Məhkəmə qərarları › İş №e-2-2(121)-159/2021

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-159/2021

29.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-159/2021 29.01.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi İsmayılov Rafiq Tofiq oğlu, İddiaçı cavabdeh “xxxx” Kiçik Müəssisəsinə qarşı pul tələbinə dair işə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “xxxx” Kiçik Müəssisəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdeh “xxxx” Kiçik Müəssisəsindən 5.600 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeh “xxxx” Kiçik Müəssisəsi arasında dəyərini sonradan ödəmək şərti ilə avtomobil ehtiyyat hissələri və sürtgü yağlarının alqı-satqısına dair xx.xx.2018-ci il tarixli müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, İddiaçı MMC tərəfindən cavabdehə 5.600 manat dəyərində avtomobil ehtiyyat hissələri və sürtgü yağları təhvil verilmiş, o cümlədən müqavilənin 1.2-ci bəndinə əsasən isə cavabdeh həmin mallara görə iddiaçı (satıcı) qarşısında 5.600 manat borc öhdəliyinin olmasını təsdiq və etiraf edir. Həmçinin tərəflər arasında bağlanmış sözügedən müqavilənin 2.1-ci bəndinıə əsasən borclu (cavabdeh) hər ay ödəniş etməklə öhdəliyində olan borcun 3 misli qədər 3 ay müddətində dövriyyə etməli idi. Beləliklə tərəflər arasında kommersiya münasibətləri (öhdəliklər) yarandıqdan sonra cavabdeh öz öhdəliklərini bu günədək yerinə yetirməmişdir. Borcun ödənilməsi ilə bağlı iddiaçı tərəfindən cavabdehə dəfələrlə istər şifahi istərsə də yazılı müraciət edilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsindən qərəzli olaraq boyun qaçırmış və bu günədək borcunu ödəməmişdır. Beləliklə cavabdeh öz öhdəliklərini yerinə yetirmədiyi üçün iddiaçı qarşısında bu günə 5.600 (beş min altı yüz) manat borcu yaranmışdır. Qeyd olunanların nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdeh “xxxx” Kiçik Müəssisəsinə bildiriş göndərilərək, məhkəmə bildirişini rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair etiraz və mülahizələrini məhkəməyə təqdim etmə hüququ izah olunmuşdur. Cavabdeh “xxxx” Kiçik Müəssisəsinə ünvanlanmış bildiriş xx.xx.2020-ci il tarixində qəbul edilmişdir. Lakin cavabdeh tərəfindən məhkəmənin bildirişinə münasibət bildirilməmiş və məhkəməyə heç bir etiraz təqdim edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixli borcun etirafı, ödəniş qaydaları haqqında və son haqq hesaba dair müqavilənin surətindən görünür ki, İddiaçı ilə “xxxx” Kiçik Müəssisəsi arasında müqavilə bağlanmış və həmin müqaviləyə əsasən İddiaçı MMC tərəfindən cavabdehə 5.600 manat dəyərində avtomobil ehtiyyat hissələri və sürtgü yağları təhvil verilmiş, o cümlədən müqavilənin 1.2-ci bəndinə əsasən isə cavabdeh həmin mallara görə iddiaçı (satıcı) qarşısında 5.600 manat borc öhdəliyinin olmasını təsdiq və etiraf edir. Həmçinin tərəflər arasında bağlanmış müqavilənin 2.1-ci bəndinə əsasən borclu (cavabdeh) hər ay ödəniş etməklə öhdəliyində olan borcun 3 misli qədər 3 ay müddətində dövriyyə etməlidir. Müqavilənin 2.4-cü bəndinə əsasən ümumi borc məbləği bu müqavilə ilə müəyyən edilmiş son tarixə tam ödənilmədikdə, borclu borc məbləğində əlavə ödəmə tarixindən sonrakı hər gün üçün ümumi borc məbləğinin 0,2% miqdarında dəbbə pulunu kreditora ödəməyi öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, P-05/09 saylı pretenziya məktubunun surətindən görünür ki, İddiaçı cavabdeh “xxxx” Kiçik Müəssisəsinə məktub ünvanlayaraq onun aralarında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən 5.600 manat borcunun olduğunu bildirmiş, həmin borcun 02 (iki) iş günü müddətində ödənilməsini ondan tələb etmiş, əks təqdirdə həmin borcun, eləcə də çəkiləcək xərclərin tutulması ilə əlaqədar qanunvercilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. İş materiallarında olan 62859 nömrəli qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia tələbi üzrə 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddiaçı tərəfindən elektron qaydada xx.xx.2018-ci il tarixli müqavilənin, xx.xx.2020-ci il tarixli, P-05/09 saylı pretenziya məktubunun, dövlət rüsumunun ödənilməsi barədə qəbzin və digər sənədlərin surətləri məhkəməyə təqdim olunmuşdur. Məhkəmə qeyd edir ki, tələbin hüquqi əsasını tərəflər arasında bağlanılmış xx.xx.2018-ci il tarixli müqavilə müqaviləsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xx.xx.2018-ci il tarixli borcun etirafı, ödəniş qaydaları haqqında və son haqq hesaba dair müqavilə bağlanılmışdır. Həmin müqavilələrə əsasən iddiaçı tərəfindən cavabdehə 5.600 manat dəyərində mallar verilsə də, cavabdeh müqavilə üzrə öhdəliyə əməl etməmişdir. İddiaçı xx.xx.2020-ci il tarixli, P-05/09 saylı məktubla cavabdehə xəbərdarlıq göndərərək, borcun qaytarılmasını tələb etsə də, cavabdeh həmin müddət ərzində borcun ödənilməsini təmin etməmişdir. Borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. İş materialları ilə iddiaçı tərəfindən cavabdehə mallar verildiyi, lakin cavabdehin təhvil aldığı malların dəyərini ödəmədiyi üçün 5.600 manat məbləğində borcunun mövcud olduğu müəyyən edildiyindən, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Bundan başqa İddiaçı tərəfindən tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, cavabdehdən 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq, iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə belə hesab edir ki, cavabdeh “xxxx” Kiçik Müəssisəsindən xx.xx.2018-ci il tarixli müqavilə üzrə yaranmış 5.600 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 5.630 manat məbləğində pul tutularaq İddiaçınə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. Cavabdeh “xxxx” Kiçik Müəssisəsindən 5.600 (beş min altı yüz) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 5.630 (beş min altı yüz otuz) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 284-6.3-cü maddəsinə görə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar