Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1546/2025 02.05.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Nəbiyev Rəmzi Sultan oğlu, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Tələb:
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə 370 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun tutulması barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
2. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh Miryahya oğlu İddiaçındən xx.xx.2024-cü il tarixdə ümumi dəyəri 470 manat mal almışdır . Həmin məbləğin 100 manatını xx.xx.2024-cü il tarixdə ilkin ödəniş olaraq ödəmişdir. Qalıq məbləği 370 manatı alqı-satqı müqaviləsinə əsasən 45 gün müddətində ödəməyi öhdəsinə götürmüşdür. Bu günə olan əsas məbləğ üzrə qalıq borcu 370 manat, cərimə borcu 0 (sıfır) manat təşkil edir. Cavabdeh fərdi sahibkardır və malı bizdən sahibkarlıq fəaliyyəti ilə əlaqədar almışdır. Bununla bağlı olaraq cavabdehə pretenziya məktubu, iddia ərizəsi ,maliyyə arayışı və dövlət rüsumu da elektron kabinetə göndərilmişdir. xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinin 2.2-ci maddəsinə əsasən, nəzərdə tutulan ödəniş müddətindən sonra “Alıcı” hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 1% həcmində “Satıcı”ya cərimə ödəyir.
İddia ərizəsinə etiraz:
3. İddia ərizəsinin icraata götürülməsinə dair qərardad və Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinin tələblərinin qeyd olunduğu məhkəmə bildirişi (iddia ərizəsinin surəti və prosessual hüquq və vəzifələrin izahı barədə bildiriş əlavə olunmaqla) xx.xx.2025-ci il tarixində Cavabdeh poçt vasitəsilə ilə təqdim olunmuş, lakin cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz, iddia tələbinin əsassızlığına dair sübut məhkəməyə təqdim edilməmişdir.
Məhkəmə baxışının hədləri:
4. Mülki Prosessual Məcəllənin: - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
5. Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir.
Əsaslandırıcı hissə:
a) İş materialları və sübutların tədqiqi:
6. İddiaçı MMC ********** Dövlət qeydiyyat nömrəsi (VÖEN) ilə xx.xx.2010-cu il tarixdə kommersiya hüquqi şəxslərinin dövlət reyestrində qeydiyyata alınmışdır.
7. Cavabdeh sahibkarlıq subyekti kimi xx.xx.2021-ci il tarixində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi – VÖEN (**********) verilmişdir və o, hal-hazırda ünvan 1i ünvanında qeydiyyatdadır.
8. İddiaçı MMC (Satıcı) ilə Cavabdeh (Alıcı) arasında bağlanmış xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinin: - 1.1-ci bəndinə əsasən, “Satıcı” “Alıcı”ya müqavilənin qüvvədə olduğu müddət ərzində dəyərinin bu Müqavilənin 1.4-cü bəndində qeyd göstərilən müddət ərzində ödənilməsi şərti ilə malları nağd və ya nisyə satır; - 1.4-cü bəndinə əsasən “Alıcı” qaimə üzrə malları təhvil aldıqdan 45 gün ərzində onun dəyərini tam ödəməyi üzərinə götürür. - 1.5-ci bəndinə malların verilməsi və qalıq borcun təyini tərəflər arasında müəyyən dövrdən bir imzalanan “Üzləşmə aktı” əsasında həyata keçirilir.
9. İddiaçı MMC və Cavabdeh tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli “üzləşmə aktı”ndan görünür ki, cavabdehin iddiaçıya 470 manat borcu olmasını və həftəlik 50 manat ödəyəcəyini bildirmişdir.
10. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışının surətindən müəyyən olunur ki, xx.xx.2024-cü il tarixli, alqı-satqı müqaviləsi üzrə Cavabdeh malların dəyərinin 100 manatını ilkin ödəniş olaraq ödəmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli, alqı-satqı müqaviləsi üzrə qalıq borcu 370 manat təşkil edir.
11. İddiaçının cavabdehə ünvanladığı xx.xx.2025-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən yaranmış 370 manat məbləğində borcun pretenziyanın alındığı tarixdən 3 gün müddətində tamamilə ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun və məhkəmə xərclərinin məcburi qaydada alınaraq İddiaçı MMC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir.
12. **********65 nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
b) Tətbiq edilən hüquq:
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
- 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
c) Məhkəmənin mövqeyi:
15. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə uyğun olaraq işə, təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq hesab edir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir.
16. Məhkəmə, ilk növbədə iş materiallarında olan sənədlərə və digər dəlillərə əsasən müəyyən edir ki, mübahisə tərəflərinin hər ikisi sahibkarlıq subyektləridirlər, tərəflər arasında yaranmış mübahisənin predmetini, onların daxil olduqları müqavilə münasibətləri üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində iddiaçının subyektiv hüququnun pozulmasını iddia edərək həmin hüquqlarının bərpa edilməsinə dair tələbi təşkil edir və tərəflər arasında yaranmış hüquq münasibətlərinin xarakteri onların həm birgə, həm də ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyəti ilə əlaqəlidir.
17. Məhkəmə qeyd edir ki, mübahisə tərəflərinin hər ikisinin sahibkarlıq subyekti olmaları, mübahisənin predmeti və tərəflərin daxil olduqları hüquq münasibətlərinin xarakteri hazırki mübahisənin kommersiya xarakterdə olmasını mübahisəsiz şəkildə şərtləndirir.
18. İşin məhkəmə araşdırması nəticəsində müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı tədarük etdiyi malları cavabdehin sifarişi ilə razılaşdırılmış miqdarda cavabdehə təqdim etməklə onun mülkiyyətinə verməyə, cavabdeh isə təhvil aldığı malların qiymətini təşkil edən pul vəsaitini şərtləşdirilən müddətdə iddiaçıya ödəməklə bağlı razılığa gələrək bu barədə müqavilə bağlamışlar. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliklərinə yerinə yetirərək sifariş olunan malları cavabdehə təhvil verdiyini, cavabdehin isə təhvil aldığı malların dəyərini ödəmək öhdəliyini lazımınca yerinə yetirmədiyini iddia edir.
19. Məhkəmə, işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq bu qənaətə gəlir ki, iddia tələbinin maddi hüquqi əsasınınisyə alqı-satqı müqaviləsinə dair münasibətləri tənzimləyən normaları təşkil edir.
20. Məhkəmə qeyd edir ki, mübahisəni tətbiq ediləcək maddi hüquq normalarına əsasən həll etməzdən əvvəl ilk olaraq işin mübahisəsiz və mübahisəli halları müəyyən edilməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsi qaydalarına uyğun olaraq tərəflərin öz tələb və etirazlarının əsası kimi gətirdikləri dəlillərə hüquqi qiymət verilməlidir.
21. Məhkəmə, işdə olan sənədlərə və digər sübut əhəmiyyətli materiallara əsasən bu qənaətə gəlir ki, tərəflər arasında malların nisyə satışını nəzərdə tutan alqı-satqı müqaviləsinin bağlandığı, həmin müqavilənin etibarsızlığına dəlalət edən halların olmadığı, iddiaçı tərəfindən müqavilənin obyekti olan malların cavabdehə təhvil verilməsi (malların təhvil-qəbul aktlarına əsasən) işin mübahisəsiz hallarını təşkil edir.
22. Məhkəmə hesab edir ki, işin mübahisəli halını cavabdeh tərəfindən təhvil alınmış malların dəyərinin tam şəkildə ödənilməməsi barədə iddiaçının tələbi təşkil edir. Belə ki, iddiaçı cavabdehin təhvil aldığı mallara görə ödənilməmiş 370 manat borcunun qaldığını iddia edir. İddiaçı, cavabdehin müqavilə üzrə öhdəliyini icra etməyərək aldığı malların dəyərini tam ödəməməsi haqqında tələbininin faktiki əsası kimi tərəflər arasında bağlanmış müqavilə şərtlərinə, üzləşmə aktına, elektron qaimə-fakturalara, borcun ödənilməsi ilə bağlı cavabdehə qarşı məhkəməyə qədər pretenziya qaydasında tələblə çıxış etməsinə istinad edir.
23. Məhkəmə qeyd edir ki, iddia ərizəsində tələb olunan borc məbləğinin iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsinin sübutetmə yükünün bölüşdürülməsi prinsipinə görə cavabdehin üzərinə düşməsinə baxmayaraq, cavabdeh iddia ərizəsinə qarşı etiraz və ya iddia tələbinin tam və ya qismən əsassızlığına dair sübutu məhkəməyə təqdim etməmişdir.
24. Belə olan halda məhkəmə, tərəflərin iradə ifadəsini əks etdirən müqaviləni, “üzləşmə aktı”nı və işin müəyyən edilmiş digər hallarını nəzərə alaraq hesab edir ki, iddia edildiyi kimi cavabdeh tərəfindən alınan malların qiymətini təşkil edən 370 manat məbləğində pulun şərtləşdirilmiş müddətdə ödənilməməsi öz təsdiqini tapır.
25. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunmuş və işin araşdırılması nəticəsində sübuta yetirilmiş faktiki halları belədir ki, iddiaçı müqavilə üzrə öhdəliyini icra edərək alqı-satqı obyekti olan malları cavabdehin mülkiyyətinə vermişdir, lakin cavabdeh malları təhvil alsa da, dəyərini tam ödəməmişdir. Buna görə də, iddiaçının pul tələbinə dair iddiası qanuni və əsaslı olduğundan təmin edilməlidir.
Məhkəmə xərcləri:
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməli və cavabdehdən tutularaq iddiaçıya verilməlidir.
Nəticə:
27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi:
İddia təmin edilsin. Cavabdeh 370 (üç yüz yetmiş) manat borc və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Rəmzi Nəbiyev