Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-157/2025 08.01.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4644,36 (dörd min altı yüz qırx dörd manat otuz altı qəpik) AZN borc və 66,44 (altmış altı manat qırx dörd qəpik) AZN dövlət rüsumu olmaqla, ümumilikdə 4710,80 (dörd min yeddi yüz on manat səksən qəpik) AZN məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında 2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. (müvafiq müqavilənin surəti sənədə əlavə olunur) Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən, “Satıcı” “Alıcı”nın sifarişi əsasında “Malları”ı (bundan sonra “Mallar” adlandırılacaq) “Alıcı”ya satır. “Alıcı” isə “Mallar”ın dəyərini bu Müqaviləyə uyğun şərtlərlə ödəməyi öhdəsinə götürür. Müqavilənin 3.6-cı maddəsinə əsasən ödəniş “Satıcı” tərəfindən “Mallar”ın “Alıcı”ya hər bir qaimə-faktura və ya qol qaiməsi və ya təhvil-təslim aktı (və ya elektron qaimə-faktura) əsasında, təqdim edildiyi gündən “Alıcı” tərəfindən gecikmələrə yol verilmədən 20 (iyirmi) təqvim günü ərzində Azərbaycan Respublikasının milli valyutası ilə tam ödənilməlidir. Müqavilənin 3.9cı maddəsinə əsasən “Alıcı” vurduğu ziyana və əldən çıxmış faydaya görə bu müqavilənin həcmində məsuliyyət daşıyır. Həmin müqavilənin 9.4-cü maddəsinə əsasən tərəflərdən biri digər tərəfə 30 (otuz) təqvim günü əvvəlcədən yazılı bildiriş göndərməklə Müqaviləyə birtərəfli qaydada xitam verə bilər. Müqaviləyə xitam verilməsi və ya Müqavilənin müddətinin bitməsi Tərəfləri icra edilməmiş öhdəliklərin yerinə yetirilməsindən azad etmir. Beləliklə, tərəflər arasındakı alqı-satqı əməliyyatları üzrə Cavabdeh Cəmiyyətə 4644,36 (dörd min altı yüz qırx dörd manat otuz altı qəpik) AZN borcu qalmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin direktoru (qanuni təmsilçisi) Nümayəndə xx.xx.2024-cü il tarixdə elektron ərizə ilə məhkəməyə müraciət edərək, e-2-2(121)- 2920/2024 nömrəli işin xx.xx.2024-cü il tarixli iclasında iştirakları mümkün olmadığı üçün işə onların iştirakı olmadan baxılmasını və baxış iclası barədə məlumat verilməsini xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi xx.xx.2024-cü il tarixdə elektron ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixdə saat 10.00-da Sumqayıt Ağır Cinayətlər Məhkəməsində AR CM-nin 120.1-ci madddəsi ilə olan cinayət işi üzrə hüquqlarını müdafiə etdiyi X1 barəsində məhkəmə iclası təyin edildiyindən həmin gün saat 10.00-a mülki iş üzrə təyin edilmiş məhkəmə baxışının başqa tarixə təxirə salınmasını xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının ərizəsi nəzərə alınaraq məhkəmə baxış iclası xx.xx.2025-ci il tarixə saat 12:30-a təxirə salınmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin direktoru (qanuni təmsilçisi) Nümayəndə xx.xx.2025-ci il tarixdə elektron ərizə ilə məhkəməyə müraciət edərək, səhhəti ilə bağlı problemlər yarandığı üçün məhkəmə prosesinə üzrlü səbəblərə görə hazırki vəziyyətdə iştirak edə bilməyəcəyini bildirmiş və onların iştirakı olmadan işə baxılaraq qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarını nəzərə alaraq, iş materiallarında olan sənədlərə və məhkəmə iclasında tədqiq olunmuş digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış nömrəsiz və tarixi “2022-ci il” kimi qeyd olunmuş alqı-satqı müqaviləsinin: 1.1-ci bəndinə əsasən, “Satıcı” “Alıcı”nın sifarişi əsasında “Malları”ı (bundan sonra “Mallar” adlandırılacaq) “Alıcı”ya satır. “Alıcı” isə “Mallar”ın dəyərini bu Müqaviləyə uyğun şərtlərlə ödəməyi öhdəsinə götürür. 1.3-cü bəndinə əsasən, “Mallar”ın adları, çeşidinə müvafiq olaraq standart qiymətləri təhvil-təslim aktlarında və ya qaimə fakturalarda və ya yol qaimələrində göstərilir. 2.2-ci, 2.3-cü, 2.4-cü və 2.6-cı bəndlərinə əsasən, hazırki müqavilə ilə təchiz olunan malların adı, miqdarı, çeşid və dəyəri tərəflərin təsdiq etdikləri təhvil-təslim aktlarında və ya qaimə fakturalarda (elektron qaimələrdə) və ya yol qaimələrində tənzimlənir. Sifariş verilən mallar sifariş Satıcı tərəfindən təsdiq edildikdən sonra 3 iş günü müddətində Alıcının anbarına çatdırılması şərti ilə Satıcı tərəfindən (Satıcıya məxsus nəqliyyat vasitələri ilə) həyata keçirilir. Mallar təhvil verilərkən tərəflər təhvil təslim aktını və ya təhvil təslimi təsdiq edən müvafiq qaiməni imzalayırlar. Bu akt hər biri Tərəflərdə olmaq şərti ilə 2 nüsxədə tərtib edilir. Malların təhvil tarixi Alıcınin anbarında malların Alıcıya təhvil-təslim aktı ilə təqdim edildiyi gün hesab edilir. 3.6-cı maddəsinə əsasən, ödəniş “Satıcı” tərəfindən “Mallar”ın “Alıcı”ya hər bir qaimə-faktura və ya qol qaiməsi və ya təhvil-təslim aktı (və ya elektron qaimə-faktura) əsasında, təqdim edildiyi gündən “Alıcı” tərəfindən gecikmələrə yol verilmədən 20 (iyirmi) təqvim günü ərzində Azərbaycan Respublikasının milli valyutası ilə tam ödənilməlidir. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, həmin məktubda İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh 4644,36 manat borcun 2 gün ərzində ödənilməsi tələb olunmuşdur, əks halda məhkəməyə müraciət olunacağı barədə cavabdehə xəbərdarlıq edilmişdir. Məhkəmənin, iş materiallarında olan sənədlərə, məhkəmə iclasında tədqiq olunmuş dəlillərə əsasən müəyyən etdiyi işin faktiki halları belədir ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə iddiaçı təchiz etdiyi malları cavabdehin sifarişinə əsasən ona təhvil verərək mülkiyyətinə keçirməyi, cavabdeh isə təhvil aldığı malların dəyərini qaimə-faktura və ya qol qaiməsi və ya təhvil-təslim aktı (və ya elektron qaimə-faktura) əsasında, təqdim edildiyi gündən 20 təqvim günü ərzində ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı müqaviləyə əsasən cavabdehə 4644,36 manat dəyərində mal satdığını, cavabdehin isə təhvil aldığı malların dəyərini ödəmədiyini iddia edir. Cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və iddia tələbinə dair münasibətini bildirməmişdir. Məhkəmə, işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq ilk növbədə bu qənaətə gəlir ki, iddia tələbinin maddi hüquqi əsasını alğı-satqı müqaviləsinə dair münasibətləri tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 29-cu fəslinin 1-cı paraqrafında yer alan normalar təşkil edir. Belə ki, işin müəyyən edilmiş faktiki halları ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsində nəzərdə tutulan dispozisiya şərtləri uyğun gəlir. Buna görə məhkəmə hesab edir ki, hazırki mübahisə alğı-satqı müqaviləsi üzrə münasibətləri tənzimləyən maddi hüquq normaları tətbiq edilməklə həll edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 570.1 və 570.1.1-ci maddələrinə əsasən, müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda satıcının əşyanı alıcıya vermək vəzifəsi icra edilmiş sayılır. Alqı-satqı müqaviləsinə verilən leqal tərifdən, həmçinin alqı-satqı müqaviləsi üzrə satıcının vəzifələrini müəyyən edən normaların tələblərindən göründüyü kimi qeyd edilən müqavilənin iştirakçılarının əsas öhdəlikləri satıcıya münasibətdə müqavilənin obyekti olan əşyanı alıcının mülkiyyətinə verməkdən, alıcıya münasibətdə isə həmin əşyanın dəyərini ödəməkdən ibarətdir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericilikdə sübutetmə yükünün bölüşdürülməsi prinsipinin tələblərinə görə alqı-satqı müqaviləsinin iştirakçıları arasında mübahisə yarandığı təqdirdə müqavilənin obyekti olan əşyanın qarşı tərəfin mülkiyyətinə verilməsini (əşyanın təhvil verilməsini) sübut etmək vəzifəsi satıcının üzərinə düşür. Məhkəmə, lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehin məhkəmə iclaslarında iştirak etməməsini, həmçinin cavabdehin iddia tələbinə münasibətini bildirməməsini, eləcə də işə onların iştirakı olmadan baxılaraq yekun məhkəmə aktı qəbul edilməsinə dair iddiaçının ərizəsini nəzərə alaraq qeyd edir ki, mübahisə işdə olan sübut qismində təqdim edilmiş sənədlərin qiymətləndirilməsi yolu ilə həll edilməlidir. Məhkəmə onu da vurğulayır ki, tərəflər arasında yaranmış münasibətləri tənzimləyən yazılı müqavilə mövcud olduğuna, iddiaçının hazırki tələblə çıxış etməsi üçün subyektiv hüququnun həmin müqavilə üzrə cavabdehin öhdəliklərini yerinə yetirməməsi nəticəsində yarandığı iddia edildiyinə görə, iddia tələbinin faktiki əsası kimi istinad edilən hallar qeyd edilən müqavilə şərtləri əsas götürülərək qiymətləndirilməlidir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2018-ci il tarixli qərarında da göstərilir ki, “Konstitusiya Məhkəməsinin Plenumu göstərilənlərlə əlaqədar qeyd etməyi vacib hesab edir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.” Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən hazırki müqavilə ilə təchiz olunan malların adı, miqdarı, çeşid və dəyərinin tərəflərin təsdiq etdikləri təhvil-təslim aktlarında və ya qaimə fakturalarda (elektron qaimələrdə) və ya yol qaimələrində tənzimləndiyinin, sifariş verilən malların 3 iş günü müddətində Alıcının anbarına çatdırılması şərti ilə Satıcı tərəfindən (Satıcıya məxsus nəqliyyat vasitələri ilə) həyata keçirilməsinin, mallar təhvil verilərkən tərəflərin təhvil təslim aktını və ya təhvil təslimi təsdiq edən müvafiq qaiməni imzalamalarının, malların təhvil tarixinin Alıcınin anbarında malların Alıcıya təhvil-təslim aktı ilə təqdim edildiyi gün hesab edildiyinin, ödənişin “Satıcı” tərəfindən “Mallar”ın “Alıcı”ya hər bir qaimə-faktura və ya qol qaiməsi və ya təhvil-təslim aktı (və ya elektron qaimə-faktura) əsasında, təqdim edildiyi gündən “Alıcı” tərəfindən gecikmələrə yol verilmədən 20 (iyirmi) təqvim günü ərzində ödənilməsinin nəzərdə tutulmasına baxmayaraq iddiaçı tərəfindən malların cavabdehin mülkiyyətinə verilməsini təsdiq edən hər hansı bir sübut iddia ərizəsinə əlavə edilməmişdir, məhkəmə prosesini gedişində də iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Halbuki, yuxarıda şərh olunduğu kimi alğı-satqı obyekti olan malların cavabdehə təhvil verilməsi iddiaçının müqavilə üzrə əsas öhdəliyini təşkil edir. Buna görə də mübahisə olduğu təqdirdə həmin xüsusatı sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Məhkəmə onu da qeyd edir ki, işdə cavabdehin sözügedən malları təhvil almasını təsdiq edə biləcək təhvil-təslim aktından başqa da heç bir sübut yoxdur. Halbuki, iddianın əsaslı hesab edilə bilməsi üçün mübahisə obyekti olan malların cavabdehə təhvil verilməsi, onun mülkiyyətinə keçirilməsi faktı ən başlıca sübutetmə predmetidir. Bu faktın sübuta yetirilə bilinməməsi halında heç bir şəkildə iddianın uğurluluq ehtimalından söhbət gedə bilməz. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı öz tələbinin əsasını təşkil edən halı mötəbər dəlillərlə sübut edə bilməmişdir. Məhkəmə bir daha qeyd edir ki, tərəflər arasında imzalanmış müqavilədə tərəflərin qarşılıqlı razılığa gələrək şərtləşdirdikləri qaydaya əsasən, alğı-satqı obyekti əşyanın təhvil verilməsi təhvil-təslim aktı və ya digər sənədllərlə rəsmiləşdirilməli idi. Lakin iş materiallarında belə təhvil-təslim aktı mövcud deyildir və məhkəmə prosesinin gedişində iddiaçı tərəfindən adı çəkilən sənəd və ya bu faktı təsdiq edə biləcək digər dəlil məhkəməyə təqdim edilməmişdir. Məhkəmə xüsusi olaraq vurğulayır ki, iddiaçı məhkəməyə ünvanladığı ərizələrində işə onların iştirakı olmadan baxılmasını xahiş etməklə, mübahisənin işdə olan sübutlara əsasən həll edilməsinə razılığını ifadə etmişdir. Məhkəmə qeyd edilənlərin yekunu olaraq bu nəticəyə gəlir ki, əgər tərəflər arasında bağlanmış müqavilə varsa və müqavilə şərtləri onun iştirakçıları tərəfindən mübahisələndirilməmişdirsə, müqavilənin şərtlərinə əsasən mübahisənin həlli qanuni və buna görə də ədalətli hesab edilməlidir. Məhkəmə bu qənaətə gəlir ki, iddiaçı tələbini əsaslandıran halları mötəbər və yetərli dəlillərlə sübut edə bilməmişdir. Buna görə də iddia əsassız olduğuna görə təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə müvafiq olaraq, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9-cu maddəsinə müvafiq olaraq, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (Mülki Prosessual Məcəllənin 14.1, 77, 88, 217.1 və 217.3-cü maddələri). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia ərizəsi təmin edilməsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-157/2025
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-157/2025
08.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver