Məhkəmə qərarları › İş №e-2-2(121)-1574/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1574/2025

05.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1574/2025 05.06.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynli Əli Nizami oğlunun katibliyi, İddiaçı “X4 Kompleksi” MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “X4 Kompleksi” MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Tələb:

1. İddiaçı Azərpambıq Arar X5 Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, əsas borca görə 799,85 manat, hesablanmış cərimə borcuna görə 159,97 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 989,82 manat pulun cavabdehdən alınaraq “X4 Kompleksi” MMC-yə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. İddiaçı “X4 Kompleksi” MMC-nin nümayəndəsi X2 “İddianın dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cu il tarixli, 283 saylı xampambığın alqı-satqısına dair müqaviləsi üzrə 221,49 manat borca münasibətdə iddianı müdafiə etdiyini, xx.xx.2021-ci il tarixli, 051 saylı müqavilə üzrə borca münasibətdə mübahisəni sülh yolu ilə həll edilməsi istiqamətində danışıqlar getdiyi üçün iddia tələbinin həmin hissədə baxılmamış saxlanmasını məhkəmədən xahiş etmişdir.

3. Məhkəmənin e-2-2(121)-1574/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı “X4 Kompleksi” Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi “xx.xx.2021-ci il tarixli, 052 nömrəli müqavilə üzrə 578,36 manat borcun cavabdehdən tutulması” hissəsində baxılmamış saxlanılmışdır.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Alıcı qismində (iddiaçı) “X4 Kompleksi” MMC, tədarükçü qismində “X4 Kompleksi” MMC-nin “X3 və İstehsalı Zavodu” filialı və fermer (cavabdeh) Cavabdeh arasında bağlanmış xx.xx.2021-cü il tarixli, 052 saylı və xx.xx.2023-cu il tarixli, 283 saylı xam-pambığın alqı-satqı müqavilələrinə əsəsən cavabdeh öhdəsində olan torpaq sahələrində öz işçi qüvvəsi ilə pambıq əkməyi və hər hektardan 30 sentnerdən az olmamaqla xam pambıq istehsal etməklə iddiaçıya (alıcıya) satmağı öhdəsinə götürmüşdür. Hər iki müqavilələrin icrası ilə əlaqədar cavabdehə iddiaçıdan ümumilikdə 6964,81 manat məbləğində avans vəsaitlər (nağd vəsait, dərman, çiyid, gübrə və.s.) verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Müqavilə şərtlərinə əsasən, cavabdeh götürdüyü avansın dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra, təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdeh yaranmış borcdan ayrı-ayrı vaxtlarda 6164,96 manat dəyərində pambıq təhvil verərək ödəmişdir. Beləliklə, cavabdeh tərəfindən xx.xx.2021-cü il tarixli, 052 saylı və xx.xx.2023-cu il tarixli, 283 saylı müqavilələrin şərtlərini pozaraq götürdüyü avans müqabilində borcunu tam ödəməmişdir. Nəticədə cavabdehin iddiaçıya xx.xx.2021-cü il tarixli, 052 saylı müqavilə üzrə 578,36 manat, xx.xx.2023-cu il tarixli, 283 saylı müqavilə üzrə isə 221,49 manat borcu qalmışdır. Hər iki müqavilə üzrə toplam borc 799,85 manat təşkil edir. Bundan əlavə, sözügedən müqavilələrin 5.1 və 5.2-ci bəndlərinə əsasən cavabdeh müqavilədə nəzərdə tutulan miqdarda xam- pambıq vermədiyi halda yerinə yetirilməyən öhdəlik üzrə xam-pambığın 1ci növ qiyməti ilə (1-ci növ xam-pambığın 1 tonunun qiyməti 800 manatdır.) 20% həcmində cərimə ödəməlidir ki, bu cərimənin də məbləği 159.97 manat təşkil edir. Verilməmişdir: 578,36 х 20% =115,67 manat. Verilməmişdir: 221,49 х 20% = 44,29 manat. Toplam cərimə borcu: 159,97 Bununla yanaşı, cavabdehin qeydiyyatda olduğu ünvan üzrə rəsmi pretenziya məktubu göndərilməklə 3 iş günü müddətində borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə isə müqavilə öhdəliyini yetirilməməsinə görə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Buna baxmayaraq məsələnin məhkəmədən kənar həllinə hec bir təşəbbüs göstərilməmişdir. Beləliklə cavabdeh, müqavilə üzrə borcunu ödəmədiyindən iddiaçı borcu qanunvericiliyə uyğun olaraq məhkəmə qaydasında tələb etmək məcburiyyətindədir.

Tərəflərin izahatları:

5. Məhkəmə iclasında iştirak edən “X4 Kompleksi” MMC-nin nümayəndəsi X2 iddianı müdafiə edərək, iddia tələbinə uyğun izahat verdi və əlavə olara bildirdi ki, xx.xx.2021-ci il tarixli, 052 nömrəli müqavilə üzrə olan 578,36 manat borca münasibətdə mübahisənin sülh yolu ilə həll edilməsi istiqamətində danışıqlar getdiyi üçün iddia tələbinin həmin hissədə baxılmamış saxlanılmasını, Cavabdeh xx.xx.2023-cu il tarixli, 283 saylı müqavilə üzrə 221,49 manat borcun tutulması hissəsində isə iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.

6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar.

8. Məhkəmə, həmçinin Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

9. Qeyd olunanlara əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edilmişdir.

İddia ərizəsinə etiraz:

10. Cavabdeh tərəfindən AR MPM-nin 154-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinə qarşı etiraz məhkəməyə təqdim edilməmişdir.

Əsaslandırıcı hissə:

a) İş materialları və sübutların tədqiqi:

11. “X4 Kompleksi” MMC (alıcı), Cavabdeh (fermer) və “X4 Kompleksi” MMC-nin “X3 və Emalı Zavodu” (Filial) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 283 nömrəli alqı-satqı müqaviləsinin: - 2.1.1-ci bəndə görə mülkiyyətində olan və ya icarə (istifadə) müqaviləsi əsasında istifadə etdiyi 2.50 ha torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkmək və hər hektardan 30 sentnerdən az olmamaqla xam pambıq istehsal edib üçüncü şəxslərin hüquqlarından azad şəkildə “Alıcı”nın mülkiyyətinə verir. - 1.2-ci bəndinə əsasən, Müqavilə ilə əlaqədar ödənişlə bağlı öhdəliklər istisna olmaqla. Fermerlə Alıcı arasında müqavilə şərtlərinin təminatları, işin icrasına nəzarət, xam-pambığın qəbulu, saxlanılması və emalı birbaşa Filial tərəfindən həyata keçirilir. - 3.1-ci bəndinə əsasən, Fermer bu müqavilədə nəzərdə tutulmuş şərtlərə uyğun olaraq istehsal etdiyi xam pambığı bütövlükdə 2023-cü il mövsümü üzrə pambıq yığımı bitənədək tam yetişmiş halda, təmiz, içərisində kənar qatqılar olmadan Azərbaycan Respublikasında qüvvədə olan mövcud standartlarına və bur Müqavilənin tələblərinə uyğun şəkildə yalnız Filiala təhvil verilməlidir. - 4.1-ci bəndinə əsasən, Filial xam pambığı Fermerdən növünə, nəmlik və zibillik faizlərinə görə Azərbaycan Respublikasında qüvvədə olan normativ texniki sənədlrin və bu Müqavilənin şərtlərinə əsasən hər ton üçün aşağıdakı qiymətlərlə qəbul edir: l növ-800 azn/ton, ll növ- 780 azn/ton, lll növ-740 azn/ton, lV növ- 700 azn/ton. -5.1-ci bəndinə əsasən, Fermer bu Müqavilənin predmeti olan xam pambığı tam və ya qismən Alıcıya satmaqdan yayınırsa və ya üçüncü şəxslərə satarsa Alıcıya təhvil verilməyən xam pambığın dəyərinin 20% həcmində (xam pambığın İ-ci növ qiyməti ilə) cərimə ödəməldir. Fermer vəfat edərsə, onun Müqavilə üzrə götürdüyü öhdəliklərin icrası qanunla müəyyən edilmiş qaydada tam şəkildə onun hüquqi varislərinə keçir.

12. İş materiallarında olan “Maliyyə arayışı”nın surətindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, 283 nömrəli müqavilə üzrə qalıq borcu 221,49 manat təşkil edir.

13. İş materiallarında olan “Üzləşmə aktı”na əsasən Cavabdeh xx.xx.2023-cü il tarixli, 283 nömrəli müqavilə üzrə xx.xx.2023-cü il tarixə qalıq borcu 221,49 manat təşkil edir.

14. İş materiallarından görünür ki, “X4 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh pretenziya göndərilmişdir.

15. **********88 nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə 30 manat dövlət rüsumu ödənilmişdir.

b) Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

- 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 599.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirir. - 599.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. - 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

17. Məhkəmə baxışının hədləri:

-14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

c) Məhkəmənin mövqeyi:

18. Məhkəmə, iddiaçının nümayəndəsinin izhatını dinləyərək, iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir.

19. Məhkəmə, tərəflərin daxil olduqları hüquq münasibətinin xarakteri ilə bağlı qeyd edir ki, tərəflər arasında müqavilə münasibətlərindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur və həmin müqavilələr münasibətləri struktur baxımından mülki qanunvericilikdə nəzərdə tutulmuş alqı-satqı müqaviləsinə daha çox uyğun gəlir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki halları bu nəticəyə gəlməyə əsas verir ki, iddiaçı tərəfindən cavabdehə göstərilən xidmətlərin, verilən mal-materialın və nağd pul vəsaitinin məqsədi cavabdehin ona məxsus olan sahədən daha çox məhsul əldə etməsinə və sonradan həmin məhsulun razılaşdırılmış qiymətlərlə iddiaçıya satılmasına nail olmaqdan ibarət olmuşdur. Bu isə son nəticədə tərəflər arasında cavabdehin istehsal etdiyi məhsulun alqı-satqısının həyata keçirilməsi barədə konsensual razılığın əldə edildiyini göstərir. Bu konteksdən yanaşdıqda məhkəmə hesab edir ki, tərəflər arasında olan razılaşma mülki qanunvericilikdə nəzərdə tutulmuş klassik mənada alqı-satqı müqaviləsi sayılmasa da (belə ki, Mülki Məcəllənin alqı-satqı müqaviləsinin leqal tərifini nəzərdə tutan 567-ci maddəsinə görə, alqı-satqı müqaviləsinə əsasən alıcı mülkiyyətinə qəbul etdiyi əşyanın qarşılığında xidmət, digər əşya və s. deyil, yalnız müəyyənləşdirilmiş pul məbləği ödəməyi öhdəsinə götürür), tərəflərin müqavilə münasibətlərinə daxil olarkən güddükləri hüquqi niyyət və məqsəd nəzərə alındıqda alqı-satqıya oxşar müqavilə kimi qiymətləndirilməlidir. Buna görə də, hazırki işə Azərbaycan Respublikası Mülki Məcəlləsinin alqı-satqı müqaviləsinə dair müvafiq normaları tətbiq edilməldir.

20. İş materiallarına əsasən müəyyən olunur ki, iş üzrə tərəflər öz aralarında müqavilə bağlayaraq razılığa gəlmişlər ki, iddiaçı cavabdehə məxsus olan sahədə xam pambıq əkilməsi və tədarük mövsümündə yığılmış xam pambığın iddiaçıya satılması müqabilində cavabdehə müxtəlif aqrotexniki xidmətlərin göstərilməsini, həmçinin cavabdehə avans olaraq nağd pul vəsaitinin verilməsini, cavabdeh isə tədarük etdiyi xampambığın ilk olaraq iddiaçı tərəfindən göstərilmiş xidmətlərin, verilmiş malların və nağd pul vəsaitinin qaytarılması məqsədi ilə iddiaçıya verilməsini, bundan sonra tədarük ediləcək xam pambığın isə razılaşdırılmış qiymətə iddiaçıya satılmasını öhdələrinə götürürlər. İşdə olan sənədlərdən görünür ki, iddiaçı razılaşmaya əməl edərək öz üzərinə düşən öhdəliyi tam icra etmişdir, Cavabdeh isə həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Belə ki, Cavabdeh iddiaçıdan avans olaraq ümumi dəyəri 4053 manat təşkil edən avans vəsaiti təhvil alsa da, bunun müqabilində iddiaçıya ümumi dəyəri 3831,51 manat təşkil edən xam-pambıq təhvil vermişdir. Nəticədə onun iddiaçıya xx.xx.2023-cü il tarixli, 283 saylı müqavilə üzrə isə 221,49 manat borcu yaranmışdır. Bununla da məhkəmə hesab edir ki, Cavabdeh qeyd olunan müqavilə üzrə yaranmış öhdəliklərini vaxtında və lazımınca icra etmədiyi aşkar olunur.

21. Məhkəmə qeyd edir ki, tələb olunan pul məbləğinin iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin Cavabdeh iddia ərizəsinə qarşı etiraz verməmiş, iddia tələbinin əsassızlığına dair sübutu məhkəməyə təqdim etməmişdir. Lakin, iş materiallarından olan “Üzləşmə aktı”nın surətindən göründüyü kimi Cavabdeh həmin aktı imzalayaraq iddiaçıya 221,49 manat məbləğində borcunun olduğunu etiraf etmişdir. Belə olan halda məhkəmə, tələb olunan borcun cavabdeh tərəfindən iddiaçıya ödənilməməsinin tam sübut olunduğu qənaətinə gəlir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan, cavabdehdən 221,49 manat borc tutularaq iddiaçıya verilməlidir.

22. Məhkəmə, həmçinin qeyd edir ki, iddia ərizəsində qeyd olunan xx.xx.2021-ci il tarixli, 052 saylı müqavilədən irəli gələn tələbə dair iddiaçının dəlillərinə hüquqi qiymət veriməsinə prosessual qənaət prinsipi baxımdan lüzum yoxdur. Ona görə ki, iddia ərizəsi həmin müqavilədən irəli gələn tələbə aid hissədə iddiaçının nümayəndəsinin ərizəsi əsasında məhkəmənin müvafiq qərardadı ilə baxılmamış saxlanmışdır.

Məhkəmə xərcləri:

23. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli və iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə, 2 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.

Nəticə:

24. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 221,49 (iki yüz iyirmi bir manat, qırx doqquz qəpik) manat borc və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq, iddiaçı “X4 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Rəmzi Nəbiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar