Məhkəmə qərarları › İş №e-2-2(121)-155/2024

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-155/2024

29.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-155/2024 29.02.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, məhkəmə iclasının katibi Niftiyev Vüsal Nəbi oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı QSC-nin xeyrinə R-1352/22 saylı, xx.xx.2022-ci il tarixli faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan R- 13xx/xx-0002 saylı xx.xx.2022-ci il tarixli saziş üzrə 3850 manat borcun, 60 manat məbləğində dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, fiziki şəxs Cavabdeh ilə X3 arasında FXR000002 saylı xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh 5064 manat dəyərində nisyə aldığı malın 64 manatını ilkin ödəniş olaraq ödəmiş, qalıq 5000 manatı isə müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay 417 manat ödəmək şərtilə 12 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı QSC ilə fiziki şəxs Cavabdeh arasında bağlanmış R-1352/22 saylı, xx.xx.2022-ci il tarixli faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan R-13xx/xx-0002 saylı xx.xx.2022-ci il tarixli sazişə əsasən fiziki şəxs Cavabdeh X2 qarşı olan 5000 manat məbləğindəki tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC ilə fiziki şəxs Cavabdeh arasında bağlanmış R-1352/22 saylı, xx.xx.2022-ci il tarixli Faktorinq müqaviləsinin 8.1-ci maddəsinə əsasən borclu faktor qarşısında öhdəliyini vaxtında icra etməzsə, faktor ödənilməmiş borc məbləğini müştəridən tələb edə bilər. X1 FXR000002 saylı xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əlavə edilmiş ödəniş cədvəli üzrə dövri оlaraq ödəməli оlduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtmir. Belə ki, cavabdehin xx.xx.2023-cü il tarixinə 3850 manat əsas borcu yaranıb. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı cavabdehə bildiriş göndərilmiş, lakin borclu tərəfindən ödənilməli olan vəsait ödənilməmişdir. Bu səbəbdən də, qeyd olunan məbləğin fiziki şəxs Cavabdeh alınması üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalınmışdır İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, həmçinin gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarına, iş materiallarında olan sənədlərə və digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh ilə X3 arasında bağlanmış FXR000002 saylı xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinin surətindən görünür ki, həmin müqavilə ilə Satıcı dəyəri 5064 manat olan malı Alıcıya satmağı, Alıcı isə satılmış əşyaya görə 64 manat ilkin ödəniş edərək malı qəbul edib, bu müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürür. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış R-1352/22 saylı, xx.xx.2022-ci il tarixli faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan R-13xx/xx-0002 saylı xx.xx.2022-ci il tarixli sazişdən görünür ki, Cavabdeh X2 qarşı olan 5000 manat məbləğindəki tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İş materiallarında olan R-1352/22 saylı, xx.xx.2022-ci il tarixli faktorinq müqaviləsinin 8.1-ci bəndinə əsasən, borclu faktor qarşısında öhdəliyini vaxtında icra etməzsə, faktor ödənilməmiş borc məbləğini müştəridən tələb edə bilər. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Maliyyə arayışı”ndan görünür ki, FXR000002 saylı xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinin bağlı olduğu R- 13xx/xx-0002 saylı xx.xx.2022-ci il tarixli sazişə əsasən Cavabdeh xx.xx.2022-ci il tarixində 3450 manat ödəniş edilmişdir. FXR000002 saylı xx.xx.2022-ci il tarixli nisyə aİqı satqı müqaviləsinin bağlı olduğu R-1352/**-RG-***1 nomrəli xx.xx.2022-ci il tarrxli reqress sənədinə əsasən Cavabdeh Ferrum Kapitala olan borc öhdəliyi 3850 manatdır. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2023-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı QSC ilə fiziki şəxs Cavabdeh arasında bağlanmış R-1352/22 saylı, xx.xx.2022-ci il tarixli faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan R-13xx/xx-0002 saylı xx.xx.2022-ci il tarixli sazişə əsasən xx.xx.2023-cü il tarixə yaranmış 3450 manat borcun 5 gün müddətində tamamilə ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun və məhkəmə xərclərinin məcburi qaydada alınaraq, İddiaçı QSC-nə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə” arayışın surətindən görünür ki, İddiaçı QSC-nin ərizəsinə əsasən xx.xx.2023-cü il tarixinə təyin edilən mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. İş materiallarında olan “İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə” arayışın surətindən görünür ki, İddiaçı QSC tərəfindən Sabirabad 1 saylı Mediasiya Təşkilatının hesabına 60 manat mediasiya xərci ödənilmişdir. Məhkəmə tərəfindən müəyyən edilən işin faktiki halları belədir ki, İddiaçı QSC ilə Cavabdeh arasında xx.xx.2022 ci il tarixli R-1352/22 nömrəli faktolinq müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əlavə olan R-13xx/xx-0002 saylı xx.xx.2022-ci il tarixli sazişə əsasən Cavabdeh ilə X3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli FXR000002 nömrəli nisyə alqı-satqı müqaviləsindən yaranan 5000 manat məbləğində tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı alqı-satqı müqaviləsi üzrə öhdəliyin X1 tərəfindən yerinə yetirilmədiyini, bu halda Cavabdeh ilə aralarında bağlanmış faktorinq müqaviləsinin şərtlərinə görə Cavabdeh məsuliyyətinin nəzərdə tutulduğunu iddia edərək, cavabdehin faktorinq müqaviləsi və ona əlavə sazişə əsasən 3850 manat məbləğində borcunu ödəməsini tələb edir. İddiaçı, cavabdehə qarşı pul tələbinin faktiki əsası kimi tərəflər arasında bağlanmış müqavilə şərtlərinə, borcun ödənilməsi ilə bağlı cavabdehə qarşı məhkəməyə qədər həm pretenziya qaydasında, həm də mediasiya prosesində tələblə çıxış etməsinə istinad edir. Məhkəmə qeyd edir ki, iddia ərizəsində tələb olunan borc məbləğinin iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsinin sübutetmə yükünün bölüşdürülməsi prinsipinə görə cavabdehin üzərinə düşməsinə baxmayaraq, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, cavabdeh məhkəmə iclaslarında iştirak etməmişdir, həmçinin iddia ərizəsinə qarşı etiraz və ya iddia tələbinin tam və ya qismən əsassızlığına dair sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə, tərəflərin iradə ifadəsini əks etdirən müqavilə şərtlərini nəzərə alaraq hesab edir ki, iddia edildiyi kimi alqı-satqı müqaviləsi üzrə borclunun öz öhdəliyini icra etmədiyinə görə cavabdehin (müştərinin) iddiaçı (faktor) qarşısında ödənilməmiş borc məbləğində pul öhdəliyinin yaranması öz təsdiqini tapır. Tələb olunan 3850 manat məbləğində borcun iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin qeyd olunduğu kimi cavabdeh iddiaya qarşı etiraz verməmiş və ya iddia tələbinin əsassızlığına dair heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Bu halda məhkəmə iddia tələbinin əsasını təşkil edən halların tam sübut olunduğu qənaətinə gəlir. Məhkəmə, işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq bu qənaətə gəlir ki, iddia tələbinin maddi hüquqi əsasını faktorinq müqaviləsinə dair münasibətləri tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 29-cu fəslinin 7-cı paraqrafında yer alan normalar təşkil edir. Belə ki, işin faktiki hallarına Mülki Məcəllənin 655-ci maddəsində nəzərdə tutulan faktorinq müqaviləsinin dispozisiya şərtləri uyğun gəlir. Beləliklə məhkəmə müəyyən edir ki, tərəflər arasında etibarlı şəkildə bağlanılmış faktorinq müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçının tələbinin təmin edilməsi üçün hüquq əsas aşağıdakılar təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 655.1-ci maddəsinə əsasən, faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 655.2-ci maddəsinə əsasən, pul tələblərinin güzəşti barəsində borcluya bildiriş verilməlidir. Həmin Məcəllənin 655.3-cü maddəsinə əsasən, müştəri faktor qarşısında öhdəliyinin icrasını təmin etmək məqsədi ilə də borcluya olan pul tələbini faktora güzəşt edə bilər. Məhkəmə qeyd edir ki, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış faktorinq müqaviləsinin 8.1-ci bəndində borclu faktor qarşısında öhdəliyini vaxtında icra etmədiyi təqdirdə faktorun ödənilməmiş borc məbləğini müştəridən tələb edə biləcəyi nəzərdə tutulduğuna görə, tərəflər arasında reqress hüququ ilə faktorinq münasibətləri yaranmışdır. Bu halda iddiaçının (faktorun) borclu tərəfindən icra edilməyən borc məbləğini cavabdehdən (müştəridən) tələb etməsi üçün hüquqi əsas mövcuddur və buna görə də iddiaçı öz tələbində haqlı hesab edilməlidir. Məhkəmə, iddianın 60 manat mediasiya xərcinin cavabdehdən tutulmasına dair hissəsini əsaslı hesab edərək qeyd edir ki, Cavabdeh müqavilədən irəli gələn vəzifələrini lazımınca icra etmədiyinə görə iddiaçının məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərcini ödəməsi ilə iddiaçıya əlavə zərər vurmuşdur. Buna görə də, iddiaçının mediasiya xərcini ödəməsi nəticəsində çəkdiyi əlavə xərc də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, hazırki iş üzrə iddia ərizəsinin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddiaçı 58,5 manat rüsum ödəməli olduğuna, lakin həmin Qanunun 9.1-1-ci maddəsinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunduğuna, həmçinin iddia tələbi təmin olunduğuna görə qeyd edilən dövlət rüsumu cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli R-1352/22 nömrəli faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan xx.xx.2022-ci il tarixli R-13xx/xx-0002 nömrəli saziş üzrə 3850 manat məbləğində borc və 60 manat məbləğində mediasiya xərci olmaqla, cəmi 3910 manat məbləğində pul tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia ərizəsinin verilməsinə görə nəzərdə tutulan 58.5 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilsin və Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar