Məhkəmə qərarları › İş №e-2-2(121)-1594/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1594/2025

18.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1594/2025 18.06.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçının İddiaçı MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Tələb:

1. İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 12727,38 manat dəyərində borcun və 128,18 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin Saatlı filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 004 saylı alğı-satqı müqaviləsinə əsasən Saatlı rayonu, Azadkənd kənd ərazisində yerləşən 10 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu “İddiaçıya” satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası iləəlaqədar cxavabdeh iddiaçıdan 13988,20 manat məbləğində vəsaiti (iş və xidməti) avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında 220 manat məbləğində çöp doğrama, 434 manat məbləğində 1- ci şum, 400 manat məbləğində malaçəkmə, 170 manat məbləğində çiyid səpini, 540 manat məbləğində kultivasiya, 190 manat məbləğində kultivasiya (gübrə səpini ilə), 489,60 manat məbləğində dərman səpini, 1060 manat məbləğində çiyid, 5615 manat məbləğində avans vəsait ,1289,60 manat məbləğində əlavə xərc, 3580 məbləğində dərman-gübrə, cəmi 13988,20 manat məbləğində işlər görülmüş, avans verilmiş, xidmətlər göstərilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozaraq, mövsüm başa çatsa da 1260,82 manat məbləğində 1576,02 kq xam-pambıq təhvil vermiş, bununla iddiaçıya 12727,38 manat məbləğində borcu qalmışdır. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq cavabdeh iddiaçıya olan borcunu tam ödəməkdən üzürsüz səbəblərdən yayınmışdır. Cavabdehin borclu qalması hər iki tərəfin imzası ilə təsdiq edilən iş və xidmətlərin yerinə yetirilməsi barədə üzləşmə aktı, qaimə, ödəmə tapşırıqları və digər sənədlərlə təsdiq edilir.

Tərəflərin izahatları:

3. Məhkəmə iclasında iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat verdi və bildirdi ki, cavabdeh tərəfindən borcundan 1400 manat ödəniş etmişdir. İddianın təmin olunmasını xahiş etdi.

4. Məhkəmə hazırlıq iclasında iştirak iclasında iştirak edən Cavabdeh iddianı qismən qəbul edərək izahatında bildirdi ki, o, borcundan faktiki olaraq 1400 manat ödəniş etmiş, ay sonunda da maaşından silinmək surətiylə 400 manat əlavə ödəniş olacaqdır. Qeyd etdiklərini nəzərə alaraq iddianın qismən qəbul edilməsi barədə qətnamə çxarılmasını məhkəmədən xahiş etdi.

İddia ərizəsinə etiraz:

5. Cavabdeh tərəfindən AR MPM-nin 154-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinə qarşı etiraz məhkəməyə təqdim edilməmişdir.

Əsaslandırıcı hissə:

a) İş materialları və sübutların tədqiqi:

6. iş materiallarında olan İddiaçı MMC-nin Saatlı filialı və Cavabdeh (müqavilədə “Fermer”) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 004 nömrəli müqavilənin: 1.1-ci bəndinə əsasən, müqavilənin predmetini “Alıcı” tərəfindən "Satıcı” Cavabdeh məxsus (istifadə də və ya icarədə olan) Saatlı rayonu, Azadkənd kəndində yerləşən 10 ha torpaq sahəsində pambığın becərilməsi ilə əlaqədar aqrotexniki iş və xidmətlərin razılaşdırılmış müddət, qiymət və həcmdə keyfiyyətlə yerinə yetirilməsi. "Satıcı" tərəfindən yığılmış məhsulun bu müqavilə ilə müəyyən olunmuş şərtlər daxilində. "Alıcıya" təhvil verilməsi və "Alıcı” tərəfindən "Satıcının” borcları çıxılmaq şərti ilə məhsulun nəmliyi, zibilliyi və növü nəzərə alınmaqla onun dəyərinin ödənilməsi təşkil edir; 3.2-ci bəndinə əsasən, məhsulun olmaması və ya az olması “Satıcı-Fermer”i göstərilmiş xidmətlərin, alınmış vəsaitin, nisyə alınmış toxum, mineral gübrə və pestisidlərin dəyərinin ödənilməsi öhdəliyindən azad etmir; 4.1-ci bəndinə əsasən, “Alıcı” nəmlik, zibillik və növünə görə qüvvədə olan təlimat və standartlara əsasən xam pambığı “Satıcı”dan (istehsalçıdan) aşağıdakı qiymətə qəbul edir: İ növ 800 AZN/ton, İİ növ – 780 AZN/ton, İİİ növ – 740 AZN/ton, İV növ – 700 AZN/ton; 7.1-ci bəndinə əsasən, hazırki müqavilə imzalandığı gündən qüvvəyə minir və müqavilədən irəli gələn öhdəliklər tam icra olunanadək qüvvədədir.

7. İş materiallarında olan İddiaçı MMC-nin Saatlı filialı ilə Cavabdeh arasında imzalanmış “iş və xidmətlərin yerinə yetirilməsi” aktlara əsasən, fermer Cavabdeh çəkilən xərc 13988,20 manat, ümumilikdə fermerdən alınmış xam pambıq və fermer tərəfindən dərman və gübrə üçün ödənilmiş vəsait ümumilikdə 13988,20 manat təşkil etmiş, nəticədə fermerin 12727,38 manat borcu qalmışdır.

8. xx.xx.2024-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı MMCnin Saatlı filialı ilə Cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən yaranmış borcun pretenziya alındığı vaxtdan ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun İddiaçı MMC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir.

9. İddiaçı MMC-nin nümayəndəsinin məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, cavabdeh tərəfindən ümumi borcdan 1400 manat məbləğində ödəniş edilmişdir.

10. ********** Mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı MMC tərəfindən 128,18 manat dövlət rüsumu ödənilmişdir.

b) Tətbiq edilən hüquq:

11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

- 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 599.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirir. - 599.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. - 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

- 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

13. Məhkəmə baxışının hədləri:

- AR MPM-nin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

c) Məhkəmənin mövqeyi:

14. Məhkəmə, iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, işin müəyyən edilmiş hallarına, iş materiallarında olan sənədlərə və məhkəmə iclasında tədqiq olunmuş digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir.

15. Məhkəmə, tərəflərin daxil olduqları hüquq münasibətinin xarakteri ilə bağlı qeyd edir ki, tərəflər arasında müqavilə münasibətlərindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur və həmin müqavilə münasibətləri struktur baxımından mülki qanunvericilikdə nəzərdə tutulmuş alqı-satqı müqaviləsinə daha çox uyğun gəlir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki halları bu nəticəyə gəlməyə əsas verir ki, iddiaçı tərəfindən cavabdehə göstərilən xidmətlərin, verilən mal-materialın və nağd pul vəsaitinin məqsədi cavabdehin ona məxsus olan sahədən daha çox məhsul əldə etməsinə və sonradan həmin məhsulun razılaşdırılmış qiymətlərlə iddiaçıya satılmasına nail olmaqdan ibarət olmuşdur. Bu isə son nəticədə tərəflər arasında cavabdehin istehsal etdiyi məhsulun alqı-satqısının həyata keçirilməsi barədə konsensual razılığın əldə edildiyini göstərir. Bu konteksdən yanaşdıqda məhkəmə hesab edir ki, tərəflər arasında olan razılaşma mülki qanunvericilikdə nəzərdə tutulmuş klassik mənada alqı-satqı müqaviləsi sayılmasa da (belə ki, Mülki Məcəllənin alqı-satqı müqaviləsinin leqal tərifini nəzərdə tutan 567-ci maddəsinə görə, alqı-satqı müqaviləsinə əsasən alıcı mülkiyyətinə qəbul etdiyi əşyanın qarşılığında xidmət, digər əşya və s. deyil, yalnız müəyyənləşdirilmiş pul məbləği ödəməyi öhdəsinə götürür), tərəflərin müqavilə münasibətlərinə daxil olarkən güddükləri hüquqi niyyət və məqsəd nəzərə alındıqda alqı-satqıya oxşar müqavilə kimi qiymətləndirilməlidir.Buna görə də, hazırki işə Azərbaycan Respublikası Mülki Məcəlləsinin alqı-satqı müqaviləsinə dair müvafiq normaları tətbiq edilməldir.

16. İş materiallarına əsasən müəyyən olunur ki, iş üzrə tərəflər öz aralarında müqavilə bağlayaraq razılığa gəlmişlər ki, iddiaçı cavabdehə məxsus olan sahədə xam pambıq əkilməsi və tədarük mövsümündə yığılmış xam pambığın iddiaçıya satılması müqabilində cavabdehə müxtəlif aqrotexniki xidmətlərin göstərilməsini, həmçinin cavabdehə avans olaraq nağd pul vəsaitinin verilməsini, cavabdeh isə tədarük etdiyi xampambığın ilk olaraq iddiaçı tərəfindən göstərilmiş xidmətlərin, verilmiş malların və nağd pul vəsaitinin qaytarılması məqsədi ilə iddiaçıya verilməsini, bundan sonra tədarük ediləcək xam pambığın razılaşdırılmış qiymətə iddiaçıya satılmasını öhdələrinə götürürlər. İşdə olan görülən işlər, xidmətlər və ödənilən vəsaitlər haqqında məlumatı özündə əks etdirən cədvəldən görünür ki, iddiaçı razılaşmaya əməl edərək öz üzərinə düşən öhdəliyi tam icra etmişdir, Cavabdeh isə həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Belə ki, Cavabdeh iddiaçıdan avans olaraq ümumi dəyəri 13988,20 manat təşkil edən vəsaiti iş və xidməti təhvil alsa da, bunun müqabilində iddiaçıya ümumi dəyəri 1260,82 manat təşkil edən xam-pambıq təhvil vermiş, çəkilmiş xərclərdən 12727,38 manat məbləğində borcu qalmışdır. Bununla da Cavabdeh müqavilə üzrə yaranmış öhdəliklərini vaxtında və lazımınca icra etmədiyi aşkar olunur.

17. İş materiallarında olan “İş və xidmətlərin yerinə yetirilməsi aktı”nın surətindən görünür ki, Cavabdeh iddiaçıya 12727,38 manat məbləğində borcunun olduğunu etiraf etmişdir.

18. Eyni zamanda tərəflərin izahatlarından, iddiaçının nümayəndəsinin ərizəsindən görünür ki, cavabdeh iddiaçıya olan borcundan ümumilikdə 1400 manat ödəniş etmiş, nəticədə onun iddiaçıya 11327,38 manat borcu qalmışdır.

19. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli və 11327,38 manat borc cavabdehdən tutularaq iddiaçıya verilməlidir.

20. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli və iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumuna görə 123,98 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş qalan 4,20 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir. Nəticə:

21. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qətetdi:

İddia qismən təmin edilsin. Cavabdeh 11327,38 (on bir min üç yüz iyirmi yeddi manat, otuz səkkiz qəpik) manat borc və ödənilmiş dövlət rüsumuna görə 123,98 (bir yüz iyirmi üç manat, doxsan səkkiz qəpik) manat pul vəsaiti tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissdə təmin edilməsin. Ödənilmiş qalan 4,20 ( dörd manat, iyirmi qəpik) manat dövlət rüsumu İddiaçı MMCnin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Rəmzi Nəbiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar