Məhkəmə qərarları › İş №e-2-2(121)-160/2022

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-160/2022

01.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-160/2022 01.03.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Musayev Fərhad Böyükağa oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı 1210 manat borcun və ilkin mediasiya sessiyasında ödənilən 60 manatın 30 manat məbləğində olan hissəsinin dövlət rüsumuna aid edilməsi və 2,10 manat məbləğində dövlət rüsumunun və ilkin mediasiya sessiyasında iştirak etməməklə bağlı ödənilmiş 30 manat məbləğin cavabdehdən tutulması tələbinə dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1210 manat borcun və ilkin mediasiya sessiyasında ödənilən 60 manatın 30 manat məbləğində olan hissəsinin dövlət rüsumuna aid edilməsi və 2,10 manat məbləğində dövlət rüsumunun və ilkin mediasiya sessiyasında iştirak etməməklə bağlı ödənilmiş 30 manat məbləğin cavabdehdən tutulması cavabehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 11.01.2018-ci il tarixli 0058 nömrəli alqqı-satqı müqaviləsinə əsasən Saatlı rayonu, Sarıcalar kəndi ərazisində 40 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 1210 manat məbləğində vəsaiti avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında 1000 manat məbləğində icarə haqqı, 210 manat məbləğində aqrotexniki xidmətlərə görə vəsait sərf edilmiş, ümumilikdə 1210 manat məbləğində işlər görülmüş, avans vəsait ödənilmişdir. Lakin, cavabdeh müqavilənin şərtlərini pozaraq mövsum başa çatsa da xam-pambıq təhvil verməmiş, iddiaçıya 1210 manat məbləğində borcu qalmışdır. Cavabdehin borclu qalması kassa məxaric orderi və ərizəyə əlavə edilmiş qaimə-fakturalarla təsdiq edilir. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq cavabdeh iddiaçıya olan borcunu ödəməkdən üzürsüz səbəblərdən yayınmışdır İddiaçı nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsinin xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 11 yanvar 2018-ci il tarixli, 0058 saylı alq-satqı müqaviləsindən görünür ki, “X3” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında müqavilə bağlanmışdır. Müqavilənin predmetinə əsasən bu müqavilənin şərtləri daxilində istehsalçı mülkiyyət hüququ özünəməxsus olan və ya icarəyə götürdüyü 40 hektar torpaq sahəsində yüksək keyfiyyətli pambıq əkib becərməyi və əldə edilmiş məhsulu bu müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində və qiymətə “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verməyi, MMC isə məhsulu qəbul etməyi və onun dəyərini istehsalçının borclarını çıxmaq şərti ilə onun dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan №000895 nömrəli kassa məxaric orderindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh icarə haqqını ödəmək üçün 1000 manat avans ayrılmışdır. İş materiallarında olan "xxxx" ASC-nin Saatlı rayon bölməsinin istifadəsində olan texnika ilə İddiaçı MMC ilə bağlanmış müqavilələr üzrə pambıqçılıq təsərrüfatlarında yerinə yetirilən işlərin dəyəri barədə yekun üzləşmə aktından görünür ki, cavabdehə aid 15 ha torpaq sahəsində çöp doğrama işinə 210 manat xərclənmişdir. İş materialında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış 29 oktyabr 2019-cu il tarixli, 01/833 saylı pretenziya məktubundan görünür ki, İddiaçı MMC və Cavabdeh arasında bağlanmış 11 yanvar 2018-ci il tarixli, 0058 saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh məxsus 40 ha torpaq sahəsində pambığın becərilməsi ilə əlaqədar işlərin görülməsi nəticəsində yaranan borcun ödənilməsinin təmin edilməsi təklif edilmiş, əks təqdirdə müqavilə üzrə borcun ödənilməsi tələbi ilə qanuna müvafiq tədbirlət görülməsi barədə Cavabdeh xəbərdarlıq edilmişdir. İş materiallarında olan 14.04.2021-ci il tarixli, ********* saylı mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia tələbi üzrə 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 27 oktyabr 2021-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı MMC ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Məhkəmə müəyyən etdi ki, hazırkı işdə iddiaçının alqı-satqı müqaviləsi üzrə Cavabdeh işlərin görülməsi üçün avansın ayrılması, xidmətlərin göstərilməsi və sonuncunun ödəniş tapşırıqlarına əsasən pul vəsaitini alması, o cümlədən, qaiməfakturalara və aktlara əsasən işlərin görülməsi işin mübahisəsiz halını təşkil edir. Belə ki, İddiaçı MMC ilə Cavabdeh (istehsalçı) arasında 11 yanvar 2018-ci il tarixli, 0058 saylı müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, istehsalçı mülkiyyət hüququ özünəməxsus olan və ya icarəyə götürdüyü 40 hektar torpaq sahəsində yüksək keyfiyyətli pambıq əkib becərməyi və əldə edilmiş məhsulu bu müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində və qiymətə İddiaçı MMC-yə təhvil verməyi, MMC isə məhsulu qəbul etməyi və onun dəyərini istehsalçıya ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanılmış 11 yanvar 2018-ci il tarixli, 0058 saylı müqavilənin şərtlərinə uyğun olaraq iddiaçı tərəfindən Cavabdeh işlərin görülməsi üçün 1210 manat məbləğində vəsait xərclənmişdir. İddiaçı tərəfindən bağlanmış müqavilə üzrə öhdəliklər yerinə yetirilsə də, cavabdeh həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməmiş, iddiaçıya cəmi 1210 manat məbləğində borcu qalmışdır. Məhkəmə qeyd edir ki, tələbin hüquqi əsasını tərəflər arasında bağlanılmış 11 yanvar 2018-ci il tarixli, 0058 saylı müqavilə təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmənəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, cavabdeh iddiaçı qarşısında öhdəliklərini tam yerinə yetirməmiş, tərəflər arasında bağlanılmış 11 yanvar 2018-ci il tarixli, 0058 saylı müqaviləyə əsasən 1210 manat borcun olduğu iş materialları ilə tam sübuta yetirilir. Cavabdeh tərəfindən qeyd olunan borcun ödənilməsi və iddiaçı tərəfindən işlərin görülməsini təkzib edən hər-hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehdən 1210 manat borcun İddiaçı MMC-nin xeyrinə tutulmasına dair iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” Qanunun 3.4-cü maddəsinə əsasən, mediasiya prosesinin nəticəsində barışıq sazişi bağlanmadığı hallarda məhkəmədən əvvəl mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəfin və ya bu Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəfin məhkəməyə müraciət edərkən dövlət rüsumundan azad olunması məsələsi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Məhkəməyə müraciət etdikdən sonra tərəflər arasında mediasiya prosesinin nəticəsində barışıq sazişi imzalanarsa, ödənilmiş dövlət rüsumu Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq geri qaytarılır. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normasına əsasən hesab edir ki, iddia təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən 60 manat mediasia xərci ödənildiyindən, həmin mediasiya xərci üzrə 30 manat və 2,10 manat rüsum iddiaçı tərəfindən tələb edildiyindən 30 manat məbləğində mediasiya xərci və 2.10 manat rüsum da cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməli, ilkin mediasiya sessiyasında ödənilən 60 manatın 30 manat məbləğində olan hissəsi dövlət rüsumuna aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1210 manat borc, 2,10 manat məbləğində dövlət rüsumu və ilkin mediasiya sessiyasında iştirak etməməklə bağlı ödənilmiş 30 manat pul tutularaq İddiaçınə ödənilsin. İlkin mediasiya sessiyasında ödənilən 60 manatın 30 manat məbləğində olan hissəsi dövlət rüsumuna aid edilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar