Məhkəmə qərarları › İş №e-2-2(121)-1622/2024

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1622/2024

06.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1622/2024 06.09.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Dəmirova Ziba Həsrət qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 97493,36 manat dəyərində borcun və 382,47 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin Sabirabad Filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 2-3-317 saylı alğı-satqı müqaviləsinə əsasən ünvan 1i ərazisində yerləşən 60.0 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu “İddiaçıya” satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar “Cavabdeh” “İddiaçı”dan 112574.10 manat məbləğində vəsaiti (iş və xidməti) avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xampambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu bağladıqdan sonratəhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında; 286.00 manat məbləğində çöp doğrama, 1157.00 manat məbləğində 1-ci şum, 315.00 manat məbləğində 2-cişum, 1511.10 manat məbləğində tandemdiskli mala, 1700.00 manat məbləğində mala, 1837,70 manat məbləğində çiyid səpini, 125.80 manat məbləğində gübrə ilə çiyid səpini, 756.00 manat məbləğində kultivasiya, 54.00 manat məbləğində baraza, 904.00 manat məbləğində dərman səpini, 15.00 manat məbləğində maşınla 1-üz pambıq yığımı, 1080.00 manat məbləğində maşınla 2- ci üz pambıq yığımı, 17969.50 manat məbləğində çiyid, 37913.00 manat məbləğində dərman/gübrə, 46500.00 manat avans becərmə, suvarmaya, cəmi: 112574.10 manat məbləğində işlər görülmüş, avans verilmiş, xidmətlər göstərilmişdir. “Cavabdeh” müqavilənin şərtlərini pozaraq, mövsümbaşa çatsa da 37595,56 manat məbləğində 47431.80 kq xam-pambıq təhvil vermiş, bununla da İddiaçıya 74978.54 manat məbləğində borcu qalmışdır. xx.xx.2023-cü il tarixdə fermer Cavabdeh məxsus sahədə monitorinq keçirilən zaman 17 hektar sahədən maşınla xam pambığın yığılması və başqa məqsədlərə yönəldilməsi aşkar olunmuşdur. Muqavilənin 8.2. bəndinə əsasən “Fermer tərəfindən yetişdirilmiş xam-pambığın başqa məqsədlərə yönəldilməsi halları müəyyən edildikdə, Fermer ona verilən ümumi məbləğin 20% həcmində İddiaçı MMC-ə cərimə ödəyir” tələbinə əsasən 17 hektar sahədən yığılaraq başqa məqsədlərə yönəldilən xam pambığa görə cavabdeh İddiaçıya çəkilmiş 112574.10 manat xərcin 20%=22514.82 manat məbləğində cərimə ödəməlidir. Bununla, ümumilikdə cavabdeih borcu 97493.36 manat təşkil edir. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq “Cavabdeh” “İddiaçı’ya olan borcunu ödəməkdən üzürsüz səbəblərdən yayınmışdır. Cavabdehin borclu qalması hər iki tərəfin imzası ilə təsdiq edilən iş və xidmətlərin görülməsi barədə akt, qaimə, qaimə, akt və digər sənədlərlə təsdiq edilir. Cavabdeh mövsumun sonunda yekun iş və xidmətlərin yerinə yetirilməsi aktına və maşınla pambıq yığımı aktlarına əsassız olaraq, heç bir səbəb göstərmədən imzalamaqdan imtina etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək iddia tələbini qismən qəbul etdiyini, həqiqətən iddiaçıdan 46000 manat məbləğində nağd pul vəsaiti aldığını, ümumilikdə iddiaçıya 64000 manat məbləğində borcunun olduğunu, iddiaçı tərəfindən ona verilmiş dərmanların, görülən işlərin sayının və dəyərinin olduğundan artıq yazıldığını bildirmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarına, iş materiallarında olan sənədlərə, məhkəmə iclasında tədqiq edilən digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan fiziki şəxs sahibkarlıq subyekti haqqında məlumatdan görünür ki, Cavabdeh sahibkarlıq subyekti kimi xx.xx.2008-ci il tarixində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi – VÖEN (**********) verilmişdir və o, hal-hazırda ünvan 1i ünvanında qeydiyyatdadır. İş materiallarında olan İddiaçı MMC-nin Sabirabad filialının direktoru X1 ilə Sabirabad rayonu, Yolçubəyli kənd sakini Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 2-3- 317 nömrəli alqi-satqı müqaviləsinin: 1.1-ci bəndinə əsasən, müqavilənin predmetini İddiaçı MMC-nin Sabirabad Filialı tərəfindən “Fermer” Cavabdeh məxsus ünvan 1ində yerləşən 60 ha torpaq sahəsində pambığın əkilib becərilməsi ilə əlaqədar aqrotexniki iş və xidmətlərin razılaşdırılmış müddət və həcmdə keyfiyyətlə yerinə yetirilməsi, “Fermer” tərəfindən yığılmış məhsulun bu müqavilə ilə müəyyən olunmuş şərtlər daxilində, “Filiala” təhvil verilməsi və “Filial” tərəfindən “Fermerin” borcları çıxılmaq şərti ilə məhsulun nəmliyi, zibilliyi və növü nəzərə alınmaqla onun dəyərinin ödənilməsi təşkil edir; 2.2.2-ci bəndinə əsasən, istifadə etdiyi toxumun, kənd təsərrüfatı texnikası ilə göstərilən xidmətin gübrə və pestisidlərin göstərilən digər xidmətlərin dəyərini “Filiala” ödəmək üçün, (hər hektardan 20 sentnerdən az olmaqla) yetişdirdiyi yüksək keyfiyyətli pambığı son məhsuladək müvafiq qaydada “Filiala” təhvil verir; 2.2.3-cü bəndinə əsasən, İddiaçı MMC-nin Sabirabad filialı tərəfindən göstərilən servis xidmətlərin, nisyə verilən mineral gübrənin, pestisidlərin və X3 vəsaiti hesabına verilən toxumun dəyərini müəyyən olunmuş müddətdə tam şəkildə ödəyir; 2.2.4-cü bəndinə əsasən, İddiaçı MMC-dən borc kimi aldığı vəsaitdən yalnız bu müqavilədə nəzərdə tutulan pambığın becərilməsi üçün istifadə edir, xərclərin təyinatı barədə mövsüm ərzində mütəmadi olaraq, “Filial”a hesabat verir və aldığı borcun tam şəkildə qaytarılmasını təmin edir; 2.2.7-ci bəndinə əsasən, pambıq sahəsinin suvarılmasını, eləcə də tələb olunan digər aqrotexniki tədbirlərin aparılmasını, mineral gübrə və pestisidlərin verilməsini vaxtında həyata keçirir; 3.2-ci bəndinə əsasən, məhsulun olmaması və ya az olması “Fermer”i göstərilmiş xidmətlərin, alınmış vəsaitin, nisyə alınmış toxum, mineral gübrə və pestisidlərin dəyərinin ödənilməsi öhdəliyindən azad etmir; 4.1-ci bəndinə əsasən, İddiaçı MMC-nin Saatlı filialı nəmlik, zibillik və növünə görə qüvvədə olan təlimat və standartlara əsasən xam pambığı “Fermer”dən (istehsalçıdan) aşağıdakı qiymətə qəbul edir: İ növ -800 AZN/ton, İİ növ – 780 AZN/ton, İİİ növ – 740 AZN/ton, İV növ – 700 AZN/ton; 7.1-ci bəndinə əsasən, hazırki müqavilə imzalandığı gündən qüvvəyə minir və müqavilədən irəli gələn öhdəliklər tam icra olunanadək qüvvədədir. İş materiallarında olan qaimə-fakturaların və avans xidmət barədə aktların surətlərindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh sahəsində müvafiq aqrotexniki işlər görülmüş və mallar təhvil verilmişdir. İş materiallarında olan ödəniş tapşırıqlarının surətlərindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh bank hesabına ümumilkdə cəmi 46500 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan pambıq qəbulu qəbzlərinin surətindən görünür ki, Cavabdeh tərəfindən 37595,56 manat dəyərində olan 47431.80 kq xam-pambıq İddiaçı MMC-nə təhvil verilmişdir. İş materiallarında olan iddiaçının nümayəndələri və cavabdeh tərəfindən imzalannmış xx.xx.2024-cü il tarixli “İş və xidmətlərin yerinə yetirilməsi aktı”ndan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh ümumilikdə cəmi 112574,10 manat məbləğində iş görülmüş, xidmətlər göstərilmiş və nağd pul vəsaiti avans olaraq verilmişdir, Cavabdeh tərəfindən iddiaçıya ümumilkdə cəmi 37595,56 manat məbləğində xam pambıq verilmiş, vəsait qaytarılmışdır. Nəticədə Cavabdeh yekun borcunun məbləği 74978,54 manat təşkil etmişdir. İş materiallarında olan iddiaçının nümayəndələri tərəfindən tərtib edilmiş xx.xx.2023cü il tarixli aktın surətindən görünür ki, fermer Cavabdeh tərəfindən 17 hektaradək sahədə xam-pambığın pambıq yığan maşınla yığıldığı, lakin İddiaçı MMC-nin Sabirabad filialına təhvil verilmədiyi aşkar edilmişdir. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2024-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı MMC tərəfindən pambığın becərilməsi ilə bağlı Cavabdeh ödənilmiş 74978,54 manat borcun ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun İddiaçı MMC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. Beləliklə işin müəyyən edilmiş hallarına əsasən aşkar olunur ki, iş üzrə tərəflər öz aralarında müqavilə bağlayaraq razılığa gəlmişlər ki, iddiaçı cavabdehə məxsus olan sahədə xam pambıq əkilməsi və tədarük mövsümündə yığılmış xam pambığın iddiaçıya satılması müqabilində cavabdehə müxtəlif aqrotexniki xidmətlərin göstərilməsini, həmçinin cavabdehə avans olaraq nağd pul vəsaitinin verilməsini, cavabdeh isə tədarük etdiyi xampambığın ilk olaraq iddiaçı tərəfindən göstərilmiş xidmətlərin, verilmiş malların və nağd pul vəsaitinin (avansın) qaytarılması məqsədi ilə iddiaçıya verilməsini, bundan sonra tədarük ediləcək xam pambığın isə razılaşdırılmış qiymətə iddiaçıya satılmasını öhdələrinə götürürlər. Məhkəmə, tərəflərin daxil olduqları hüquq münasibətinin xarakteri ilə bağlı qeyd edir ki, tərəflər arasında müqavilə münasibətlərindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur və həmin müqavilə münasibətləri struktur baxımından mülki qanunvericilikdə nəzərdə tutulmuş alqı-satqı müqaviləsinə daha çox uyğun gəlir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki halları bu nəticəyə gəlməyə əsas verir ki,iddiaçı tərəfindən cavabdehə göstərilən xidmətlərin, verilən mal-materialın və nağd pul vəsaitinin məqsədi cavabdehin ona məxsus olan sahədən daha çox məhsul əldə etməsinə və sonradan həmin məhsulun razılaşdırılmış qiymətlərlə iddiaçıya satılmasına nail olmaqdan ibarət olmuşdur. Bu isə son nəticədə tərəflər arasında cavabdehin istehsal etdiyi məhsulun alqı-satqısının həyata keçirilməsi barədə konsensual razılığın əldə edildiyini göstərir. Buna görə də məhkəmə hesab edir ki, tərəflər arasında olan razılaşma mülki qanunvericilikdə nəzərdə tutulmuş klassik mənada alqı-satqı müqaviləsi sayılmasa da (belə ki, Mülki Məcəllənin alqı-satqı müqaviləsinin leqal tərifini nəzərdə tutan 567-ci maddəsinə görə, alqı-satqı müqaviləsinə əsasən alıcı mülkiyyətinə qəbul etdiyi əşyanın qarşılığında xidmət, digər əşya və s. deyil, yalnız müəyyənləşdirilmiş pul məbləği ödəməyi öhdəsinə götürür), tərəflərin müqavilə münasibətlərinə daxil olarkən güddükləri hüquqi niyyət və məqsəd nəzərə alındıqda alqı-satqıya oxşar müqavilə kimi qiymətləndirilməlidir. Buna görə də, hazırki işə Azərbaycan Respublikası Mülki Məcəlləsinin alqı-satqı müqaviləsinə dair müvafiq normaları tətbiq edilməldir. Məhkəmə, tərəflər arasında yaranmış hüquq münasibətlərinin xarakterini müəyyən etdikdən sonra iddiaçının hazırki tələbi irəli sürməsi üçün subyektiv hüquqa malik olubolmamasına və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmamasına münasibət bildirməyi vacib hesab edir. İşin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddiaçının hazırki tələblə bağlı subyektiv hüququ tərəflər arasında etibarlı şəkildə bağlanılmış xam pambığın alqı-satqısına dair müqavilədən irəli gəlir. Həmin müqavilənin şərtlərinə görə iddiaçı cavabdehə məxsus olan sahədə xam pambıq əkilməsi və tədarük mövsümündə yığılmış xam pambığın iddiaçıya satılması müqabilində cavabdehə avans verilməsini öhdəsinə götürmüşdür. İşdə olan sənədlərdən görünür ki, iddiaçı tərəfindən cavabdehə aqrotexniki xidmətlər, mal-material, nağd vəsaiti və s. şəklində avans verilmişdir. Cavabdeh isə müqavilə üzrə öz üzərinə düşən öhdəliyini tam yerinə yetirməmişdir və nəticədə onun iddiaçıya verilən avansın məbləğindən ödənilməmiş borcu yaranmışdır. Cavabdehin ödənilməmiş avans borcunun qalması işdə olan sənədlərlə təsdiq olunur. Məhkəmə qeyd edir ki, işin mübahisəli halını borcun məbləği təşkil edir. Belə ki, iddiaçı verilmiş avansın məbləğindən cavabdeh tərəfindən ödənilməmiş borcun 74978,54 manat təşkil etdiyini, cavabdeh isə iddianı qismən - 64000 manat məbləğində borcunun olduğunu, iddiaçı tərəfindən ona verilmiş dərmanların, görülən işlərin sayının və dəyərinin olduğundan artıq yazıldığını iddia edirlər. Məhkəmə, tərəflərin öz tələb və etirazlarının əsası kimi gətirdikləri dəlillərə qiymət verərək hesab edir ki, işdə olan təkzib edilməz dəlillərlə cavabdehin ödənilməmiş 72428,54 manat borcunun qalması tam sübut olunur. Belə ki, tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli “İş və xidmətlərin yerinə yetirilməsi aktı”nda Cavabdeh yekun borcunun məbləğinin 74978,54 manat təşkil etdiyi qeyd olunsa da, cavabdeh həmin aktın onun əsil iradəsini əks etdirmədiyini, aktda qeyd olunan həcmdən az sayda və dəyərdə iddiaçı tərəfindən iş görüldüyünü bildirmişdir. Məhkəmə iclasında cavabdehin etirazının əsasını təşkil edən yuxarıda qeyd olunan xüsusat iddiaçının nümayəndəsinin iştirakı ilə araşdırılaraq müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdehə aqrotexniki xidmətlərin göstərilməsinə dair tərtib edilmiş aktlardan ümumi məbləği 2550 manat olan 8 ədəd akt Cavabdeh tərəfindən imzalanmamışdır. Göstərilən məbləğdə işlərin görülməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşməsinə baxmayaraq iddiaçı bu halı təsdiq edən digər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi həmin hissədə əsaslı hesab edilə bilməz. Beləliklə məhkəmə bu nəticəyə gəlir ki, iddiaçı tərəfindən cavabdehə verilmiş avansıın qaytarılmayan hissəsinin 72428,54 manat təşkil etməsi tam sübut olunur və buna görə də iddia həmin hissədə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləinin 567-ci maddəsinə əsasən, alğısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 578.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 599.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirir. Mülki Məcəllənin 599.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. İddiaçının cavabdehə verdiyi avansın qaytarılmayan hissəsinin tutulmasına dair itələbi həmçinin öhdəlik hüququnun ümumi normalarının tələblərindən də irəli gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin olunduğuna görə iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu məbləği cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, iddia tələbini yığılmış xam pambığın bir hissəsinin başqa məqsədlərə yönəldildiyi əsası ilə cavabdehdən cərimə məbləğinin tutulması hissəsində, iddiaçının nümayəndələri tərəfindən tərtib olunmuş aktdan başqa qeyd olunan xüsusatı təsdiq edə biləcək mötəbər sübut iddiaçı tərəfindən məhkəməyə təqdim olunmadığına görə, əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli 2-3-317 nömrəli müqavilə üzrə 72428,54 manat məbləğində borc və ödənilmiş 382,47 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə cəmi 72.811,01 manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar