Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-152/2025 18.02.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 və Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16 289,84 (on altı min iki yüz səksən doqquz manat səksən dörd qəpik) manat məbləğində borcun, 138.87 (bir yüz otuz səkkiz manat səksən yeddi qəpik) manat dövlət rüsumunun, 2 800,00 (iki min səkkiz yüz) manat hüquqi yardıma görə ödənilmiş xidmət haqqının, cəmi 19 228,71 (on doqquz min iki yüz iyirmi səkkiz manat yetmiş bir qəpik) manat pul vəsaitinin cavabdehdən tutulub İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə fiziki şəxs sahibkar Cavabdeh arasında xx.xx.2023-cü il tarixli, MZ092/23 saylı alqı-satqı müqaviləsi bağlanaraq əməkdaşlığa başlanılmışdır. Müqavilə şərtlərinə uyğun olaraq tərəflərindən Cavabdeh verilmiş malların dəyəri olaraq Cavabdeh Cəmiyyətə 16 289,84 manat məbləğində debitor borcu yaranmışdır. Tərəflərindən debitor borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq Cavabdeh borcun ödənilməsindən yayınmışdır. Borcun ödənilməsi üçün Cavabdeh xx.xx.2024-cü il tarixdə pretenziya məktubu ilə müraciət edilərək debitor borc məbləğinin Cəmiyyətin hesabına ödənilməsi xahiş edilmiş, ödənilməyəcəyi təqdirdə qanunvericiliyə uyğun tədbirlər görərərək müvafiq məhkəməyə müraciət etmək məcburiyyətində olacaqları qeyd edilmişdir. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında tibb bacısı vəzifəsində işlədiyini, adına VÖEN-in olmadığını, iddiaçı ilə aralarında hər hansı bir müqavilə bağlanmadığını, belə bir müqavilədən məlumatsız olduğunu, bankda hesab nömrəsinin olmadığını, adına heç bir elektron qaimə gəlmədiyini, həyat yoldaşının əvvəllər sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu, Lənkəran şəhər bazarında mağazada işlədiyini, həyat yoldaşının iddiaçı ilə əməkdaşılığından xəbərsiz olduğunu bildirmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil1 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, təmsil etdiyi İddiaçı MMC-nin nümayəndəsi ilə özünü Cavabdeh əri kimi təqdim edən Ramil adlı şəxs əməkdaşlıq etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etmədiklərini, cavabdehin müqavilədən, təhvil verilən mallardan, onun adından edilən ödənişlərdən, adına VÖEN açılmasından məlumatsız olduğunu, bu səbəblərdən və müqaviləni cavabdehin imzalamaması nəzərə alınaraq iddiaçının malları kimə təhvil veribsə ona qarşı da iddia irəli sürməli olduğunu bildirdi və iddianın rədd edilməsini xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarına, iş materiallarında olan sənədlərə və məhkəmə iclasında tədqiqi edilən digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ********** Dövlət qeydiyyat nömrəsi (VÖEN) ilə xx.xx.2020-ci il tarixdə kommersiya hüquqi şəxslərinin dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, Cavabdeh sahibkarlıq subyekti kimi xx.xx.2023-cü il tarixində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi – VÖEN (**********) verilmişdir və o, halhazırda ünvan 1i ünvanında qeydiyyatdadır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MZ092/23 nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, həmin müqavilənin: 1.1-ci bəndinə əsasən, müqaviləyə əsasən "Satıcı” Əlavə razılaşmada nəzərdə tutulmuş Malları “Alıcı”ya təqdim edir, “Alıcı” isə həmin Malı qəbul edir və Müqavilə ilə razılaşdırılmış qaydada Malın dəyərini “Satıcı”ya ödəyir. 2.1-ci bəndinə əsasən, malın qiyməti və miqdarı Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə Razılaşma ilə müəyyənləşdirilir. 4.1-ci bəndinə əsasən, “Satıcı” Müqaviləyə uyğun olaraq “Alıcı”ya Əlavə razılaşma tarixindən 3 (üç) təqvim günü ərzində Malı “Alıcı”ya təhvil verməyi öhdəsinə götürür. 5.1-ci bəndinə əsasən, “Alıcı” satdığı Malın satış tarixindən 35 (otuz beş ) gün ərzində “Satıcı”ya satdığı Malın dəyərini Müqavilənin 9-cu bəndində göstərilmiş bank hesabına köçürmə yolu ilə ödəməlidir. İş materiallarında olan elektron qaimə-fakturaların surətindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh təhvil verilmiş malların ümumi dəyəri 25441,66 manat təşkil etmişdir. İş materiallarında olan “Hesab üzrə çıxarış”lardan görünür ki, Cavabdeh tərəfindən İddiaçı hesabına cəmi 6355,95 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan ƏDV sub-uçot hesabından görünür ki, Cavabdeh tərəfindən cəmi 1144,05 manat məbləğində ƏDV ödənilmişdir. İş materiallarında olan “Üzləşmə aktı”nın surətindən görünür ki, xx.xx.2023-cü il tarixə Cavabdeh İddiaçınə 16993,59 manat borcu vardır. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunmuş “Borc barədə arayış”a əsasən, İddiaçı tərəfindən Cavabdeh xx.xx.2023-xx.xx.2024-cü il tarix aralığında 25441,66 manat dəyərində mal verilmişdir, 1651,84 manat dəyərində mal geri qaytarılmışdır, cavabdeh tərəfindən 7500 manat ödəniş etmişdir, qalıq borcun məbləği 16289,82 manat təşkil etmişdir. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı pretenziya məktubunun surətindən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MZ092/23 nömrəli alqı-satqı müqaviləsinə əsasən yaranmış 16289,84 manat məbləğində borcun 3 gün müddətində tamamilə ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. Məhkəmə, iş materiallarında olan sənədlərə və digər dəlillərə əsasən müəyyən edir ki, tərəflər arasında yaranmış mübahisənin predmetini, onların daxil olduqları müqavilə münasibətləri üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində iddiaçının subyektiv hüququnun pozulmasını iddia edərək həmin hüquqlarının bərpa edilməsinə dair tələbi təşkil edir. Məhkəmə qeyd edir ki, mübahisə tərəflərinin hər ikisinin sahibkarlıq subyekti olmaları, mübahisənin predmetinin tərəflər arasında bağlanmış mülki hüquqi əqd (alğısatqı müqaviləsi) üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində pozulmuş hüququnun bərpa edilməsinə dair iddiaçının tələbinin təşkil etməsi və tərəflərin daxil olduqları hüquq münasibətlərinin xarakterinin onların həm birgə, həm də ayrı-ayrı həyata keçirdikləri sahibkarlıq fəaliyyəti ilə bağlı olması hazırki mübahisənin kommersiya xarakterdə olmasını şərtləndirir. İşin məhkəmə araşdırması nəticəsində müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı tədarük etdiyi malları cavabdehin sifarişi ilə razılaşdırılmış miqdarda cavabdehə təqdim etməklə onun mülkiyyətinə verməyə, cavabdeh isə təhvil aldığı malların qiymətini təşkil edən pul vəsaitini şərtləşdirilən müddətdə iddiaçıya ödəməklə bağlı razılığa gələrək bu barədə müqavilə bağlamışlar. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirərək sifariş olunan malları cavabdehə təhvil verdiyini, cavabdehin isə təhvil aldığı malların dəyərini ödəmək öhdəliyini lazımınca yerinə yetirmədiyini iddia edir. Məhkəmə, işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq bu qənaətə gəlir ki, iddia tələbinin maddi hüquqi əsasını alğı-satqı müqaviləsinə dair münasibətləri tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 29-cu fəslinin 1-cı paraqrafında yer alan normalar təşkil edir. Belə ki, işin müəyyən edilmiş faktiki halları ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567 və 600-cü maddələrində nəzərdə tutulan dispozisiya şərtləri uyğun gəlir. Buna görə məhkəmə hesab edir ki, hazırki mübahisə qeyd edilən maddi hüquq normaları tətbiq edilməklə həll edilməlidir. Məhkəmə qeyd edir ki, mübahisəni tətbiq ediləcək maddi hüquq normalarına əsasən həll etməzdən əvvəl ilk olaraq işin mübahisəsiz və mübahisəli halları müəyyən edilməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsi qaydalarına uyğun olaraq tərəflərin öz tələb və etirazlarının əsası kimi gətirdikləri dəlillərə hüquqi qiymət verilməlidir. Məhkəmə, işdə olan sənədlərə və digər sübut əhəmiyyətli materiallara əsasən bu qənaətə gəlir ki, iddiaçı tərəfindən təhvil verilmiş malların ümumi dəyərinin 25441,66 manat məbləğində olması (elektron qaimələrə əsasən), cavabdeh tərəfindən iddiaçının hesabına cəmi 7500 manat məbləğində pul vəsaiti köçürülməsi (hesabdan çıxarışlara və ƏDV hesabına əsasən) işin mübahisəsiz hallarını təşkil edir. Məhkəmə hesab edir ki, işin mübahisəli halını cavabdehin, tərəflər arasında bağlandığı iddia edilən müqaviləni imzalamaması, iddiaçı ilə hər hansı bir ticarət əlaqəsində olmaması, iddiaçıdan mal təhvil almaması, iddiaçının hesabına pul ödəməməsi, üzləşmə aktının onun tərəfindən imzalanmaması, ümumiyyətlə hər hansı bir sahibkarlıq fəaliyyəti göstərməməsi, vergi ödəyicisi kimi qeydiyyata alınmasından, adına bank hesabının açılmasından məlumatsız olması barədə etirazı təşkil edir. Məhkəmə, cavabdehin və onun nümayəndəsinin məhkəmə iclaslarında etirazlarının əsasları kimi istinad etdikləri halları qiymətləndirərək belə qənaətə gəlir ki, həmin dəlillər iddianın rədd edilməsi üçün əsaslı hesab edilə bilməz. Məhkəmə ilk növbədə bank hesabının açılması, bank hesabından digər hesaba pul köçürmələrinin həyata keçirilməsi, vergi ödəyicisinin qeydiyyata alınması və vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin verilməsinə dair məsələləri tənzimləyən qanunvericilik normalarının qeyd ediləsini zəruri hesab edir. Bank hesabının açılmasına dair: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 954.1-ci maddəsinə əsasən, bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür. Həmin Məcəllənin 955.1-ci və 955.2-ci maddələrinə əsasən, bank hesabı müqaviləsi yazılı formada bağlanır. Bank hesabı müqaviləsinin yazılı formasına riayət edilməməsi bu müqavilənin etibarsızlığına səbəb olur. Belə müqavilə əhəmiyyətsizdir. Həmin Məcəllənin 956.1-ci maddəsinə görə, bank hesabı müqaviləsi bağlanarkən müştəriyə və ya onun göstərdiyi şəxsə tərəflərin razılaşdırdığı şərtlərlə bankda hesab açılır. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2-ci maddəsinə əsasən, müştərilər bank fəaliyyətinin bütün növlərinin həyata keçirilməsi üçün bankları müstəqil seçirlər və bu məqsədlə bir və ya bir neçə bankın xidmətlərindən istifadə edə bilərlər. Hesabların açılması, aparılması və bağlanması qaydaları Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və həmin Məcəlləyə müvafiq olaraq Mərkəzi Bank tərəfindən qəbul edilmiş normativ xarakterli aktlara, habelə bu Qanuna və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən həyata keçirilir. Azərbaycan Respublikası Mərkəzi X5 2022-ci il 04 fevral tarixli, 04/2 nömrəli qərarı ilə təsdiq edilmiş “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”nın 4.9-cu 4.10-cu bəndlərinə əsasən, bank hesabı müştəri və ya onun səlahiyyətli numayəndəsi ilə bank arasında kağız daşıyıcıda və ya elektron formada bank hesabı müqaviləsinin bağlanması yolu ilə rəsmiləşdirilir. Bank hesabı müqaviləsi aydın və oxunaqlı olmalıdır. Bank müştərinin tələbi ilə elektron formada bağlanmış bank hesabı müqaviləsinin surətini ödənişsiz olaraq kağız daşıyıcıda təqdim etməlidir. Müştəriyə açılmış bank hesabının nömrəsi bu Qaydaya 7 nömrəli Əlavə ilə müəyyən edilmiş qaydada İBAN (X3 Number) strukturu üzrə müəyyənləşdirilir və bank tərəfindən müştəriyə təqdim edilir. Bank hesabından digər hesaba pul köçürmələrinin həyata keçirilməsinə dair: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 957.1-ci maddəsinə əsasən, hesabdan vəsaitin köçürülməsi və verilməsi haqqında müştərinin adından sərəncamlar verən şəxslərin hüquqları qanunda nəzərdə tutulmuş, qanuna əsasən bank qaydaları və bank hesabı müqaviləsi ilə müəyyənləşdirilmiş sənədlərin müştəri tərəfindən banka təqdim olunması yolu ilə təsdiq edilir. Həmin Məcəllənin 972.1-ci maddəsinə əsasən, nağdsız hesablaşmalar aparılarkən ödəniş tapşırıqları ilə, akkreditiv üzrə hesablaşmalara, inkasso üzrə, çeklərlə, ödəniş kartları ilə, elektron şəklində hesablaşmalara, habelə qanunla, qanuna uyğun müəyyənləşdirilmiş bank qaydaları ilə və bank praktikasında tətbiq olunan işgüzar dövriyyə adətləri ilə nəzərdə tutulmuş digər formalarda hesablaşmalara yol verilir. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 38.2-ci maddəsinə əsasən, banklar beynəlxalq ödənişləri və pul köçürmələrini Azərbaycan Respublikasının qanunvericiliyinə, Mərkəzi Bankın normativ xarakterli aktlarına, Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrə, habelə beynəlxalq bank praktikasında tətbiq edilən işgüzar dövriyyə adətlərinə və müvafiq müqavilələrə uyğun olaraq həyata keçirirlər. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1 və 3.1.1-ci maddələrinə əsasən, bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq) ilə həyata keçirilən hesablaşmalar nağdsız hesablaşmalar hesab olunur. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən, hər iki tərəf vergi ödəyicisi olan şəxs arasında hesablaşmalar üzrə nağdsız ödəniş yalnız bu Qanunun 3.1.1-ci maddəsində müəyyən olunmuş formada həyata keçirilə bilər. Vergi ödəyicisinin qeydiyyata alınması və vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin verilməsinə dair: Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33.1-ci maddəsinə əsasən, vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə vergi ödəyicisi olan ... fərdi sahibkarlar və bu Məcəllənin müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxslər yaşadıqları ... yer üzrə vergi orqanlarında uçota alınır. Həmin Məcəllənin 33.4-cü maddəsinə əsasən, vergi orqanlarında uçota alınmaq üçün vergi ödəyiciləri tərəfindən (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) onların olduğu və ya yaşadığı yer üzrə vergi orqanına ərizə verilir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən, vergi orqanında uçota alınmaq üçün vergi ödəyicisi (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) tərəfindən ərizə verilir. Ərizə vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən doldurulur. Ərizədə göstərilənlərin düzgünlüyünə vergi ödəyicisi (onun rəhbəri) cavabdehdir. Vergi ödəyicisi olan fərdi sahibkar uçota alınması üçün ərizə ilə birgə onun şəxsiyyətini təsdiq edən sənədin surətini təqdim edir. Vergi ödəyiciləri olan fiziki şəxslər uçota alındıqda, onların şəxsi məlumatlarına, o cümlədən onların adı, doğulduğu tarix və yer, cinsi, yaşadığı ünvan, şəxsiyyətini təsdiq edən sənədin məlumatları, vətəndaşlığı haqqında məlumat daxil edilir. Həmin Məcəllənin 34.6-cı maddəsinə əsasən, hər bir vergi ödəyicisinə bütün vergilər üzrə, o cümlədən Azərbaycan Respublikasının gömrük sərhədindən malların keçirilməsi ilə bağlı ödənişlər üzrə Azərbaycan Respublikasının bütün ərazisində vahid olan vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilir. Məhkəmə, yuxarıda sadalanan maddi hüquq normalarının tələblərini ümumiləşdirərək qeyd edir ki, fiziki şəxs tərəfindən bank hesabının açılması, bank hesabından digər hesaba pul köçürmələrinin həyata keçirilməsi, vergi ödəyicisi kimi qeydiyyata alınması və vergi ödəyicisinin eyniləşdirmə nömrəsini alması, həmin şəxsin özü tərəfindən və ya onun onun səlahiyyətli nümayəndəsi tərəfindən həyata keçirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Məhkəmə qeyd edir ki, işin mübahisəsiz hallarından göründüyü kimi Cavabdeh sahibkarlıq subyekti kimi xx.xx.2023-cü il tarixində vergi ödəyicisi uçotuna alınmış və ona vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilmişdir. Həmçinin, Cavabdeh "xxxx" ASC-də AZ33HAJCSCRAZN **********1001 nömrəli cari hesabı mövcuddur və həmin hesabdan İddiaçı MMC-nin hesabına pul vəsaiti köçürülmüşdür. Bundan başqa, işdə olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MZ092/23 nömrəli alqısatqı müqaviləsinin surətindən görünür ki, həmin müqavilə Cavabdeh adından, onun zəruri rekvizitləri qeyd olunmaqla imzalanmışdır və üzərində onun ad, soyad və ata adının həkk olunduğu möhürlə təsdiq edilmişdir. Yenə, işdə olan xx.xx.2023-cü il tarixli “Üzləşmə aktı”nın surətindən görünür ki, həmin akt Cavabdeh adından, onun zəruri rekvizitləri qeyd olunmaqla imzalanmışdır və üzərində onun ad, soyad və ata adının həkk olunduğu möhürlə təsdiq edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının nümayəndəsi tərəflər arasında alqı-satqı əməliyyatlarının özünü Cavabdeh əri kimi təqdim edən Ramil adlı şəxslə həyata keçirildiyini bildirmişdir və bunun təsdiqi olaraq Ramil adlı şəxslə iddiaçının əməkdaşı arasında olan telefon yazışmalarının fotosurətini təqdim etmişdir. Cavabdehin nümayəndəsi də məhkəmə iclaslarında verdiyi izahatlarında Ramil adlı şəxsin cavabdehin əri olduğunu və onun tərəfindən alqı-satqı əməliyyatlarının aparılmasını inkar etməmişdir, lakin iddiaçının hər hansı bir tələbi varsa bunun Ramilə qarşı irəli sürə biləcəyini bildirmişdir. Məhkəmə, yuxarıda qeyd olunan xüsusatlarla bağlı “Elektron Məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən müəyyən edir ki, iş üzrə Cavabdeh X2 adlı şəxslə rəsmi nikah münasibətlərindədir və xx.xx.2023-cü il tarixdə Lənkəran rayon 1 saylı Notariat ofisində Cavabdeh tərəfindən X1, ona məxsus olan bütün əmlak və hüquqlara dair etibarnamə verilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə iddiaçı öz üzərinə düşən öhdəlikləri yerinə yetirərək sifariş olunan malları cavabdehin mülkiyyətinə vermişdir, cavabdeh isə təhvil aldığı malların bir hissəsinin dəyərini təşkil edən pul vəsaitini iddiaçının bank hesabına ödəmişdir, bir hissəsini isə geri qaytarmışdır. Nəticədə cavabdehin aldığı mallara görə iddiaçıya ödənilməmiş 16289,84 manat məbləğində borcu qalmışdır. İddiaçı, cavabdehin müqavilə üzrə öhdəliyini icra etməyərək aldığı malların qiymətini tam ödəməməsi haqqında tələbini tərəflər arasında bağlanmış müqavilə şərtlərinə, malların təhvil verilməsinə dair qaimələrə, cavabdehə göndərilmiş elektron qaimələrə, hesabdan çıxarış məlumatlarına, üzləşmə aktına və borcun ödənilməsi ilə bağlı cavabdehə qarşı məhkəməyə qədər pretenziya qaydasında tələblə çıxış etməsinə istinad edərək tam sübut edə bilmişdir. Məhkəmə qeyd edir ki, iddia ərizəsində tələb olunan borc məbləğinin iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsinin sübutetmə yükünün bölüşdürülməsi prinsipinə görə cavabdehin üzərinə düşməsinə baxmayaraq, cavabdeh bunu sübut edə bilməmişdir. İşdə olan üzləşmə aktını imzalamaqla cavabdeh xx.xx.2023-cü il tarixə İddiaçınə 16993,59 manat borcu olduğunu etiraf etmişdir. Cavabdehin və onun nümayəndəsinin məhkəmə iclaslarında etirazlarının əsası kimi istinad etdiyi halların isə əsassız olduğu məhkəmə araşdırması nəticəsində öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmə, tərəflərin iradə ifadəsini əks etdirən müqaviləni, malların təhvil verilməsinə dair qaimələri, elektron qaimələri, hesabdan çıxarış məlumatlarını, üzləşmə aktını və işin müəyyən edilmiş digər hallarını nəzərə alaraq hesab edir ki, iddia edildiyi kimi cavabdeh tərəfindən alınan malların qiymətini təşkil edən 16289,84 manat məbləğində pulun şərtləşdirilmiş müddətdə ödənilməməsi öz təsdiqini tapır. Bu halda məhkəmə əsas borc kimi tələb olunan 16289,84 manat məbləğində pulun cavabdeh tərəfindən iddiaçıya ödənilməməsinin tam sübut olunduğu qənaətinə gəlir. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunmuş və işin araşdırılması nəticəsində sübuta yetirilmiş faktiki halları belədir ki, iddiaçı müqavilə üzrə öhdəliyini icra edərək alğı-satqı obyekti olan malları cavabdehin mülkiyyətinə vermişdir, lakin cavabdeh malları təhvil alsa da, dəyərini ödəməmişdir. Buna görə də, iddiaçının pul tələbinə dair iddiası qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 597.1-ci maddəsinə əsasən, alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə, vəkilin göstərdiyi yardıma görə çəkilmiş xərcin cavabdehdən tutulması hissəsində iddia tələbinin qismən əsaslı olduğu qənaətinə gələrək hesab edir ki, iddiaçı tərəfindən hüquqi yardım üçün ödənilmiş 2800 manat vəsaitin 1000 manat hissəsi cavabdehdən alınıb iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin olunduğuna görə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu məbləği cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı pul tələbi qismən əsaslıdır və buna görə də iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 16289,84 manat məbləğində borc, 1000 manat məbləğində hüquqi yardıma görə ödənilmiş xidmət haqqı və 138,87 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 17428,71 manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-152/2025
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-152/2025
18.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver