Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-1581/2022 20.07.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Musayev Fərhad Böyükağa oğlunun katibliyi ilə, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə xüsusi icraat qaydasında ərizəsinə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin dövlət büdcəsinə 11.161,29 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 2,27 manat, İşsizlikdən Sığorta Fonduna olan 0,92 manat, İcbari Tibbi Sığorta Fonduna olan 2,32 manat olmaqla ümumilikdə 11.166,8 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2022-ci il tarixə vergi ödəyicisi olan "xxxx" MMC-nin (VÖEN: **********) ümumilikdə 11.166,8 manat məbləğində borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci madəsinə əsasən bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi və Maraqlı şəxs ərizəyə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin ərizəçinin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, işə nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etmiş, maraqlı şəxs isə məhkəmə iclasına gəlməmişdir. Ərizəçinin nümayəndəsinin və maraqlı şəxsin məhkəmə iclasına gəlməmələri işə baxılmasına mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 355-7.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq və sübutları tədqiq edərək, hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, "xxxx" MMC-nin 11.166,8 manat məbləğində dövlət büdcəsinə borcu vardır. İşdən görünür ki, yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə bildirişlər göndərilmişdir. İşdən görünür ki, yaranmış borc məbləğinin 10 gün müddətində dövlət büdcəsinə ödənilmədiyi halda ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məqsədilə qanunvercilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət ediləcəyi barədə vergi ödəyicisinə xəbərdarlıq edilmişdir. İş materiallarından görünür ki, "xxxx" MMC-nə dair hüquqi şəxs haqqında məlumatda sədri olaraq, Maraqlı şəxs adı qeyd olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs məhkəməyə ünvanladığı ərizədən və əlavə olunmuş sənədlərdən görünür ki, "xxxx" MMC-nin hazırki rəhbəri Maraqlı şəxs yox, X1r. Göründüyü kimi, vergi ödəyicisi olan "xxxx" MMC vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyindən, hesablanmış borcların ödənilməsini təmin etmək üçün ərizəçi hüquqi şəxs olan "xxxx" MMC-nin icra orqanının rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Lakin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, vergi orqanında MMC-nin sədri olaraq, Maraqlı şəxs adı qeyd olunsa da, hazırda qeyd olunan şəxs cəmiyyətin sədri vəzifəsini icra etmir. Qanunvericiliyə əsasən, hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması həmin hüquqi şəxsin borclarının ödənilməsini təmin etmək məqsədi daşıyır. Belə olan halda məhkəmə hesab edir ki, hazırda "xxxx" MMC ilə hər-hansı bağlılığı olmayan şəxsin - Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması "xxxx" MMC tərəfindən borcların ödənilməsinin təmin edilməsinə təsir edə bilməz. Digər tərəfdən əsassız olaraq, maraqlı şəxsin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnə bilər. Yalnız Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin məlumat bazasında "xxxx" MMC-nin sədri kimi, Maraqlı şəxs qeydiyyatının aparılması ərizənin təmin edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ hissəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrindəndir. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarındandır. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Qeyd edilən Məcəllənin 78.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Azərbaycan Respublikası MPM-nin 355-5.1-ci maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-7.3 və 355-7.4-cü maddələrinə əsasən, işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 355-5-355-7-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsi təmin edilməsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №e-2-2(121)-1581/2022
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1581/2022
20.07.2022 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver