Məhkəmə qərarları › İş №e-2-2(121)-154/2022

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-154/2022

15.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-154/2022 15.03.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13.12.2014-cü il tarixli 315-GL/15 nömrəli müqavilə üzrə 1692 manat gecikdirilmiş əsas borc və hesablanmış 269.03 manat cərimə, 15.02.2017-ci il tarixli 321-GL/17 nömrəli müqavilə üzrə 5942 manat gecikdirilmiş əsas borc və hesablanmış 1002.29 manat cərimə borcu, 18.08.2017-ci il tarixli 1471-GL/17 nömrəli müqavilə üzrə 15980 manat gecikdirilmiş əsas borc və 3259.92 manat hesablanmış cərimə borcu və 21.02.2018-ci il tarixli 293- GL/18 nömrəli müqavilə üzrə 5958 manat gecikdirilmiş əsas borc və hesablanmış 1394.17 manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 350 manat, cəmi: 35847.41 manat pul vəsaitinin cavabdehdən tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə cavabdeh arasında bağlanılmış 13.12.2014-cü il tarixli 315-GL/15 nömrəli, 15.02.2017-ci il tarixli 321-GL/17 nömrəli, 18.08.2017-ci il tarixli 1471-GL/17 nömrəli və 21.02.2018-ci il tarixli 293-GL/18 nömrəli müqavilələrə əsasən cavabdeh dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödəmək şərti ilə kənd təsərrüfatı texnikaları lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi 09.07.2021-ci il tarixə 13.12.2014-cü il tarixli 315-GL/15 nömrəli müqavilə üzrə 1692 ( min altı yüz doxsan iki ) manat gecikdirilmiş əsas borc və hesablanmış 269.03 (iki yüz altmış doqquz manat, 03 qəpik ) manat cərimə, 15.02.2017-ci il tarixli 321-GL/17 nömrəli müqavilə üzrə 5942 ( beş min doqquz yüz qırx iki ) manat gecikdirilmiş əsas borc və hesablanmış 1002.29 (min iki manat, 29 qəpik ) manat cərimə borcu, 18.08.2017-ci il tarixli 1471-GL/17 nömrəli müqavilə üzrə 15980 ( on beş min doqquz yüz səksən ) manat gecikdirilmiş əsas borc və 3259.92 ( üç min iki yüz əlli doqquz manat 92 qəpik) manat hesablanmış cərimə borcu və 21.02.2018-ci il tarixli 293-GL/18 nömrəli müqavilə üzrə 5958 ( beş min doqquz yüz əlli səkkiz) manat gecikdirilmiş əsas borc və hesablanmış 1394.17 ( min üz yüz doxsan dörd manat 17 qəpik) manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdehlə mübahisənin məhkəməyədək həll olunması üçün mediasiya proseduruna iddiaçı tərəfindən əməl olunmaqla Mediasiya Şurasına müraciət edilmiş və nəticədə mediasiya proseduru mediatorun 09.10.2021-ci il taixli 2021- 02812 saylı arayışı ilə rəsmiləşdirilmişdir. Sonradan iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, 13.12.2014-cü il tarixli 315- GL/15 nömrəli müqavilə üzrə 269.03 manat cərimə borcu, 15.02.2017-ci il tarixli 321- GL/17 nömrəli müqavilə üzrə 1002.29 manat cərimə borcu, 18.08.2017-ci il tarixli 1471- GL/17 nömrəli müqavilə üzrə 3259.92 manat hesablanmış cərimə borcu və 21.02.2018-ci il tarixli 293-GL/18 nömrəli müqavilə üzrə 1394.17 manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 350 manat və mediasiya proseduruna çəkilmiş 200 manat xərcin, ümumilikdə 6.475,41 manat pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək, müqavilələr üzrə əsas borcu ödədiyini, lakin müqavilələr üzrə hesablanmış cərimələrin əsassız olduğunu qeyd edərək iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Lakin iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, hazırkı mərhələdə iddia tələbinə dair sübutlar – müqavilə, təhvil təslim aktı, maliyyə arayışı, ödəniş tapşırığı və digər sənədlər məhkəməyə elektron qaydada təqdim edilmişdir. İş materiallarındakı sənədlər iddia tələbinin tam sübuta yetirir. Elektron kabinetdə sənədlər bölməsindən də görünür ki, cavabdeh tərəfindən iddiaya dair hər hansı etiraz və dəlillər təqdim edilməmişdir. Buna görə də məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə iş üzrə yekun məhkəmə aktının qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddələrinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, iddia tələbinin həcminin azaldılmasına dair ərizəni və işin faktiki hallarını araşdıraraq, cavabdehin izahatını dinləyərk, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında 315-GL/15 saylı, 13.12.2014-cü il tarixli "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilə bağlanmışdır. Həmin müqavilələrə əsasən "xxxx" ASC tərəfindən kənd təsərrüfatı texnikasının mülkiyyət hüququnun istifadəçiyə keçməsi şərti ilə istifadəyə verilmişdir. İşdə olan 09.07.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 315-GL/15 saylı, 13.12.2014-cü il tarixli müqaviləyə əsasən Cavabdeh həmin müqavilə üzrə 1.692 manat gecikdirilmiş əsas borc və 269,03 manat cərimə borcu vardır. İş materiallarından görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında 321-GL/17 saylı, 15.02.2017-ci il tarixli "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilə bağlanmışdır. Həmin müqavilələrə əsasən "xxxx" ASC tərəfindən kənd təsərrüfatı texnikasının mülkiyyət hüququnun istifadəçiyə keçməsi şərti ilə istifadəyə verilmişdir. İşdə olan 09.07.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 321-GL/17 saylı, 15.02.2017-ci il tarixli müqaviləyə əsasən Cavabdeh həmin müqavilə üzrə 1.002,29 manat gecikdirilmiş əsas borc və 6.944,29 manat cərimə borcu vardır. İş materiallarından görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında 1471-GL/17 saylı, 18.08.2017-ci il tarixli "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilə bağlanmışdır. Həmin müqavilələrə əsasən "xxxx" ASC tərəfindən kənd təsərrüfatı texnikasının mülkiyyət hüququnun istifadəçiyə keçməsi şərti ilə istifadəyə verilmişdir. İşdə olan 09.07.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 1471-GL/17 saylı, 18.08.2017-ci il tarixli müqaviləyə əsasən Cavabdeh həmin müqavilə üzrə 15.980 manat gecikdirilmiş əsas borc və 3.259,92 manat cərimə borcu vardır. İş materiallarından görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında 293-GL/18 saylı, 21.02.2018-ci il tarixli "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilə bağlanmışdır. Həmin müqavilələrə əsasən "xxxx" ASC tərəfindən kənd təsərrüfatı texnikasının mülkiyyət hüququnun istifadəçiyə keçməsi şərti ilə istifadəyə verilmişdir. İşdə olan 09.07.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 293-GL/18 saylı, 21.02.2018-ci il tarixli müqaviləyə əsasən Cavabdeh həmin müqavilə üzrə 5.958 manat gecikdirilmiş əsas borc və 1.394,17 manat cərimə borcu vardır. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı pretenziya məktubunun surətindən görünür ki, "xxxx" ASC ilə bağlanmış müqaviləyə əsasən borc yaranmışdır. Həmin vəsaitin qısa zaman ərzində ödənilməsi xahiş edilmişdir. Əks halda lizinq müqaviləsi üzrə əmələ gəlmiş borcun və məhkəmə xərclərinin məcburi qaydada alınaraq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 09 oktyabr 2021-ci il tarxli arayışın surətindən görünür ki, Aqrar Kredit və İnkişaf Agentliyi ilkin mediasiya sessiyasının keçirilməsi üçün 200 (iki yüz) manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. İşdə olan 20.12.2021-ci il tarixli, **********/332761866 saylı ödəniş sənədindən görünür ki, cavabdeh hüquqi yardımla bağlı (vəkil ödənişi) 350 manat ödəmişdir. Azərbaycan Respublikası Prezidentinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” 17.08.2020-ci il tarixli, 1137 nömrəli Fərmanının 1-ci bəndinə əsasən, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. Fərmanın 2.2-ci bəndinə əsasən, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir. Məhkəmə hesab edir ki, iş üzrə tələb olunan cərimə borcları tənasübsüz surətdə yüksək olduğundan, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, həmin tələblər tərəflər arasında bağlanılmış lizinq müqavilələrindən irəli gəlir. Yəni, həmin müqavilələrin 4.2-ci bəndlərinə əsasən cavabdeh ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə, iddiaçı cavabdehdən gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə ödəməyi tələb edə bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 460.1-ci maddəsində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Tərəflər bu prinsiplər çərçivəsində Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə almalıdır. Məhkəmə işin hallarını və iddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini qeyd edərək bu nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin olunaraq cavabdehdən iddiaçının xeyrinə 13.12.2014-cü il tarixli, 315-GL/15 nömrəli müqavilə üzrə 13 manat cərimə borcu, 15.02.2017-ci il tarixli, 321-GL/17 nömrəli müqavilə üzrə 50 manat cərimə borcu, 18.08.2017-ci il tarixli, 1471-GL/17 nömrəli müqavilə üzrə 100 manat cərimə borcu və 21.02.2018-ci il tarixli, 293-GL/18 nömrəli müqavilə üzrə 60 manat cərimə borcu tutulmalıdır. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə və sahibkarlıq fəaliyyətinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhkəmə eyni zamanda iddia tələbinin “hüquqi yardımla bağlı ödənilmiş 350 manat xərcin cavabdehdən tutulması”na dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 19 noyabr 2021-ci il tarixli, 1347 saylı “Hüquqi yardımın göstərilməsi haqqında” müqavilənin və 27.12.2021-ci il tarixli, 000İPX1213612C30 saylı ödəniş tapşırığının surətindən görünür ki, iddiaçının cavabdehə qarşı iddia ərizəsi üzrə hüquqi yardıma görə haqq 350 manat müəyyən olunmaqla Xırdalan şəhər Vəkil Bürosunun hesabına ödənilmişdir. İş materiallarında olan 20.12.2021-ci il tarixli ödəniş sənədindən görünür ki, Cavabdeh vəkil ödənişi üçün 350 manat məbləğində pul vəsaitini ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.5 və 115.0.6-cı maddələrinə əsasən, nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər və vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. Qeyd edilənlərə əsasən, vəkilin xidmətləri üçün Cavabdeh tərəfindən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə hüquqi yardım üçün iddia etdikləri məbləğ tam şəkildə ödənildiyindən iddia tələbi “hüquqi yardımla bağlı ödənilmiş 350 manat pul vəsaitinin tutulması” hissəsində rədd edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, məhkəmə xərcinə daxil olan mediasiya xərci də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. “Mediasiya haqqında” Qanunun 3.4-cü maddəsinə əsasən, mediasiya prosesinin nəticəsində barışıq sazişi bağlanmadığı hallarda məhkəmədən əvvəl mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəfin və ya bu Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəfin məhkəməyə müraciət edərkən dövlət rüsumundan azad olunması məsələsi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Məhkəməyə müraciət etdikdən sonra tərəflər arasında mediasiya prosesinin nəticəsində barışıq sazişi imzalanarsa, ödənilmiş dövlət rüsumu Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq geri qaytarılır. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normasına əsasən hesab edir ki, iş üzrə iddiaçı tərəfindən 200 manat məbləğində mediasiya xərci ödənildiyindən, həmin mediasiya xərci iddiaçı tərəfindən tələb edildiyindən 200 manat məbləğində mediasiya xərci də cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.14-cü maddəsinə əsasən, məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyindən, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 84,75 manat məbləğində dövlət rüsumunun 7 manat məbləği cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 13.12.2014-cü il tarixli, 315-GL/15 nömrəli müqavilə üzrə 13 manat cərimə borcu, 15.02.2017-ci il tarixli, 321-GL/17 nömrəli müqavilə üzrə 50 manat cərimə borcu, 18.08.2017-ci il tarixli, 1471-GL/17 nömrəli müqavilə üzrə 100 manat cərimə borcu, 21.02.2018-ci il tarixli, 293-GL/18 nömrəli müqavilə üzrə 60 manat cərimə borcu və 200 manat mediasiya xərci olmaqla, ümumilikdə 423 (dörd yüz iyirmi üç manat) manat məbləğində pul tutularaq iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. 84,75 manat məbləğində dövlət rüsumunun 7 manat məbləği Cavabdeh tutularaq dövlət gəlirlərinə alınsın. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar