytarılması ilə bağlı xəbərdarlıq göndərərək, borcun qaytarılmasını tələb etsə də, cavabdeh həmin müddət ərzində borcun ödənilməsini təmin etməmişdir. Borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, tələbin hüquqi əsasını tərəflər arasında bağlanılmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi təşkil edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Göründüyü kimi, cavabdeh iddiaçı qarşısında öhdəliklərini tam yerinə yetirməmiş, tərəflər arasında bağlanılmış xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsinə əsasən cavabdehin 1.118,38 manat məbləğində əsas borcunun olması iş materialları ilə tam sübuta yetirilir. Ona görə də, məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, iddia tələbinin “hüquqi yardımla bağlı ödənilmiş 110 manat xərcin cavabdehdən tutulması”na dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi həmin hissədə qismən əsaslıdır. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, **********08782 nömrəli ödəniş tapşırığından görünür ki, iddiaçının cavabdehə qarşı iddia ərizəsi üzrə hüquqi yardıma görə haqq 110 manat müəyyən olunmaqla “SİRİUS” Vəkil Bürosunun hesabına ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.5-ci və 115.0.6-cı maddələrinə əsasən, nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. Qeyd edilənlərə əsasən, vəkilin işin məhkəməyə hazırlanması ilə bağlı xərclərini və ödənilməli olan məbləğin ağlabatanlığını, o cümlədən hüquqi xidmət üçün müəyyənləşdirilən məbləğin müqavilə azadlığı prinsipi əsasında həmin müqavilənin iştirakçıları tərəfindən müəyyən olunduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, göstərilən məbləğ ağlabatan məbləğdə, yəni 100 manat məbləğində cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmçinin, məhkəmə hesab edir ki, 50 manat məbləğində mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Odur ki, iddia “60 manat məbləğində mediasiya xərcinin tutulması” hissəsində də qismən təmin edilməlidir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası MPM-nin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 227-ci, 233-cü və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1.118,38 (bir min bir yüz on səkkiz manat, otuz səkkiz qəpik) manat borc, hüquqi yardımla bağlı ödənilmiş 100 (bir yüz) manat və mediasiya xərci olaraq ödənilmiş 50 (əlli) manat, ümumilikdə 1.268,38 (bir min iki yüz altmış səkkiz manat, otuz səkkiz qəpik) manat məbləğində pul tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №e-2-2(121)-1489/2022
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1489/2022
04.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver