Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-151/2022 14.01.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Abdullayev Elşən Uğur oğlu, İddiaçı MMCnin Cavabdeh qarşı müqavilə üzrə borcun ödənilməsi tələbi üzrə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı 5.851,90 manat borc, 78,90 manat ödənilmiş dövlət rüsumu və 100 manat mediasiya rüsumunun cavabdehdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və cavabdeh arasında bağlanmış 12.11.2018-ci il tarixli şəkər şuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsinə əsasən cavabdeh 3 hektar sahədə şəkər çuğunduru əkməyi və hər hektardan 35 ton məhsul əldə etməklə, ümumilikdə 105 ton məhsulu istehsal edib İddiaçıya satmağı öhdəsinə götürmüşdür. Bu məqsədlə Cavabdehə məxsus sahəyə cəmiyyət tərəfindən 5170.50 ( beş min bir yüz yetmiş manat əlli qəpik) manat məbləğində mal və xidmət satılmaqla və 2155.50 ( iki min bir yüz əlli beş manat əlli qəpik ) manat pul vəsaiti avans olaraq kart hesabına köçürtməklə toplam 7326.00 (yeddi min üç yüz iyirmi altı) manat dəyərində xərc çəkilmişdir. Cavabbdeh tərəfindən isə iddiaçıya cəmi 1474.10 (bir min dörd yüz yetmiş dörd manat on qəpik) manat dəyərində şəkər çuğunduru təhvil verilmişdir. Nəticədə cavabdehin cəmiyyətə 5851.90 (beş min səkkiz yüz əlli bir manat doxsan qəpik) manat borcu yaranmışdır. Müqavilə şərtlərinə əsasən, Cavabdeh müqavilənin 2 saylı əlavəsində göstərilmiş aqrotexniki tədbirlərə aid hər bir xidmətə görə borclanacaqdır.Həmin borc (aqrotexniki xidmət, toxum, gübrə ,bitkinin mühafizəsi və digər maddi-texniki vəsaitlərin haqqı) məhsul zavoda təhvil verilərkən məhsulun haqqından çıxılacaq, yerdə qalan məhsulun dəyəri isə hesab faktura təqdim edildikdən sonra 20 gün ərzində cavabdehin bank hesabına köçürüləcəkdir. Müqavilə şərtlərinə görə təhvil verilmiş məhsulun dəyəri cavabdehin borcunu tam ödəmirsə, yaranmış borc cari ilin sonunadək pretenziya qaydasında İddiaçıya tam ödənilməlidir. Əks halda yaranmış borc məhkəmə qaydasında cavabdeh və zamindən müştərək qaydada tələb olunacaqdır. Cavabdehin borclu olması ödəniş tapşırıqlarında, İddiaçının təqdim etdiyi elektron hesab-fakturalarda və tərəfimizdən təqdim edilmiş maliyyə arayişlarında təsdiq edilir. İddiaçı tərəfindən Cavabdehə pretenziya məktubu göndərilmişdir,lakin Cavabdeh tərəfindən İddiaçının pretenziyasına cavab verilməmişdir.Bununla da, Cavabdeh Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442, 425.1 və 385.1 maddələrinin tələblərini pozmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.1-284-5.3-cü maddələrinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verdikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin maddələrin tələbinə uyğun olaraq cavabdehə məhkəmə tərəfindən rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən qanunla müəyyən edilmiş müddətdə etiraz təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması mümkündür. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 12.12.2018-ci il tarixli “Şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsi”nin surətindən görünür ki, “İstehsalçı/Əkinçi” öz qanuni istifadəsində olan Beyləqan rayonu, Mil qəsəbəsində yerləşən 3 hektar torpaq sahəsində "xxxx" MMC-nin aqroservis xidmətləri, aqrotexniki məsləhətləri, o cümlədən, toxum, gübrə, bitkinin mühafizəsi (pestisidlər) və digər maddi-texniki vasitələri ilə şəkər çuğunduru bitkisini intensiv yolla becərməli və əldə edilmiş məhsulun hamısını bu müqavilənin 1 saylı əlavəsində müəyyən edilmiş şərtlərlə, qiymətlə və qaydada 31 dekabr 2019-cu ilədək "xxxx" MMC-yə təhvil verməlidir. İş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 12.12.2018-ci il tarixli “Şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsi”nə 1 və 2 saylı əlavələr edilmişdir. İşdən görünür ki, “Ödəniş tapşırığlarına” əsasən, ümumilikdə 2.155 manat məbləğində pul vəsaiti "xxxx" MMC tərəfindən şəkər çuğunduru almaq üçün Cavabdeh müvafiq bank hesabına köçürülmüşdür. İşə əlavə edilmiş elektron qaimələrdən görünür ki, elektron qaimələr əsasən, ümumilikdə 5.170,50 manat dəyərində "xxxx" MMC tərəfindən Cavabdeh xidmətlər göstərilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən cavabdehlərə ünvanlanmış REF-412/2021 saylı, 17.09.2021-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, cavabdehin iddiaçıya şəkər çuğunduru məhsulu təhvil vermədiyi və iddiaçıya 5.851 manat borclu olduğu bildirilmişdir. Həmin borc məbləği borclu Cavabdeh tələb edilmişdir. İşə əlavə edilmiş 05.10.2021-ci il tarixli arayışın surətindən görünür ki, Cavabdeh 05.10.2021-ci il tarixə iddiaçıya olan borcu 5.851,90 manat təşkil edir. İş materiallarında olan dövlət rüsumunun ödənilməsi haqqında məlumatdan görünür ki, İddiaçı MMC hazırkı iş üzrə 78,51 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 04 oktyabr 2021-ci il tarixli, 2021-004784 saylı arayışın surətindən görünür ki, "xxxx" MMC ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 100 manat məbləğində mediasiyaya dair xərc ödəmişdir. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış 12.12.2018-ci il tarixli “Şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsi”nə və ona əlavələrə əsasən cavabdeh 3 hektar sahədə şəkər çuğunduru əkməyi və hər hektardan 35 ton məhsul əldə etməklə 105 ton məhsulu istehsal edib iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Bu məqsədlə iddiaçı tərəfindən həmin sahəyə 7.326 manat dəyərində xərc çəkilmişdir. Lakin, cavabdeh tərəfindən iddiaçıya 1.474,10 manat dəyərində şəkər çuğunduru məhsulu təhvil verilmiş və cavabdehin 5.851,90 manat məbləğində borcu yaranmışdır. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilə üzrə cavabdeh üzərinə götürdüyü öhdəliyləri yerinə yetirməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.4-cü maddəsinə əsasən, tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə əsasında Cavabdeh iddiaçıdan avans almaq və iddiaçının xidmətlərindən istifadə etmək hüququna malik olduğu kimi, eyni zamanda torpaq sahəsində şəkər çuğunduru əkmək və hər hektardan məhsul əldə etməklə şəkər çuğunduru istehsal edib iddiaçıya satmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında avans almasına və iddiaçının xidmətlərindən istifadə etməsinə dair hüququndan istifadə etmiş, lakin müqavilə üzrə vəzifələrini yerinə yetirməmişdir. Odur ki, iddiaçı göstərilən borcun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də, iddia həmin hissədə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı mövcud tələblə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də iddianın həmin hissəsi əsaslıdır. Odur ki, iddianın qeyd edilən hissəsi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. Məhkəmə həmçinin iddianın 78,90 manat məbləğində dövlət rüsumunun və 100 manat mediasiya xərcinin cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi qismən əsaslıdır. Ona görə ki, cavabdeh iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu və mediasiya xərcini ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, iddiaçının dövlət rüsumunu və mediasiya xərcini ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu və mediasiya xərci cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu və mediasiya xərci cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Lakin, məhkəmə hesab edir ki, cavabdehdən dövlət rüsumunun tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə tam əsaslı deyildir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Məhkəmə hesab edir ki, 5.851,90 manat məbləğində borc tələbi üzrə 78,51 manat məbləğində dövlət rüsumu ödənilməli olduğundan, iddiaçının cavabdehdən onun xeyrinə 78,90 manat məbləğində dövlət rüsumunun tutulmasını tələb etməsi əsassızdır. Buna görə də, iddia tələbi bu hissədə qismən təmin edilərək cavabdehdən iddiaçının xeyrinə 78,51 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 13.4-cü, 216- 220-ci, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 5.851,90 (beş min səkkiz yüz əlli bir manat, doxsan qəpik) manat borc, 78,51 (yetmiş səkkiz manat, əlli bir qəpik) manat dövlət rüsumu və 100 (bir yüz) manat mediasiya xərci, ümumilikdə 6.030,41 (altı min otuz manat, qırx bir qəpik) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 284-6.3-cü maddəsinə görə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №e-2-2(121)-151/2022
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-151/2022
14.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver