Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1574/2023 05.12.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Niftiyev Vüsal Nəbi oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı – alqı-satqı müqaviləsi üzrə borcun və dəymiş ziyanın ödənilməsi barəsində iddiasına dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı – xx.xx.2021-ci il tarixli TT07/2021 saylı müqavilə üzrə 10900 manat əsas borcun, xx.xx.2021-ci il tarixdən başlayaraq ödəmənin həyata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün 10,90 manatın və 200 manatın mediasiya prosesinə çəkilmiş xərcin əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə TT 07/2021 saylı müqavilə ilə İddiaçı MMC və Cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilə bağlandığı tarixdən etibarən qüvvəyə minmişdir və xx.xx.2022-ci ilə qədər qüvvədə sayılırdı. İddiaçı müqavilə öhdəliklərini və üzərinə düşən vəzifələri vaxtında icra edərək cavabdehi mallarla təchiz etmişdir. Cavabdeh isə əvəzində müqavilə öhdəliklərini pozmuş, aralarında yaranmış etibardan istifadə etmiş, həmin malların X4 göstərilmiş dəyərini tam ödəməkdən imtina etmişdir. Bununla da, cavabdeh öhdəliyini pozmuş və iddiaçıya ziyan vurmuşdur. TT 07/2021 saylı müqavilənin 1.1-ci bəndinə əsasən “Satıcı”, Müqavilənin ayrılmaz tərkib hissəsi olan X4 dəqiq adları, qiymətləri ümumi siyahısı, çeşidi, təsviri, spesifikasiyyaları, miqdarı və digər göstəriciləri göstərilmiş gübrələri, pestisidləri və s. (bundan sonra – Mal) satmağı, Alıcı isə, həmin malları, Satıcı tərəfindən malla birlikdə təqdim olunan qaimə-fakturaya əsasən qəbul edərək almağı və Müqavilənin ayrılmaz tərkib hissələri sayılan X4, həmçinin qaimə-fakturalarda göstərilən məbləğdə dəyərini ödəməyi öz öhdəsinə götürür. xx.xx.2021-ci il tarixli, TT 07/2021 saylı müqaviləyə, həmin tarixli X6 əsasən Arpa İOSİF 18 ton, Alekseviç R1 3,5 ton həcmində mallar cavabdehə iddiaçı tərəfindən təqdim edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş mallara görə indiyədək yalnızca 2000 manat məbləğ ödənilmişdir. Hal-hazırda təqdim edilmiş mallara görə cavabdehin 10900 manat borcu qalmışdır. İddiaçı tərəfindən Cavabdehə borcun tam ödənilməsi ilə bağlı dəfələrlə yazılı və şifahi müraciətlər edilmişdir. Cavabdehə ünvanlanmış xx.xx.2022-ci il tarixli pretenziya məktubunda borcun tam ödənilməsi cavabdehin nəzərinə çatdırılmışdır. İddiaçı tərəfindən ünvanlandırılan pretenziya məktubundan uzun müddət keçməsinə baxmayaraq, bugünkü günədək cavabdeh iddiaçıya heç bir ödəmə etməmişdir. İddiaçı sonradan iddiasını dəqiqləşdirərək, xx.xx.2021-ci il tarixli TT07/2021 saylı müqavilə üzrə 8400 manat əsas borcun, xx.xx.2021-ci il tarixdən başlayaraq ödəmənin həyata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün 10,90 manatın və 200 manatın mediasiya prosesinə çəkilmiş xərcin əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək, izahatında göstərdi ki, iddiaçı ilə cavabdeh arasında kənd təsərrüfatı mallarının satışı üzrə müqavilə bağlanmışdır. Belə ki, iddiaçı tərəfindən cavabdehə kənd təsərrüfatı malları verilmişdir. Uzun zamandır cavabdehdən pulun alınması istiqamətində danışıqlar gedir. Hər dəfə iltizam, izahat alınır, qrafik götürülür. Nəticə əldə edilmədiyindən sonda məhkəməyə müraciət etmək qərarına gəlinib ki, dəymiş zərər cavabdehdən alınaraq iddiaçıya ödənilsin. Malın dəyərindən 2000 manat X5 tərəfindən ödənilmişdir. İddiaçı MMC-də Xalid adında əməkdaş olmamışdır. Tərəflər təhvil-təslim aktı yoxdur, malın nə vaxt verildiyini bilmir. Elektron qaimələrin cavabdehə göndərilib-göndərilmədiyini bilmir. Kənd təssərrüfatı məhsullarının satışı ilə məşğul olan şirkətlər məcburən nisyə mal paylayırlar. Belə ki, mallar çox vaxt ya qayıdır, ya da pulu ödənilmir. Elektron qaimə göndərdikləri təqdirdə qazanmadıqları gəlirə görə vergi ödəmək məcburiyyətində qalırlar. Ola bilsin ki, İddiaçı MMC cavabdehə elektron qaimə göndərmişdir. Bəlkə də elektron qaimə göndərilib, amma kənd təsərrüfatı mallarına görə mühasibatlıq olmur. Məhkəmə işində heç bir sənəd olmadığı təqdirdə ən azından elektron qaiməni sübut vasitəsi kimi istifadə edirlər. Bu işdə isə malların cavabdehə satılmasını və malları aldıqlarını tərəf etiraf edir. Elektron qaimə verməyibsə burda Vergi Məcəlləsinin tələbləri pozulubsa, bu başqa məsələdir. Elektron qaimə verilməyibsə belə, indi verə bilər. Eyni zamanda MM-nin və müqavilənin tələblərinə uyğun olaraq hər gecikdirilmiş günə görə 10,90 manat məbləğində cərimənin və mediasiya xərcinin də cavabdehdən tutularaq iddiaçıya ödənilməsini tələb edilir. 1-2 gün əvvəl borcdan 2500 manat məbləğində pul ödənilmişdir. TapAgro adlı sistem var, dövlət pulu karta köçürür (subsidiya), həmin kartlar da yalnız bu sistemdə işləyirlər. Şirkət qaimə-fakturanı vuran kimi, dərhal onlara gəlir hesablanır. Həmin ödənişin ƏDV-sini də ödəməlidirlər. Həm ziyandadırlar, həm də vergi ödəməlidirlər. Cavabdeh iddiaçıya 2500 manat pul köçürüb, onu da bank hesabı ilə ödəməmişdir. Cavabdeh borcu və imzaların onun tərəfindən icra olunmasını etiraf etmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin olunmasını xahiş edir. Cavabdeh xx.xx.2023-cü il tarixinə təyin edilmiş məhkəmə iclasında iştirak edərək, iddiaya etiraz etmiş və izahatında göstərmişdir ki, O, toxumu qara bazardan alaraq, pulunu da ödəmişdir. Onun heç bir borcu yoxdur. Toxum aldığı adamı da şahid kimi məhkəməyə dəvət etmişdir. Toxumu dükandan alıb, pulunu da X3 tam şəkildə ödəmişdir. İddiaçı ilə aralarında bağlanmış müqaviləni özü imzalamışdır. İddiaçının nümayəndələri Neftçala rayonuna gəlmişdilər, orada ona sənədləri imzalatdılar. Rafiq də dedi ki, imzala problem yoxdur. X1 aldığından, Rafiq nə deyirdi onu da etmişdir. Rafiq ona pulu özü ödəyəcəyini bildirmişdir. Toxum və arpa almışdır. Toxumun pulu 10500 manat məbləğində təşkil etmiş, həmin pulu da ödəmişdir. Artıq məbləği sənəddə İddiaçı MMC yazmışdır. Ona elektron qaimə göndərilməmişdir. Aralarında təhvil-təslim aktı olmamışdır. İş materiallarına əlavə edilmiş izahatı iddiaçının nümayəndələrinə özü vermişdir. Müqaviləni Neftçalda bağlamışlar. İmzaladığı sənədləri mübahisələndirmir. İzahatı özü yazmışdır. Ona Rafiq deyib ki, izahatı ver, pulunu ödəyəcəkdir. Cavabdeh xx.xx.2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, TT 07/2021 saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, müqavilənin 1.1-ci bəndinə əsasən Satıcı, Müqavilənin ayrılmaz tərkib hissəsi olan X4 dəqiq adları, qiymətləri ümmumi siyahısı, çeşidi, təsviri, spesifikasiyaları, miqdarı və digər göstəriciləri göstərilmiş gübrələri, pestisidləri və s. (bundan sonra – Mal) satmağı, Alıcı isə, həmin malları, Satıcı tərəfindən malla birlikdə təqdim olunan qaimə-fakturaya əsasən qəbul edərək almağı və Müqavilənin ayrılmaz tərkib hissələri sayılan X4, həmçinin qaimə-fakturalarda göstərilən məbləğdə dəyərini ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 6.3-cü bəndində nəzərdə tutlmuşdur ki, “Alıcı” malların təhvil alınmasından sonra Razılaşma Protokollarında qeyd olunmuş ödəmə müddətindən sonra hər gecikmə gününə görə gecikdirilmiş ödənişin 0,1 faizi məbləğində dəbbə pulu ödəyir. İş materiallarına əlavə olunan xx.xx.2021-ci il tarixli TT 07/21 saylı müqavilə üzrə X7 surətindən görünür ki, iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə 12900 manatlıq malların 5 iş günü müddətində cavabdehə göndərilməsi razılaşdırılmışdır. İşə əlavə olunan Cavabdeh xx.xx.2022-ci il tarixli iltizamın surətindən görünür ki, iltizamı verir ondan ötrü ki, həqiqətən xx.xx.2022-ci il tarixinə İddiaçı MMC-yə 12900 manat məbləğində debitor borcu qalmışdır. Borcunu xx.xx.2022-ci il tarixinədək tam şəkildə ödəməyi öhdəsinə götürür. Borcunu ödəmədiyi təqdirdə ona qarşı məhkəmə, prokururluq və digər hüquq mühafizə orqanları qarşısında qaldırılacaq iddialara görə tam məsuliyyət daşıyır. İş materiallarına əlavə edilən Cavabdeh xx.xx.2022-ci il tarixli izahatının surətindən görünür ki, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 12900 manat dəyərində arpa və buğdanı şirkətdən almışdır. Həmin məbləği dostu Rafiqin vasitəsi ilə Xalidə vermişdir. Malın pulunu aldığı gün vermişdir. Aldığı toxumun pulunun şirkətə təhvil verilməməsindən bugünə qədər xəbəri olmamışdır. Həmin ödənişi tez bir zamanda mənimsəyən şəxslərdən alıb şirkətə təhvil verəcəkdir. İşdən görünür ki, iddiaçı cavabdehə xx.xx.2022-ci il tarixdə pretenziya məktubu göndərmişdir. İş üzrə şahid qismində dindirilmiş X5 məhkəmə iclasında ifadə verərək göstərmişdir ki, tərəflərlə qohumluq əlaqəsi yoxdur. Cavabdehilə təxminən 10-15 ildir tanışdırlar. İbrahim onun həmkəndlisidir. Bir rayonda yaşayırlar. İddiaçı ilə cavabdeh arasında olan alverin iştirakçısı özü olmuşdur. İbrahimə arpa lazım olmuş, o da, ona arpanı təşkil etmişdir. Onlar iddiaçı şirkəti "xxxx" qrup olaraq tanımışlar. Şirkətin rəhbəri Xalid müəllim olmuşdur. Onun Xalid ilə çoxdan iş haqq-hesabı var. O, Xalidə zəng edərək onlara arpa lazım olduğunu bildirmiş, Xalid də arpalarının olmasını, Salyan rayonu Surra kəndindən götürə bilmələrini göstərmişdir. Süleyman həmin arpanı onlara Salyandan göndərmişdir. Onlarda da pulunu ödəmiş, mallarını alıb getmişlər. Bu hadisə avqust ayında olmuşdur. Sonra onlar cavabdehdən sənəd istəmişlər ki, toxumçuluq kimi sənədləşdirsinlər. İndi pulu verdikləri adamlar onlara 2000 manat vermişilər, onlar da həmin pulu iddiaçıya ödəmişlər. Əlavə olaraq da 15 ton buğda toxumu veriblər ki, onlar həmin buğda toxumlarını satıb iddiaçıya qalan pul məbləğini ödəsinlər. İbrahim arpanın pulunu ona vermişdi, o da həmin pulu Xalidgilə ödəmişdir. Xalidgildə pulu qaytarmaqdan boyun qaçırtmırlar. Onun və İbrahimin heç kəsə borcu yoxdur. O sadəcə İbrahimdən pulu alıb verib Xalidgilə, malı isə İbrahimə veriblər. 12800 manat pul idi, həmin məbləğdən 2000 manatın onlara qaytarmışlar. 2000 manatı da onlar iddiaçıya ödəmişlər. Qalıq məbləğ 10800 manatdır. 10800 manatın əvəzinə də 15 ton buğda vermişdilər. O, Xalidin işçisi ilə danışmış, ona malı sata bilmədiklərini bildirmiş, o da 15 ton buğdanı geri götürüb və bir aya 10800 manatı onlara ödəyəcəyini demişdir. Xalid mal aldıqları şirkətin rəhbəri olmuşdur. Xalidi işdən çıxardıblar. Onun yerinə başqa rəhbər gəldiyi üçün bu məsələ ortaya çıxmışdır. Onlar pulu iddiaçı şirkətin rəhbəri Xalidə ödəmişlər, Xalid onların pulunu şirkətə ödəməmişdir. İbrahim ona 10.500 manat pul vermiş, o da Xalidə həmin pulu ödəmişdir. Ancaq onlar sənəddə 12.900 manat yazmışlar. Onlara elektron qaimə göndərilməmişdir. Təhvil-təslim aktı olmamışdır. Malları Xaliddən özü istəmişdir. Onunla Xalid yaxın olmuşlar, ona görə o sifariş etmişdir. Onların borcu yoxdur. Xalidgilin iddiaçıya borcu var. İddiaçının işçiləri Salman və Ziyad gəlib İbrahimə sənədlərə imza etdirərək, izahat yazdırmışlar. Noyabrın ayının 12-sinə kimi Xalidgil onlara pulu ödəyəcək, onlar da noyabrın 15-nə kimi iddiaçıya pulu ödəyəcəklər. Beləliklə, işin həqiqi halları ilə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, cavabdeh iddiaçıdan mallar almış, lakin həmin malların dəyərini iddiaçıya ödəməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alğısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan mal(lar)ı almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə mal(lar)ı almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən məbləği tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddianın həmin hissəsi əsaslıdır. Odur ki, iddianın qeyd edilən hissəsi təmin edilməlidir. Belə ki, həmin məbləğin iddiaçıya qaytarılmasını sübuta yetirmək vəzifəsi isə cavabdehə keçmişdir. Odur ki, malların dəyərinin ödənilməməsi halının iddiaçı tərəfindən mübahisələndirildiyini nəzərə alaraq, məhkəmə qeyd edilən hallara mülki prosessual qanunvericiliyin tələbləri baxımından hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə vurğulayır ki, qeyd edilən mübahisəli hallara məhz sübutlar, sübutetmə, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verilməlidir. Bu tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “... Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”. Belə ki, məhkəmə iddianın bu hissədə təmin edilməsi qənaətinə gələrkən, prosessual qanunvericiliyin tələblərini və daxili inamını rəhbər tutmuşdur. Bununla yanaşı, cavabdeh tərəfindən qeyd edilən halları etiraf edilməsindən savayı göstərilən məbləğdə pul vəsaitinin məhz iddiaçıya ödənilməsini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Halbuki mülki prosessual qanunvericiliyin tələbinə görə, etiraz etdiyi halın sübut edilməsi məhz cavabdehin vəzifəsidir. Göstərilənlər isə ona dəlalət edir ki, iddiaçı iddia etdiyi halları sübuta yetirmiş, cavabdeh isə həmin məbləği iddiaçıya ödəməsini sübuta yetirə bilməmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə bu qənaətə gəlmişdir ki, cavabdeh iddiaçı ilə aralarında olan razılaşmaya əsasən malların dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Buna baxmayaraq cavabdeh öhdəliyini pozaraq malların dəyərini iddiaçıya tam şəkildə ona ödəməmişdir. Məhkəmə həmçinin iddianın “xx.xx.2021-ci il tarixdən başlayaraq ödəmənin həyata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün 10,90 manatın ödənilməsi”nə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Lakin, iddia tələbindən iddiaçının hansı məbləğdə dəbbə pulu tələb etməsi müəyyən edilmir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddianın qeyd edilən hissəsi qeyri-müəyyən olduğundan, iddia tələbi göstərilən hissədə təmin edilə bilməz. Odur ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. Məhkəmə eyni zamanda iddianın mediasiya xərcinin cavabdeh(lər)dən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də qismən əsaslıdır. Ona görə ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərci ödəmişdir. Odur ki, mediasiya xərci cavabdeh(lər)dən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli olduğundan, bu hissədə də qismən təmin edilərək cavabdeh(lər)dən 150 manat məbləğində mediasiya xərci tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdeh(lər)dən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edildiyindən, iddia qismən təmin edilməli olduğundan, iddiaçı isə dövlət rüsumunu ödəməkdən azad olunduğundan, məhkəmə xərcinə daxil olan 122,73 manat dövlət rüsumunun 100 manatı cavabdeh(lər)dən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. xx.xx.2021-ci il tarixli TT 07/2021 saylı alqı-satqıya dair müqavilə üzrə 8400 manat əsas bоrc və 150 manat mediasiya xərci, cəmi 8550 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. 100 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Namidar Misirzadə
Məhkəmə qərarları › İş №e-2-2(121)-1574/2023
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1574/2023
05.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver