Məhkəmə qərarları › İş №e-2-2(121)-153/2023

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-153/2023

28.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-153/2023 28.02.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 27 iyul 2018-ci il tarixli 040/18 saylı alqı-satqı müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı 45.908,10 (qırx beş min doqquz yüz səkkiz manat 10 qəpik) manat əsas borcun və 2.295,41 (iki min iki yüz doxsan beş manat 41 qəpik) manat cərimə borcu olmaqla, 48.203,51 (qırx səkkiz min iki yüz üç manat 51 qəpik) manat, o cümlədən 200 (iki yüz) manat mediasiya xərclərinin və iddiaçı tərəfindən ödənilmiş 34,61 (otuz dörd manat 61 qəpik) manat dövlət rüsumu məbləğinin, ümumilikdə 48.438,12 (qırx səkkiz min dörd yüz otuz səkkiz manat 12 qəpik) manat pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında 27 iyul 2018-ci il tarixli 040/18 saylı alqı-satqı müqaviləsi imzalanmışdır. Müqavilənin 1.1-ci maddəsinin tələblərinə əsasən Satıcının Alıcıya bu müqavilənin ayrılmaz tərtkib hissəsi olacaq X1 göstərilən miqdarda, adda, çeşiddə və qiymətdə boya məhsullarını (bundan sonra “mallar” adlandırılacaq) Alıcı tərəfindən verilən yazılı sifariş əsasında tərtib edərək göstərilən çeşiddə və miqdarda hissə-hissə təhvil verməsini, Alıcının da hissə-hissə göndərilən malları qaimə-fakturalara uyğun olaraq qəbul etməsindən sonra göndərilən hesab-fakturada qeyd olunan məbləği Satıcıya ödəməsi bu müqavilənin predmetini təşkil edir. Aralarında imzalanan müqavilənin şərtlərinə əsasən satıcı tərəfindən verilmiş sifarişlərdə qeyd edilən mallar cavabdeh hüquqi şəxsə təhvil verilmişdir. Hətta tərəflər arasında imzalanmış 16 iyun 2022-ci il tarixli qarşılıqlı hesablaşmalar əsasında üzləşmə aktına əsasən 27 iyul 2018-ci il tarixli müqavilə əsasında 16 iyun 2022-ci il tarixinə Cavabdeh MMC-nin İddiaçı MMC-yə olan borcu 45.908,10 (qırx beş min doqquz yüzsəkkiz manat 10 qəpik) manat təşkil edir. Yuxarıda da qeyd edildiyi kimi 5 aya yaxın bir müddətdir ki, cavabdeh tərəfindən müqavilə və imzalanmış olan üzləşmə aktının şərtlərinə əsasən təqdim edilmiş mallara və elektron qaimə fakturaya görə heç bir ödəniş aparılmamaqdadır. Bu səbəbdən, cavabdeh tərəfindən qeyd edilən ödənişin aparılmaması cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərin pozulmasına gətirib çıxarmışdır. Hal-hazırda Cavabdeh 27 iyul 2018-ci il tarixli 040/18 saylı alqı-satqı müqaviləsi əsasında İddiaçı MMC –yə olan borcu 45.908,10 (qırx beş min doqquz yüzsəkkiz manat 10 qəpik) manat təşkil etməkdədir. Tərəflər arasında imzalanmış olan müqavilənin 5.3-cü maddəsinin şərtlərinə əsasən Satıcı tərəfindən Alıcıya göndərilən hesab-fakturada qeyd edilən məbləğ bu müqavilənin 5.2-ci maddəsində qeyd olunan müddətdə ödənilmədikdə gecikdirilmiş hər gün üçün yazılı sifarişdə qeyd olunan çeşiddə və miqdarda malların qiymətini əks etdirən ümumi məbləğin 0,1%-i həddində lakin ümumi məbləğin 5%-i həcmindən artıq olmamaq şərti ilə cərimə hesablanacaqdır. Bu maddənin tələblərinə əsasən hesab edirik ki, müqavilə üzrə yaranmış olan 45.908,10 manatlıq əsas borc 5 aya yaxın bir müddətdir ki, ödənilmədiyi üçün həmin borca hesablanmış və ümumi borc məbləğinin 5%-ini təşkil edən 2.295,41 (iki min iki yüz doxsan beş manat 41 qəpik) manatlıq cərimə pulunun tələb edilməsi üçün də hüquqi əsaslar mövcuddur. Odur ki, borcun ödənilməsi barədə iddia ərizəsi ilə müraciət edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü məhkəməyə bildirməmiş və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddələrinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 27 iyul 2018-ci il tarixli, 040/18 saylı alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh MMC arasında malların alqı-satqısı barədə müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci yarımbəndinə əsasən, satıcının alıcıya bu müqavilənin ayrılmaz tərkib hissələri olacaq X1 göstərilən miqdarda, adda, çeşiddə və qiymətdə boya məhsullarını alıcı tərəfindən verilən yazılı sifariş əsasında tərtib edərək göstərilən çeşiddə və miqdarda hissə-hissə təhvil verməsini, alıcının da hissə-hissə göndərilən malları qaimə-fakturalara uyğun olaraq qəbul etməsindən sonra həmin mallarla bərabər göndərilən hesab-fakturada qeyd olunan məbləği satıcıya ödəməsi bu müqavilənin predmetini təşkil edir. Həmin müqavilənin 5.3-cü yarımbəndinə əsasən, müqavilənin 5.2-ci maddəsinin şərtlərinə uyğun olaraq satıcı tərəfindən alıcıya göndərilən hesab-fakturada qeyd olunan məbləğ bu müqavilənin 5.2-ci maddəsində qeyd olunan müddətdə ödənilmədikdə gecikdirilmiş hər gün üçün yazılı sifarişdə qeyd olunan çeşiddə və miqdarda malların qiymətini əks etdirən ümumi məbləğin 0,1 %-i həddində lakin ümumi məbləğin 5%-i həcmindən artıq olmamaq şərti ilə cərimə hesablaması barədə tərəflər razılığa gəlmişdirlər. İş materiallarında olan xx.xx.2022-ci il tarixli üzləşmə aktından görünür ki, xx.xx.2022-ci il tarixinə Cavabdeh MMC-nin borcu 45908,10 manat təşkil edi. Üzləşmə aktı İddiaçı MMC-nin və Cavabdeh MMC-nin rəhbərinin imzaları və həmin MMC-lərin möhürləri ilə təsdiq edilmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanılmış alqı-satqı müqaviləsi üzrə yaranmış borcun 3 gün ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh MMC məlumatlandırılmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında boya məhsullarına dair alqı-satqı müqaviləsi bağlanılmışdır. Həmin müqavilə əsasında iddiaçı tərəfindən cavabdehə mallar verilmişdir. Cavabdeh malları təhvil alsa da malların dəyərini ödəməmişdir. Cavabdehin iddiaçı qarşısında öhdəliklərini yerinə yetirmədiyi iş materialları, o cümlədən üzləşmə aktı ilə tam sübuta yetirildiyindən məhkəmə hesab edir ki, iddia əsas borcun ödənilməsi hissəsində təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə hesab edir ki, “üzləşmə aktı” ilə cavabdehin iddiaçıya ümumilikdə 45.908,10 manat borcunun olması öz təsdiqini tapdığından, o cümlədən cavabdeh tərəfindən həmin borcun olmamasına və ya daha az olmasına dair hər-hansı mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsasən, iddia əsas borca münasibətdə təmin edilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, hüquqi şəxsin adından təsdiq edilmiş hər bir sənəd onun möhürü ilə təsdiq edilməli olduğundan və hüquqi şəxsin möhürü yalnız qanuni təmsilçidə və ya onun tərəfindən səlahiyyət verilmiş şəxsdə saxlanılmalı olduğundan, iş üzrə iddiaçı tərəfindən təqdim edilmiş, üzərində Cavabdeh MMC-nin möhürü olan qarşılıqlı hesablaşmalar üzrə üzləşmə aktı tərəflər arasında alqı-satqı müqaviləsi bağlanıldığını və həmin müqavilə üzrə cavabdehin iddiaçıya 45.908,10 manat borcunun yarandığını təsdiq edən mötəbər sübut kimi qəbul edilməlidir. Nəzərə alınmalıdır ki, mülki qanunvericiliyin tələbləri baxımından fiziki şəxslərlə müqayisədə, hüquqi şəxslər mülki dövriyyənin daha mütəşəkkil subyekti olmaqla öz üzvləri tərəfindən seçilən (təyin edilən) təmsilçiyə, icra və nəzarət orqanlarına, hüquq münasibətlərinə rəsmi forma verən müvafiq rekvizitlərə malikdirlər. Məhkəmə, iddianın 2.295,41 manat cərimə ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 460.1-ci maddəsində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Qeyd olunan Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə, yuxarıda sadalanan qanunvericiliyin normalarını, işin hallarını və iddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini qeyd edərək bu nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin olunaraq cavabdehdən iddiaçının xeyrinə 250 manat məbləğində cərimə (dəbbə pulu) tutulmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, 200 manat məbləğində mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edildiyindən, iddia qismən təmin edilməli olduğundan, iddiaçı isə dövlət rüsumunun müvafiq hissəsini ödəməkdən azad olunduğundan, məhkəmə xərcinə daxil olan 234,61 manat dövlət rüsumunun 198,36 manatı cavabdehdən tutularaq dövlət büdcəsinə, 20 manatı isə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehndən 45.908,10 manat əsas borc, 250 manat cərimə borcu, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat və mediasiya xərci olaraq ödənilmiş 200 manat olmaqla, ümumilikdə 46.378,10 (qırx altı min üç yüz yetmiş səkkiz manat, on qəpik) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. 193,86 (bir yüz doxsan üç manat, səksən altı qəpik) manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar