Məhkəmə qərarları › İş №e-2-2(121)-161/2024

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-161/2024

15.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-161/2024 15.03.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Astanov Amid Gülbala oğlunun katibliyi, Cavabdeh MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdehlər Cavabdeh MMC-nə qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh MMC-nə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il tarixli 740-GL/15 nömrəli müqavilə üzrə yaranmış 12 270,00 (on iki min iki yüz yetmiş) manat gecikdirilmiş borcun və hesablanmış 4981,62 (dörd min doqquz yüz səksən bir manat 62 qəpik) manat cərimə borcun, hüquqi yardımla bağlı ödənilmiş 500 (beş yüz ) manat və 200 ( iki yüz) manat çəkilmiş mediasiya xərcinin, cəmi: 17.951,62 (on yeddi min doqquz əlli bir manat 62 qəpik) manat pul vəsaitinin cavabdehdən tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə cavabdeh arasında bağlanılmış xx.xx.2015-ci il tarixli 740-GL/15 nömrəli müqaviləyə əsasən cavabdeh dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödəmək şərti ilə kənd təsərrüfatı texnikaları lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2023-cü il tarixə xx.xx.2015-ci il tarixli 740-GL/15 nömrəli müqavilə üzrə yaranmış 12 270,00 (on iki min iki yüz yetmiş) manat gecikdirilmiş borcu və hesablanmış 4 981,62 (dörd min doqquz yüz səksən bir manat 62 qəpik) manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdehlə mübahisənin məhkəməyədək həll olunması üçün mediasiya proseduruna iddiaçı tərəfindən əməl olunmaqla Mediasiya Şurasına müraciət edilmiş və nəticədə ilk mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə mediatorun MŞB/8- 00108 saylı, xx.xx.2022-ci il taixli arayışı təqdim edilmişdir. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə Mülki Məcəllənin 427.3-cü və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Digər tərəfdən borclu öhdəliyi müəyyənləşdirilmiş müddətdə icra etmədikdə kreditor qarşısında məsuliyyət daşıyır. Hüquqi yardım göstərilməsi üçün vəkilə də müraciət edilmişdir. Hüquqi yardım göstərilməsi haqqında müqaviləyə əsasən hüquqi yardıma görə haqqın məbləği 500 manat müəyyənləşdirilmişdir. Bu məbləğ də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddiaçının nümayəndəsi xx.xx.2023-cü il tarixdə iddia tələbinin həcminin azaldılması barədə elektron ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, cavabdeh əsas borc öhdəliklərini yerinə yetirmişdir. Bugünkü gün üçün cavabdehin əsas borcu yoxdur. Lakin cavabdeh cərimə borcu, məhkəmə xərclərini ödəməmişdir. Əlavə olaraq da qeyd edilir ki, cavabdehin cərimə borcu ödənilmiş əsas borc öhdəliklərini nəzərə alınmaqla yenidən hesablanmışdır. Lakin xx.xx.2020-xx.xx.2021 və xx.xx.2021-xx.xx.2022-ci il tarixlərində həmin dövrdə əsas borc öhdəliklərini yerinə yetirmədiklərinə görə göstərilən dövrlər üzrə cərimə borcu yaranmışdır ki, həmin dəbbə pulları da bu günədək ödənilmir. MPM-nin 53cü maddəsinə və yuxarıda qeyd olunanlara əsasən məhkəmədən, xx.xx.2015-ci il tarixli 740-GL/15 nömrəli müqavilə üzrə hesablanmış 2449.8 (iki min dörd yüz qırx doqquz manat 80 qəpik) manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 500 (beş yüz ) manat və 200 (iki yüz) manat çəkilmiş mediasiya xərcinin cavabdehdən tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinə dair bütün sübutları təqdim etdiklərini bildirmiş, məhkəmə iclasının onların iştirakı olmadan kecirilməsini və iddianın təmin edilməsi barədə iş üzrə yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi X3 izahatında əsas borcu ödədiklərini, cərimə borcunu isə qəbul etmədiklərini bildirdi. Əsaslandırıcı hissə: Məhkəmə, iş materiallarında olan sənədlərə, cavabdehin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatına və məhkəmə iclasında tədqiq edilən digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanına əsasən, kənd təsərrüfatı məhsulları istehsalçılarının kənd təsərrüfatı istehsal vasitələri ilə təminatının gücləndirilməsi, ölkədə aqrotexniki xidmətlər göstərilməsi ilə bağlı işlərin səmərəsinin artırılması və sistemliliyinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi adlandırılmışdır. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli 740-GL/15 nömrəli lizinq müqaviləsinin: 1.1-ci bəndinə əsasən, Lizinq verən ümumi məbləği 40906 manat olan və Spesifikasiyada (Əlavə № 1) göstərilən kənd təsərrüfatı texnikalarını (bundan sonra Texnika) ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə apanldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. 1.2-ci bəndinə əsasən, Lizinq alan Texnikanın qalıq məbləğini ödəniş qrafıkinə (Əlavə № 2) müvafiq olaraq ödəməyi öhdəsinə götürür. 2.1.1-ci bəndinə əsasən, Lizinq alanın qrafik üzrə ödənişinə nəzarət edir. 2.1.3-cü bəndinə əsasən, Bu müqavilə üzrə Lizinq alanın bütün öhdəliklərinə nəzarət edir. 2.2.1-ci bəndinə əsasən, Lizinq ödənişlərini qrafik üzrə (Əlavə № 2) vaxtında və tam həcmdə ödəyir; 2.2.11-ci bəndinə əsasən, Texnikanın itirilməsi və ya funksiyalarının itirilməsi Lizinq alanı bu müqavilə üzrə öhdəliklərindən azad etmir; 4.1-ci bəndinə əsasən, Lizinq alan Texnikanın istifadəsinə görə bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafıkinə (Əlavə № 2) uyğun olaraq ödənişləri həyata keçirir. 4.2-ci bəndinə əsasən, Lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, Lizinq verən Lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. 4.3-cü bəndinə əsasən, hər bir təqvim ilinin sonunda və müqavilənin müddəti başa çatdıqda tərəflər qarşılıqlı hesablaşmaların yoxlanışını həyata keçirirlər. 5.2-ci bəndinə əsasən, göstərilən hallardan biri mövcud olduqda Lizinq verən Lizinq alanı yazılı surətdə xəbərdarlıq etməklə, lizinq müqaviləsinə vaxtından əvvəl xitam verir, Texnikanı mübahisəsiz geri götürür, lizinq alanın əvvəllər ödədiyi bütün məbləği özündə saxlayır və qrafik üzrə yaranmış borcun, texnikanın işlək vəziyyətə gətirilməsi üçün tələb olunan xərclərin, gecikdirilmiş günlər üçün hesablanmış cərimənin Lizinq alan tərəfindən alınması üçün məhkəməyə müraciət edir. 9-cu bəndinə əsasən, bu Müqavilə imzalandığı tarixdən qüvvəyə minir və müqavilənin tələblərindən əmələ gələn öhdəliklər tam yerinə yetirilənədək qüvvədədir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli 740-GL/15 nömrəli lizinq müqaviləsinin ödəniş qrafikindən görünür ki, sonuncu ödəniş tarixi xx.xx.2025-ci il kimi göstərilmişdir. İş materiallarında olan "xxxx" ASC-nə məxsus texnikaların təhvil qəbulu barədə xx.xx.2014-cü il tarixli “Akt”dan görünür ki, Kombayn TC-5050 markalı texnika "xxxx" ASCnin xx.xx.2014-cü il tarixli əmri əsasında saz, nizamlanmış və komplekt halda Nümayəndəlikdən lizinq alana təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xx.xx.2023-cü il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, Cavabdeh MMC Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə bağlanmış xx.xx.2015-ci il tarixli 740-GL/15 nömrəli müqaviləyə əsasən lizinqə götürdüyü müqavilə məbləği 40906 manat olan kənd təsərrüfatı texnikası üçün cəmiyyətin hesabına 24546 manat ödəniş edilmişdir, 12270 manat gecikdirilmiş borc, 4981,62 manat cərimə borcu hesablanmışdır, Cavabdeh MMC qalıq borcu cərimə ilə birlikdə 17251,62 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh MMC-nə ünvanladığı xx.xx.2023-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə bağlanmış xx.xx.2015-ci il tarixli 740- GL/15 nömrəli müqaviləyə əsasən yaranmış əsas borcun və məhkəmə xərclərinin məcburi qaydada alınaraq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh MMC-nə xəbərdarlıq edilmişdir. İş materiallarında olan “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”ın surətindən görünür ki, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin ərizəsinə əsasən xx.xx.2023-cü il tarixinə təyin edilən ilkin mediasiya sessiyasında Cavabdeh MMC-nin nümayəndəsi iştirak etməmişdir. İş materiallarında olan “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”ın surətindən görünür ki, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və X1 1 saylı Mediasiya Təşkilatının hesabına 200 manat ödəniş etmişdir. Məhkəmənin, iş materiallarında olan sənədlərə, təqdim olunmuş dəlillərə əsasən müəyyən etdiyi işin faktiki halları belədir ki, tərəflər arasında kənd təsərrüfatı texnikasının lizinqə verilməsinə dair razılıq əldə olunmuşdur və həmin razılığı tərəflər xx.xx.2015-ci il tarixli 740-GL/15 nömrəli "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının lizinqə (istifadəyə) verilməsi barədə müqavilə” ilə rəsmiləşdirmişlər. İddiaçı qeyd edilən müqavilə üzrə üzərinə düşən öhdəliyi icra edərək texnikanı cavabdehin istifadəsinə verdiyini, lakin cavabdehin texnikadan istifadəyə görə şərtləşdirilmiş haqqın məbləğini ödəmədiyini, nəticədə cavabdehin ödənilməmiş borcunun qaldığını bildirsə də, sonradan cavabdehin əsas borcu tam şəkildə ödədiyini, lakin cərimə borcunu və digər məhkəmə məsrəflərini ödəmədiyini bildirmiş və iddia tələbinin həcminin azaldılmasına dair ərizə verərək həmin vəsaitlərin cavabdehdən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Beləliklə müəyyən olunur ki, tərəflər arasında mübahisə predmeti iddiaçı tərəfindən hesablanmış cərimə borcunun və digər məhkəmə məsrəflərinin cavabdehdən tutulması barədədir. Buna görə də məhkəmə tərəfindən yalnız həmin hissələrdə iddiaya qiymət veriləcəkdir. Məhkəmə, iddia tələbini cərimənin tutulması hissəsində qismən əsaslı hesab edərək qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci bəndinə əsasən lizinq ödənişinin gecikdirilən hər bir gününə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə ödəmək öhdəliyini Cavabdeh MMC öz üzərinə götürmüşdür. İşin halları ilə Cavabdeh MMC tərəfindən lizinq ödənişinin gecikdirildiyi müəyyən olunduğuna görə, onun iddiaçıya cərimə ödəmək öhdəliyi yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd edilən maddi hüquq normalarının tələblərinə görə borclu pul vəsaitinin qaytarılmasına dair öhdəliyini pozduqda və ya lazımınca icra etmədikdə kreditorun əsas borcun qaytarılmasını tələb etməklə yanaşı, gecikmə nəticəsində cavabdehin vurduğu zərərin də ödənilməsini tələb etmək hüququ vardır. Mülki qanunvercilik belə vəziyyətlərdə müqavilə şərtlərindən asılı olaraq kreditora dəymiş zərərin əvəzi olaraq borcun məbləğindən faiz tələb etmək və ya dəbbə (cərimə, penya) tələb etmək kimi alternativ tələb imkanları tanımışdır. Hazırki işdə tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə gecikdirmə nəticəsində dəyən ziyanı qarşılamaq üçün cərimənin ödənilməsi nəzərdə tutulmuşdur, yəni Mülki Məcəllənin 466.2.1-ci maddəsinə əsasən kredit müqaviləsi üzrə zərərin deyil, yalnız dəbbə pulunun tutulması barədə tərəflər razılaşmışlar. Buna görə də iddiaçının cərimə tələbi mahiyyət etibarı ilə əsaslıdır. Lakin məhkəmə, cərimənin məbləğinin əsas borca nisbətini, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini nəzərə alaraq hesab edir ki, iddia tələbi cavabdehdən 2449.8 manat məbləğində cərimənin tutulması hissəsində əsaslı və mütənasib deyildir. Buna görə də məhkəmə bu nəticəyə gəlir ki, cavabdehdən tutulacaq cərimə məbləğinin azaldılaraq 200 manat məbləğində müəyyən edilməsi işin hallarına mütənasib və ədalətli olar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə də, məhkəmə işin hallarını, eləcə də kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə həmçinin iddianın 200 manat mediasiya xərcinin cavabdehdən alınmasına dair hissəsini də əsaslı hesab edir. Belə ki, cavabdeh imzaladığı müqavilədən irəli gələn vəzifələrini vaxtında icra etmədiyinə görə iddiaçının məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərcini ödəməsi ilə iddiaçıya əlavə zərər vurmuşdur. Buna görə də, iddiaçının mediasiya xərcini ödəməsi nəticəsində çəkdiyi əlavə xərc də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, hazırki iş üzrə iddia ərizəsinin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddiaçı 30 manat rüsum ödəməli olduğuna, lakin həmin Qanunun 9.1-1-ci maddəsinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunduğuna, həmçinin iddia tələbi təmin olunduğuna görə qeyd edilən dövlət rüsumu cavabdehdən tutulmalıdır. Məhkəmə, vəkilin göstərdiyi yardıma görə çəkilmiş xərcin cavabdehdən tutulması hissəsində iddia tələbinin qismən əsaslı olduğu qənaətinə gələrək hesab edir ki, iddiaçı tərəfindən hüquqi yardım üçün ödənilmiş 500 manat vəsaitin 250 manat hissəsi cavabdehdən alınıb iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh MMC-nə qarşı lizinq müqaviləsi üzrə pul tələbi qismən əsaslıdır və buna görə də iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2015-ci il tarixli 740-GL/15 nömrəli müqavilə üzrə 200 manat məbləğində cərimə borcu, hüquqi yardımla bağlı ödənilmiş 250 manat, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 200 manat olmaqla, ümumilikdə 650 manat məbləğində pul tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə nəzərdə tutulan 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilsin və Cavabdeh MMC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar