Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-158/2023 24.01.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Abdullayev Elşən Uğur oğlu, İddiaçı Cavabdeh qarşı öhdəliyin yerinə yetirilməməsi üzrə yaranmış borcun tutulması tələbinə dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 28 noyabr 2019-cu il tarixli, 0252-İKRGM/19 nömrəli Konsiqnasiya Müqaviləsinə əsasən 989,90 manat əsas borcun, 1002.2 manat cərimə borcunun, xx.xx.2020-ci il tarixli 0238-İKR-GM/2-nörməli alqı-satqı müqaviləsinə əsasən isə 970 manat əsas, 811 manat cərimə borcu, 60.00 manat mediasiya xərclərinin, cəmi 3833,1 manat məbləğində borcun cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında 28 noyabr 2019-cu il tarixində 0252-İKR-GM/19 nömrəli Konsiqnasiya Müqaviləsi (bundan sonra “Müqavilə”) bağlanmışdır. Bu müqavilənin 1.1.-ci maddəsinə əsasən, “SATİCİ” (İddiaçı MMC) “ALİCİ”-nın (Cavabdeh) sifarişinə uyğun miqdarda və çeşiddə malları “ALİCİ”-ya verməyi, “ALİCİ” isə bu malların əvəzini bu müqavilədə nəzərdə tutulmuş qaydada və şərtlərlə “SATİCİ”-ya ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı MMC olaraq onlar tərəfindən, cavabdehə, müqaviləyə 1 və 2 saylı əlavə olan Qiymətlərin razılaşdırılması və malların təhvil verilməsi haqqında Akta uyğun olaraq ümumi dəyəri 989,90 manat olan mallar Alıcıya təhvil verilmişdir. Cavabdeh isə sözügedən müqavilənin 3.2-ci maddəsinin tələblərini pozaraq bugünkü günədək ödəməmişdir. Müqavilənin 4.1-ci maddəsinə əsasən, Satıcının ödəniş şərtlərinə riayət etməyərək ödəniləcək pul məbləğini ödəmədiyi təqdirdə Alıcıdan hər bir gecikdirmə gününə görə, müqavilə məbləğinin 0,1%-ni tələb etmək hüququ vardır. Bu hüquqlarına istinad edərək cavabdehin müqavilənin dəyərinin ödənilməsinin gecikdirilməsinə görə yaranmış cərimə borcunun 1002.2 (bir min iki, 20) manat təşkil edir. Cavabdeh sözügedən Konsiqnasiya müqaviləsi üzrə bugünkü tarixədək İddiaçı MMCyə borcu toplam 1992,1 (bir min doqquz yüz doxsan iki, 10) manat təşkil edir. Bununla yanaşı tərəflər arasında xx.xx.2020-ci il tarixində 0238-İKR-GM/2nörməli Alqı-satqı müqaviləsi bağlanmışdır ki, bu müqavilə üzrə biz satıcı olaraq müqavilənin Əlavələrində göstərilmiş malları satmağı, Alıcı isə bunu qəbul edib malın dəyərini ödəməyi öhdəsinə götürüb. Alqı-satqı müqaviələsinin 5.2-ci maddəsinə görə, Mal Alıcıya təhvil verildikdən sonra Alıcı 1 (bir) ay ərzində təhvil verilmiş malın dəyərinin 100% həcmində ödəniş etməlidir. Cavabdeh isə Müqavilənin 1 saylı əlavəsi üzrə müəyyən edilmiş məbləğin 350 (üç yüz əlli) matlıq hissəsini ödəmiş, qalan 970 (doqquz yüz yetmiş) manatlıq məbləğin isə heç bir hissəsini bu günə qədər ödəməmişdir. Müqavilənin 5.4-cü maddəsinə əsasən, Satıcının ödəniş şərtlərinə riayət etməyərək ödəniləcək pul məbləğini ödəmədiyi təqdirdə Alıcıdan hər bir gecikdirmə gününə görə, müqavilə məbləğinin 0,1%-ni tələb etmək hüququ vardır. Bu hüquqlarına istinad edərək cavabdehin müqavilənin dəyərinin ödənilməsinin gecikdirilməsinə görə yaranmış cərimə borcunun 811 (səkkiz yüz on bir) manat təşkil etdiyini bildirirlər. Beləliklə, Cavabdeh Konsiqnasiya müqaviləsi üzrə bugünkü tarixədək İddiaçı MMC-yə borcu toplam 1992,1 (bir min doqquz yüz doxsan iki, 10) manat, Alqı satqı müqaviləsi üzrə isə toplam 1781 (bir min yeddi yüz səksən bir) manat, ümumilikdə isə 3,773.1 (üç min yeddi yüz yetmiş üç,10) manat təşkil edir. Göstərilən borc məbləğinin ödənilməsi tələbi ilə bağlı xx.xx.2022-ci il tarixli, 0892 nömrəli, xx.xx.2022-ci il 0647 nömrəli, xx.xx.2022- ci il tarixli, 0648 nömrəli nömrəli, xx.xx.2022-ci il nömrəli, 0988 nömrəli pretenziya məktubları göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən bundan sonra da heç bir ödəniş olunmamışdır. Beləliklə, cavabdeh yenə öz öhdəliyini icra etməmiş və ödənişləri həyata keçirməmişdir. Bu səbəbdən məhkəməyə müraciət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, sonuncunun rəsmi qeydiyyat ünvanı üzrə bildiriş göndərilmiş, cavabdeh tərəfindən iddia tələbinə qarşı əsaslandırılmış etiraz məhkəməyə təqdim edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 28 noyabr 2019-cu il tarixli, 0252-İKR-GM/19 saylı konsiqnasiya müqaviləsindən görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında malların alqı-satqısı barədə müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci yarımbəndinə əsasən, satıcı alıcının sifarişinə uyğun miqdarda və çeşiddə malları alıcıya satmağı, alıcı isə malların əvəzini bu müqavilə ilə nəzərdə tutulmuş qaydada və şərtlərlə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.1.1-ci yarımbəndinə əsasən, alcının vəzifəsi malların satışını həyata keçirməkdir. Həmin müqavilənin 3.1-ci yarımbəndinə əsasən, alıcı satıcının təqdim etdiyi malların dəyərini həmin mal satıldıqdan sonra nağd və ya köçürmə yolu il ödəyir. Həmin müqavilənin 4.1-ci yarımbəndinə əsasən, alıcı bu müqavilə üzrə ödənişlərin icrasını gecikdirdikdə, gecikdirilmiş hər gün üçün gecikmiş məbləğin 0,1 % miqdarında satıcıya cərimə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli qiymətlərin razılaşdırılması və malların təhvil verilməsi haqqında 01 nömrəli aktın surətindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 600 manat məbləğində mallar təhvil verilmişdir. Təhvil-təslim aktı İddiaçı nümayəndəsi və Cavabdeh tərəfindən imzalanmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qiymətlərin razılaşdırılması və malların təhvil verilməsi haqqında 02 nömrəli aktın surətindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 389,90 manat məbləğində mallar təhvil verilmişdir. Təhvil-təslim aktı İddiaçı nümayəndəsi və Cavabdeh tərəfindən imzalanmışdır. İş materiallarında olan 14 iyul 2020-ci il tarixli, 0238-İKR-GM/20 saylı alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında malların alqı-satqısı barədə müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci yarımbəndinə əsasən, müqaviləyə əsasən satıcı alıcını mütəmadi olaraq bu müqavilənin əlavələrində qeyd olunmuş məhsulla təmin etməyi, alıcı isə həmin malı qəbul edməyi və müqavilə ilə razılaşdırılmış qaydada və müddətdə malın dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.2-ci yarımbəndinə əsasən, satıcı malın təhvil verilməsini tərəflərin hər ikisinin imzaladığı təhvil-təslim aktı ilə rəsmiləşdirir. Həmin müqavilənin 5.4-cü yarımbəndinə əsasən, ödənişlərin bu müqavilənin 5.2-ci bəndində göstərilən qaydada həyata keçirilməməsi halında satıcı alıcıdan hər gecikdirilən gün üçün müqavilənin ümumi məbləğinin 0.1%-i miqdarında cərimə tələb etmək hüququna malikdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qiymətlərin razılaşdırılması və malların təhvil verilməsi haqqında 01 nömrəli aktın surətindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 1.320 manat məbləğində mallar təhvil verilmişdir. Təhvil-təslim aktı İddiaçı nümayəndəsi və Cavabdeh tərəfindən imzalanmışdır. İş materiallarında olan 05 dekabr 2022-ci il tarixli, 0671 nömrəli maliyyə arayışının surətindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 28 noyabr 2019-cu il tarixli, 0252-İKR-GM/19 nömrəli konsiqnasiya müqaviləsinə əsasən 989,90 manat əsas borc, 1002.2 manar cərimə borcu, xx.xx.2020-ci il tarixli, 0238-İKR-GM/20 nömrəli alqısatqı müqaviləsinə əsasən isə 970 manat əsas, 811 manat cərimə borcu mövcuddur. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış 26 noyabr 2022-ci il tarixli, 0988 saylı pretenziya məktubunun surətindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış alqı-satqı müqaviləsi üzrə yaranmış borcun 5 gün ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh məlumatlandırılmışdır. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 03 dekabr 2022-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı MMC ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Məhkəmə qeyd edir ki, tələbin hüquqi əsasını tərəflər arasında bağlanılmış 28 noyabr 2019-cu il tarixli, 0252-İKR-GM/19 nömrəli konsiqnasiya müqaviləsi və xx.xx.2020ci il tarixli, 0238-İKR-GM/20 nömrəli alqı-satqı müqaviləsi təşkil edir. Məhkəmə hesab edir ki, hazırkı işdə iddiaçının alqı-satqı və konsiqnasiya müqavilələri üzrə Cavabdeh malları təhvil verməsi, sonuncunun isə həmin mallara dair borcunun olması işin mübahisəsiz halını təşkil edir. Odur ki, iddia əsas borcun ödənilməsi hissəsində təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 837.1-ci maddəsinə əsasən konsiqnasiya anbarı haqqında müqavilə hər hansı sahibkara (tapşırana) malları (konsiqnasiya mallarını) müştərilərə tez çatdırmaq məqsədilə sənətkarlıq şəklində müstəqil fəaliyyətlə məşğul olan başqa şəxsin (tacirin) anbarında saxlamaq hüququ verir. Tacir konsiqnasiya mallarını saxlamağı öhdəsinə götürür və konsiqnasiya anbarı haqqında müqavilənin şərtlərinə əsasən bu mallara dair sərəncam vermək hüququna malikdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya ümumilikdə 1.959,90 manat borcunun olması öz təsdiqini tapdığından, o cümlədən cavabdeh tərəfindən həmin borcun olmamasına və ya daha az olmasına dair hər-hansı mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsasən, iddia əsas borca münasibətdə təmin edilməlidir. Məhkəmə, iddianın 28 noyabr 2019-cu il tarixli, 0252-İKR-GM/19 nömrəli konsiqnasiya müqaviləsi üzrə 1002,20 manat dəbbə pulunun və xx.xx.2020-ci il tarixli, 0238-İKR-GM/20 nömrəli alqı-satqı müqaviləsi üzrə 811 manat dəbbə pulunun ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, tərəflər arasında bağlanılmış 28 noyabr 2019-cu il tarixli, 0252-İKR-GM/19 nömrəli konsiqnasiya müqaviləsinin 4.1-ci yarımbəndinə əsasən, alıcı bu müqavilə üzrə ödənişlərin icrasını gecikdirdikdə, gecikdirilmiş hər gün üçün gecikmiş məbləğin 0,1% miqdarında satıcıya cərimə ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanılmış xx.xx.2020-ci il tarixli, 0238-İKR-GM/20 nömrəli alqı-satqı müqaviləsinin 5.4-cü yarımbəndinə əsasən, ödənişlərin bu müqavilənin 5.2-ci bəndində göstərilən qaydada həyata keçirilməməsi halında satıcı alıcıdan hər gecikdirilən gün üçün müqavilənin ümumi məbləğinin 0.1%-i miqdarında cərimə tələb etmək hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 460.1-ci maddəsində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Tərəflər bu prinsiplər çərçivəsində Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə almalıdır. Məhkəmə işin hallarını və iddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını qeyd edərək bu nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin olunaraq cavabdehdən iddiaçının xeyrinə 28 noyabr 2019cu il tarixli, 0252-İKR-GM/19 nömrəli konsiqnasiya müqaviləsi üzrə 110 manat dəbbə pulu və xx.xx.2020-ci il tarixli, 0238-İKR-GM/20 nömrəli alqı-satqı müqaviləsi üzrə 85 manat dəbbə pulu tutulmalıdır. Məhkəmə, iddianın 60 manat mediasiya xərcinin cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, cavabdeh iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərcini ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, iddiaçının mediasiya xərcini ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-5, 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 28 noyabr 2019-cu il tarixli, 0252-İKR-GM/19 nömrəli konsiqnasiya müqaviləsi üzrə 989,90 manat əsas borc, 110 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli, 0238-İKR-GM/20 nömrəli alqı-satqı müqaviləsi üzrə 970 manat əsas, 85 manat dəbbə pulu və 60 manat mediasiya xərci olmaqla, ümumilikdə 2.214,90 (iki min iki yüz on dörd manat doxsan qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №e-2-2(121)-158/2023
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-158/2023
24.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver